Əli Həsənov: “Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdləri iflasa uğrayacaq”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov AŞPA-da yeni anti-Azərbaycan kampaniyasına
münasibət bildirib. O, "Facebook” sosial şəbəkəsindəki səhifəsində (https://www.facebook.com/ali.hasanov.79/posts/1764231317001114) qeyd edib
ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən
dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən
mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı,
həm də həmin tədbiri qaralamağa çalışırlar.
Administrasiya
rəsmisi vurğulayıb ki, 2018-ci il başlayandan Azərbaycan bir çox beynəlxalq
səviyyəli tədbirlərə ev sahibliyi edib, ölkənin həyatında mühüm əhəmiyyət kəsb
edən hadisələr baş verib. Onun sözlərinə görə, aprelin 11-də Azərbaycanda
keçirilmiş prezident seçkiləri ekspertlərin tam əksəriyyəti tərəfindən cənab
İlham Əliyevə etimad referendumu kimi dəyərləndirilib: "Seçkilərdən sonra yeni
hökumətin formalaşdırılması istiqamətində atılan addımlar cəmiyyət tərəfindən
olduqca pozitiv qarşılandı. Biz ilk
müsəlman demokratiyasının qurulmasının 100 illiyini qeyd edirik,
azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımın bir əsrlik tarixinə
beynəlxalq platformalarda hüquqi-siyasi qiymət verilməsi üçün ciddi kampaniya
təşkil olunub. Azərbaycanın liderliyi ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi”
layihəsinin bəzi komponentləri üzərində işlər yekunlaşır və bir müddət sonra
TANAP-ın açılışını qeyd edəcəyik. Mühüm geostrateji əhəmiyyətə malik nəqliyyat
layihələrinin həyata keçirilməsi ilə bağlı çox əhəmiyyətli qərarlar qəbul
olunub və bu istiqamət üzrə işlər uğurla davam etdirilir. Bu günlərdə isə
"Formula l” yarışlarını izləyən dünya idmansevərləri həm də müasir Bakının
möhtəşəmliyindən öz təəccüblərini gizlətmirlər.Baxın! Bu tədbirlər 2018-ci ilin dörd ayında baş verib. Hələ qarşıda öz
möhtəşəmliyi ilə dünya ictimaiyyətinin diqqətini ölkəmizə cəlb edəcək hadisələr
var.Bəs Ermənistanda nə baş verir?! Bu ölkədə Azərbaycanla eyni vaxtda
keçirilmiş seçkilərdən sonra coşmuş ehtiraslar, xalq narazılığı səngimək
bilmir. Erməni xalqı uzun illərdir onu istismar edən, beynəlxalq aləmdən,
regionun siyasi və iqtisadi həyatından təcrid halına salmış, bütün maddi
resurslarını mənimsəmiş Serj Sarkisyanı istefaya göndərsə də, sakitləşmir.
Dünən baş nazir "seçilməsi” münasibətilə Sarkisyanı təbrik edənlərin,
Ermənistana rifah arzulayanların bugünkü məyusluğunu başa düşürük”.
Prezidentin
köməkçisi Əli Həsənov bildirib ki, məhz bu mənzərə - bir tərəfdə güclü və öz
inkişafını uğurla davam etdirən Azərbaycan, digər tərəfdə də siyasi
kataklizmlər burulğanında çabalayan, sabaha heç bir ümidi olmayan Ermənistan
reallığı xarici anti-Azərbaycan dairələri ciddi narahat edir: "Əminəm ki, böyük
maliyyə sərfiyyatı hesabına başa gələn "söyüş kampaniyasının” səmərəsizliyi də
onların yuxusunu ərşə çəkib. Məhz belə bir məqamda anti-Azərbaycan
fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən
irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması
heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır. Qərbin bir sıra transmilli nəşrlərində xüsusi
səhifələr alaraq "araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun
arxasındakı qüvvələrin nə istədiyini anlayırıq.Onlar qlobal miqyasda səs salan, iri ölçülü siyasi xəritədə nəzərə çarpan kiçik
bir dövlətin müstəqil siyasətini qəbul etmək istəmirlər. Keçmiş sovet
periferiyasının – Azərbaycanın öz milli sərvətlərinə sahib çıxması, güclənməsi
və beynəlxalq aktora çevrilməsi həmin dairələri məmnun etmir”.
Administrasiya
rəsmisi vurğulayıb ki, artıq daxildəki "5-ci kolon” vasitəsilə iğtişaşlar
təşkil etmək, qarışıqlıq salmaq və Azərbaycanı fakt qarşısında qoymaq, onu güzəştə
məcbur etmək mümkün deyil: "Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı
kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya
digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan
1990-cı illərin "demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi
Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq,
yeni "şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə
xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı
yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir. Azərbaycan xarici
siyasət kursunu müstəqil şəkildə, öz milli maraqlarına uyğun müəyyənləşdirib
həyata keçirir, beynəlxalq təşkilatların tribunalarında xalqın mövqeyi ifadə
olunur. Bir sözlə, əhalisinin sayı 10 milyona çatmamış bir ölkə dünyanın hegemon
qüvvələrinin təzyiqləri qarşısında dirəniş göstərir, öz xəttini yürüdür və
beynəlxalq aləmdə etibarlı tərəfdaş, güvənilə bilən müttəfiq kimi böyük nüfuz
və hörmət qazanıb”.
Prezidentin
köməkçisi Ə.Həsənov qeyd edib ki, istənilən dövlətin xarici siyasətində milli
mənafelər naminə diasporun və xaricdəki mənafe qruplarının gücündən istifadə etmək
istiqaməti mühüm yer tutur: "Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı
fəaliyyətdir. Qərb ölkələrinin bir
çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin
məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı
"Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid
layihələrə yüz milyonlarla avro sərf edir. Azərbaycan da eyni yolu
gedir, ölkəmizdə iqtisadi maraqları olan şirkət və qurumların, enerji və
nəqliyyat dəhlizləri siyasətindən bəhrələnən dövlətlərin gücündən istifadə
edir, ayrı-ayrı siyasətçilər, media strukturları, QHT-lər, parlament
fraksiyaları ilə işləməyə can atır. Heydər
Əliyev Fondu, AİDA xəttilə mühüm layihələr həyata keçirilir, ölkənin imici
naminə beynəlxalq tədbirlərə ev sahibliyi edilir. Azərbaycan beynəlxalq təşkilatlarla
iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin
simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?”.
Administrasiya
rəsmisi bildirib ki, ermənipərəst "People in Need”, eləcə də "Freedom House”,
"Amnesty International” və "Human Rights Watch” kimi təşkilatların
maliyyələşməsində xüsusi rolu olan "Carnegie Corporation”un rəhbərliyi erməni
diasporunun nümayəndələrindən ibarətdir. Onun sözlərinə görə, dövlət katibi
olarkən öz kabinetini anti-Azərbaycan kampaniyaları üçün qərargaha çevirmiş Con
Kerri də bu gün "Carnegie Corporation”da ekspert kimi çalışır: "Nədən
ermənilərin lobbi fəaliyyətinə Qərbdə "yaşıl işıq” yandırılmalı, Azərbaycan
əleyhinə fəaliyyəti belə açıq şəkildə stimullaşdırılmalı, amma Azərbaycan dövlətinin
özünü müdafiə etmək haqqı tanınmamalıdır? Siyasi pərdəarxası xəbərlərin aktiv
izləyiciləri yəqin ki, xatırlayırlar – Azərbaycan yenicə müstəqillik əldə
etdiyi dövrdə Qərbin müxtəlif işbaz qurumları, biznesmenləri, siyasətçiləri
ölkəmizlə işbirliyi qurmağa çalışır və beynəlxalq arenada onun PR-nı təşkil
etmək üçün öz təkliflərini irəli sürürdülər. Əksər hallarda da təkliflərin arxasında Azərbaycanın milli
sərvətlərindən pay qoparmaq cəhdi dayanırdı. Azərbaycanın milli sərvətlərini
belə stereotip düşüncəsi olan, yeni "fəth edilmiş” keçmiş sovet əyalətinə
qənimət dalınca gedən "quldurlara” verib onlarlamı işləməliydik? Əgər
Azərbaycan beynəlxalq arenada öz maraqlarını müdafiə etmək üçün fəal siyasi və
iqtisadi qruplardan, sağlam düşüncəli nüfuzlu şəxslərdən istifadə edirsə, bunun
nəyi pisdir? Bəs formalaşdırılmış
lobbi Azərbaycan üçün hansı işlər görüb? Avropanın müxtəlif strukturlarının
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək qəbul etdiyi sənədlərin sadəcə
sadalanması kifayət qədər yer və zaman alardı. Bu uğurda həm Azərbaycan
diplomatiyasının, həm də diasporun böyük əməyi var. İlk dəfə belə sənədlər
qəbul ediləndə o zaman AŞPA-dakı erməni nümayəndə heyəti və Ermənistan xarici
siyasət idarəsinin uzun müddət hansı şok yaşadığını nə tez unutduq?”.
Administrasiya
rəsmisi vurğulayıb ki, 2013-cü ildə iflasa uğramış bədnam "Ştrasser
layihəsi”nin şokunu yaşayanlar AŞPA-dakı "korrupsiya hesabatından” sonra
yenidən "siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşırlar: "Bu,
Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur. Necə
düşünürsünüz, dövlət öz mənafeyini qorumalı deyilmi? Biz xarici anti-Azərbaycan
dairələrin məqsədlərini başa düşürük, ancaq Azərbaycandan olan və bu
kampaniyalara dəstək verənləri, o qarayaxmalarda yer alanları anlaya bilmirik.
Həmişə erməni lobbisinin fəaliyyətini nümunə göstərərək Azərbaycanı öz gücünə
iqtisadi lobbi, siyasi dəstək qrupları formalşdırmamaqda ittiham edənlərin
bugünkü əks-mövqeyini məntiqlə izah etmək mümkün deyil. Biz ölkə daxilindəki
opponentlərdən "niyə Azərbaycan lobbisi Avropa strukturlarında, Qərb
dövlətlərinin parlamentlərində, beynəlxalq strukturlarda azdır?”, "niyə bu və
ya digər Qərb ölkəsində ictimai rəyə təsiri olan qurum, QHT, düşüncə mərkəzi
Azərbaycan lobbisinə çevrilməyib?” suallarını eşitmək istəyirik. Bunun qısa cavabı da var. Birincisi, lobbini yaratmaq
kifayət qədər böyük zaman və gərgin fəaliyyət tələb edir. Cənab Prezidentin son
təyinatlarının bu işi daha da sürətləndirəcəyinə heç bir şübhə yoxdur.
İkincisi, bəzən diaspor və lobbi quruculuğuna dəstək göstərməli olan bəzi
şəxslər sadəcə xəyanət yolu tutmuşlar”.
Prezidentin
köməkçisi Ə.Həsənov bildirib ki, Avropa Şurası yanında səfir postu kimi yüksək
vəzifə tutan diplomat indi AŞPA və digər Avropa strukturlarına Azərbaycanın
lobbi fəaliyyəti barədə gizli şikayət-donos göndərməsi haqda "qürurla” danışır:
"Çox mühüm səbəb budur - lobbi qurmalı olanlardan bəziləri bu işin önünü kəsmək
üçün hətta xəyanəti belə göz önünə almışlar.Lobbi quruculuğuna yardım edəcək bəzi
diaspor nümayəndələri isə Qərbin formalaşdırdığı "iaşə müxalifəti”nə çevrilib
və Azərbaycan dövlətinə qarşı erməni lobbisi ilə birlikdə mübarizə aparırlar.
Həmin "iaşə müxalifəti” AŞPA-da ermənipərəst "People in Need” təşkilatının dinləmələrində
canfəşanlıq edir. Ancaq nə qədər acınacaqlı görünsə də, opponentlər bizi
lobbinin zəifliyində deyil, ümumiyyətlə lobbi fəaliyyətini təşkil etməkdə
günahlandırırlar. Avropanın bəlli
çevrələrindən bəhrələnən radikal müxalifətin xalqın heysiyyatına hesablanmış və
XIX əsrə xas "vaveyla şəriət əldən getdi” tərzdə şüarı, hətta hansısa oteldə
baş verən hadisəyə görə hakimiyyəti ittiham etməsi onların populizminin və
primitivliyinin göstəricisidir. Əvvəla, Pedro Aqramuntun məlum açıqlaması bu
iddialara çox tutarlı cavab oldu. Digər tərəfdən isə, bir müddət əvvəl "niyə
otellərdə cütlüklərdən sənəd tələb olunur” deyənlərin bu gün tam əks fikir
səsləndirməsi onların sadəcə manipulyasiya həvəskarı olduğunu təsdiq
edir.İndi sadə bir suala cavab istəyirəm: əgər hər hansı oteldə hansısa xoşagəlməz
hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti
ittiham etmək nə dərəcədə düzgündür?”.
Administrasiya
rəsmisi Ə.Həsənov vurğulayıb ki, bəzi ölkələrin nümunəsinə uyğun olaraq,
opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözlənilir:
"Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı
müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb. Görünür,
xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla
Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can
atırlar. Lakin əminliklə deyə bilərik ki,
əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur.
Azərbaycan əməkdaşlığa, tərəfdaşlığa açıq ölkədir, lakin heç vaxt təzyiq,
şantaj, təhdid siyasətini qəbul etməyib və etməyəcək. Buna görə də belə cılız
kampaniyalarla Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək cəhdinin iflasa
uğrayacağı heç bir şübhə doğurmur”.
Kaspi.az