Əli Həsənov: Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır - Fotolar
"Dövlətçiliyin ən etibarlı
qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır! Bu həqiqəti düz 25 il əvvəl
ümummilli lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Sürət Hüseynov və
Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya
nümayiş etdirdi”.
Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi
məsələlər üzrə köməkçisi, professor Əli Həsənov "Facebook” profilində
paylaşdığı yazıda qeyd edib.
O, bildirib ki, yaşlı və
orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı
xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir. Administrasiya
rəsmisinin yazdığına görə, ümummilli lider tərəfindən Azərbaycanın müstəqilliyi
və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi
düşünülmüş "Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü ilin 20 sentyabrdan dərhal
sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin
xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu
müstəqilliyin qarantı olan lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi: "Diqqət
edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın
21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli
Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam
vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və
Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın
30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir
Cavadovun rəhbərliyi ilə əsasən "OMON”-çulardan ibarət silahlı dəstə Respublika
Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir”.
Prezidentin köməkçisi Ə.Həsənov
qeyd edib ki, o vaxt Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak
edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını
almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayıb: "Oktyabrın 4-də vəziyyət
daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş
nazir Sürət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət
orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ
keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. Belə bir şəraitdə Heydər Əliyev
çox müdrik və cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı
legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu
seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış
silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli
ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan
xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya
ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və
milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə
saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan öz liderinin
ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini
bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və
öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və
dayana da bilməz!!!”.
Professor Ə.Həsənov xüsusi aktuallığını nəzərə alaraq, oxucuların diqqətini bir
mühüm məsələyə də yönəldib. Bildirib ki, 1993-cü ilin iyun ayında həmin üsyançı
polkovnikin - Sürət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər
Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-Müsavat liderləri o
çətin günlərdə yenə də öz antidövlət və antixalq xislətlərini nümayiş etdiriblər:
"Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara
çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi,
o zaman da üsyançıların yan-yörəsində yer aldılar. Düşünürəm ki, elə bunun
nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin
"liderciklər” 26 ildir hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi
xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda "pusku quraraq” mövcud
hakimiyyətin nə zaman büdrəyəcəyini gözləyir. Düşünürəm ki, müxtəlif əyri və
qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il
tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və
xarici antiAzərbaycan mərkəzlərinin sifarişləri ilə deyil, öz xalqının iradəsinə
uyğun hərəkət etsələr gələcəkdə bəlkə nə isə edə bilərlər”.
Alpər
TURAN