• çərşənbə axşamı, 23 aprel, 22:46
  • Baku Bakı 20°C

Elektron hökumət – vaxta və pula qənaət deməkdir

13.11.13 10:36 2043
Elektron hökumət – vaxta və pula qənaət deməkdir
“Bu gün mən Bakıda yaşadığım üçün hansısa sənəd düzəltdirərkən qeydiyyatda olduğum Şəmkir rayonuna getmək məcburiyyətində qalıram. Hətta adi arayış almaq üçün belə, 6 saatlıq yol gedirəm. Hər şeyin elektron mühitə daşındığı dövrdə bu vəziyyət gülünc görünür. İngiltərədə yaşayan qohumum deyir ki, orada bütün əməliyyatları kompyuter arxasında yerinə yetirə bilirlər” - Bu sözləri bizimlə söhbətində Yasamal rayon sakini Vaqif Hümbətov bildirdi. Qeyd edək ki, Azərbaycan vətəndaşlarının heç də hamısı elektron hökumət haqda məlumatlı deyillər.
Elektron hökümət nədir?
Elektron sözü ilk dəfə leksikonumuza “elektron poçt” adı altında daxil oldu. Daha sonra ticarətin internetə dövr etməsi nəticəsində online ticarət və elektron ticarət kəlimələri ilə tanış olduq. Hazırda “elektron” sözü öz istifadə dairəsini bir az da genişləndirərək artıq “dövlət” və “hökümət” sözlərinin əvvəlində də işlədilir.
Ekspertlər hesab edir ki, elektron hökümət şəffaflığı təmin edir, vətəndaşları və dövlət orqanlarını daha çevik xidmət aparmağa sövq edir. Sadə şəkildə desək, e-hökümət kompyuter və internetdən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ və maneəsiz qarşılıqlı əlaqəni təmin edən müasir rabitə və idarəetmə formasının qurulmasıdır. Onun əsasında dövlət idarəetmə sistemi infrastrukturunun informasiyalaşdırılması, inzibati idarəetmə fəaliyyətinin avtomatlaşdırılması, kağız üzərində olan sənədlərin rəqəmli məkana keçirilməsi, onlayn rejimində vətəndaşlara operativ xidmətlərin göstərilməsi, əməliyyatlarda məmur təsirini minimuma endirməklə bürokratik əngəllərin aradan qaldırılması, işin keyfiyyətinin və şəffaflığının artırılması durur. Ən əsası isə, “Elektron hökümət”in yaradılması və inkişaf etdirilməsi vaxta və kapitala qənaət deməkdir. İqtisadiyyatın ən vacib dəyərləri sayılan vaxt və kapitala qənaət cəmiyyətin də sosial-iqtisadi vəziyyətinin inkişafına olduqca müsbət təsir göstərir.
Elektron hökümətlə bağlı nazirliklərdəki vəziyyət
İnternet sahəsində bir sıra araşdırmalara imza atan ekspert Azər Həsrət bizimlə söhbətində ölkəmizdə mümkün qədər qısa müddət ərzində elektron hökümətlə bağlı prezident səviyyəsində iradə nümayiş etdirildiyini bildirdi. Amma ekspert təəssüflə dedi ki, bəzi dövlət qurumlarında, xüsusilə hamı üçün mühüm əhəmiyyət kəsb edən xidmətlərin elektron formaya keçirilməsi olduqca ləng gedir: “Ölkəmizin qısa müddət ərzində elektron hökumət idarəçiliyinə keçməsi üçün dövlət konkret maliyyə ayırıb və tapşırıqlar verilib. Bəzi naziriliklər və dövlət qurumları elektron hökümət idarəçiliyinə keçmək üçün mümkün olan addımları atırlar. Lakin bu fikirləri bütün qurumlara aid etmək düzgün olmazdı. Ümumilikdə, vətəndaşların müəyyən sənədlər almaqla əlaqədar ən çox ünsiyyətdə olduğu təşkilatların çoxunun hələ də internet saytı yoxdur, yaxud olanlar da ala-yarımçıq vəziyyətdədir. Xüsusi vurğulaya bilərik ki, Vergilər Nazirliyi bu sahədə həmişə öndə olub. Dövlət Sosial Müdafiə Fondu, Rabitə və İnformasiya Texnologiyaları, Daxili İşlər nazirlikləri də bu sahədə ciddi addımlar atır. Son vaxtlar bu siyahıya Dövlət Gömrük Komitəsi də qoşulub. Belə qurumların adlarını çoxalda bilərik və sevindiricidir ki, bu, artan xətt üzrə davam edir”.
Ekspertin sözlərinə görə, 5 il bundan əvvəl müşahidələrə başlayanda çox az sayda dövlət qurumları elektron hökumət prinsipləri əsasında işləməyə üstünlük verirdilər: “Amma son illər elektron hökumətin elementlərinin tətbiqi adını çəkdiyim və çəkmədiyim bir çox nazirliklərdə, dövlət komitələrində tətbiq edilməkdədir. Amma təəssüflər olsun ki, bunlardan daha öndə getməli olan Nazirlər Kabineti hələ də yerində sayır. Ayrı-ayrı nazirliklərdə elektron hökumət elementləri təşkil edilir, istifadəyə verilir, amma Nazirlər Kabinetinin özünün internet saytını açıb baxsaq, görərik ki, bununla bağlı heç bir iş görülməyib”.
E-hökümətin mənfilikləri
Elektron hökümət layihəsinin mənfi tərəflərindən biri onun etibarlılıq məsələsidir. İnternet mühitində hələ təhlükəsizliyin tam olaraq təmin edilə bilməməsi, bütün gizli, şəxsi məlumatların elektron mühitdə olması, pişiyin önünə ciyər qoymağa bənzəyir. Çünki haker adlanan və bu işi peşə halına gətirən insanların bu tip məlumatlara çatması heç də çətin deyil. E-hökümət quruculuğunda ikinci problem əhalinin bu sahədə kifayət qədər biliklərə malik olmamasıdır. Amma həqiqət bundan ibarətdir ki, bu sahə inkişaf etdikcə tədricən vətəndaş cəmiyyəti də maarriflənərək problemlərini elektron sahədə həll etməkdə daha maraqlı olacaq. Bir sözlə, vətəndaşların üzləşdikləri problemin həllinə görə hansısa idarə və ya dövlət orqanının qapısında saatlarla, günlərlə vaxtlarını və sinirlərini tükətməsinə ehtiyac qalmayacaq. Ən əsası isə, “ədalətsizlik etdilər”, “məni aldatdılar”,” rüşvət aldılar” kimi sözlər elektron hökümətin tətbiqi nəticəsində arxivə gömüləcək.
Aygün Cəfərli
Yazı “Online Media” müsabiqəsinə təqdim edilir
banner

Oxşar Xəbərlər