• cümə axşamı, 18 aprel, 18:15
  • Baku Bakı 21°C

“Ələt qəsəbəsi azad iqtisadi zona üçün olduqca əlverişli ərazidir”

26.01.18 12:00 2126
“Ələt qəsəbəsi azad iqtisadi zona üçün olduqca əlverişli ərazidir”
Bu günlərdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub. Prezidentin sərəncamına əsasən hazırlanan "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin müzakirəsi zamanı işçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər.O qeyd edib ki, azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işləri önə çəkib.
Bəs görəsən bu qanun layihəsinin reallaşması Azərbaycan üçün hansı iqtisadi töhfələr vəd edir? Ümumiyyətlə, hazırkı iqtisadi vəziyyətdə belə bir layihənin icrasına başlaya bilərikmi?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynovdeyir ki, Ələt iqtisadi zonası bizim üçün əlverişli mövqedə yerləşir: "Prezidentin müəllifi olduğu böyük iqtisadi layihələr çərçivəsində bu günə qədər müxtəlif işlər həyata keçirilib. İlk növbədə Ələt qəsəbəsinin yerləşdiyi strateji mövqeyi vurğulamaq istərdim. Çünki orada həm dəmiryolu, həm su, həm də magistral nəqliyyatı var. Bu ərazi respublikadan kənara çıxış üçün də çox əlverişli mövqedə yerləşir. Bildiyiniz kimi, artıq adıçəkilən ərazidə Bakı Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb. Yaxın gələcəkdə isə hava limanının tikilməsi nəzərdə tutulub. Göründüyü kimi, nəqliyyat baxımından Ələt qəsəbəsi çox düzgün seçilmiş bir zonadır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi bu ərazinin gələcəkdə çox böyük bir iqtisadi məkana çevrilməsi üçün zəmin yaradır. Buna görə də orada azad iqtisadi zona yaradılması çox düzgün qərardır. Getdikcə Azərbaycanın regionda siyasi və iqtisadi nüfuzu artmaqdadır. Digər qonşu ölkələrlə yanaşı, Avropa və Şərq ölkələri ilə də böyük iqtisadi əlaqələr var. Azərbaycan regionda söz sahibliyi edir və onun razılığı və iştirakı olmadan hər hansı bir ciddi layihə həyata keçirilmir. Yəni getdikcə ölkəmiz siyasi və güc mərkəzinə çevrilir. Dövlət başçımızın həyata keçirdiyi bir sıra layihələr kimi, çox yaxın gələcəkdə sözügedən ərazidə azad iqtisadi zona da fəaliyyətə başlayacaq. Bunun üçün artıq ilkin addımlar atılıb. Bu, Azərbaycanla yanaşı, region üçün də mühüm əhəmiyyətə malikdir. Azad iqtisadi zonanın fəaliyyətə başlaması ilə yeni iş yerləri açılacaq ki, əhalinin məşğulluğunun təmin edilməsi baxımından çox vacibdir. Gömrük rüsumlarından və vergilərdən azad bir zonada şirkətlər sərbəst fəaliyyət göstərə biləcəklər. İnvestorlar özləri burada iş görməkdə maraqlıdırlar. İqtisadiyyatın bu və ya digər sahəsində çalışan sahibkarlar və böyük maliyyə korporasiyalarına əlverişli şərait yaradılıb. Bu şərtlər çərçivəsində maliyyəni investorlar özləri gətirir. Bu zaman dövlətin üzərinə ciddi yük düşmür. Ümumilikdə götürsək, bu, Azərbaycan iqtisadiyyatı üçün xeyli gəlir gətirə biləcək bir layihədir”.
İqtisadçı millət vəkili Azər Badamov deyir ki, Ələt azad iqtisadi zonasının yaradılması istiqamətində artıq müəyyən işlər görülür: "Yaradılacaq bu iqtisadi zona Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir. İlk növbədə bu layihə Azərbaycanın tranzit imkanlarını daha da genişləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi Azərbaycanın Avropaya çıxışını təmin edir. Bu iqtisadi zonanın məhz Ələtdə yaradılması burada beynəlxalq ticarət limanının tikilməsi ilə bağlıdır. Həmin ərazidən Asiya ölkələrinə yüklərin daşınması imkanları çox genişdir. Bu ticarət limanının yükgötürmə imkanları böyükdür. Bütün bunları nəzərə alaraq Ələtdə azad iqtisadi zonanın yaradılması məsələsi gündəmə gəlib. Artıq bu istiqamətdə görüləcək işlərə start verilib. Dünyanın ayrı-ayrı ölkələrindən xarici sərmayədarlar və böyük şirkətlər ölkəmizə dəvət olunacaqlar. Nəticədə böyük bir azad iqtisadi ərazi meydana gəlir. Azərbaycan tranzit imkanlarından istifadə edərək ölkə üzərindən yüklərin tranzit xidmətlərindən xeyli gəlir əldə edə biləcək. Bundan başqa, Azərbaycan özünün istehsal etdiyi yerli məhsulları xarici bazarlara çıxarmaq üçün azad iqtisadi zonanın imkanlarından faydalanmaq imkanı əldə edir. Gələcəkdə orada xüsusi bölmələr yaradılacaq. Ölkədə istehsal olunan malların təqdimatı həyata keçiriləcək, müxtəlif sərgilər təşkil olunacaq. Bu zonada, həmçinin böyük otelçilik imkanları var. Böyük otellərin tikilməsi ilə burada böyük bir şəhərcik əmələ gələcək. Bütün bu layihələrin fonunda isə Azərbaycan iqtisadiyyatı xeyli gəlir ələdə edəcək. Həm azad iqtisadi zona olaraq, həm də tranzit yük daşınmaları vasitəsi ilə ölkəyə xeyli valyuta axını cəlb olunacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər