• çərşənbə axşamı, 16 aprel, 16:07
  • Baku Bakı 19°C

Əli bəy Hüseynzadə haqqında

17.07.14 10:38 8853
Əli bəy Hüseynzadə haqqında
Elmin və fəlsəfi fikrin inkişafında özünəməxsus mövqeyi olan Türkiyənin böyük mütəfəkkiri Hilmi Ziya Ülkən (1901-1974) zəngin və çox istiqamətli yaradıcılıq irsinə malikdir. Onun əsərlərində müasiri olduğu alimlərin fəaliyyətləri haqqında məsələlər də işıqlandırılmışdır. Bu baxımdan Hilmi Ziya Ülkənin görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadə (1864-1940) barədə yazdıqları orijinallığı ilə diqqəti cəlb edir.
Hilmi Ziya Ülkənin atası təbib və kimyaçı professor Mehmet Ziya bəy Ülkən (1870-1951) Əli bəy Hüseynzadə ilə İstanbulda Hərbi Tibbiyyədə tələbə yoldaşı olmuşdular. Bu mənada alim Əli bəy Hüseynzadə haqqında yazarkən həm özünün, həm də atasından eşitdiyi xatirələri qələmə almışdır.
Türkiyəli alim Əli bəy Hüseynzadənin Tibbiyyədəki həyatında sadə, təvazökar, fəqət mücadiləçi əxlaqı, bir tərəfdən təbiət elmlərinə, bir tərəfdən fəlsəfəyə, Şərq və Qərb ədəbiyyatlarına aid bilgisiylə yoldaşlarının sevgi və sayqılarını qazandığını qeyd etmişdir.
Hilmi Ziya Ülkən ilk türkçülərdən Əli bəy Hüseynzadənin tarixdə, xüsusilə Türkçülük tarixindəki mövqeyini obyektiv şəkildə işıqlandırmışdır. Azərbaycan mütəfəkkirinin həyatı barədə türkiyəli alim yazmışdır ki, o, 24 fevral 1864-cü ildə Səlyan şəhərində doğulmuşdur. Atası Tiflis Türk məktəbi müəllimlərindən Hüseyn bəydir. Kiçik yaşda anasının ölümündən sonra uşaqlığı babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadə Səlyaninin yanında keçirmiş, ilk təhsilini Tiflis Türk–Müsəlman məktəbində almışdı. 1875-ci ildə Tiflis klassik gimnaziyasına daxil olmuşdur. Babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812-1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, Türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu.
Görkəmli ictimai xadim Ziya Gökalp (1876-1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiriylə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əli bəy Hüseynzadə, babası Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin və Mirzə Fətəli Axundzadənin tərbiyəsi, onların söhbətlərinin təsiri altında böyümüşdü. Şübhəsiz ki, onda artıq millət sevgisi uşaqlıqdan formalaşmışdı. Digər tərəfdən, Hilmi Ziya Ülkənin qeyd etdiyi kimi, Türkçülüklə bağlı fikirlərin formalaşmasında Əli bəy Hüseynzadəyə bu iki şəxsiyyətin böyük təsiri olmuşdu. Mirzə Fətəli Axundzadə Ziya Gökalp tərəfindən də böyük Türkçü kimi qəbul edilmişdir. Bu faktlar Ziya Gökalpın Əli bəy Hüseynzadə haqqında yazdıqlarını təkzib edir.
Ziya Gökalp Rusiyadan İstanbula gələn Əli bəy Hüseynzadənin Tibbiyyədə Türkçülüyün əsaslarını izah etdiyini, “Turan” adlı şeirinin Turançılıq (Pan–Turanizm) ideologiyasının ilk görünümü kimi dəyərləndirmişdir.
Türk–Yunan savaşına qatılan Əli bəy Hüseynzadə 1900-cü ildə savaşdan dönüşündə müsabiqə imtahanını qazanaraq Tibbiyyə Ali Məktəbinə Dəri və zöhrəvi xəstəliklər kafedrasına professor yardımçısı təyin edilir. “İttihad və Tərəqqi”yə mənsub olmasına görə bu vəzifədə qala bilmir, 1903-cü ildə Qafqaza qayıtma məcburiyyətində qalır.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin həyatının bu dövründən bəhs edərkən Azərbaycanın ictimai-siyasi və elmi-mədəni mühiti haqqında yazmışdır: Əli bəy Hüseynzadə öz doğma vətənində Türkçülük və hürriyyət mücadiləsinə çarələr aradı, nəşrlər etdi. Rus–Yapon savaşı Rusiyanın məğlubiyyəti ilə sona çatdığı üçün, hər tərəfdə olduğu kimi Qafqazda da inqilablar başlamış, konstitusiyanın elanını asanlaşdırmaq üçün Peterburqa heyətlər göndərilmişdi. Aralarında Hüseynzadə də vardı. Heyət Duma məclisinə Azərbaycan deputatlarının qatılmasını təmin etdi və o vaxta qədər çapına icazə verilməyən türkcə gündəlik qəzetin icazəsini aldı. Qəzet Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və Hacı Zeynalabidin Tağıyev tərəfindən çıxarılacaqdı. Qəzet “Həyat” adını aldı. Hüseynzadə iki il bu qəzetin baş redaktorluğunu etdi. Buradakı yazılanların ən önəmliləri “Türklər kimdir və kimlərdən ibarətdir”, “Bizə hansı elmlər lazımdır”, “Yazımız, dilimiz və birinci elimiz” idi.
Əli bəy Hüseynzadənin İslam–Türk millətlərin qalxması və müasirləşməsində üç düstura görə hərəkət edilməsinin zəruriliyini iddia etdiyini bildirən Hilmi Ziya Ülkən bu düsturun Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq olduğunu yazmışdır: Bu üçlü görüş daha öncə bir az qeyri–müəyyən, sistemsiz bir şəkildə Əli Suavi tərəfindən irəli sürülmüş və müdafiə edilmişdir. Fəqət Əli Suavi, hələ Türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unudulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı.
Əli bəy Hüseynzadənin Türkçülüyə dair baxışlarının Ziya Göyalpa təsiri ilə əlaqədar məsələlər Hilmi Ziya Ülkənin yaradıcılığında parlaq şəkildə öz əksini tapmışdır: 1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq fikri, 1911-ci ildə hərarətli tərəfdarlar tapdı. Ziya Göyalp “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” adlı məqalələrini və 1918-ci ildə bu məqalələrdən ibarət kitabını çıxardı. Fəqət Əli bəy Hüseynzadənin məqaləsində Əli Suavinin, bu son əsərdə də Hüseynzadənin adları çəkilmir. Bununla birlikdə, Göyalp, Əli bəy Hüseynzadənin dəyərini anlamışdı və onu “Yalavaç” adlandırmışdır. “Yalavaç” sözü isə peyğəmbər, gələcəyi xəbər verən, müjdəçi və s. kimi mənaları daşıyır.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin rusca, fransızca, almanca, ərəbcə və farscanı yaxşı bildiyini, ingiliscə, latınca və əski yunancanı gimnaziyada təhsili zamanı öyrəndiyini qeyd etmişdir: Hüseynzadə rəssamlıqla məşğul olmuş və klassik rəsm anlayışına uyğun olan bir çox yağlı boya ilə çəkdiyi tablosu vardı. Evinin bağçası bir botanika seriyası halında idi. Təbiət elmlərinə və təbiətə olan sevgisi nəzəri olaraq qalmazdı. Günlərinin bir qismini bağçada yetişdirdiyi çiçək və bitki seriyası içində keçirir, qonaqlarına bunları göstərir, hər biri haqqında latınca adları ilə ətraflı izahatlar verirdi. Elm və siyasət həyatında, Türkçülük idealında olduğu qədər ailə həyatında da misilsiz bir ata olmuşdur. Möhtərəm həyat yoldaşı Edhiyə xanım bu evin bir sevgi və sayqı yuvası olmasını təmin edən ən mühüm amil idi. İlk övladı və oğlu Səlim Turan atasından rəsm qabiliyyətini almışdı. Qızı Saidə Turan Lyon Universitetində fizika sahəsi üzrə oxumuşdu. Kiçik qızı Feyzaver Turan idi. Atasının rəssamlığı oğluna, tabiiyyətçi qabiliyyəti də qızına miras idi.
Hilmi Ziya Ülkən yaradıcılığının ilk dövrlərində, yəni bədii əsərlər qələmə alarkən Əli bəy Hüseynzadə ilə məsləhətləşdiyini, onunla fikir mübadiləsində olduğunu bildirmişdir: Anadolu nağıllarından “Tahirlə Zöhrə”ni mənzum pyes halında yazmışdım. “Dədə Qorqud” hekayələrindən Təpəgözü mənzum bir nağıl halında yazırdım. Sonra “Kərəm”i yazmağı düşünürdüm.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadəni gənclərin qayğısına qalan, onlara yol göstərən bir insan kimi xarakterizə etmişdir. Mütəfəkkir siyasi həyata dalmış olan Ziya Gökalpa yaxınlaşmanın çətin olduğunu bildirərək göstərmişdir: “Məhz bu sırada Hüseynzadə, türkçülərin rəhbərlərindən və bizi dinləyən, yol göstərən biricik insan oldu. Bir gün Türk Ocağında (1920) bu baba və nəvə kimi məhrəm və isti, içimi açacaq bir böyük insan tapdığım üçün sevinc içində onunla danışdığım sırada yeni yazmağa hazırlandığım bir dramı, “Şahnamə”də keçən “Siyavuş” hekayəsinə aid dramı anladırdım. Siyavuş burada İranla Turan arasındakı mübarizədə vətən və insanlıq duyğularının çəkişməsinin qurbanı olur. Hələ nəzm və ya nəsrmi yazacağımı qərarlaşdırmamışdım. Bu bəhsin tam əhli olan Hüseynzadə Siyavuş hekayəsi üzərində ətraflı izahat verdi. Günlərcə bu mövzuda danışdıq. Mən yazdıqlarımı oxuyur, o tənqid edirdi. “Tahirlə Zöhrə” pyesini də atamın evində və onun Süleymaniyə Camisinə gedən küçədəki kirayə qaldığı evdə günlərcə dinlədi”. Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadə ilə söhbətlərinin ədəbiyyatdan ibarət olmayıb, fəlsəfə sahəsində də fikir mübadiləsində olduqlarını bildirmişdir.
Azərbaycan Demokratik Respublikasının banilərindən, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni (1884-1955) “Azərbaycan Türklüyünü qurtarmağa çalışanlardan” biri kimi təqdim edən Hilmi Ziya Ülkən onunla Əli bəy Hüseynzadə vasitəsilə tanış olduğunu bildirmişdir. Hilmi Ziya Ülkən yazmışdır ki, Rəsulzadə İstanbula gəlmişdi, Hüseynzadə məni onunla tanış edərək “ikiniz də “Siyavuş”u yazırsınız. Biriniz siyasi, digəriniz milli-insani qayə ilə. Tanış olun” demişdi. Rəsulzadənin həmin ildə (1921) “Əsrimizin Siyavuşu” adlı bu əsəri Türkiyədə çapdan çıxdı. Bu əsərdə Azərbaycanın siyasi taleyi milliyyətçilik ilə kommunizmin arasında əzilmiş olaraq göstərilir və bu Türk ölkəsi Siyavuşun dramına bənzədilirdi. Ondan olduqca az sonra kommunist idarəsinin Azərbaycanda Türk idarəsini yıxması ilə Yusif bəy Vəzir Çəmənzəminli və Məhəmməd Əmin Rəsulzadə Parisə getdilər, orada gücləri yetdiyi qədər “Prometey” adlı bir fransızca dərgi çıxararaq mübarizələrini madafiə etməkdə davam etdilər.
Hilmi Ziya Ülkən “İçtihat” evinin əski yoldaşların fikir ocaqlarından biri rolunu uzun zaman saxladığını bildirmişdir: Atamla birlikdə bir gün “İçtihat” evinə getdik. Abdullah Cevdet, Hüseynzadə, Fuad Köprülü orada idi. Bir başqa səfərində İsmayıl Hakkı Baltacıoğlu da vardı. Əli Turan Tibbiyyədəki dərsləri xaricində humanizm əlaqəsinə, Türkçülüyə xidmətinə o qədər çox zaman ayırırdı ki, onun bəzən həkim olduğu unudula bilirdi. Bununla bərabər tibbdə də ciddi çalışmaları vardı. Əli Turan 1931-ci ilə qədər Tibb Fakültəsində professor kimi fəaliyyət göstərmiş, həmin il təqaüdə çıxsa da, yenə 1933-cü ilə qədər fakültədəki dərslərinə davam etmişdir. Həyatının son illəri Adam Simitin “Millətlərin zənginliyi” adlı əsərinin tərcüməsi və Tibb lüğətinin hazırlanması ilə keçmişdir. 17 mart 1940-cı ildə Üsküdardakı evində vəfat etmiş, Səlimiyə Təkkəsi qarşısında Karacaahmet məzarlığında dəfn edilmişdir.
Əli bəy Hüseynzadə həm Azərbaycanın, həm də Türkiyənin ictimai-siyasi həyatında özünəməxsus mövqe qazanmış dahi şəxsiyyətdir. Mütəfəkkir “İttihad və Tərəqqi”nin qurucularından olduğu üçün Türkiyəyə dönüşündə partiyanın “mərkəz-i ümumi” üzvü kimi böyük fəaliyyət göstərmişdir. Hilmi Ziya Ülkən yazırdı ki, o, İstanbulda Qafqaz Türkləri Maarif Cəmiyyətinin (1913), Ali Səhiyyə Məclisinin (1916), Türk–Macar Dostluq Yurdu Ümumi Mərkəzinin (1916) üzvü olmuşdur. Balkan Savaşı sırasında xəstəxanalarda çalışmış, elmi və siyasi vəzifələrlə bir çox məmləkətlərə göndərilmişdir.
Türkiyəli alim Əli bəy Hüseynzadənin həyatının bu dövründən bəhs edərkən göstərmişdir: Birinci Dünya Müharibəsinin sonunda hökumət tərəfindən Qafqaza göndərilmiş və bu sırada Azərbaycanın yeni milli bir dövlət halında qurulmasına çalışdı. Bu dövrdə Azərbaycandan Türkiyəyə səfir olaraq Yusif bəy Vəzir Çəmənzəminli təyin edilmişdi. Yusif bəy Vəzir İstanbul kitabxanalarındakı çalışmasıyla “Azərbaycan Türk ədəbiyyatı tarixi”ni yazmışdı.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin Yusif bəy Vəzir Çəmənzəminlinin “Azərbaycan Türk ədəbiyyatı tarixi” kitabının çapına yardım etdiyini göstərmişdir.
Hilmi Ziya Ülkən Əli Turanın nəşr etdirdiyi “Füyuzat” dərgisi ilə sonralar çap olunan “Füyuzat” dərgisini fərqləndirmişdir: Əli Turan 1906-cı ildə Tiflisdə “Füyuzat” adlı bir dərgi çıxararaq onun da baş redaktorluğunu etdi. Orada Əhməd Ağaoğlu ilə birlikdə çalışırdı. “Füyuzat”da çap etdirdiyi yazıların mövzuları da tamamiylə Türkçülüyə aiddir. Son zamanlarda Azərbaycan ədəbiyyatını Marksizm metodları ilə araşdıran bir Azəri Türkü, yeni Azərbaycan ədəbiyyatının dövrlərindən birinə “Füyuzat adəbiyyatı” adını verir. Fəqət həqiqətdə Əli Turanın “Füyuzat”ı bağlandıqdan sonra, kommunist idarəsi zamanında “Yeni Füyuzat” adıyla çıxan başqa bir dərgi ilə bunu qarışdırmamalıdır. Hüseynzadə daha sonra Qafqazda “İrşad”, “Tərəqqi”, “Həqiqət” qəzetlərində çalışdı. Hələ “Həyat” çap edilmədən öncə də Hüseynzadə, Qafqaz türklərinin ideologiya və fikirlərini müdafiə etməklə rusca çıxan “Kaspi” qəzetinin baş redaktorluğunu etdi.
Türkiyəli alim Əli bəy Hüseynzadəni Ziya Göyalp və Yusif Akçura ilə müqayisə edərək yazmışdır: Nə Gökalp qədər məhsuldar və hadisələrin axışına fikirlərini uydurmuş, nə Akçura kimi iynəli zəkalıydı. Çəkingən mizacı və təbiiliyinə görə kütlə üzərində deyil, mütəfəkkirlər üzərində təsirliydi.
Hilmi Ziya Ülkən Əli bəy Hüseynzadənin “Azəri Türki olduğu və rus-fars kültürü ilə yetişdiyi üçün Türkiyədə” tanınmadığını bildirmişdir.
Beləliklə, Hilmi Ziya Ülkən XX əsr Azərbaycan mədəniyyəti tarixi ilə yaxından tanış olmuş, bu mənada şəxsən tanıdığı Əli bəy Hüseynzadənin yaradıcılıq irsini yüksək dəyərləndirmiş, onun Türk xalqlarının mədəniyyəti tarixindəki xidmətlərini hərtərəfli şəkildə qeyd etmişdir. Türkiyəli alimin Əli bəy Hüseynzadənin təsiriylə Ziya Göyalpın Türkçülük cərəyanına daxil olması, “Türkləşmək, İslamlaşmaq, Müasirləşmək” fikriylə “Turan” ideyasını ondan mənimsədiyini yazması xüsusilə maraqlıdır.
Aytək Zakirqızı (Məmmədova)
banner

Oxşar Xəbərlər