Elə həyatda da Məcnun oldum MÜSAHİBƏ

Elə həyatda da Məcnun oldum MÜSAHİBƏ

Müsahibə
20 Dekabr 2012, 09:12 2614
Bu günlərdə xalq artisti, Şöhrət ordeni sahibi, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun dərsində oturub birinci kurs tələbələrilə necə işləməsinə tamaşa etmək mənə nəsib oldu. Dərsdən sonra bu istedadlı xanəndə Azərbaycan muğamının zirvəsinə doğru keçdiyi mürəkkəb yol haqqında “Kaspi” oxucularına danışmağa razılaşdı.

- Həyat yolunuzun necə başladığından danışardınız.
- Mən qarabağlıyam, 1960-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndində anadan olmuşam. Bizim tərəflərdə havanın özü muğam qoxuyur. Mən də hələ körpə vaxtımdan muğam eşitmişəm və təbiidir ki, lap erkən yaşımdan oxumağa başladım. Yadımdadır, uşaq ikən qaçıb meşənin içində gizlənərdim, oranın meşələri də çox gözəldir, saatlarla orada tək-tənhalıqda oxuyardım. Sonra dostlarım məni izləyib orada tapdılar. Elə həmin dostlarımın təkidilə bədii özfəaliyyət müsabiqəsində iştirak etdim. Sonra da məni müxtəlif tədbirlərə cəlb etməyə başladılar. Təhsilimi adi orta məktəbdə almışam və müvəffəqiyyətlə də oranı bitirmişəm.

- Bəs peşəkar səviyyədə muğamla nə vaxtdan məşğul oldunuz və ilk müəlliminiz kim olub?

- 1982-ci ildə məni Asəf Zeynallı adına Musiqi Məktəbinə göndərdilər. Muğam bölməsində Vahid Abdullayevin sinfinə qəbul olundum. Üç il sonra Üzeyir Hacıbəyovun 100 illiyinə həsr olunmuş gənc muğam ifaçılarının respublika müsabiqəsinin qalibi oldum. Müsabiqənin münsiflər heyətində rəhmətlik Şövkət xanım Ələkbərova da vardı. O, məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına apardı və dinləmədən sonra işə qəbul olundum.

- Təhsilinizi davam edirdiniz?

- 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Umiversitetindən məzun oldum.

- “Leyli və Məcnun” operasında neçə illərdir gözəl ifa etdiyiniz Məcnun partiyası Sizin üçün nə deməkdir?

- Həmin tamaşada əvvəlcə Zeyd partiyasını oxumuşdum. Məcnun partiyasına isə kiçik rollar oynayaraq və beləcə, getdikcə püxtələşərək gəlib çıxdım. Axı opera tamaşalarında əsas partiyaları ifa etmək üçün yaxşı səsdən əlavə müəyyən səhnə vərdişlərin də olmalıdır. Nəhayət, 1993-cü ildə teatr rəhbərliyi mənə Məcnunu oynamağı təklif etdi. Düz səkkiz ay ərzində günbəgün bu surətə alışdım, öyrəşdim, gözümə yuxu girmədi. Teatrın baş rejissoru Hafiz Quliyev çox kömək etmişdi mənə, bunu unutmağa haqqım yoxdur. Çətin dövrdü, Qarabağ hadisələri hər şeyə, o cümlədən mədəniyyətə, incəsənətə də təsir etmişdi. Asan deyildi, soyuq binada, işıqsız, çox vaxt şam işığında işləyirdik.

Tale elə gətirdi ki, mən elə həyatda da Məcnun oldum. Yəni Məcnun mənim içimə o dərəcədə hakim kəsildi ki, hər şeyə, yəni doğma ölkəmə, muğama, yaradıcıllığa, sənətə, müəllimliyimə Məcnun kimi vuruldum. Məcnun dünyaya gözlərimi sanki yenidən açdı, gerçəkliyi qavramağımı dəyişdirdi. Məcnun bəlkə də dəlidir, amma xəstə deyil, sadəcə, sevgilisi üçün canından keçməyə hazırdır. Kimsə mənə Məcnun deyəndə bunu taleyin lütfü kimi qəbul edirəm.

- Xarici qastrollardan ən güclü təəssüratınız?

- İki səfərimizdən söhbət açacağam ki, milli nədəniyyətimizlə birbaşa bağlıdır. Keçən ilin oktyabr ayında bizim “Qarabağ” triosu Kopenhagendə illik Womex The World Music Exno etnik musiqi festivalında iştirak etmişdi. Azərbaycana 45 dəqiqə ayrılmışdı, mənim çıxışımı müşaiyət edən əməkdar artistləri tarda Elçin Haşımov və kamançada Elnur Əhmədova əməkdar artist Nizami Allahverdiyev balabanda və Kamran Kərimov nağarada qoşulmuşdular. Womexdəki konsertin prodüseri tanınmış televiziya aparıcısı Emin Müsəviydi. 400 iştirakçıdan cəmi 30-u, o cümlədən də biz seçmə turunu keçə bildik. Bizim çıxışımız tamaşaçıları o qədər valeh etmişdi ki, yerli jurnalistlərdən biri səhnəyə çıxıb hamının gözü qarşısında Azərbaycan bayrağını öpdü və “belə musiqisi olan xalq böyük xalqdır” dedi. Çoxları bizə yaxınlaşıb Azərbaycan muğamına heyran olduqlarını bildirirdilər.

Və biri də budur ki, 2009-cu ildə Aygün Bayramova və Elməddin İbrahimli ilə İngiltərəyə getmişdik. Konsertin birinci günü bizi Elçin Haşımovla Elnur Əhmədli, ikinci gün isə Yalçın Adıgözəlovun rəhbərliyi ilə “Orion” London Simfonik Orkestri müşaiyət edirdilər. Çıxışımızın final hissəsində orkestrin müşaiyətilə “Qarabağ şikəstəsi”ni ifa etdik. Təsəvvür edin ki, bütün salon bizi ayaq üstə dinləyirdi, sonra da haradasa on dəqiqə ərzində sürəkli alqışlara qərq etdilər. Bu da sizin soyuqqanlı ingilislər! Özü də tamaşaçılar mötəbər təbəqədəndi, İngiltərənin elit zümrəsi toplaşmışdı. Məhz belə anlarda adam Azərbaycan muğamının qüdrətilə daha çox fəxr edir.

- Muğam anılayışını müxtəsərcə necə tərif edərdiniz?

- (Fikirə gedir) Bu anlayışı ruhun, onun qüdrətinin, enerjisinin, əbədi mətanətinin ötürülməsi kimi tərif edərdim. Mənin üçün muğam nəfəsdir, sevincdir, gözümün işığıdır, məhəbbətdir, həyatdır, yəni yaşamaq gücü verən, düşüncə və hissiyyat bəxş edən hər şeydir. İçimdəki mənəvi təbəddülatların, yüksəlişlərin, ilham coşqusunun sehridir.

- Sizin üçün müəllim peşəsinin sədləri varmı? Muğamı öyrətmək olar, yoxsa onunla doğulmaq lazımdır?

- Bu, çətin sualdır. Məncə, bizim tanınmış muğam bilicisi, görkəmli bəstəkarımız, xalq artisti Eldar Mansurov tamamilə haqlı olaraq muğamı öyrətməyin çox çətin olduğunu deyir. Adama musiqi yazmağı öyrətmək olarmı? Adamı oxutmaq, ona vərdiş aşılamaq, nəyisə başa salmaq olar, amma böyük bəstəkarlar kimi musiqi yaratmağa tək-tək adamlar qadirdirlər. Muğam da belədir. Bu gün mənim tələbələrimə qulaq asdınız. Hələ birinci kursdadırlar, amma çox şey bacarırlar, muğam sənətinə yiyələnməyə çalışırlar. Aralarında prezident təqaüdü alan Mirpaşa Şükürovu da dinlədiniz, cəmi 11 yaşı var. Anadangəlmə səsi var, gözəl, güclü, özünəməxsus səsdir. Amma adı geniş ictimaiyyətə məlum olanadək hələ uzun illər keçməlidir. Kəlbəcərli Əli Əlizadə 20 yaşındadır, səsi mutasiyadan sonra açıldı. Yaxşı səsi var, ona gələn il keçiriləcək beynəlxalq muğam müsabiqəsində iştirak etməyi məsləhət gördüm. Sinifdə başqa tələbələr də var, konsert və festivallarda oxuyacaq, mücabiqələrdə iştirak edəcəklər. Onlara muğam sənətinin ümumi qaydalarını, ehkamlarını öyrədirəm, amma bir neçə il sonra nə olacaq... Çox şey özlərindən asılıdır. Yaxşı xanəndə olmaq üçün elm öyrənmək, muğamın tarixini bilmək lazımdır. Bunun üçün əsl ustaların məktəbini keçməli, daim muğamı qavramağa hazır olmalı, haradasa muğam xəstəsi olmalısan.

- “Gəncləşən muğam” Sizin əsərinizdir?

- O, böyük bir layihədir, üç mərhələsi arfıq icra olunub. Əvvəlki iki mərhələsində Milli Konservatoriyanın tələbələri iştirak ediblər, üçüncüdə muğam müsabiqələri qalibləri də onlara qoşuldular. Bu ilin yanvar ayında Heydər Əliyev Sarayında gənc muğamatçıların böyük konserti təşkil olundu. Proqramını “Qarabağ” triosunun hazırladığı bu konsertdə adları muğamsevərlərə tanış olan 30 gənc xanəndə iştirak etmişdilər. Bu layihənin məqsədi gənc ifaçılara dəstək verməkdir. Heydər Əliyev Sarayının rəhbərliyi, Milli Konservatoriya, Mədəniyyət və Turizm Nazirliyi bizə xeyli kömək etdilər.

2013-cü ildə başlayacaq ənənəvi Beynəlxalq Muğam Festivalı çərçivəsində gənc ifaçıların müsabiqəsi də keçiriləcək. Yəni Azərbaycan muğam sənətinin gəncləşdiyini qətiyyətlə söyləmək olar. Azərbaycan muğamının dirçəlişi dövlətin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi sayəsində mümkün oldu.

- Muğamın gələcəyini necə görürsünüz? Bu incəsənət növü dəyişəcəkmi və necə dəyişəcək?

- Bu dünyada hər şey dəyişir, klassik Azərbaycan muğamı da eləcə dəyişəcək. Elə bizim böyük caz sənətkarımız Vaqif Mustafazadə də tamamilə yeni musiqi növü olan caz muğamını yaradıb bütün dünyanı heyrətləndirmişdi. Alim Qasımov isə dünyanı tamam başqa muğamla fəth edir. Nəsillər dəyişəcək, yeni cərəyanlar ortaya çıxacaq, amma ənənəvi Azərbaycan muğamı daim gənc, yeni siması ilə bütün bunların içində ahəngdar şəkildə dəyişərək dirçələcək. Budur, həmişə zamanla ayaqlaşan həqiqi sənətin böyüklüyü. Amma bu dəyişmə mütləq qayğı ilə, ehtiramla, sevgi ilə həyata keçirilməlidir.
Nelli Atəşgah