• şənbə, 20 Aprel, 03:00
  • Baku Bakı 15°C

Əli Kərimli-İlqar Məmmədov davası gözlənilir

12.09.18 20:43 1974
Əli Kərimli-İlqar Məmmədov davası gözlənilir
Vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasında təmsil olunan, müxalifətçi kimi görünmək istəyən İlqar Məmmədov Qərb dairələrindən ciddi maliyyə dəstəyi alan şəxs kimi tanınır. Bir müddət ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, təlimatlanması, həmçinin dünyaca məşhur maliyyə fırıldaqçısı Corc Sorosun təşkilatı ilə bağlılığı İ.Məmmədovun böyük məbləğdə qrantlar almasına hər zaman "yaşıl işıq” yandırıb. Bu şəxs 2006-cı ildən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri yerinə yetirən İ.Məmmədov 2013-cü ildə qanunsuzluqlara yol verdiyi üçün polis tərəfindən saxlanılıb. Belə ki, Yaxın Şərq ölkələrində baş verən inqilablardan "ruhlanan” İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar edib. İ.Məmmədov törətdiyi bu əmələ görə 7 il həbs cəzası alıb. Cari il avqustun 13-də isə Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İ.Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. O, azadlığa çıxandan sonra jurnalistləri başına toplayaraq, Azərbaycan reallıqları, özü barədə qeyri-real fikirlər səsləndirib, hətta həbsinə "siyasi çalarlar” qatmağa cəhd edib.

Göründüyü kimi özünü siyasətçi hesab edən İ.Məmmədov həbsdən çıxandan sonra "fəallaşıb”. O, müxtəlif yalanlarla vaxtilə cinayət əməlinə yol verməsini ört-basdır etməyə, insanların şüurunda özünün əzabkeş qəhrəman, "mübariz”, "mələk” obrazını yaratmağa cəhd edir. Böyük ehtimalla onun bu çabası müxalifət meydanında özünə yer etməklə əlaqədardır. Lakin unudur ki, can atdığı müxalifət düşərgəsində onu ciddi siyasətçi kimi qəbul etmirlər. Radikallar isə İ.Məmmədov və tərəfdarlarına nifrətlə yanaşırlar. Bu, heç kimə sirr deyil. Xüsusən də cəbhəçilər tərəfindən REAL sədrinin bütün addımları izlənilir. Diqqət etsək görərik ki, AXCP tərəfdarlarından heç kim İ.Məmmədova indiyə qədər hər hansı dəstək nümayiş etdirməyib. Əli Kərimli və trol ordusundan xəbər-ətər yoxdur. Hazırda onlar pusquda dayanıb öz "ovunu” gözləyən, onu məhv etməyə çalışan yırtıcıları xatırladırlar. Çox güman ki, AXCP sədri Ə.Kərimli REAL sədri İ.Məmmədovun radikal müxalifət lideri olmaq iştahasından xəbərdardır. REAL AXCP-nı səmərəsiz müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından uzaq və faydasız fəaliyyətdə günahkar bilirlər. Bu kimi çoxsaylı səbəblərdən Ə.Kərimli və İ.Məmmədovun bir-birinə qarşı patoloji qısqanclığı, nifrəti hər ötən gün artmaqdadır. Tərəflər arasındakı mövcud gərginlik fırtına öncəsi dərin sükutu da xatırladır. Bu gərginliyin partlaması üçün kiçik bir qığılcım kifayətdir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, istər həbsdən əvvəl, istərsə də sonra İ.Məmmədov heç zaman ciddi siyasətçi olmayıb və bundan sonra da ola bilməyəcək. Onun fikrincə, İ.Məmmədovun bəlli bir məhdud çərçivəsi var: "İlqar Məmmədov yalnız siyasi klub çərçivəsində fəaliyyət göstərə bilər. Onun potensialı buna çatar. Baxmayaraq ki, o, özü haqqında həddindən artıq yüksək fikirdədir, lakin reallıq tamam başqadır. Bütün parametrlərə görə İlqar Məmmədov uğursuz siyasətçidir. Onunla AXCP sədri Əli Kərimli tərəfdarları arasındakı mübarizənin səbəbi isə ənənəvi xarakter daşıyır. Daha öncə də Əli Kərimli ilə İlqar Məmmədovun bir-birlərinə qarşı simpatiyası olmayıb. Yəni, hazırkı münasibət uzun illərdir özünü göstərməkdədir. Ümumiyyətlə, bu qəbuletməmək radikal düşərgənin mahiyyətinə tam uyğundur. Radikallar heç kimi sevmir, hər kəsi özlərinə rəqib görürlər. Təbii ki, bu nə siyasətdir, nə də siyasi mübarizə üsulu. Burada yeganə məqsəd və hədəf qrant ala bilməkdir. Məhz qranta görə radikal mübarizə aparılır. Əli Kərimli və tərəfdarları düşünürlər ki, İlqar Məmmədov hazırda AXCP sədrinin də yer aldığı qrant şəbəkəsinin vəsaitlərini dolayısı yolla özünə yönəltmək istəyir. Bununla da faktiki olaraq Əli Kərimlinin qrant biznesinə şərik olacaq. Ona görə də hər iki düşərgə bir-birinə qarşı ittihamlar irəli sürürlər. Burada motiv sırf korporativ maraqlarla əlaqədardır. Bundan başqa, İlqar Məmmədovun Azərbaycanın hansı siyasi qütbündə yer aldığını müəyyən etmək qeyri-mümkündür. Ola bilsin ki, İlqar Məmmədov tərəfdarlarının Əli Kərimli dəstəsi ilə qarşıdurmasına daha bir səbəb realçıların cəbhəçilərin radikal müxalifət düşərgəsindəki məhdud yeri uğrunda mübarizəsi ilə əlaqədardır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər