• cümə axşamı, 18 aprel, 06:59
  • Baku Bakı 12°C

“Elə vaxtlar olurdu ki, hər şeyi atıb qayıtmaq istəyirdim” - Uğur hekayəsi

27.12.19 10:00 6949
“Elə vaxtlar olurdu ki, hər şeyi atıb qayıtmaq istəyirdim” - Uğur hekayəsi
Rövşən Musayev: "Əvvəllər düşünürdüm ki, xaricdə çalışan mühəndislər bizimkilərdən daha güclüdür”

Məktəbdə oxuyanda müəyyən nailiyyətlər qazanıb, riyaziyyatı xüsusilə yaxşı oxuyub, universitetə yüksək balla qəbul olub. Ancaq yenə də bugünkü uğurunu daha çox valideynlərinə bağlayır. Deyir ki, valideynləri nəyisə hazır vermək əvəzinə özünün nələrsə əldə edə biləcəyi formada yetişdirməyi onun sonrakı karyerasında böyük rola malik olub.

MüsahibimizÇexiyada "NN” sığorta şirkətində mühəndis olaraq çalışan azərbaycanlı Rövşən Musayevdir.

Qeyd edək ki, R.Musayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiqi riyaziyyat ixtisası üzrə təhsil alıb.

- Azərbaycanda çalışdığınız iş yerləri olaraq profilinizdə SOCAR və "Azercell”i qeyd etmisiniz. Maraqlıdır, ölkəmizdə ancaq bu şirkətlərdə işləmisiniz?
- Yox, o iş yerlərində çalışana qədər sərbəst proqramçı kimi fəaliyyət göstərmişəm. Atam da proqramçı olduğu üçün universitetin ilk ilindən artıq İT fəaliyyəti ilə məşğul olmağa başlamışdım. Proqram yazılmasından tutmuş, kompüterin sıfırdan qurulmasına kimi hər işlə məşğul olurdum. Əmim də bu sahədə çalışır. İlk vaxtlar atam və əmimin yanında işləyirdim, sonra isə artıq müstəqil proqramçı kimi çalışdım.

- Atanız proqramçı olubsa, yəqin ki bu sahəyə yönəlməyiniz də daha erkən yaşlara təsadüf edib…
- Hardasa 90-cı illərin əvvəllərindən evimizdə kompüter görmüşəm. O vaxt proqramlaşdırma yeni sahə idi. Atam bu sahədə elmi iş müdafiə etmişdi, elmlər namizədi idi. Dövlət idarəsində çalışırdı, müəyyən araşdırma ilə məşğul olurdu. Tez-tez onun iş yerinə gedirdim, işlərinə baxırdım, kompüterində müxtəlif oyunlar oynayırdım. Kompüterlərə marağım getdikcə artırdı. 10-cu sinifdə atam mənə proqramlaşdırmanın ilkin mərhələlərini öyrətdi. Elə həmin il İnformatika üzrə məktəblilər arasında keçirilən olimpiadalara qatıldım. Dəqiq yadımda deyil, Bakı şəhəri üzrə ya bir, ya ikinci yerə çıxmışdım. Respublika turuna keçmişdim, amma orda nailiyyət qazana bilməmişdim.


- Nə vaxtdan müstəqil işləməyə başladınız?
- Universitetin sonuncu kursunda artıq özüm sərbəst bir layihə götürdüm. Düzdür, onu da atamın vasitəsilə tapmışdım, amma hər işini sıfırdan özüm gördüm. Sonra hərbi xidmətə getdim, qayıdandan sonra "Azəriqaz” İstehsalat Birliyində işə başladım. Sonra "Azəriqaz” SOCAR-la birləşdi, SOCAR-da vakant yerlər açıldı, namizədliyimi verdim, qəbul etdilər və orda fəaliyyətə başladım. Sonra da "Azercell”ə keçdim.

- "Azercell” dən sonra ölkə xaricində işləməyə başlamısınız. Ölkə xaricində işləmək qərarına gəlməyinizin səbəbi nə oldu?
- Uşaq vaxtından xarici ölkəyə getmək, işləmək kimi bir arzum var idi. Universiteti yeni bitirdiyim illərdə xarici ölkələrə işləmək üçün getmək elə də trend deyildi. Bilmirdik ki, xarici ölkələrdə işləmək üçün hansı səviyyədə kadr olmaq lazımdır. Fikirləşirdim ki, yəqin oxumaq üçün gedərəm. Ona görə, əsasən ingilis dilimi inkişaf etdirmək üzərində işləyirdim. Həmin ərəfədə SOCAR-da işləyirdim. Orda bir layihəyə başlandı və mən ora cəlb olundum. Ona görə bir növ oxumaq ikinci plana düşdü. "Azercell”də işləyəndə - 2015-ci ildə bəzi iş yoldaşlarımızın xarici ölkələrdə işləməyə getdiklərini gördüm. Əvvəlcə düşünürdüm ki, xaricdə çalışan mühəndislər bizimkilərdən daha güclüdür və bizim orda çalışmağımız çətin məsələdir. Amma mənimlə eyni səviyyədə olan kadrlar getdiyində gördüm ki, əslinə səhv düşünürmüşəm. Gördüm ki, realdır və mən də edə bilərəm.

- İş yoldaşlarınız xaricə gedənə qədər ölkə xaricində çalışmaqla bağlı cəhdləriniz olmamışdı?
- Olmuşdu, amma ilkin cəhdlər çox vaxt uğursuzluqla nəticələnir. Fikirləşirdim ki, bəlkə o şirkətlərdə çalışacaq səviyyədə kadr deyiləm deyə, qəbul etmirlər.

- Hansı ölkələrdəki şirkətlərə iş üçün müraciət etmişdiniz?
- Avstraliya, Yeni Zelandiya kimi ölkələrdə işlərə baxıb müraciət edirdim, amma ümumiyyətlə, cavab verilmirdi. Nəyisə səhv etdiyimi fikirləşirdim.

- Və həvəsdən düşürdünüz…
- O vaxt xarici ölkələrdə iş axtarmaq təcrübəm yox idi, prosesin necə olmasını da tamlıqla bilmirdim. Tanış adamlar getdikcə bir az araşdırma apardım, hansı istiqamətlərə getdiklərini müəyyənləşdirdim. Gördüm ki, daha çox Avropa ölkələrinə gedirlər. Mən də Avropa ölkələrinə müraciət etdim.

- Bu zaman müraciətlərinizin nəticəsi necə oldu?
- "Facebook”da azərbaycanlıların yaratdığı "Oracle” istifadəçilər qrupu var. Bir dəfə orda IBM şirkətinin Polşadakı ofisindən bir şəxs referal link paylaşmışdı. O zaman referal link nə olduğunu bilmirdim. Sonra araşdırdım ki, həmin insan da kimisə şirkətə cəlb etməklə özü də pul qazanır. Həmin adamla əlaqə saxladım, IBM şirkətində işlərlə bağlı məlumat aldım. Özümə az və çox uyğun gələn vakansiyalara müraciət etdim. Məni az uyğun gəldiyim vakansiya üzrə işə qəbul etmişdilər. Bir neçə gün sonra şirkətin İnsan Resursları mütəxəssisi mənimlə əlaqə saxladı. Bildirdim ki, bu pozisiya mənlik deyil, o səviyyədə bilmirəm. Dedilər ki, heç nə olmaz, müraciət edin, baxılacaq. Başqa variant olmadığı üçün ona müraciət etdim. Təbii ki uğursuz oldu. Onların verdiyi suallar çox da mürəkkəb deyildi, sadəcə, mən təcrübəsiz idim. Bu, mənim üçün çox yaxşı təcrübə oldu.


- Amma siz IBM-də işləmisiniz. Orda işə düzəlməyiniz necə oldu?
- IBM-in vakansiyalarına baxmağa davam edirdim. Çexiyadakı ofislərində bir vakansiyaya müraciət etdim. Ordan müsbət cavab gəldi. 3 mərhələ oldu. Birincisi İR mütəxəssisi ilə görüş idi. O vaxt ingilis dili biliyim indiki səviyyədə deyildi. Özüm üçün müəyyən bir şablon hazırlamışdım ki, onlara nə danışacam. Yarı ordan oxuyurdum, yarı özümdən danışırdım. Necə cavab verdiyimi bilmirdim, fikirləşdim ki, yəqin ki uğursuz olacaq. Amma görünür, onlarda müəyyən təəssürat oyatmışdım. İkinci mərhələyə dəvət etdilər. Offline test var, orda 3 tapşırıq verildi, öhdəsindən gəldim. Sonradan bildim ki, işlərimi çox bəyəniblər. Amma bir ay sonra mənə "hə” cavabı verdilər. Düzü, o işdən ümidimi üzmüşdüm, fikirləşirdim ki, yəqin əlaqə saxlamazlar. Bir aydan sonra bildirdilər ki, leqal proseslər belə gedir, ona görə vaxt aparır.

- Həmin vaxt artıq ailəli idiniz. Tək olanda adamın məsuliyyəti daha az olur. Getdiyinizdə ailəni də apardınız?
- 6 ay orda tək yaşadım, ailəmi aparmadım. Uyğunlaşma məsələsini fikirləşirdim. Əslində, uyğunlaşmayacağımı düşünmürdüm. Çünki bu, mənim uşaqlıq arzum idi və arzum yerinə yetmişdi. Getdikdən sonra bunun belə olmadığını gördüm. Vətəndən, ailədən, yaxınlardan ötrü darıxmağa başladım. Elə vaxtlar olurdu ki, hər şeyi atıb qayıtmaq istəyirdim. Ancaq bir növ özümü məcbur edib qaldım. 6 ayın tamamında ailəm gəldi, ailə qayğılarına başım qarışdı və getmək fikri yadımdan çıxdı. Amma yenə də arada qayıtmaq fikrinə düşürəm, yoldaşım fikrimdən daşındırır (Gülür).

- Yoldaşınız orda işləyir?
- Bəli, başqa bir şirkətdə mühasib işləyir. İlk vaxtlar onun üçün iş tapmaq çətin oldu. 1 il sonra iş tapa bildik. Hətta o, iş tapsın deyə, yaşadığımız şəhəri dəyişdik.
- İBM-dən niyə çıxdınız?
- IBM əvvəllər "Google” səviyyəsində olan bir şirkət idi. Artıq adı var, amma səviyyə əvvəlki kimi deyil. Çox böyük şirkətdir və orda yeni texnologiyaların istifadəsi cəhətdən bürokratik hallarla üzləşə bilirsən. Ona görə bir müddətdən sonra orda işləməkdə adam maraqlı olmur. Yeni heç nə öyrənmirsən. 2 ildən bir az çox müddət sonra ayrıldım.

- İndi çalışdığınız şirkət necə bir şirkətdir?
- Niderlandın həyat sığortası verən şirkətidir. Bundan başqa, investment fəaliyyətləri ilə də məşğuldur. Bir növ həyat sığortasından əldə edilən pulu investisiyaya yatırır və sonra insanlara qaytarır. Dünyanın bir neçə ölkəsində fəaliyyət göstərir. Mən də bir bölməsində mühəndis olaraq çalışıram.

- GOUP layihəsindən danışaq.
- 2017-ci ildə Şəhriyar belə bir layihə ilə bağlı mənə müraciət etmişdi. O zaman düzü, ağlıma girmədi. Həm də vaxtımı daha çox özümü inkişafa yönəltmişdim. Özümü müəyyən bir ictimai layihənin lideri olaraq görmürdüm. Şəhriyarın da əlavə işləri çıxdı, qaldı. 2018-ci ildə Şəhriyarla bu mövzuda yenə söhbətimiz oldu, məni inandırmağı bacardı və bu sahədə müəyyən sessiyalar etməyə başladıq. Zaman keçdikcə sessiyalarımızı izləyənlər artırdı. Bu bizə motivasiya verirdi.


- Uğurun sirri nədir sizə görə?
- Uğurumun sirri valideynlərimdir. Mən özümü çox da fərqli biri hesab etmirəm. Düzdür, məktəbdə oxuyanda müəyyən nailiyyətlərim olub, riyaziyyatı yaxşı oxumuşam, universitetə də yüksək balla qəbul olmuşam. Amma mən yenə də uğurumu daha çox valideynlərimə bağlayardım. Onlar mənim üzərimdə bu qədər işləməsəydilər, yəqin ki o nailiyyətlərə çata bilməzdim. Yəni düşünürəm ki, valideynin doğru yönəltməsi lazımdır.

Konkret iş mövzusundan danışım. Məni zəhmətkeş öyrədiblər. Bir çox hallarda valideynin əlində müəyyən qədər pul olanda, uşaqlarını tələbə vaxtı işə alışmağa qoymurlar. Amma atam məni elə birinci kursdan iş mühitinə atdı. İş mühitinə alışmağım üçün universiteti bitirməyi gözləməyimə ehtiyac qalmadı.

Onlar da mənə nəyisə hazır vermirdilər, əksinə özümün nələrsə əldə edə biləcəyim formada yetişdirirdilər. O tərbiyəni aşılayıblar, indi daim öz ayaqlarım üstündə durmağa çalışıram. Fikirləşməmişəm ki, valideynimin vəsaiti ilə nələrsə edim. Çalışmışam ki, özüm zəhmət çəkərək qazanım.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər