• cümə axşamı, 18 aprel, 23:35
  • Baku Bakı 21°C

Elektron hökumətlə bağlı ölkədə ilk konfrans AzTU-da işə başladı - Fotolar

18.04.17 15:30 700
Elektron hökumətlə bağlı ölkədə ilk konfrans AzTU-da işə başladı - Fotolar
Azərbaycan Texniki Universitetində (AzTU) «Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri» mövzusunda Respublika Elmi-Praktiki konfransı öz işinə başladı. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin universitetdəki büstü önünə gül qoyub, ehtiramlarını bildiriblər.

Konfransı giriş sözü ilə açıq elan edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, «Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri» mövzusunda elmi toplantı Azərbaycanda ilk dəfədir ki, reallaşdırılıb. Rektor əvəzi Ulu Öndərin dövlətçilik və güclü Azərbaycan modelinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun bariz nümunəsi olaraq bu gün ölkədə "Asan imza” brendinin geniş vüsət aldığına diqqət çəkib. Qeyd edib ki, "Asan imza”dan istifadə insanlara vaxt itkisinin qarşısını almaqla yanaşı məmur-vətəndaş əlaqəsinin kəsilməsi yolu ilə neqativ halların aradan qaldırılmasına da geniş imkan yaradır. Bu baxımdan Elektron imzanı İnformasiya Cəmiyyətinin ən vacib atributu adlandıran Xalıq Yahudov bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Konfransın Plenar İclasının çıxışçısı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) şöbə müdiri İsbəndiyar Əliyev "Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri adlı məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.

Təhsil Nazirliyinin sektor müdiri Gültəkin Hüseynova da təhsil müəsissələrində elektronlaşma prosesinin sürətlə aparıldığını qeyd edərək, bu sahədə peşəkar kadrların hazırlandığını bildirib.

Digər məruzəçi, Dövlət Gömrük idarə rəisi, Layihələrin idarə edilməsi Assosiasiyasının prezidenti, general-mayor İqbal Babayevsə "Elektron hökumət proqramı çərçivəsində layihələrin idarə edilməsi prinsipləri: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib. Məruzəçi "Elektron hökumət” sahəsində həyata keçirilən layihələrin yaxşı perspektivlər vəd etdiyini vurğulayıb.

"Multimediya” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də çıxışında "Elektron hökumət”in qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd edib. Osman Gündüz "Elektron hökumətin məntiqi davamı olan açıq hökumətin inkişaf istiqamətləri” adlı məruzəsində internet resursları üzərindən şəffaflığın daha sürətli şəkildə yayıldığını vurğulayıb.

Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib.

Müxtəlif ali təhsil müəssisələrindən, aidiyyəti nazirliklərdən, komitə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi konfransa ümumilikdə 90 məqalə təqdim olunub. Konfrans 2 gün davam edəcək və sonda yekun iclası keçirilərək əldə edilən nəticələr müzakirə olunacaq.


banner

Oxşar Xəbərlər