AZE | RUS | ENG |


Əli Əhmədov: "Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib"

Əli Əhmədov:
"Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilmişdir və bu mübarizənin uğurlu olacağına dərindən inanıram". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Azərbaycan” qəzetinə müsahibəsində bildirib. 
 
2018-ci ilədək bu problemin həllində ciddi dönüşə nail olunacağını deyən Baş nazirin müavini əsas fəaliyyət prioritetlərini belə müəyyənləşdirir: "Qanunvericilik təkmilləşdiriləcək, mühasibat uçotu möhkəmləndiriləcək, inzibati-nəzarət mexanizmi gücləndiriləcək, əhali arasında maarifləndirmə işi genişləndiriləcəkdir". 
 
Azərbaycanın son onillikdəki sürətli iqtisadi inkişafı, həmçinin uğurlu sosial siyasət ölkədə məşğulluq probleminin böyük miqyasda həllinə töhfə verib. Ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əmək hüququnun qorunması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu kimi digər zəruri proseslər həyata keçirilib. Lakin yeni dövrün - sürətli və dərin islahatlar mərhələsinin çağırışlarına uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi sistemində də əsaslı dəyişikliklərin məqamı yetişib. Qeyd edək ki, bu məsələ "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin də mühüm müddəalarındandır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il mart ayının 17-də imzaladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı da bu kontekstdə ciddi tarixi dönüş yaradacaq hüquqi-baza sənədi kimi qəbul olunur. Bu sahədə dövlət orqanları arasında əlaqələndirilmiş siyasətin həyata keçirilməsi məqsədilə dövlət başçısı Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradıb. Baş nazirin müavini, komissiyanın sədri Əli ƏHMƏDOVla müsahibəmizdə də ötən müddət ərzində bu sahədə həyata keçirilən tədbirlər və aparılan müvafiq monitorinqlərin nəticələri barədə, həmçinin perspektivdə nəzərdə tutulan məsələlər haqqında söhbətləşdik.

Azərbaycanın sosial-iqtisadi uğur göstəriciləri inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər

- Əli müəllim, Prezident İlham Əliyevin qeyri-rəsmi məşğulluğun aradan qaldırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamına əsasən, "Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi və koordinasiyası komissiyası” yaradılmış, konkret vəzifələr müəyyən edilmişdir. Komissiyanın sədri kimi, qarşıya qoyulmuş vəzifələrin mahiyyəti və icrası barədə nə deyə bilərsiniz?
- Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır. Onu ifadə edən rəqəmləri sadalayıb oxucuları yormaq istəməzdim, çünki bu hamıya yaxşı məlumdur. Lakin qeyd etməyi lazım bilirəm ki, iqtisadi yüksəlişin ayrılmaz tərkib hissələri kimi, son illərdə 1,6 milyon yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyalarının dəfələrlə artması, digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdir. Ölkədə işsizliyin səviyyəsi və yoxsulluq həddi 5-6 faiz civarındadır. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu göstəriciləri ilə inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər. Yaşadığımız mərhələnin mühüm xüsusiyyətlərindən biri islahatların yeni şəraitdə və formalarda davam etdirilməsidir. Məqsəd ölkənin inkişafını sürətləndirmək, insanların həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Təkmilləşdirilməyə ciddi ehtiyac duyan sahələrdən biri əmək münasibətləri sferasına aiddir. Prezident İlham Əliyevin xatırlatdığınız 17 mart tarixli sərəncamı məhz əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirləri nəzərdə tutur. İqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi sayəsində ölkədə iqtisadi fəal əhalinin sayı artmışdır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir. 1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur. Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilmişdir.

Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yoldur

- Qeyri-rəsmi məşğulluq nədən qaynaqlanır və onun ictimai zərəri nədən ibarətdir? Həmçinin bizim üçün çox maraqlıdır: dövlət əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində problemləri həll etməklə nəyə nail olmaq istəyir?
- Əmək münasibətlərinin rəsmiləşdirilməməsi ciddi iqtisadi və sosial xarakterli həm ictimai, həm də şəxsi problemdir. Qeyri-rəsmi məşğulluq, hər şeydən əvvəl, ölkədə əmək resursları, əmək bazarı barəsində aydın məlumatlar əldə etməyə imkan vermir. Bu isə öz növbəsində iqtisadi proqnozların hazırlanıb həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə edilməsi qarşısında böyük çətinliklər yaradır. Bundan əlavə, əmək münasibətlərinin rəsmiləşdirilməməsi sayəsində əməkhaqqı ilə bağlı göstəricilər lazımi uçotdan kənarda qalır və beləliklə də makroiqtisadi göstəricilərin səviyyəsi olduğundan xeyli aşağı düşmüş olur. Lakin əmin etmək istəyirəm ki, qeyd etdiklərim əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı problemin heç də ən böyüyü, ən ziyanlısı deyil. Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yoldur. Əgər əmək münasibətləri rəsmiləşdirilməyibsə, deməli, yaradılan milli gəlir də dəqiq qeydə alınmır və vergidən yayındırılır. Beləliklə aydın olur ki, qeyri-rəsmi məşğulluğun əsas səbəbi, əgər belə demək mümkündürsə, başlıca, bəlkə də yeganə motivasiyası vergi və sosial ödəmələrdən yayınmaqdır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi səviyyəsi uçotdan kənar qalan iqtisadiyyatın dərəcəsi ilə düz mütənasibdir: qeyri-rəsmi məşğulluq nə qədər çoxdursa, rəsmi dövlət uçotundan yayındırılan iqtisadiyyatın xüsusi çəkisi də elə o qədərdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qeyri-rəsmi məşğulluq bu gün əmək münasibətləri sahəsində, ümumiyyətlə iqtisadi fəaliyyət sferasında həm ən çox rast gəlinən, həm də ciddi iqtisadi problemlərə yol açan ağır qanun pozuntusudur. Araşdırmalar nəticəsində elə hüquqi şəxslər aşkar edilmişdir ki, aylıq dövriyyəsi bir neçə milyon manata çatmasına baxmayaraq, rəsmi qeydiyyatdan keçmiş cəmi bir neçə işçisi var. Hətta iqtisadi fəaliyyət göstərən elə təşkilatlar da var ki, böyük maliyyə dövriyyəsinə rəğmən, ümumiyyətlə işçisi yoxdur. Mən hələlik onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, çox ciddi qanun pozuntularına yol verən hüquqi şəxslər cənab Prezidentin imzaladığı sərəncamın qarşıya qoyduğu vəzifələrin mahiyyətini başa düşəcək, lazımi nəticələr çıxaracaq və ən qısa vaxtda buraxdıqları səhvləri düzəldəcəklər. Əks halda, onların hər biri qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericilikdə ciddi maliyyə pozuntularına görə kifayət qədər sərt sanksiyalar nəzərdə tutulur və mən istəməzdim ki, hüquqi şəxslərin buraxdığı qanun pozuntularını onların özləri deyil, hüquq mühafizə orqanları aradan qaldırmalı olsun. Əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı digər ciddi problem onun məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa imkan yaratmasıdır. Bu isə ilk növbədə, Dövlət Sosial Müdafiə Fondunu qanunla müəyyən edilmiş daxilolmaların əhəmiyyətli hissəsindən məhrum edir.

İnsanlar gələcəkdə pensiya almaq hüququndan məhrum edilirlər

- Əli müəllim, yəqin problemlər tək bunlarla bitmir. Toxunduğunuz nöqsanlar vətəndaşlarımız üçün hansı xoşagəlməz nəticələr verə bilər?
- Çox ciddi mənfi nəticələr verə bilər, əslində isə indidən verir. Bu gün müxtəlif səbəblərlə əlaqədar əmək münasibətlərini rəsmiləşdirməyən və məcburi dövlət sosial sığorta haqlarını ödəməyən işçilər pensiya yaşına çatdıqda pensiya almaq hüququna malik olmayacaqlar. Ya işəgötürənin daha çox qazanc əldə etməsi naminə, ya da işçinin öz səhlənkarlığı və ya günahı ucbatından Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial ödəmələrini həyata keçirməyən insanları pensiya yaşına çatanda nələr gözlədiyini təsəvvür edirsinizmi? Yaşına görə işləmək imkanlarını itirmiş birisinin pensiya almadan yaşamağını təsəvvür etmək mümkündürmü? Əgər insanı gələcəkdə pensiya hüququndan işəgötürən bilərəkdən, daha çox şəxsi qazanc əldə etmək naminə məhrum edirsə, mən bunu böyük cinayət sayıram. Yox əgər insan özü bilərəkdən gələcəkdə özünün pensiyasız qalmasına əsas yaradırsa, bundan böyük məsuliyyətsizlik təsəvvür etmək mümkün deyil! Onu da vurğulamaq yerinə düşər ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi işçini tamamilə hüquqsuz vəziyyətə salır. Bu cür insanlar dövlət tərəfindən təmin edilən sosial müdafiə sistemindən özlərini kənarda qoyurlar. Onların qanuni yolla məzuniyyətdən istifadə etmək, xəstələndikdə haqqı ödənilən müalicə almaq hüquqları, demək olar ki, itirilir. Bir sözlə, onların sosial hüquqlarının qorunması ciddi problemlərlə üzləşir.

"Qara mühasibat”lıq qara ləkəyə çevrilib

- Həqiqətən də əmək münasibətlərini rəsmiləşdirməmək dövləti və insanı aldatmaqdır. Müasir dövrdə, insanların kifayət qədər savadlı olduğu bir zamanda bunu necə edə bilirlər?! Bu işbazlar qanunsuz fəaliyyətlərində ən çox hansı formalardan, üsullardan istifadə edirlər?
- Ən çox yayılmış üsul işəgötürənlərin işçilərinin sayını azaltmasıdır. Bir çox iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini həyata keçirməyə münbit şərait yaradır. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi, istifadə olunan işçilərin sayının gizlədilməsi hallarına tikintidə daha çox rast gəlmək mümkündür. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, mövcud tikinti qanunvericiliyi və normaları iş adamlarına imkan verir ki, işçilərinin sayını gizlədə bilsin. Xidmət müqavilələri, subpodratçılıq münasibətləri bu mənada sahibkarların işini asanlaşdıran formalardır. Maraqlıdır ki, həm xidmət müqaviləsi, həm də subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə tutulub. Doğrudur, beynəlxalq praktikada həmin formalar mövcuddur. Lakin vacib bir fərqlə. Digər ölkələrdə sözügedən əmək müqavilələri formalarından sui-istifadəyə imkan yaradan boşluqlar yoxdur. Geniş yayılmış digər forma özəl sektorda əməkhaqqının ödənilməsində lazımi şəffaflığın olmamasıdır. Bəzi işəgötürənlər mühasibat uçotu sahəsində olan boşluqlardan faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə etsək, "qara mühasibat”a əl atırlar. "Qara mühasibat”ın mahiyyəti ondan ibarətdir ki, işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir, çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs, həm də işçi vergi və məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınmış olurlar. Nəhayət, fərdi sahibkarlar və özüməşğul əhalinin müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə davranışını qeyd etmək istərdim. Bu gün vergidən, ələlxüsus məcburi dövlət sosial sığorta haqqını ödəməkdən yayınan insanlar bilərəkdən qocalıqda özlərini pensiya hüququndan məhrum edirlər. Təhlillər göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər geniş yayıla bilmişdir. Bu tipli qanun pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə, nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir.

- Bu kimi mənfi proseslərin qarşısının alınmasında rəsmi strukturların münasibəti bundan sonra dəyişəcəkmi?
- Tam dəyişəcək. Dövlət əmək münasibətləri sahəsində yaranmış vəziyyətə biganə qala bilməz və qalmır. Prezidentin sərəncamı bir daha sübut edir ki, Azərbaycan dövləti ən qısa vaxtda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində mövcud problemləri aradan qaldırmaq, işçilərin sosial hüquqlarının qorunması sahəsində əlavə zəruri addımları atmaq niyyətindədir. İnsanların sosial hüquqlarının qorunması onların sosial müdafiəsi qədər böyük dəyər kəsb edir və dövlətimiz bu işdə seyrçi mövqeyində qalmaq niyyətində deyil. İstər qanunvericiliyin təkmilləşdirilməsi, istər inzibatçılığın gücləndirilməsi, istər qanun pozuntularına qarşı qanuni sanksiyaların sərtləşməsi, istərsə də geniş təbliğat aparılması sayəsində əmək münasibətləri sahəsində bütün problemlərin aradan qaldırılmasına nail olunacaqdır. Əmin ola bilərsiniz ki, cənab Prezidentin 17 mart tarixli sərəncamından sonra qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilmişdir və bu mübarizənin uğurlu olacağına dərindən inanıram.

Qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili həlledici deyil

- Belə fikirlər də səsləndirilir ki, qeyri-rəsmi məşğulluğun əsas səbəbi vergi dərəcəsinin yüksək olmasıdır. Əgər vergilər yüksək olmasa, sahibkarlar vergidən yayınmağa və nəticə etibarilə qeyri-rəsmi məşğulluq kimi qanunsuzluqlara əl atmağa məcbur olmazlar. Siz bu fikirlərlə razısınızmı?
- Sualınıza sadə şəkildə "hə” və ya "yox” formasında cavab vermək istəməzdim. Əvvəla, Azərbaycanda vergi dərəcələrinin çox və ya həddən çox olması iddiası ilə razılaşmaq mümkün deyil. İnternet əsrində bu cür iddiaların nə qədər əsaslı olduğunu sübuta yetirmək çox asandır. Bununla belə, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində dövlətin planlarını şərh edərkən sahibkarlar arasında sözügedən problemin yaranmasına fərqli yanaşmaların mövcud olduğunu qulaqardına vurmağı da düzgün saymıram. İş adamlarının böyük hissəsinin qeyri-rəsmi məşğulluğu əsas etibarilə vergi və məcburi dövlət sosial sığorta haqlarının çoxluğu ilə əsaslandırmağa üstünlük verməsinin səbəbi ondan ibarətdir ki, nəticə etibarilə problemi aradan qaldırmağın əsas yolunun vergi dərəcələrinin azaldılmasından keçməsi barədə məntiq ortaya qoyulsun. Bununla əlaqədar olaraq iş adamları vergi dərəcələrinin azaldılmasını qeyri-rəsmi məşğulluğun aradan qaldırılması kontekstində əsas müzakirə predmetinə çevirməyi təklif edirlər. Mənə belə gəlir ki, qeyri-rəsmi məşğulluğun mövcudluğunda vergi dərəcəsi amili varsa da o, əsas, həlledici yerdə durmur. Bütün təhlillərin ortaya qoyduğu həqiqət budur ki, qeyri-rəsmi məşğulluğun geniş yayılmasının əsas motivi vergi və sosial ödəmələrdən yayınmaq hesabına daha çox mənfəət əldə etməkdir. Digər ölkələrin təcrübəsi də həmin həqiqəti təsdiq edən əlavə sübut qismində nəzərdən keçirilə bilər. Belə olan halda qeyri-rəsmi məşğulluğa qarşı mübarizədə vergi dərəcələrinin aşağı salınmasını əsas və yeganə vasitə kimi təqdim etməyi səmərəli təklif hesab etmək mümkün deyil. Ən faydalı, düzgün və yeganə mümkün yanaşma o olardı ki, vergi dərəcələri ilə əlaqədar aktiv diskussiyalar vergi bazasının genişlənməsi əsasında və onun nəticəsi olaraq müzakirə predmetinə çevrilsin. Bu isə həlledici dərəcədə sahibkarların, daha dəqiq ifadə etsəm, qeyri-rəsmi məşğulluqdan fayda götürən iş adamlarının seçimindən asılıdır. Başqa sözlə desək, vergi dərəcələri ilə əlaqədar diskussiyaların başlanması üçün ilkin şərt qeyri-rəsmi məşğulluqdan imtina edilməsi və vergi bazasının genişləndirilməsi hesab edilməlidir. Həm işçinin, həm sahibkarın, həm də dövlətin maraqlarına cavab verən bu cür yanaşma qeyri-rəsmi məşğulluğa qarşı mübarizənin uğur qazanmasının ən etibarlı təminatı sayıla bilər. İnanmaq istəyirəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin haqqında söhbət açdığımız təşəbbüsü onun bütün təşəbbüsləri kimi əhali tərəfindən qətiyyətlə dəstəklənəcək və 2017-2018-ci illərdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasında ciddi dönüşə nail olunacaqdır.

Medianın dəstəyi vacibdir

- Qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq üçün qarşıdakı dövrdə hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Cənab Prezidentin tapşırığına əsasən müvafiq təkliflər hazırlanıb. Əlbəttə, hər şeydən əvvəl qanunvericilikdə əmək münasibətlərini rəsmiləşdirməkdən yayınmağa imkan verən boşluqlar aradan qaldırılacaq. Onların bəziləri barəsində, xüsusilə də tikinti sahəsində, artıq dedim. Bütün qanunvericiliyin bu baxımından monitorinqinə ehtiyac var və o, həyata keçiriləcək. Digər tərəfdən, bu sahədə dünyada mövcud olan təcrübədən istifadə olunacaq. Mühasibat uçotunun möhkəmləndirilməsinə böyük ehtiyac var. Özəl sektorda yuxarıda haqqında danışdığımız "qara mühasibat”ın kökü kəsilməlidir. Bu sahədə artıq bəzi addımlar atılır. İnanıram ki, nağdsız hesablaşmalarla əlaqədar görülən tədbirlər "qara mühasibat”ın aradan qaldırılmasına ciddi kömək edəcəkdir. Bir sıra institusional tədbirlər görülməlidir. İqtisadi mexanizmlərin daha təsirli olacağına inanıram. İnzibati-nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulan tədbirlərdən digər qismidir. Bununla bərabər inanmaq istəyirəm ki, işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əməkdaşlığa daha meyilli olacaqlar. Hesab edirəm ki, bu, inzibati tədbirlərə əl atmağa ehtiyacı azaldacaq. Əhalinin arasında maarifləndirmə işlərinin əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm. Heç kim öz əmək və sosial hüquqlarının qorunmasına biganə qalmamalıdır. Əhalinin, xüsusilə də işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi probleminə ciddi yanaşmasını mən bu sahədə dövlətin atdığı və bundan sonra atacağı addımların uğur qazanmağına mümkün olan ən böyük dəstək hesab edirəm. Fürsətdən istifadə edib mətbuatın rolunu da ayrıca vurğulamaq istərdim. Arzu edirəm ki, media qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün başlanmış mübarizənin uğurla həyata keçirilməsinə öz köməyini əsirgəməsin.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022