• çərşənbə axşamı, 23 aprel, 20:21
  • Baku Bakı 20°C

Elə bilirəm ki, heç nə etməmişəm

25.02.19 12:45 1115
Elə bilirəm ki, heç nə etməmişəm
– Musiqiyə meylli olan bir ailədə dünyaya göz açmısınız. Müğənni olmağınızda ailənizin rolu nə qədərdir?
– Müğənni olmağımda ailəmin çox böyük rolu var. Ata tərəfim də, ana tərəfim də musiqiyə meylli idi. Anamın xalası oğlu Əlikram müəllim mənim musiqi müəllimim olub. O, çox istedadlı, gözəl muğam ifaçısı idi, bulaq kimi səsi vardı. Hamı onun səsinə heyran qalardı. Sadəcə kənddə yaşayan hər istedadlı adam sənətə yiyələnmək şansına sahib ola bilmirdi. Anamın da gözəl səsi var, amma oxuyan olmayıb. Ata tərəfimdə musiqiyə meyllilik daha çoxdur. Nənəmin də səsi var idi. Müharibə dövründə ərləri müharibəyə gedən qadınları bir araya toplayıb çalıb oxuyar, onları əyləndirərmiş ki, başları qarışıb dərd çəkməsinlər. Atam qarazurna ifaçısı olub. Gözümü açandan evimizdə hər zaman şənlik görmüşəm. Qardaşım qarmon ifaçısıdır. Bu günə kimi rayon şənliklərində musiqi ilə məşğul olur. Ailədə altı bacıyıq, hamımızın da səsi var. Böyük bacım Kinayətin gözəl səsi olub, məktəb tədbirlərində oxuyub. Kinayətdən sonra gələn bacım Rəhimənin də səsi yaxşı səsi vardı. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, Nəriman Əliyevin tələbəsi olub. Sənətin arxasınca getməyib, ailə qurub, üç övladı var. Bacılarım Gültəkin və Elnazın da səsi gözəl olub. Ancaq Elnaz heç oxumayıb. Böyük qardaşım Atəş bizim sənətə gəlməyimiz üçün çox əziyyət çəkib. Müəllimlərimin də bu işdə böyük rolu olub. İlk dəfə səsimin olduğunu Xuraman müəllimə aşkar etdi. Vaqif Kərimov və Vadər müəllim də çox əziyyətimi çəkiblər. Yeddi yaşında oxumuşam. İlk oxuduğum mahnı "Nargilə” mahnısı idi. Valideynlərim bizim musiqi sənəti ilə məşğul olmağımıza bir az tərəddüdlə yanaşırdılar. Deyirdilər, qız uşağıdırlar, qoy ailə sahibi olsunlar. Amma istedadımıza da biganə qala bilmirdilər. Biz rayondan müsabiqələrə göndəriləndə qarşı çıxmırdılar, əksinə, fəxr edirdilər. Müsabiqələrdə bizə dəyər veriləndə atam özünü dünyanın xoşbəxti hesab edirdi, bir ildir ki, dünyasını dəyişib. Ancaq nə yaxşı ki, o, bizim ən gözəl günlərimizi, sənətdəki uğurlarımızı gördü. Biz Əməkdar artisti adına layiq görüləndə Tariyel Vəliyevin ssenarisi ilə Gülyazla mənim haqqımda film çəkildi. O filmdə atamın sevinci də əks olunub. Atam Xalq artisti adını almağımızı da gördü.
Biz kənddə böyüsək də, həm ata, həm də ana nəslim ziyalı olub. Kəndimizdə anama, bacılarıma, mənə dərs deyən müəllimə Əsmayə Fərəcovanın adına məktəb fəaliyyət göstərir, atalarımız eyni nəslin nümayəndələri, əmiuşağı olublar. Atam anamı həddindən çox sevib. Birlikdə 58 il ömür sürüblər. Mən onlara qızıl toy etdim, evliliklərinin 55 illiyini keçirdik. Ailə sağlam olanda övladlar da sağlam böyüyür. Aşıq gördüyünü çağırar. Atam bir gün səhər yatağından qalxıb anama deyib ki, özümü yaxşı hiss etmirəm və bununla da gözlərini həyata əbədi yumub. Dünyasını dəyişəndə mən Avstriyada qastrol səfərində idim. Jurnalistlər mənə zəng edib baş sağlığı verirdilər.
– İlk səhnəyə çıxdığınız yer fermalar olub. Bu yerlərə – indiki duruma gələcəyinizi o günlərdə görə bilirdinizmi?
– Kim bilərdi ki?! Mən heç bilmirdim ki, sənətin bu yeri, bu zirvəsi var, onu dərk etmirdim. Amma ümidimi üzmürdüm. Sadəcə oxumaq eşqi ilə yaşayırdım. Mən Bakıya gedəcəyəm, artist olacağam, deyirdim. Beynimdə ancaq bu ideya var idi. O vaxtlar nə əməkdar artisti, nə də xalq artisti adlarına layiq görüləcəyim heç ağlıma da gəlməzdi. Oxumaq eşqim o qədər böyük idi ki... Fermalarda oxusam da düz əməlli oxuya da bilmirdim. Orda çalışanlar zəhmətkeş insanlar idi, qoyun, quzu saxlamaqla, fermerliklə məşğul idilər. Onları sevindirmək savab idi. Mənə illər sonra görkəmli sənət karifeyimiz dedi ki, hara olursa olsun, torpaq da olsa, dağın başında da olsa əgər sən orada şəraitsizlikdən konsert verirsənsə o, sənin səhnəndir. Qaçqın şəhərciyində verdiyimiz konsertdə mən bunun şahidi oldum. Professional səhnəyə gələndən sonra köçkünlərə konsert verdik. Görkəmli sənətkarımız Aftandil İsrafilovdan başqa hamı səhnəyə gəldiyi geyimdə çıxdı. Heç kəs geyimini dəyişmədi, dedilər ki, toz-torpağın içində oxuyacağıq, paltarımız batar. Bu, düzgün deyil. Mən Kamil Vəzirovdan Rəşid Behbudov məktəbini, ustadım Nəriman Əliyevdən sənət dərsi öyrənmişəm. Onların əməyini heç vaxt itirmirəm. Avtobusda bir yer tapıb səhnə paltarımı geyindim. Hətta oradakı müğənnilər mənə dedilər ki, paltarını niyə dəyişirsən. Orada körpə uşaqlar da var idi. Görün onlar nə əziyyətlər görüblər, hansı güllə-baranın altında qalıblar. Bu, hamımızın ürəyinin ağrı-acısıdır. Onların qarşısında konsert vermək mənə Bakıda böyük sarayda konsert verməkdən daha önəmli idi. Mən beləcə uşaqların yaddaşında müğənni kimi qalmaq, efirdə məni necə görüblərsə, orada da o cür görmələrini istədim. Orası palçıq da olsa mənimçün səhnə idi. Ona görə də mən orada gurultulu alqışlarla qarşılandım Hətta rəhbərlik də dedi ki, burada ancaq sənin və Aftandil müəllimin simasında konsert gördük. Yəni, o fermalardan başlayan qıza o toz-torpaq bu gün də o səhnəni xatırlatdı. Harada olsa konsert verərəm. Avropada da səhnələrdə oxumuşam. Mən də o torpağı bəyənməyə bilərdim. Deyərdim ki, burada konsert vermirəm. Amma olmaz, bu, mənim millətimdir.
– Deyirsiniz ki, evimdə rayondan aldığım bir qaloş var. Həmişə ona baxanda kənddə yaşadığım çətinlikləri, palçıqlı yollarla gedib-gəlməyimi xatırlayıram.
– Rayondan evimizə gələnlər imkan vermir ki, evimizdə qaloş qalsın (gülür). Deyirlər, nə qəşəng qaloşdur. Mən alıb gətirirəm onlar götürüb aparırlar. İndi evimdə qaloşum olmasa da, onu unutmuram. Mən keçmişimi unutmuram, çünki bu mənim yaşadığım həyatdır. Keçmişini unudan gələcəyə necə baxa bilər ki?!.
– Kənddən şəhərə gələndə əhd eləmişdiniz ki, kəndinizdə Xalq artisti kimi konsert verəcəksiniz. Əhdinizi həyata keçirə bildinizmi?
– Əhd etmişəm, amma hələ ki, konsert verməmişəm. Hər dəfə hazırlaşırdım ki, konsert verim, amma hər dəfəsində ana olmağa hazırlaşdığım üçün baş tutmurdu. Hazırda kəndimizdə abadlıq işləri gedir, kənd yolları genişlənir. Orada bir səhnə də qurulur. Gözləyirəm ki, abadlıq işləri bitsin, səhnə hazırlansın, inşallah, o konserti mütləq verəcəyəm. Kənddən şəhərə üz tutanda özümə söz vermişdim ki, ailə qurmayacağam, yalnız sənətimlə məşğul olacağam. Ancaq bir də baxdım ki, yaş gedir, istədim ki, zamanında ailəm olsun. Ona görə də ailə də qurdum.
– Vaxtında bəyənmədiyim kəndimizi indi o qədər dəyərləndirirəm ki, deyirsiniz. Doğulub boya-başa çatdığınız kəndinizi niyə bəyənmirdiniz ?
– Söhbət insanlardan getmir. İş-güc çox idi, ona görə bəyənmirdim. Tütünçülük və əkinçilik, onu yaşayan bilir ki, nə qədər ağırdır. Hazırda yenə də tütünçülüklə məşğul olanlar var, amma indi vəziyyət rahatdır. İl boyu istirahətimiz olmurdu. Məni kənddəki bu işlər yorurdu. Hərdən şəhərdən qohumlarımız gəlirdi, gözəl geyimdə, görkəmdə. Deyirdim, niyə kənd camaatı bu qədər əziyyət çəkir. İstirahət etmək onların da haqqıdır. Bunlar uşaqlıq fikirlərim idi. Bir yandan kənd təsərrüfatı, bir yandan əkinçilik, meyvəmiz, tərəvəzimiz öz bağımızdan idi. Çox çətin idi, amma biz bunların hamısını çatdırırdıq. İndi mən çatdıra bilmirəm, mənəvi olaraq yoruluram. Mənəvi yorğunluq çətin olur, amma fiziki yorğunluq asan çıxır. Mən o işlərin əlindən deyirdim, qaçım gedim şəhərə, orada təhsil alım, sənətimlə məşğul olum. Gülyazla mən gəldik Bakıya. Sonra da o biri bacılarımızı gətirdik. Kənddə bir bacım qaldı. Biz bacı-qardaşlar çox mehribanıq. Hərdən deyirlər ki, Gülyazla Gülyanaq küsülüdürlər. Biz bir saniyə belə küsülü olmamışıq. Mən təsəvvür etmirəm ki, hansısa ailədə bacı-qardaş küsülü olsun.
– Yoldaşıma çox naz elədim, beş il "yox” dedim, deyirsiniz. O, Türkiyədə yaşayırdı, sizi necə görürdü, yoxsa elçimi göndərirdi?
– Tez-tez Bakıya gəlirdi. Elçiliyə özü də gəlmişdi. Ailəmizlə tanış oldu, atam da, anam da onu bəyəndilər, dedilər ki, yaxşı oğlandır, onunla ailə qura bilərsən. Mən isə istəmirdim, hələ tezdir, deyirdim. Əslində ailə qurmağı düşünürdüm, amma o yaşıma görə tez olduğunu düşünürdüm. Deyirdim, qoy bir az da sənətlə məşğul olum. Beləcə, yoldaşım mənə görə beş il Bakıya gəldi, getdi. Sonra necə oldusa razılıq verdim. Hiss etdim ki, o, məni çox sevir. Bu beş ildə nə qədər naz elədim, o, dözdüsə, deməli, məni, həqiqətən də, sevir. Heç bir şərt də qoymadım. Fikirlərindən, söhbətlərindən görürdüm ki, həyata baxışı fərqlidir. Ona görə inanırdım ki, o, mənə sənətdə mane olmayacaq. Beləcə axırda mənim inadım yox, onun sevgisi qalib gəldi. Dəli kimi sevən birisi olmamışam, sadəcə onun xarakterini bəyənmişdim. Ailə qurandan sonra gördüm ki, ailəsinə, xanımına dəyər verən insandır. Başa düşdüm ki, yanılmamışam, amma yanıla da bilərdim. Bu, Allahın mənə verdiyi bir şans, xoşbəxtlikdir. Mənim ailəmdə də söz-söhbət var, ideal ailə yoxdur. Sinəmə döymürəm ki, başqa sənət dostlarımın ailəsi dağılıb, mənim isə sağlam ailəm var. Hər zaman ailəmi qorumağa çalışıram. İki günlük harasa gedəndə yoldaşım deyir ki, nə olsun uşaqlar, anan, bacın burdadır, amma evim sənsiz boşdur.
– "Leyli” olmaq arzusunu 20 ildən sonra gerçəkləşdirdiniz. "Leyli” olmaq üçün 20 il gözləməyinizin səbəbi nə idi?
– 1993-cü ildən Leyli obrazını oynamaq arzum olub. O zamanlar Gülyaz xanımın məşqlərinə baxırdım, görürdüm ki, Canəli Əkbərov Mənsum İbrahimov və Gülyazla məşq edir. "Leyli və Məcnun” onların hər ikisinin operada ilk tamaşası olub. İfasından çox zövq alırdım, mən də oynamaq istəyirdim. Teatrın rejissoru Hafiz müəllim də deyirdi ki, gəl oyna, səndən yaxşı Leyli olar. Sonra Mahnı Teatrında qastrol səfərlərim başladı. Bir az da arxayın idim ki, Gülyaz xanım Leylini oynayır. Amma içimdə bir Leyli yaşayırdı. Çox istəyirdim o rolu oynayım, amma qərar verə bilmirdim. Məndə bir az qərarsızlıq var, ən mənfi cəhətim bəlkə də elə budur. Bir addım atmaq istəyirəm, amma gec qərar verirəm. Planlaşdıranda alınmır. Nə qədər solo konsertlər planlaşdırmışam alınmayıb. Amma Leyli birdən içimə doldu, getdim birbaşa Opera və Balet Teatrının rəhbərinin qəbuluna. Dedim, mən Leylini oynamaq istəyirəm. O da məni çox hörmətlə qarşıladı, dedi, qapılarımız açıq, səhnə də sizin. İki tamaşa oynadım, ikisi də anşlaqla keçdi, çox da bəyənildi. Adətən, ifaçılar bir neçə tamaşadan sonra obrazı daha da yaxşı mənimsəyirlər, daha da püxtələşirlər. Amma mən bu obrazı ilk dəfədən yaxşı oynadım. Çünki mən teatra artıq hazır Leyli kimi getmişdim və özümü oynadım.
– Həm ifaçı, həm müəllimə, həm də anasınız. Dörd övlad anası olmaq özü böyük bir məsuliyyətdir. Bütün bunların öhdəsindən necə gəlirsiniz?
– Bu gün övladlarım məktəbdə dərslərini öz güclərinə oxuyurlar. Hərdən özümü qınayıram, dərslərinə nəzarət edə bilmirəm. Amma analar var ki, onlara həsəd aparıram, övladlarına dərslərində kömək edirlər. Məktəbləri ilə maraqlanıram, soruşuram, şikayət gəlmir. Bir ara oğlum Yaqub dəcəllik edirdi, evdə onunla söhbət edib başa saldım ki, müəllimlərinin sözünə baxmayıb, atanı-ananı utandırdın, ayıb deyilmi sənə. Uşaqla bir neçə dəfə belə söhbətlər apardım, o da etdiyindən peşman oldu ki, valideynlərini utandırıb. Qızım çox diqqətcil və məsuliyyətlidir. Oğlan uşağını böyütmək daha çətindir.
– İnsanlar tərəfindən sevilən bir sənətkarsınız. Övladlarınız necə bu sevgini qısqanmırlar ki?
– Onlar maraqla baxırlar ki, hamı anaları ilə görüşür, onu qucaqlayır, təbrik edirlər. Hələ tamaşadan sonra tamaşaçılar mənə gül-çiçək verəndə qızım təəccüblə baxır. Bir dəfə tamaşadan sonra evə gələndə mənə dedilər ki, qızım kənarda dayanıb ağlayır. O zaman onun yeddi yaşı vardı. Dedim, qızım, niyə ağlayırsan? Dedi, ana, sən daha ölmə. Dedim, mən ölməmişəm ki, sağam. Dedi, sən tamaşada öləndə hamı ağlayırdı, elə bildim anam öldü (kövrəlir). Uşaq görüb ki, ətrafında hamı ağlayır, qorxub, görəsən, anama nə olub? Deməli, mən obrazı tamaşaçıya çatdıra bilmişəm ki, camaat ağlayır. Bir tərəfdən kövrəldim, bir tərəfdən də sevindim. Çünki, övladım hiss etdi ki, anası hansısa bir obrazı mükəmməl oynayıb.
– Allah sizə böyük uğurlar nəsib edib, xalqın sevimli sənətkarı, evinin xoşbəxt xanımı, dörd övladınızın qayğıkeş anasısınız. Bundan sonra Allahdan daha nə istəyiniz var?
– Bu günə kimi nə etmişəmsə, zəhmətimlə, ürəkdən istəyərək etmişəm. Amma elə bilirəm ki, heç nə etməmişəm. Hələ o qədər arzularım var ki...
Söhbətləşdi: İntizar İsmayıl

banner

Oxşar Xəbərlər