Əli Kərimli-İlqar Məmmədov davası gözlənilir
Vaxtilə Azərbaycan Milli
İstiqlal Partiyasında təmsil olunan, müxalifətçi kimi görünmək istəyən İlqar Məmmədov
Qərb dairələrindən ciddi maliyyə dəstəyi alan şəxs kimi tanınır. Bir müddət
ABŞ-ın Azərbaycandakı səfirliyində işləməsi, təlimatlanması, həmçinin dünyaca
məşhur maliyyə fırıldaqçısı Corc Sorosun təşkilatı ilə bağlılığı İ.Məmmədovun
böyük məbləğdə qrantlar almasına hər zaman "yaşıl işıq” yandırıb. Bu şəxs
2006-cı ildən Soros Fondunun Azərbaycandakı Açıq Cəmiyyət İnstitutunun İdarə
Heyətinin üzvü olub. Belə bir tərcümeyi-hala sahib olan, daim xaricdən aldığı sifarişləri
yerinə yetirən İ.Məmmədov 2013-cü ildə qanunsuzluqlara yol verdiyi üçün polis
tərəfindən saxlanılıb. Belə ki, Yaxın Şərq ölkələrində baş verən inqilablardan
"ruhlanan” İ.Məmmədov 2013-cü il yanvarın 24-də İsmayıllıya gedərək, rayon
sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat
vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına
yönələn çağırışlar edib. İ.Məmmədov törətdiyi bu əmələ görə 7 il həbs cəzası
alıb. Cari il avqustun 13-də isə Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz
Abbasovun sədrliyi ilə REAL Partiyasının həbsdə olan sədri İ.Məmmədov barəsində
olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. O,
azadlığa çıxandan sonra jurnalistləri başına toplayaraq, Azərbaycan reallıqları,
özü barədə qeyri-real fikirlər səsləndirib, hətta həbsinə "siyasi çalarlar”
qatmağa cəhd edib.
Göründüyü kimi özünü
siyasətçi hesab edən İ.Məmmədov həbsdən çıxandan sonra "fəallaşıb”. O, müxtəlif
yalanlarla vaxtilə cinayət əməlinə yol verməsini ört-basdır etməyə, insanların
şüurunda özünün əzabkeş qəhrəman, "mübariz”, "mələk” obrazını yaratmağa cəhd
edir. Böyük ehtimalla onun bu çabası müxalifət meydanında özünə yer etməklə
əlaqədardır. Lakin unudur ki, can atdığı müxalifət düşərgəsində onu ciddi
siyasətçi kimi qəbul etmirlər. Radikallar isə İ.Məmmədov və tərəfdarlarına nifrətlə
yanaşırlar. Bu, heç kimə sirr deyil. Xüsusən də cəbhəçilər tərəfindən REAL
sədrinin bütün addımları izlənilir. Diqqət etsək görərik ki, AXCP
tərəfdarlarından heç kim İ.Məmmədova indiyə qədər hər hansı dəstək nümayiş
etdirməyib. Əli Kərimli və trol ordusundan xəbər-ətər yoxdur. Hazırda onlar
pusquda dayanıb öz "ovunu” gözləyən, onu məhv etməyə çalışan yırtıcıları
xatırladırlar. Çox güman ki, AXCP sədri Ə.Kərimli REAL sədri İ.Məmmədovun
radikal müxalifət lideri olmaq iştahasından xəbərdardır. REAL AXCP-nı səmərəsiz
müxalifətçilikdə, cəbhəçilər də realçıları ritorik, Azərbaycan reallığından
uzaq və faydasız fəaliyyətdə günahkar bilirlər. Bu kimi çoxsaylı səbəblərdən
Ə.Kərimli və İ.Məmmədovun bir-birinə qarşı patoloji qısqanclığı, nifrəti hər
ötən gün artmaqdadır. Tərəflər arasındakı mövcud gərginlik fırtına öncəsi dərin
sükutu da xatırladır. Bu gərginliyin partlaması üçün kiçik bir qığılcım
kifayətdir.
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, siyasi şərhçi Elçin
Mirzəbəyli mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, istər həbsdən
əvvəl, istərsə də sonra İ.Məmmədov heç zaman ciddi siyasətçi olmayıb və bundan
sonra da ola bilməyəcək. Onun fikrincə, İ.Məmmədovun bəlli bir məhdud çərçivəsi
var: "İlqar Məmmədov yalnız siyasi klub çərçivəsində fəaliyyət göstərə bilər.
Onun potensialı buna çatar. Baxmayaraq ki, o, özü haqqında həddindən artıq
yüksək fikirdədir, lakin reallıq tamam başqadır. Bütün parametrlərə görə İlqar
Məmmədov uğursuz siyasətçidir. Onunla AXCP sədri Əli Kərimli tərəfdarları
arasındakı mübarizənin səbəbi isə ənənəvi xarakter daşıyır. Daha öncə də Əli Kərimli
ilə İlqar Məmmədovun bir-birlərinə qarşı simpatiyası olmayıb. Yəni, hazırkı
münasibət uzun illərdir özünü göstərməkdədir. Ümumiyyətlə, bu qəbuletməmək
radikal düşərgənin mahiyyətinə tam uyğundur. Radikallar heç kimi sevmir, hər kəsi
özlərinə rəqib görürlər. Təbii ki, bu nə siyasətdir, nə də siyasi mübarizə
üsulu. Burada yeganə məqsəd və hədəf qrant ala bilməkdir. Məhz qranta görə
radikal mübarizə aparılır. Əli Kərimli və tərəfdarları düşünürlər ki, İlqar
Məmmədov hazırda AXCP sədrinin də yer aldığı qrant şəbəkəsinin vəsaitlərini
dolayısı yolla özünə yönəltmək istəyir. Bununla da faktiki olaraq Əli
Kərimlinin qrant biznesinə şərik olacaq. Ona görə də hər iki düşərgə bir-birinə
qarşı ittihamlar irəli sürürlər. Burada motiv sırf korporativ maraqlarla
əlaqədardır. Bundan başqa, İlqar Məmmədovun Azərbaycanın hansı siyasi qütbündə
yer aldığını müəyyən etmək qeyri-mümkündür. Ola bilsin ki, İlqar Məmmədov
tərəfdarlarının Əli Kərimli dəstəsi ilə qarşıdurmasına daha bir səbəb
realçıların cəbhəçilərin radikal müxalifət düşərgəsindəki məhdud yeri uğrunda
mübarizəsi ilə əlaqədardır”.
Rufik
İSMAYILOV