• cümə, 19 Aprel, 03:20
  • Baku Bakı 18°C

Elektron ticarət üçün nə lazımdır? Araşdırma

06.02.14 10:22 2896
Elektron ticarət üçün nə lazımdır? Araşdırma
Azərbaycanda elektron ticarətin zəif inkişaf etdiyini desək, yanılmarıq. Ölkədə ticarət dövriyyəsinin çox cüzi bir hissəsini elektron ticarət təşkil edir. Üstəlik, ticarətin bu sahəsində artım tempi də xeyli zəifdir. Ötən ilin yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,7 dəfə artıb. Qeyd edilən dövrdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2,0 milyon manat təşkil edib. Əhali onlayn rejim vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 83,9 faizini hüquqi, 16,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyd edək ki, həmin dövrdə pərakəndə ticarət subyektlərində istehlakçılara 15,6 milyard manatlıq əmtəə satılıb. Göründüyü kimi, elektron ticarət ümumi dövriyyənin çox az hissəsini təşkil edir.
Rahat və əlverişli

Əslində isə ticarətin bu növü olduqca rahat və əlverişlidir. Elektron ticarət odur ki, biz evdən, ofisdən çıxmadan, internet vasitəsilə alış-veriş həyata keçiririk. Şübhə yoxdur ki, elektron ticarət Azərbaycanda da getdikcə genişlənəcək. Nəzərə alsaq ki, elektron ticarətə tamamilə keçmək və onu gəlirli sahəyə çevirmək üçün ABŞ təxminən səkkiz il çalışıb, onda güman etmək olar ki, eyni zaman çərçivəsi burada da tələb olunacaq. Azərbaycanda onlayn ödəmələr yalnız 2009-cu ilin əvvəllərindən bəri mümkün olub. Bu da o deməkdir ki, onlayn satışların tam inkişafı üçün daha bir neçə il lazım olacaq.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz ölkədə ixtisaslaşmış müəyyən internet mağazaları varlığını, eyni zamanda ölkə hüdudlarından kənarda da fəaliyyət göstərən azərbaycanlıların yaratdığı internet mağazaların olduğunu deyir. Hansı ki, orada dil menyusu tərkibinə Azərbaycan dili də daxildir. Lakin ölkə daxilində internet mağazalar şəbəkəsi hələ ki, kifayət qədər inkişaf etməyib: “Mən bu sahəyə olan zəif marağın, zəif inkişafın mentalitetlə bağlı bir məsələ olduğunu düşünürəm. Yəni bizim vətəndaşlar alışıblar ki, malı görsünlər, yoxlasınlar, daha sonra cibindən kağız pul çıxarıb həmin malı alsınlar. Yəni bu, müəyyən bir zamana ehtiyacı olan məsələdir. Ona görə də düşünürəm ki, vergi güzəştləri, təhlükəsizlik məsələləri, sahibkarlar arasında bunun üstünlüklərinin çatdırılması məsələləri çox əhəmiyyətlidir. Konkret desək, sahibkar bilməlidir ki, Azərbaycanın hansısa bir ticarət mərkəzində mağaza açıb fəaliyyətə başlamaq üçün filan qədər vəsait lazımdırsa, internetdə mağaza açıb fəaliyyətə başlamaq üçün bundan qat-qat aşağı xərcə ehtiyac olur. Yəni bunun qaz, işıq, su pulu yoxdur, icarə haqqı yoxdur. Sahibkarlar arasında belə bir təbliğatın aparılması gələcəkdə internet alış-verişinin sayının artırılmasına səbəb ola bilər”.
Dörd istiqamətdə işin rahatlığı

Məlumat üçün bildirək ki, elektron ticarətin dörd forması mövcuddur. Birincisi, şirkətlərarası elektron ticarət. Bu, e-ticarətin ən məşhur növüdür. Şirkətdaxili və ya şirkətlərarası edilən bu cür ticarət 1960-cı illərin əvvəllərindən bəri istifadə edilməkdədir və, elektron məlumat mübadiləsi də adlandırılır. Firmaların elektron formada qurulan iş sifarişləri verməsi, fakturalarını təmin etməsi və əvəzlərindən ödəməsi bura aiddir.
İkincisi, şirkət-istehlakçı arası elektron ticarət. Elektron ticarətin ən çox tanınan növüdür. Virtual mağaza proqramları ilə elektron formada bir çox məhsulun birbaşa istehlakçıya satışını həyata keçirmək olur. Üçüncüsü, şirkət-cəmiyyət idarəsi arası elektron ticarət. Cəmiyyət ilə şirkətlər arasındakı lokal şəbəkələr üzərində edilən ticarət, rabitə və digər bütün fəaliyyətləri bu sahəyə aid etmək olar. Müqavilələrin internetdə nəşr olunması və firmaların elektron formada təklif vermələri ilk nümunələri meydana gətirir. E-ticarətin yayılmasını dəstəkləmək məqsədi ilə cəmiyyətin vergi ödənişləri, gömrük işləri də virtual dünyaya daşınmaqdadır. Dördüncüsü, istehlakçı-dövlət idarəsi arası elektron ticarətdir. İstehlakçı ilə dövlət idarəsi arasında hər cür vergi, sağlamlıq və hüquqi fəaliyyəti bu sahədə dəqiq təyin edə bilərik. E-dövlət vasitəsilə inkişaf edən bu kateqoriyada səlahiyyət, pasport müraciətləri, ictimai təhlükəsizlik mükafatları ilə vergi ödənişləri və s. xidmətlər insanlara təqdim edilməkdədir.
Elektron ticarət edə bilməmiz üçün nə lazımdır? Elektron ticarət ticarətin elektron versiyası olduğuna görə, ticarətdə olduğu kimi, bəzi vasitələrə ehtiyacımız olacaq. Bu vasitələr isə təbii ki, ilk olaraq internet əlaqəsi olan bir kompüterdir. Elektron ticarəti gerçəkləşdirəcəyimiz bir elektron sistemə də ehtiyacımız var. Elektron ticarətdə ödəmə ala biləcəyiniz elektron pul ötürülməsi sistemləri zəruridir. Bundan başqa, bank hesabları da olmasa mümkün deyil. Və ən əsası, yaxşı bir marketinq strategiyası!
Dünyada elektron ticarət çox inkişaf edib. Təsadüfi deyil ki, 2012-ci ildə Qərbi Avropada internet vasitəsilə satılan mal və xidmətlərin ümumi məbləği 160 milyard avroya yaxın olduğu halda, ötən il bu məbləğ 175 milyard avroya çatıb. İl ərzində regionda 100 milyondan çox istehlakçı ən azı bir dəfə onlayn alış-veriş edir. Böyük Britaniya, İrlandiya, Fransa, Belçika, Niderland və Lüksemburq kimi ölkələrin daxil olduğu Qərbi Avropa ticarət baxımından qitənin vacib regionu hesab olunur. Belə ki, Qərbi Avropanın ümumavropa bazarında payı 51 faiz təşkil edir. Elektron ticarətdə ən yüksək göstəriciləri Böyük Britaniya nümayiş etdirir. Reytinqdə ikinci və üçüncü yerləri Fransa və Niderland tutur. Avropada elektron ticarət bazarının ən sürətli inkişafı İrlandiyada müşahidə olunur. Bu ölkədə onlayn ticarətin həcmi ildə orta hesabla 25 faiz artaraq 5 milyard avroya çatıb. Lakin qeyd etmək lazımdır ki, irlandiyalıların internetlə etdikləri alış-verişin təxminən dörddə bir hissəsi xarici mağazaların payına düşür. Belçikanın elektron ticarət bazarında artım 20 faizə bərabərdir, lakin burada satış həcmi nisbətən azdır. Qərbi Avropada elektron ticarətin yüksək səviyyədə inkişaf etməsinin səbəblərindən biri kimi internetin nüfuzetmə səviyyəsi göstərilir. Region əhalisinin 83 faizi daimi internetə çıxış imkanına malikdir.
Mentalitetdən irəli gələn geriləmə

İqtisadçı ekspert Akif Nəsirli də Azərbaycanda elektron ticarətin zəif inkişaf etməsini əsasən mental xüsusiyyətlərlə əlaqələndirdi: “Qeyd edim ki, sözügedən proses çox uzun vaxt aparır. Yəni buna cəmiyyət alışmalıdır, vərdişlər yaranmalıdır və s. Məsələn, bəziləri plastik kartla pul alanda heç bunun mahiyyətinə varmır ki, kartın əhəmiyyəti nədir. Bir çoxları kartı sadəcə pensiya almaqdan ötrü istifadə edir. Deməyim odur ki, buna alışmaq üçün uzun zaman keçməli və insanlar bu müddət ərzində vərdişlər qazanmalıdır. Yəni belə bir təsəvvür yaranmalıdır ki, plastik kart təkcə pensiya almaq üçün deyil, həm də insanın pul kisəsi ola bilər. Digər tərəfdən, insanlar elektron ticarətə etibar etməlidir. Bu gün ölkə əhalisinin 90 faizindən çoxu, plastik kartdansa, cibindəki nağd pula daha çox etibar edir. Çünki vətəndaşlar hələ pulun saxlanmasına, gəzdirilməsinə münasibətdə əvvəlki ənənələrdən əl çəkməyib. Necə deyərlər, mental xüsusiyyətlər burada əsas rol oynayır. Yəni “soğan olsun, nağd olsun” məsələsi var. Bütün bunları da aradan qaldırmaq üçün bizə vaxt lazımdır. ABŞ və Avropa ölkələrində elektron ticarətin yüksək səviyyədə inkişaf etməsinin kökündə bir sıra ciddi faktorlar dayanır. Məsələ ondadır ki, 50-60 il əvvəl sözügedən dövlətlərin vətəndaşları pulunu evdə deyil, banklarda saxlamağa üstünlük verib. Sovetlər dönəmində Azərbaycanda da insanların pulu banklarda saxlamaq marağı var idi. Ancaq əmanətlərin batması və 90-cı illərdə yaranan bir sıra bankların fırıldaqları əhalinin bu sektora inamını sarsıtdı. Bütün bu və digər səbəblərdən elektron ticarətə maraq azdır”.
A.Nəsirli hesab edir ki, əhali arasında elektron ticarətə olan marağı, inamı artırmaq və stimullaşdırmaq mümkündür: “Bu istiqamətdə silsilə xarakterli maarifləndirici layihələrin həyata keçirilməsinə ehtiyac var. Cəmiyyətdə hər hansı bir tendensiya görülən işə təkan verir. O üzdən, belə məsələlərlə bağlı geniş səviyyədə işlər görülməlidir. Nəinki paytaxtda, bütövlükdə regionlarda bu səpkili layihələr həyata keçirilsə, vətəndaşların nağdsız alış-verişə marağı artacaq. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ölkədə vətəndaşların banklara inamı azdır. İkili mühasibatlıq hallarının çoxluğu vətəndaşları nağdsız hesablaşmalardan çəkindirir. Sözügedən işə fayda verməkdən ötrü bu kimi problemlər də aradan qaldırılmalıdır”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər