• cümə axşamı, 25 aprel, 01:21
  • Baku Bakı 19°C

Elə tikmək lazımdır ki...

12.07.18 09:30 945
Elə tikmək lazımdır ki...
"Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu təkcə biz demirik. Demək olar ki, Bakıya gələn bütün qərəzsiz xarici qonaqlar deyir. Sözün əsl mənasında, Bakı parlayan bir ulduzdur. Ancaq, eyni zamanda, Bakı şəhərində elə yerlər var ki, utanc gətirir. Binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir. Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox” – bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Ölkə başçısı qeyd edib ki, qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar: "Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. Şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq, bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz. Ona görə, burada vahid bir nəzarət mexanizmi olmalıdır. Bir daha demək istəyirəm ki, ilk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Bunu edənləri ciddi cəzalar gözləyir”.
2005-ci ilə qədər qüvvədə olan Bakının Baş Planının həmmüəlliflərindən biri olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, əməkdar memar Feyzulla Quliyev ölkə başçısının fikirləri ilə razı olduğunu, binaların tikintisi zamanı nəzərə alınmalı olan məqamlara çox vaxt riayət edilmədiyini dedi: "Milli Məclis və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Şəhərsalma və Tikinti Məcəlləsi, o məcəlləyə görə isə 3 şəhərsalma sənədi var. O şəhərsalma sənədindən biri ümumi plandır. Yəni, bir regionun, yaxud respublikanın tam ümumi planı həll olunur. Şəhər və qəsəbələrin baş planları ikinci mərhələdir. Üçüncü mərhələ müfəssəl plandır. Xarici ölkələrdə, hətta Türkiyədə şəhərsalma kadastrı deyilən bir sənəd var. Bizim müfəssəl plan ona uyğundur.
Yəni, şəhərin baş planı hazır olandan sonra onun ayrı-ayrı regionları, yaşayış sahələri, qəsəbələrinin planı bəlli olur. Bu o deməkdir ki, həmin binaların hündürlüyü, yerin istifadəsi orda hansı binaların olacağı və digər məsələlər göstərilir. Ondan sonra işçi layihə hazırlanır. Müfəssəl plan, məcəlləyə görə, Bakının inzibati rayonlarına həvalə olunur, onlar özləri sifariş verməlidirlər. Amma o layihə olmadan, sonra pilot layihə ortaya çıxdı, şirkətlər aşağı mərtəbəli binaları söküb, yerində daha hündürmərtəbəli binalar inşa etməyə başladılar. Sonra kim haranı istədi, söküb layihələr icra etməyə başladı. İndi elə vəziyyət yaranıb ki, binalar bir-birinə yapışır, aralarındakı məsafə texniki şərtlərə uyğun deyil. Neçə kvadratmetr ərazidə nə qədər insan yaşaya bilməsi qaydası var. Bunların heç birinə əməl etmədən tikirlər.
Məsələn, mənə deyirlər ki, bir hektar sahədə 5 yaşayış binası layihələndir. Mən orda iki binanın layihələndirməsinin mümkün olduğunu deyirəm, beşini etmirəm. Mütəxəssis olan adam buna getmir, amma pul qazanmaq üçün bu kimi şeylərə önəm verməyən birinə deyirlər, o da orda 5 binanı layihələndirir”.
F.Quliyevin sözlərinə görə, tarixən yüksək təpə üzərində, amfiteatr formasında salınan Bakı şəhərində indi o üslubdan əsər-əlamət qalmayıb: "Bakının amfiteatrının 3 qatı var. Hətta 4-cü qatı da var. Onların hər birində dominant nöqtələr var. O yerlərdən baxanda şəhərin hər tərəfi, dəniz görünür və s. Memar layihə zamanı ətraf mühit, binalar arasındakı məsafə və sıra başqa məsələləri, nəzərə almalıdır, hətta mentaliteti də. Amma son vaxtlar buna riayət etmədən şəhərin mərkəzi hissəsində çökəklik ərazidə tarixi-memarlıq abidələri sıx olan İçəri Şəhər ətrafında, şəhərin kənarındakı amfiteatrda da hündürmərtəbəli binalar tikirlər. Böyük Zirə adasında bir neçə dəfə olmuşam. Sovet vaxtı oradan baxanda Bakı amfiteatr kimi görünürdü, amma bu yaxınlarda ora yolum yenə düşmüşdü, gördüm ki o amfiteatrdan əsər-əlamət yoxdur. Şəhərdə küçə atributu yaddan çıxıb. Səkilər yoxdur, insanlar maşın yolu ilə hərəkət edirlər. Mikrorayonlar bərbad hala salınıb. Ölkə başçısının fikirləri ilə tam razıyam”.
Memarlıq və şəhərsalma üzrə ekspert Cahangir Qocayev deyir ki, bu cür səliqəsiz tikinti həm şəhərin görünüşünə xələl gətirir, həm də təhlükələrə yol açır: "Təzə bazarın aşağı hissəsində tikintinin heç də səliqəli aparılmadığını hamı görür. Ayrı-ayrı binalar sökülür, yerində hündürmərtəbəli binalar tikilir. Onları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətindən kənar edirlər. Bu işə təsadüfi adamlar nəzarət edir.
Şəhərsalma və Tikinti Məcəlləsində hər bir məsələ dəqiqliklə qeyd olunub, amma ona əməl etmirlər. Özü də daha çox yaşayış binaları bu cür tikilir. 3-cü mikrorayonda binaların həyətinin ortasında hündürmərtəbəli bina qaldırılıb. Buna kim icazə verib? Onlar tikintini aparırlar, satırlar, burdan pul qazanırlar, amma əhalinin sonrakı taleyi kimisə maraqlandırmır. Bunun təhlükələri haqqında fikirləşmirlər. Bütün bunlar hamısı Bakı Şəhər İcra Hakimiyyətinin günahıdır”.
Ş.Qocayev bildirdi ki, bina tikinti üçün ayrılan ərazinin cəmi 40 faizində tikilməlidir: "Qayda belədir, 60 faizi isə binada yaşayanların istifadə edə biləcəyi başqa məqsədlər üçün saxlanılır. Yaxud yanacaqdoldurma məntəqələri ilə tikinti obyektlərinin arasında müəyyən məsafə olmalıdır, bəzən buna belə riayət etmirlər. Tikinti köhnəlmir, qədimləşir. Şəhər də qədimləşir. Qədimləşdikcə, istehlak dəyəri yüksəlir. Qədim şəhərdə bina almaq təzə şəhərdə bina almaqdan baha başa gəlir. Lazım gələrsə, tikinti cari təmir olunur, lazım gələrsə, əsaslı şəkildə. Qiymətli, dəyərli tikilidirsə, ehtiyac olduğu zaman bərpa da olunur. Ona görə, tikinti aparanda işləri bu gün pul qazanmağa hesablamaq olmaz. Elə tikmək lazımdır ki, gələcəyə də yaxşı şəkildə gedib çıxsın, şəhərin görünüşünə xələl gətirməsin, əksinə gözəllik versin və insanlar üçün təhlükə yaratmasın”.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər