• cümə, 29 Mart, 05:11
  • Baku Bakı 7°C

Əli Həsənov: Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur

09.04.15 14:28 1286
Əli Həsənov: Avrasiya İqtisadi Zirvə toplantısında müzakirə olunan məsələlər Azərbaycanın milli maraqlarına uyğundur
Xəbər verdiyimiz kimi, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-9-da İstanbulda XVIII Avrasiya İqtisadi Zirvə toplantısı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, sammitdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli və xarici jurnalistlərə müsahibəsində Zirvə toplantısının əhəmiyyəti barədə mülahizələrini söyləyib. Əli Həsənov bildirib ki, müasir müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft və regional inkişaf strategiyasını Prezident İlham Əliyev uğurla davam etdirir və bu siyasət Avrasiya məkanında nəinki Azərbaycanın, o cümlədən digər qonşu ölkələrin iqtisadi maraqlarına cavab verir. Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Tezliklə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə qitənin enerji təhlükəsizliyinin təminində həlledici amil kimi çıxış edəcək. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan özünün təbii mineral ehtiyatlarından səmərəli istifadə etməklə həm respublikamızın, həm də region ölkələrinin inkişafına, xalqların rifah halının yüksəlməsinə öz mühüm töhfələrini verir. Bu mənada regional müstəvidə təşkil olunan bu cür sammit və konfranslarda, digər beynəlxalq tədbirlərdə xarici mütəxəssislərlə bizim rəsmilərin fikir və mülahizələrini bölüşməsinə, təcrübə mübadiləsinə xüsusi önəm veririk. İstanbulda keçirilən növbəti Avrasiya İqtisadi Zirvəsində müzakirə olunan məsələlər də Azərbaycanın həm milli inkişaf strategiyasını, həm də regional maraqlarını özündə əks etdirir. Zirvə toplantısında aparılan müzakirələrdə, o cümlədən keçirilən ikitərəfli görüşlərdə biz Azərbaycanın mövqelərini çatdırmaqla yanaşı, birgə fəaliyyətin bəzi üstün tərəflərini də gündəmə gətirdik. Eyni zamanda, biz Azərbaycan torpaqlarının bir hissəsinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi faktını və xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ağır nəticələrini tədbir iştirakçılarının diqqətinə çatdırdıq. Ümumiyyətlə, Zirvə toplantısında biz Azərbaycanın bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərinin əsas istiqamətlərini təmsil olunan bütün nümayəndə heyətlərinə çatdırdıq və onlarla səmərəli müzakirələr apardıq.
banner

Oxşar Xəbərlər