• cümə axşamı, 25 aprel, 14:40
  • Baku Bakı 23°C

Əli bəy Hüseynzadənin əzab - əziyyətlərinə məlhəm olan qadın

17.02.17 12:00 1154
Əli bəy Hüseynzadənin əzab - əziyyətlərinə məlhəm olan qadın
Rus tənqidçisi və filosofu V.Q.Belinski yazırdı ki qadın həyatın bütün mərhələlərində kişinin xilaskarıdır. Tanrı Əli bəy Hüseynzadənin də qarşısına belə bir xilaskar mələk çıxartdı ki, vətən eşqi ilə alışıb-yanan qəlbini ovundura, çəkdiyi əzab-əziyyətləri unutdura bilsin.
Ədhiyə xanım 1890-cı ildə Şəmsəddin bəyin ailəsində anadan olub. Əslən çərkəz olan Şəmsəddin bəy uzun illər türk ordusunda xidmət edib. Ədhiyə xanımın anası Xədicə xanım isə Boğaziçindən - Bəylərbəylidən idi. Əli bəy 1910-cu ilin dekabrında vətəni tərk edib. Amma "Vətəndən daha ziyadə vətənimdir” deyən Əli bəy üçün millət sevgisi, amal, əqidə uyğusu hər şeyi üstələdi. "Bir çox tərəddüddən sonra nəhayət, İstanbula getməyə qərar verdim” söyləyən Əli bəy Bakıdan getdi. Əlləri qoynunda, sakit, mütəfəkkir halı ilə vətənə "əlvida” deyərək, böyük bir məmləkətdə türk birliyi hasilə gətirmək arzusu ilə getdi. Getdimi? Yox, ruhən, qəlbən ömrü boyu, qovuşa bilmədiyi ilk sevgisinin vüsalında qaldı.
Ə.Hüseynzadə vətəni tərk edib gedəndə 45 yaşı var idi. Sözsüz ki, bu yaşda qəlbini ovsunlamış biri varmış. Bunu onun Bakıda olarkən yazdığı "Romandan parça” adlı məktubundan açıq-aydın hiss etmək olur: "Məni dəliyə döndərmisiniz. Gecə-gündüz Sizi düşünürəm. Sizin adınız, dərviş duaları kimi daim dilimdədir. Sükut içində sizin cazibədar ilahi zikrinizi bir an belə tərk etmirəm”. Bu sözlər Əli bəyin böyük sevgisindən xəbər vermirmi? Onun sevgisi yolunda "dəli bir aşiqə, aciz bir əsirə çevrildiyinə” işarə deyilmi?
Əli bəyin ömür-gün yoldaşı Ədhiyə xanım ondan 24 yaş kiçik idi. Onlar 1912-ci ilin 9 iyulunda ailə qurublar. "Necə tanış olublar, bir-birini necə bəyəniblər, bu barədə bir şey bilmirəm. Çünki evimizdə heç zaman bu barədə danışlımazdı” deyən Əli bəyin kiçik qızı Feyzavər Alpsar, "onların arasında böyük sevgi, qarşılıqlı hörmət var idi” söyləməklə, ailədə böyük hörmət-izzətin olduğuna da işarə edir. 28 il Əli bəylə ömür sürən Ədhiyə xanım ona üç övlad bəxş edir. İki qız, bir oğlan. Saidə, Feyzavər və Səlim. Hər üçü də yüksək Avropa təhsili almış və uzun illər Türkiyənin tanınmış ziyalılarından olmuşlar. Təəssüf, çox böyük təəssüf ki, Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb.
Xatirələrdən belə aydın olur ki, ailənin çətin günlərində belə Ədhiyə xanım evdə söz-söhbətə yol verməz, Əli bəyi utandıracaq bir hərəkət etməzdi. O çətin günləri Feyzavər xanım belə xatırlayırdı: "Polislər gəlib evi basdılar. Bu zaman babam həbsdə idi. Xatırlayıram, Sütlücədə jandarm-karakol vardı. Bir gün babamın yanına getmişdik”. Həmin günlər haqqında illər sonra Əli bəyin yaxın ailə dostu Əhməd bəy Ağaoğlunun oğlu Səməd Ağaoğlu yazırdı: "Fəqət, bütün gəlir mənbələrinin tükəndiyi bir zamanda Əli bəy üç kiçik çocuq, kəndisindən çox gənc bir qadın, bir qayınvalidə, bir baldız, ayrılmaqları mümkün olmayan uzaq bir əqraba ilə bir yerdə yaşamışdır”.
Təbiətən çox sakit olan Əli bəy həm də ailəcanlı, qayğıkeş bir insan olub. Bütün ömrü boyu ailəsini yaxşı dolandırmaq üçün gecə-gündüz işləyib. "Babam aylığını alıb evə gələrdi. Yüzdə doxsanını anama verərdi”.
"Sülh və sükun, anlaşma və ahəng tərəfdarı” olan Əli bəy həm də çox xeyirxah, əliaçıq bir insan olub. Feyzavər xanımın xatirələrin oxuyarkən, bunun bir daha şahidi oluruq: "Babam heç vaxt özəl müayinəxana açmadı. Baxmayaraq ki, bunu Akil Muxtar çox istəyir və bu barədə israr edirdi. Amma Babam pullu müayinəxana aça bilməzdi. Təbiəti buna imkan verməzdi. Bəzən elə olurdu ki, babam müayinə etdiyi imkansız adamların dava-dərman alması üçün özü pul verirdi”.
Ailədəki bu çətinliklər 1939-cu ildə Ədhiyə xanımın səhhətində böyük problemlər yaradır. İflic olur, bir qolu tutulur, danışa bilmir. Sədaqətli ömür-gün yoldaşının bu vəziyyəti Əli bəyi çox pərişan edir. O, yaxın qohumu, Azərbaycan Cümhuriyyətinin ilk daxili işlər naziri, general, Lvov Universitetinin şərqşünaslıq fakültəsinin qurucusu Sadıq bəy Ağabəyzadəyə yazdığı məktubda təəssüflə qeyd edirdi: "Bizi soracaq olursan, cümləmiz iyiyiz, yalnız Ədhiyə bu yaz olduqca ağır böhranlar keçirdiyi üçün hələ yataqdadır. Bir türlü doğrulanmadı, evdən bir tərəfə çıkamıyor”.
Cavan, gözəl, ömür yoldaşının əzab çəkməsi Əli bəyi çox incidirdi. Amma xəstəliyin qarşısında çarəsiz idi. Odur ki, heç bir il keçməmiş, 1940-cı il martın 17 də Əli bəy Hüseynzadə qəfil dünyasını dəyişir. O müdhiş günü Feyzavər xanım belə xatırlayırdı: "O zaman anam xəstə idi. Mən babamla eyni otaqda yatırdım. Gecədən keçmişəcən konuşduq. Sonuncu gecə mifalojidən danışdı. Amma elə bil ürəyinə nəsə danmışdı. Sonra mən yatdım. Babam adəti üzrə səhərə qədər çalışırdı. Yazı masasının arxasında olurdu. Bazar günü idi. Mən səhər tezdən qalxdım. Babam yatmışdı. Sonra Səlim otağa girmiş. Babam oyanmış. Sonra mən təkrar odaya girəndə babamın halını fəna gördüm. Səlim də otaqda idi. Babam birdən-birə getdi. Sanki bir mum söndü”. "Hürriyyətin və hürriyyətpərəstlərin təəssübünü çəkən” Əli bəy vətəni, milləti, sevgisi yolunda şəhid oldu!
Əli bəyin ölümündən sonra Ədhiyə xanım dörd il "yaşadı”. 1944-cü ildə haqq dünyasında sevimli "bəyaz saqqallı, pəmbə üzlü, gözəl gözlü” Əli bəyinə qovuşdu.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər