"Elektron hökumət" portalına daha 3 elektron xidmət əlavə olundu
Əmlak
Məsələləri Dövlət Komitəsinin 3 xidməti elektronlaşdırılaraq "Elektron
hökumət" portalına (www.e-gov.az) inteqrasiya edildi. Bununla da,
Əmlak Məsələləri Dövlət Komitəsinin "Elektron hökumət” portalı üzərindən
təqdim olunan xidmətlərinin sayı 35-ə çatdı.
Komitənin, "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların
verilməsi”, "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların
verilməsi”, "AzPOS sisteminə qoşulmaq üçün müraciətin və sənədlərin qəbulu” adlı
xidmətlərindən artıq "Elektron hökumət" portalında - www.e-gov.az istifadə etmək olar.
Qeyd olunan "Çoxmərtəbəli
yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin
mövcudluğu barədə məlumatların verilməsi” xidməti vasitəsilə vətəndaş ölkə
üzrə şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin
adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub
olmadığı haqda məlumat əldə edə bilər.
"Mənzillərin
alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti üzrə də vətəndaş ölkə üzrə ünvanı göstərməklə
həmin ərazi üzrə mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə
məlumatları ala bilər. Qeyd edək ki, hər iki xidmət üçün ödəniş tələb olunur.
İstənilən ərazidə çöl-ölçmə işlərini aparmaq və ərazinin
koordinatlarını müəyyən etmək istəyən qurum AZPOS vasitəsilə göstərilən xidmətlərdən
yararlanmaq imkanına malikdir.
Portala inteqrasiya olunan üçüncü xidmət AZPOS
sisteminə qoşulma üçün müraciəti və sənədlərin qəbulunu ehtiva edir.
Qeyd edək ki, AZPOS (Azerbaijan Positioning
Observation System) Azərbaycan Respublikası ərazisində geodeziya-ölçü işlərində
tətbiq olunan yüksək dəqiqliyə malik qəbuledicilərin köməyi ilə koordinatları
müəyyən edən informasiya sistemidir.