“Ələt qəsəbəsi azad iqtisadi zona üçün olduqca əlverişli ərazidir”
Bu günlərdə Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq
siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi
zonası haqqında” qanun layihəsi müzakirə olunub. Prezidentin sərəncamına əsasən
hazırlanan "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin müzakirəsi
zamanı işçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov
bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada
gedən proseslərə ciddi diqqət yetiriblər.O qeyd edib ki, azad iqtisadi zonalara dair
beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən,
investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat
mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat
infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib.
Bəs görəsən bu qanun layihəsinin reallaşması
Azərbaycan üçün hansı iqtisadi töhfələr vəd edir? Ümumiyyətlə, hazırkı iqtisadi
vəziyyətdə belə bir layihənin icrasına başlaya bilərikmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovdeyir ki, Ələt iqtisadi zonası bizim üçün əlverişli mövqedə yerləşir: "Prezidentin
müəllifi olduğu böyük iqtisadi layihələr çərçivəsində bu günə qədər müxtəlif
işlər həyata keçirilib. İlk növbədə Ələt qəsəbəsinin yerləşdiyi strateji mövqeyi
vurğulamaq istərdim. Çünki orada həm dəmiryolu, həm su, həm də magistral nəqliyyatı
var. Bu ərazi respublikadan kənara çıxış üçün də çox əlverişli mövqedə
yerləşir. Bildiyiniz kimi, artıq adıçəkilən ərazidə Bakı Dəniz Ticarət Limanı
fəaliyyətə başlayıb. Yaxın gələcəkdə isə hava limanının tikilməsi nəzərdə tutulub.
Göründüyü kimi, nəqliyyat baxımından Ələt qəsəbəsi çox düzgün seçilmiş bir
zonadır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi bu
ərazinin gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır.
Buna görə də orada azad iqtisadi zona yaradılması çox düzgün qərardır. Getdikcə
Azərbaycanın regionda siyasi və iqtisadi nüfuzu artmaqdadır. Digər qonşu
ölkələrlə yanaşı, Avropa və Şərq ölkələri ilə də böyük iqtisadi əlaqələr var.
Azərbaycan regionda söz sahibliyi edir və onun razılığı və iştirakı olmadan hər
hansı bir ciddi layihə həyata keçirilmir. Yəni getdikcə ölkəmiz siyasi və güc
mərkəzinə çevrilir. Dövlət başçımızın həyata keçirdiyi bir sıra layihələr kimi,
çox yaxın gələcəkdə sözügedən ərazidə azad iqtisadi zona da fəaliyyətə
başlayacaq. Bunun üçün artıq ilkin addımlar atılıb. Bu, Azərbaycanla yanaşı,
region üçün də mühüm əhəmiyyətə malikdir. Azad iqtisadi zonanın fəaliyyətə
başlaması ilə yeni iş yerləri açılacaq ki, əhalinin məşğulluğunun təmin
edilməsi baxımından çox vacibdir. Gömrük
rüsumlarından və vergilərdən azad bir zonada şirkətlər sərbəst fəaliyyət
göstərə biləcəklər. İnvestorlar özləri burada iş görməkdə maraqlıdırlar.
İqtisadiyyatın bu və ya digər sahəsində çalışan sahibkarlar və böyük maliyyə
korporasiyalarına əlverişli şərait yaradılıb. Bu şərtlər çərçivəsində maliyyəni
investorlar özləri gətirir. Bu zaman dövlətin üzərinə ciddi yük düşmür.
Ümumilikdə götürsək, bu, Azərbaycan iqtisadiyyatı üçün xeyli gəlir gətirə
biləcək bir layihədir”.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, Ələt azad iqtisadi zonasının yaradılması istiqamətində artıq
müəyyən işlər görülür: "Yaradılacaq bu iqtisadi zona Azərbaycan üçün çox mühüm
əhəmiyyət kəsb edir. İlk növbədə bu layihə Azərbaycanın tranzit imkanlarını
daha da genişləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi
Azərbaycanın Avropaya çıxışını təmin edir. Bu iqtisadi zonanın məhz Ələtdə
yaradılması burada beynəlxalq ticarət limanının tikilməsi ilə bağlıdır. Həmin
ərazidən Asiya ölkələrinə yüklərin daşınması imkanları çox genişdir. Bu ticarət
limanının yükgötürmə imkanları böyükdür. Bütün bunları nəzərə alaraq Ələtdə azad
iqtisadi zonanın yaradılması məsələsi gündəmə gəlib. Artıq bu istiqamətdə
görüləcək işlərə start verilib. Dünyanın ayrı-ayrı ölkələrindən xarici sərmayədarlar
və böyük şirkətlər ölkəmizə dəvət olunacaqlar. Nəticədə böyük bir azad iqtisadi
ərazi meydana gəlir. Azərbaycan tranzit imkanlarından istifadə edərək ölkə
üzərindən yüklərin tranzit xidmətlərindən xeyli gəlir əldə edə biləcək. Bundan
başqa, Azərbaycan özünün istehsal etdiyi yerli məhsulları xarici bazarlara
çıxarmaq üçün azad iqtisadi zonanın imkanlarından faydalanmaq imkanı əldə edir.
Gələcəkdə orada xüsusi bölmələr yaradılacaq. Ölkədə istehsal olunan malların
təqdimatı həyata keçiriləcək, müxtəlif sərgilər təşkil olunacaq. Bu zonada,
həmçinin böyük otelçilik imkanları var. Böyük otellərin tikilməsi ilə burada
böyük bir şəhərcik əmələ gələcək. Bütün bu layihələrin fonunda isə Azərbaycan
iqtisadiyyatı xeyli gəlir ələdə edəcək. Həm azad iqtisadi zona olaraq, həm də
tranzit yük daşınmaları vasitəsi ilə ölkəyə xeyli valyuta axını cəlb olunacaq”.
Şəbnəm Mehdizadə