• cümə, 29 Mart, 10:36
  • Baku Bakı 5°C

Əli Həsənov: “Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir”

31.08.16 11:45 1213
Əli Həsənov: “Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir”
Bu gün Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.
APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı MSK-nın Təqvim Planı təsdiqlənib, 3 təşviqat qrupu qeydiyyatdan keçib.
M. Pənahov seçki, referendum prosesinin mahiyyətinin ictimaiyyətə çatdırılmasında əsas rolun KİV-in üzərinə düşdüyünü və MSK-nın əsas tərəfdaşının da KİV olduğunu bildirib.
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, indiyə qədər 5 referendum keçirilib: "1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır”.
Ə. Həsənov bildirib ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir: ‘Hələ ilin əvvəlində prezident İlham Əliyev 2016-cı ili islahatlar ili elan edib, yeni qurumlar təsis edib. Konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar. Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”.
Azərbaycan prezidentinin köməkçisi referendumun azad, şəffaf keçirilməsində KİV-in də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: "KİV referendumqabağı təşviqatda aktiv olmalıdır, bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, "KİV haqqında" qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar, onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərinin işıqlandırılmasına şərait yaratmalıdır".
Heydər Əliyevin mətbuat üzərində senzuranı aradan qaldırdığnı, Mətbuat Nazirliyini ləğv etdiyini qeyd edən Ə. Həsənov Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını, ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərildiyini bildirib: "Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır”.
Ölkədə real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursunun olduğunu deyən Ə. Həsənov bildirib ki, əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var.
Tədbir davam edir.
banner

Oxşar Xəbərlər