• cümə, 19 Aprel, 14:48
  • Baku Bakı 25°C

Əli Kərimli ilə Ter-Petrosyanın fərqi

15.04.16 11:04 2313
Əli Kərimli ilə Ter-Petrosyanın fərqi
Erməni quldurlarının cəbhə xəttində atəşkəsi pozması, mövqelərimizə soxulmasına cavab olaraq ordumuzun əks hücuma keçməsi, düşmən işğalındakı bir sıra strateji yüksəkliklərə və yaşayış məntəqəsinə nəzarəti bərpa etməsi bizə bəzi həqiqətləri bir daha agah etdi. İlk növbədə Azərbaycan əsgərinin gücü, döyüş əzmi, müasir hərbi texnikadan, artilleriya qurğularından peşəkarlıqla istifadə etmək bacarığı hər kəsə aydın oldu. Sübut edildi ki, Azərbaycan Silahlı Qüvvələrində mənəvi-psixoloji durum, vətənpərvərlik hissi də yüksək səviyyədədir və sülh danışıqları heç bir nəticə verməyəcəyi təqdirdə, ordumuz ərazi bütövlüyümüzü hərbi yolla bərpa etməyə tam qadirdir. Şərti olaraq “dörd günlük müharibə” kimi yaddaşlarda qalan hadisələr nəticəsində düşmənin zəifliyi tam çılpaqlığı ilə ortaya çıxdı. İşğalçıların bu günə qədər səsləndirdiyi “gurultulu” bəyanatlar, “hərbə-zorbalar” sabun köpüyü kimi bir anda dağılıb yox oldu. Təşvişə, təlaşa düşən düşmən çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını itirməklə bərabər, həm də döyüş texnikalarını, silah-sursatlarını döyüş meydanında qoyub ardına baxmadan qaçdı.
Təbii olaraq bu şiddətli döyüşlərdə Azərbaycan tərəfi də itkilər verdi, bir çox hərbçimiz Vətən torpaqlarının müdafiəsi uğrunda savaşda qəhrəmanlıqla həlak oldu, şəhidlik zirvəsinə ucaldı. Buna rəğmən, Azərbaycan cəmiyyətinin mübarizlik, bütövlük, torpaqlarımızı yağı düşməndən azad etmək ruhu sınmadı. Əksinə, cəbhədən şəhid xəbərləri gəldikcə uşaqdan-böyüyə hər kəsdə qisas hissi daha da alovlandı, hamı Ali baş komandana, əsgərlərimizə dəstək nümayiş etdirərək savaş meydanına atılmaq istəyini bildirdi. İdeoloji cəbhənin əsgərləri sayılan media əhli, siyasətçilər, ümumilikdə yazı-pozu əhli də Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdilər, düşmənə qarşı informasiya savaşında xüsusi fəallıq göstərdilər. Bir sözlə, cəbhə xəttində yaşanan hələlik son gərginlik, döyüşlər, dar günün sınağı oldu, bizə dostumuzu, düşmənimizi yenidən tanıtdı.
Lakin təəssüflər olsun ki, sapı özümüzdən olan bəzi “baltalar” hər zaman olduğu kimi indi də bu imtahandan, sınaqdan üzüqara çıxdılar. “MeydanTv” kimi bir-iki media qurumu, AXCP sədri Əli Kərimli və əhatəsində olan bəzi şəxslər tənqidi fikirlərini, ordumuzun itkiləri barədə qeyri-səmimi düşüncələrini sosial şəbəkədə ictimailəşdirməklə, sanki düşmən kəşfiyyatına işlədiklərini büruzə verdilər. “Bir-iki qotur təpəyə görə bu qədər itkiyə dəyərdimi”, “rusun qorxusundan əldə olunan yüksəkliklər boşaldılıb”, “Azərbaycan ordusu qeyd edilən rəqəmlərdən daha çox itkilər verib”, “hospitallar yaralılarla doludur” və sair bu kimi şərhləri ilə düşmənlə eyni mövqedə dayandıqlarını göstərdilər. AXCP sədrinin ruporu olan bəzi media qurumlarında səsləndirdiyi bəyanatlar, Facebookda yazdığı statuslar düşmən ölkənin mediasında manşetə çevrildi. Bu gün də bəzi erməni media qurumları öz yalanlarını sübut etmək üçün Əli Kərimlinin yazdıqlarından məharətlə bizə qarşı istifadə etməkdədirlər.
Ancaq bizim əsgərlərimizlə müqayisədə erməni hərbçiləri arasında itkilər dəfələrlə çox olduğu halda, heç bir erməni müxalifətçisi ordusunu aşağılayan, hakimiyyətinin əleyhinə yönələn fikri dilə gətirmədi. Hətta hazırda Ermənistanda əsas müxalifət partiyası olan Erməni Milli Konqresinin sədri Levon Ter-Petrosyan panikada olan Ermənistan prezidenti Serj Sarkisyana açıq mətnlə dəstək verdi. Sarkisyanla görüşən müxalifət lideri danışıqlar prosesindən gözləntilər, milli həmrəyliyin vacibliyi məsələsəni qabartı, ictimaiyyəti prezidentə dəstək olmağa çağırdı. Eks-prezident bildirdi ki, Sarkisyan danışıqlarda güclü mövqe nümayiş etdirmək üçün dəstək hiss etməlidir. Bundan sonrakı müddətdə də müxalifət liderinin öz hakimiyyəti əleyhinə heç bir aşıqlaması olmadı. Erməni mənbələri onun dəstək məqsədilə qondarma DQR-in “prezidenti Bako Saakyanla görüşmək niyyətində olması barədə də xəbərlər yaymaqdadırlar. Hansı ki, Ter-Petrosyanı postundan vaxtilə məhz Serj Sarkisyan dostu Pobert Koçaryanla birləşərək devirib.
Görəsən Əli Kərimli və ona züy tutanlar bütün bunları görüb utanırlarmı?
Başa düşürlərmi ki, milli məsələlərdə müxalifətçilik olmaz?
Anlayırlarmı ki, döyüşlərin getdiyi, gərginliyin davam etdiyi müddətdə xalqı ruhdan salan açıqlamalar vermək düşmən dəyirmanına su səpməkdir?
Çətin anlasınlar...
Bax budur Əli Kərimli ilə Ter Petrosyanın fərqi....
Alpər TURAN
banner

Oxşar Xəbərlər