• şənbə, 20 Aprel, 04:29
  • Baku Bakı 15°C

Elektron reseptlərin tətbiqinin üstünlükləri çoxdur

25.05.16 13:52 1096
Elektron reseptlərin tətbiqinin üstünlükləri çoxdur
"Gələn ildən ölkədə sığorta təbabətinin tətbiqinə başlanılacaq. Sığorta təbabəti tətbiq olunandan sonra qarşıda duran əsas məsələlərdən biri reseptlərin elektron qaydada yazılmasıdır”. APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev elektron tibbin multidissiplinar problemlərinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibb müəssisələrinin kompyuterlərlə, informasiya texnologiyaları avadanlıqları ilə tam təchizatı istənilən səviyyədə deyil. Nazir müavini bildirib ki, 2007-ci ildən tətbiq edilən vətəndaşların elektron sağlamlıq kartı sistemindən bu gün 600-dən artıq tibb müəssisəsi istifadə edir: "Bu da 2 milyon Azərbaycan vətəndaşını əhatə edir ki, bunun da 1 milyonu uşaq əhalisidir. Bu illər ərzində yeni doğulan uşaqların hamısı elektron sağlamlıq kartı ilə təmin olunur. Onların xəstəlikləri, müalicəsi ilə əlaqədar bütün məlumatlar sağlamlıq kartında öz əksini tapır. Digər tərəfdən, stasionar şəraitdə müalicə alan bütün xəstələrin xəstəlik vərəqələrində olan bütün məlumatlar elektron bazaya yönəldilir”.
Nazir müavini onu da vurğulayıb ki, təxminən 20 dövlət xəstəxanası, Azərbaycan Tibb Universitetinin klinikaları, özəl klinikalar vahid informasiya mərkəzi sisteminə qoşulub: "Təcili tibbi yardım xidməti da vahid informasiya mərkəzinə qoşulub. Tibbi briqadaların xəstələrə yaxınlaşma müddəti çox qısalıb. Artıq tibbi briqadalar xəstələrə 10-15 dəqiqə müddətində yaxınlaşa bilirlər”.
Bəs elektron reseptlərin tətbiqinin nə kimi müsbət tərəfləri var? Bu sistem nə vaxt tətbiq oluna bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla qəzetimizə açıqlamasında elektron reseptlərin tətbiqinin çox müsbət addım olduğunu qeyd etdi: "Elektron reseptlər xəstələnmə və ölüm hallarının siyahısını hazırlamaq, dəqiq statistik məlumatlar vermək və o cümlədən ölkədəki vəziyyəti dəyərləndirmək baxımından çox vacibdir. Dünyanın hər yerində xəstəliklərin dinamikası elektron reyestrdə qeydə alınır və izlənir. Məhz bunun vasitəsilə hər hansı bir xəstəliklə bağlı dəqiq statistika çıxarılır. Bu gün biz ölkəmizdə hansı xəstəlikdən nə qədər xəstənin əziyyət çəkdiyini, yaxud əməliyyat olunduğunu dəqiq bilmirik. Çünki bütün məlumatlar rəsmən Səhiyyə Nazirliyi və yaxud digər müvafiq qurumlara daxil olmur. Amma elektron reseptlər imkan verir ki, hər bir şəxsin tibbi analizi, xəstəlik tarixçəsi, müayinə və müalicəsi vahid sistemdə qeyd olunsun”.
A.Qeybullanın sözlərinə görə, elektron resept həm də maliyyə sənədi hesab olunur: "Gələcəkdə icbari tibbi sığorta paketi müəyyən olunacağı təqdirdə bütün bunlar hamısı qeydiyyatdan keçməlidir və yeri gəldikdə bu sənəd maliyyə sənədi kimi də çıxış edə bilər. Hesab edirəm ki, bu iş yaxşı təşkil olunarsa, effektiv nəticə əldə etmək mümkündür. Bu gün bizim elektron reseptlərə keçmək üçün kifayət qədər potensialımız var. Əgər iradə nümayiş etdirilərsə, bizim bu təcrübədən yararlanmağımız mümkündür”.
Ekspert həmçinin bildirdi ki, elektron reseptlər informasiyanın vahid bazaya toplanması probleminin həllinə xeyli kömək edəcək: "Düzdür, regionlarla bağlı müəyyən problemlər qalmaqdadır. Lakin fikrimcə, bunları da həll etmək mümkündür. Dünyada bunun həlli üçün hazır mexanizmlər var. Biz də məhz həmin mexanizmləri tətbiq etməliyik. İnkişaf etmiş ölkələrdə icbari tibbi sığorta paketi olduğuna görə, cəlb olunan dərmanlar, müalicə üsulları və s. burada qeyd olunur”.
Həkim-terapevt Məlahət Abbasova da elektron reseptin faydalarından söz açdı: "Bəzən elə olur ki, apteklərdə xəstəyə lazım olan dərman olmadığı üçün həmin dərmanın yerinə tərkibi oxşar olan, başqa bir dərman verilir. Bəzən isə aptekdə işləyənlər resepti oxuyarkən yanlışlığa yol verir və xəstəyə tamamilə fərqli bir dərman verir. Bu, ən çox və tez-tez rastlaşdığımız hallardan biridir. Buna səbəb isə xətt anlaşılmazlığı, bəzən bir hərf səhvi olur. Elektron reseptlər ilk növbədə bunun qarşısının alınmasına yardımçı olacaq. Digər tərəfdən isə, elektron resept şəxsi məlumat kitabçasında qalır. Yəni bir problem olduğu təqdirdə elektron reseptlər sübut olaraq əlimizdə olur”.
Həkimin sözlərinə görə, ölkəmizdə də elektron reseptə keçmək çox vacibdir: "Elektron reseptlərin saymadığım bir çox üstünlükləri var. Odur ki, ölkəmizdə də bu sistemə keçilməsini müsbət addım kimi qəbul edirəm. Təbii ki, bunun üçün bir qədər vaxt lazımdır. Məsələn, Türkiyə praktikasında təsdiq olunan hazır blanklar var ki, xəstənin müalicəsi, dərmanların dozası blank şəklində burada qeyd olunur. Bu blankları həkimlər özləri adi qaydada yazmır. Məncə, elektron reseptlər daha yaxşı variantdır”.
Mehdizadə Şəbnəm
banner

Oxşar Xəbərlər