• çərşənbə axşamı, 19 mart, 15:35
  • Baku Bakı 8°C

Elektron “oyuncaqlar” – aqressiya, yoxsa bilik mənbəyi?

17.10.18 11:05 1502
Elektron “oyuncaqlar” – aqressiya, yoxsa bilik mənbəyi?
Kompyuter, planşet və mobil telefonlar yeni biliklərin inkişafında və məlumatların əldə edilməsində nə qədər mühüm mənbədirsə, eyni zamanda həddən artıq aludə olduqda, uşaqlar üçün təhlükəli "oyuncaqdır”. Artıq isbata ehtiyacı olmasa da, bu tip fikirlərin müzakirə və həllinə ehtiyac yaranıb. Təbii ki, bu gün mobil telefonu olmayan və ya kompyuter oyunlarına maraq göstərməyən uşaq təsəvvür etmək çətindir. Düzdür, bir tərəfdən sevinirik ki, uşaqların texniki vərdişləri formalaşır və onlar əsil "rəqəmsal vətəndaşlar” kimi informasiya epoxasında böyüyürlər. Ancaq medalın başqa üzü də var – deyəsən onlar ümumiyyətlə artıq kompyutersiz keçinə bilmirlər.
Uşaqların elektron oyuncaqlara həvəsi nədən yaranır? Mütəxəssislər təəssüflə "səbəbi erkən yaşlarda axtarmaq lazımdır” deyirlər. O vaxtdan ki, valideyn uşağının şıltaqlığı ilə oynayaraq mobil telefonu şəbəkə təhlükəsizliyi qaydalarından xəbərsiz uşağının əlinə verir. Problem də həmin gündən başlayır. Çünki həmin aləti uşağın əlindən almaq əsil müşkülə çevrilir. Parlaq şəkillərə daimi aludəlik, passiv şəkildə məlumatı qamarlamaq çox tez baş verir, ancaq uşağı bu "xəstəlik”dən qurtarmaq daha çətin olur. Övladına sevə-sevə, hətta bəzən qiymətinə baxmadan planşet, kompyuter və ya mobil telefon hədiyyə edən valideyn sonradan "bunları uşağın əlindən necə alım” - sualı ilə üz-üzə qalır. Günümüzün reallığı "əgər uşaq artıq bu texnologiyalarsız yaşaya bilmirsə, onun alışqanlığının qarşısını necə almaq lazımdır?” çözümünü qarşıya çıxarıb.
"Əlbəttə, uşaq böyüdükcə, elektron dünyadan qaçması da çətinləşir, ancaq onu nəzarətə götürmək mümkündür”. Rusiyalı psixoloqların bu fikri ümidi sonuncu cərgədə qoymur. Belə ki, uşağın başqa həyat sferasının – real, maraqlı məşğələ və dərnəklərlə zəngin həyatının olması daha məqsədəuyğundur: "Uşaq valideyninin də vərdişlərini mənimsəyir. Valideynin əlində nə görürsə, böyüdükcə ona meyl edir. Bu baxımdan valideynin maraqları da uşaq üçün örnəkdir. Elektron "oyuncaqlar”ın onun həyatında hansı yeri tutmasını isə uşağa vaxtında başa salmaq lazımdır”.
Böyüməkdə olan nəsil arasında, xüsusən erkən yaşdan lazım gəldi-gəlmədi elektron "oyuncaqlar”a alışqanlığın fəsadına cəmiyyətdə oxşar, həm də ürəkaçmayan reaksiyalar var. Vərdişləri qadağalarla aradan qaldırmağın çətinliyini anlayan ekspertlər, mütəxəssislər daha çox maariflənmənin və "yumşaq” tərbiyə üsulunun tərəfdarıdırlar.

Nəzarətə ehtiyac

Uşaq dərsliklərinin müəllifi, professor Rafiq İsmayılov uşaqların texnologiyalara alışmasının valideyn və müəllimlərə təqdir olunması ilə bağlı hər hansı bir məlumat eşitmədiyini deyir: «Kompyuterdə işləmək vərdişlərini uşaqlarda yaratmaq lazımdır ki, onlar öz texnoloji biliklərini inkişaf etdirsinlər. Uşaq kompyuterdə nə ilə məşğul olur, nələri izləyir – bu, əsas məsələdir. Düzdür, müəyyən sayda proqramlar uşaqlara öyrədilməlidir, ancaq texnologiyalar kitabı əvəz etməməlidir. Uşağın kompyuterlə məşğul olmasının limiti olmalıdır”.
Professorun fikrincə, uşağın qarşısında nə qədər çox qadağa qoyularsa, bir o qədər onda meyillilik yaranar: "Ancaq valideynin bu yöndə uşağa nəzarət etməsi lazımdır və mümkündür”. Texnologiyalar uşağın əlindən alınanda onların aqressiya göstərməsinə gəlincə, ekspert hesab edir ki, bu məsələdə müəyyən məqamlar valideynin yaratdığı boşluqla bağlıdır: "Bu cür hadisələr çox baş verir. Uşağın əlindən kompyuteri və ya mobil telefonu alırlar, nəticədə o, aqressiya göstərməyə başlayır. Valideyn zamanında kompyuter və ya telefonu uşağın əlindən almayıb, sonradan isə şiddət göstərərək onu alışdığı bu vasitələrdən məhrum edir. Bu təbii ki, aqressiyaya səbəb olur. Bunu vaxtında həyata keçirmək lazımdır”. R.İsmayılov hesab edir ki, belə aqressiya göstərən uşaqlarla bağlı psixoloqa müraciət etmək lazımdır: "Psixoloq həminuşaqda yaranan xoşagəlməz təsirləri aradan qaldırmağa yardım edə bilər. Ancaq bu mərhələyə gəlib çatmamış, uşağa bu yöndə nəzarəti gücləndirmək lazımdır”.

İnternet xəttini bağlatdırmışam
AZADİNFORM İformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev "internetdən istifadənin uşaqlar, xüsusən də məktəblilər üçün müsbət tərəflərindən daha çox mənfi nəticələr yaratdığı qənaətindəyəm” deyərək, həm də valideyn kimi narahatlığını dilə gətirir: "İnformasiya və yaxud da dərs tapşırıqlarını əldə etmək adı ilə limitsiz internet imkanlarından istifadə qətiyyən yolverilməzdir. Təəssüf ki, kompyuter və ağıllı telefonlardan davamlı istifadə edən uşaqlarda müəyyən vaxtdan sonra asılılıq yaranır. Bu asılılıq da məktəblini əsas missiyasından uzaqlaşdıraraq bilik əldə etmə marağına mənfi təsir göstərir. Beləliklə, müxtəlif sosial platformalarda aktivlik nümayiş etdirən uşaqlar günlərini real və virtual dostları ilə yazışaraq keçirirlər”.
Baş redaktor hesab edir ki, ilk növbədə uşaq olan evlərdə internetdən istifadəyə məhdudiyyət qoyulmalıdır: "Şəxsən mən bir valideyn olaraq bu problemdən əziyyət çəkdiyim üçün internet xəttini bağlatdırmışam. Məktəbli övladımın yalnız dərsləri üçün internet lazım olduğu zaman öz telefonumdan onun telefonuna internet çıxışı yaratmışam. Bu xətdən də o yalnız mən evdə - onun yanında olanda istifadə edə bilər. Bu istifadə müddəti də saatlarla ola bilməz. Mən şəxsən problemdən bu formada çıxmağa çalışıram. Düzdür, ilk əvvəl bu çıxış yolu aramızda müəyyən problemlər yaratdı, amma indi hər şey qaydasındadır. Qeyd etdiyim kimi, ona lazım olanda mən onun telefonunu 30-40 dəqiqəlik internetlə təmin edirəm”.

Uşaq psixologiyasına böyük zərbələr
Psixoloqlar hesab edir ki, uşaq nə qədər balacadırsa, onun texnologiyalarla ünsiyyətini formalaşdırmaq mümkündür.
Texnologiyaları həyatımızın ayrılmaz hissəsi hesab edən psixoloq Elnur Rüstəmovun fikrincə, texnologiyalar o qədər inkişaf edib ki, uşaq dünyaya gələndə də bu vasitələrlə əhatə olunur: "Bir qisim uşaqlar var ki, məsələn, yemək yeməyəndə valideyn onun əlinə telefon və ya planşet verir və hər hansı cizgi filmini bu vasitələrə yükləyərək uşağın başını qatır. Dolayısı ilə valideyn əziyyət çəkmək istəmir. Ancaq o, uşağa bir-iki dəfə mobil telefonu verməsə və o cizgi filmlərini izlətməsə, uşaq ac qalmayacaq, sonradan alışacaq və üçüncü dəfə bunu tələb etməyəcək. Valideynin uşağa qarşı səbirsiz və bilməyərəkdən davranmağı zaman keçdikcə uşaqda alışqanlıq və davranışında problemlərə gətirib çıxarır. Bu kimi hallar tədricən uşağın psixologiyasına təsir göstərir”.
Psixoloqun sözlərinə görə, hər bir ailə öz strukturuna uyğun olaraq bilərəkdən və ya bilməyərəkdən uşağı texnoloji vasitələrə alışdırır. Bu da zaman keçdikcə uşaqların davranışı, qavrayış və diqqətində müəyyən problemlərə yol açır: "Söhbət ondan getmir ki, bu texnologiya uşağa verilməməlidir, sadəcə, valideyn bu vasitələri uşağa verməmişdən öncə ona məlumat verməlidir. Bu da yaş qrupuna uyğun olmalıdır. Məsələn, 3 yaşında uşaq «sənə telefonu 10 dəqiqəlik verirəm» sözlərini başa düşmür. Zərurət olduğu təqdirdə, valideyn uşağa nəyi izlətdirdiyinə fikir verməlidir. Valideynlər bu məsələdə səbirsiz davrandıqlarına görə uşaqlar da onlarla manipulyasiya edirlər. Uşağın əlinə planşeti və ya mobil telefonu verəndə, o özünü çox yaxşı aparır, üzügülər olur, əlindən alan kimi yenə də davranış problemləri ortaya çıxır”. Psixoloq hesab edir ki, valideynlərin bu istiqamətdə maariflənməsinə ehtiyac var: "Biz elə bir dönəmi yaşayırıq ki, həyatımız bütünlüklə texnologiyalarla əhatə olunub. Bunlardan geri qala və ya həyatımızdan çıxara bimərik. Ancaq bu o demək deyil ki, texnologiyanın yalnız ziyanlı tərəfləri var, təbii ki, texnologiyanın müsbət tərəfləri daha çoxdur. Bu, dövrün tələbidir. Biz həmin müsbət tərəflərdən yola çıxmalıyıq, belə olduğu təqdirdə də uşaqlarımızda problemlər az olacaq. Ancaq daim nəzərə almaq lazımdır ki, bu gün nəzarətsiz formada mobil telefondanistifadə edən uşaqlar var. Bəzən onların mobil telefonları və ya planşetlərinin internetə girişi olur. Bu, daha təhlükəlidir. Nəzarətsiz qalanda uşaq elə saytlara giriş edə bilər ki, o, uşağın psixologiyasına böyük zərbələr vurar. Ona görə də valideynlər uşaqlarına texnologiyadan istifadə etməsinə ciddi nəzarət etməlidirlər”.
Valideyn: "uşağın əlindən telefonu və ya planşeti ala bilmirəm” əsəbini zamanında səbri, tərbiyə üsulu, məsləhətləri, uşaqla davranışı ilə əvəzləsə, daha önəmlidir. Necə deyərlər, uşağın nazı ilə oynamaq həmişə işin xeyrinə olmur...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər