• çərşənbə axşamı, 19 mart, 13:55
  • Baku Bakı 8°C

“Elə bil universiteti indi bitirib, işə yeni başlamışam” – Keçmişdəki mən

20.02.17 12:56 2685
“Elə bil universiteti indi bitirib, işə yeni başlamışam” – Keçmişdəki mən

Atası jurnalist olduğu üçün gözünü açandan jurnalistikaya maraq göstərib. Amma eyni zamanda futbola da xüsusi sevgisi olub. Deyir ki, dərslərini nə qədər yaxşı oxusa da, həyətdə top səsi eşidəndə evdə otura bilmirmiş. Zamanla isə həmin iki sevgisi bir araya gələrək onun bütün ömrünü həsr edəcəyi peşəsinə çevrilib.
Müsahibimiz "İdman Azərbaycan” kanalının baş redaktoru, idman şərhçisi, əməkdar jurnalist Fikrət Adıgözəllidir. Hər zaman efirdə idmandan danışan müsahibimizlə bu dəfə keçmişinə nəzər saldıq.

"Top, qol səsi eşidəndə, dərsi kənara qoyub həyətə qaçırdım”

1961-ci ildə Qərbi Azərbaycanda anadan olub, uşaqlığı Bakıda keçib: "Uşaqlıq illərimin bir hissəsi "Sovetski” məhəlləsində, bir hissəsi isə mikrorayonda keçib. Ailədə 4 uşaq olmuşuq. Evin ilk övladı olmuşam. Buna görə də məndən balacalar nə etsələr, məsuliyyət mənim üzərimdə olub. Nadinc, davakar uşaq olmamışam. Dərslərimi yaxşı oxumağa çalışmışam”.
Dərslərini yaxşı oxumaqla yanaşı, futbola olan sevgisindən də vaz keçməyib: "Dərslərimi nə qədər yaxşı oxusam da, futbol oynamağımdan da qalmamışam. Top, "qol” səsi eşidəndə, dərsi kənara qoyub həyətə qaçırdım. Futbolsuz bir günümüz də olmurdu. Saatlarla yorulmadan oynayırdıq. Komandalar növbəyə dayanırdılar, uduzan komanda çıxırdı, başqası gəlirdi. Futbolun vurğunuyduq. Hətta o vaxt "Neftçi”nin oyunlarına baxmaq üçün nələrdən keçmirdik! 1972-76-ci illərdə 7-ci mikrorayondan stadiona gedən o qədər azarkeş olurdu ki, avtobusa minə bilmirdik. Stadiona qədər bir saat piyada yol gedirdik. Dərd orasıdır ki, heç bilet almağa pulumuz da olmurdu. Polislərdən xahiş edirdik ki, bizi də stadiona buraxsınlar. Həvəsimizi başa düşür, aradan sivişib içəri keçməyimizə mane olmurdular. Futbol izləmək bizdə o qədər gözəl təəssürat yaradırdı ki, növbəti oyuna qədər danışmağa sözümüz olurdu. Şikayətlənmirəm, çox yaxşı uşaqlığımız olub. İndiki uşaqlara baxanda bir az təəssüflənirəm. Düzdür, inkişaf dövrüdür, texnika əsridir, uşaqlar öyrənməli, məlumat toplamalıdırlar. Amma hər halda, uşaqlığın uşaqlıq cizgiləri olmalıdır. İndiki uşaqlar kompyuterin əsirinə çevriliblər, telefonla şəkil göndərirlər, məktublaşırlar, amma canlı ünsiyyət qurmağa çətinlik çəkirlər. İndiki nəslin adamları "sən mənim şəklimi niyə "like” etməmisən”, deyib küsürlər. Biz isə futbol məsələlərinə görə bir-birimizdən küsürdük. Hər dövrün öz xüsusiyyəti olur, indi də yəqin dövr belədir”.

"Müasir texniki avadanlıqlar müsahibə, reportaj işini asanlaşdırıb”

Futbol ilə yanaşı, onun maraq göstərdiyi digər sahə jurnalistika olur. Çünki gözünü açandan evdə atasının (əməkdar jurnalist İlyas Adıgözəlli – A.A.) reportaj hazırlamağına baxar, hələ kiçik yaşlarında evdə ondan görüb-götürdüklərini işə salaraq öz məharətini göstərərmiş. Uşaq həvəsi onun gələcək peşə seçimini də həmin istiqamətə yönəldir: "İndi müasir texniki avadanlıqlar müsahibə almaq, reportaj hazırlamaq işini çox asanlaşdırıb. O vaxt isə çəkisi 5-6 kiloqram olan xüsusi avadanlıqlardan istifadə edərdilər. Daim bizim evdə olurdu, jurnalistlər elə bir ağır qurğunu özləri ilə gəzdirib reportajlar hazırlayırdılar. Atam evdə olmayanda məni maraq bürüyürdü ki, reportaj necə hazırlanır? Həmin aparatı işə salar, özümdən fantaziyalar edər, reportajlar hazırlayırdım. Çox vaxt futbolla bağlı nə isə danışırdım. 1960-70-ci illərdə futbol azarkeşi olmamaq mümkün deyildi. Beləcə məndə həvəs yarandı. Hətta ilk məşqçim Ələkbər Cəfərov məni yeniyetmələrdən ibarət seçmə komandaya cəlb etmişdi. Orta məktəbi bitirəndə ingilis dili və jurnalistikaya marağım var idi. Bunu atama bildirəndə dedi ki, ingilis dili ixtisasına getsən, sənə çətin ki, hər hansı peşəkar köməyim dəysin, çünki o sahədə mütəxəssis deyiləm, amma jurnalistikanı seçsən, sənə yol göstərə bilərəm”.

"Dərsdən qaçmağın cəzası olaraq qrup nümayəndəliyindən çıxarıldım”

Beləliklə, o, jurnalistikanı seçir. İşə başlamaq üçün ali təhsilinin bitməsini gözləmir: "Bakı Dövlət Universitetinə qəbul oldum, tələbəlik illərimdən artıq Azərbaycan radiosunda ştatdankənar əməkdaş kimi işləyirdim. 1983-cü ildə universiteti bitirdim və həmin vaxt da idman proqramları redaksiyasında işləməyə başladım. Hərdən deyirlər ki, hansısa iş nəsillikcə davam edir. Bəlkə bizdə də belə bir ənənə yarana bilərdi. Amma mən atamın işini davam etdirsəm də, övladlarım bu sahəyə maraq göstərmədi. Bu sənəti seçməyimdə atamın müəyyən rolu olub. O, 1959-cu ildən Azərbaycan radiosunda çalışıb. İndi təqaüddə olsa da, yenə çalışır, işləyir”.
Dərsdən qaçmağı sevməsə də, tələbəlik illərində o da bu addımı atıb, hətta sinif nümayəndəsi olduğu üçün bütün qrupun adından cavab verməli də olub: "Dərsən qaçdığımız da olub. Ürəyimcə olmasa da, kollektiv naminə bəzən bu addımı atmışam. Dərsi oxuyurduqsa, bir yerdə oxuyur, qaçırdıqsa bir yerdə qaçmağa qərar verirdik. Təsəvvür edin, hamı dərsdən qaçıb, bircə mən sinifdə qalmışam. Nə edə bilərəm? Bu da qəribə alınır. 3 il qrup nümayəndəsi olmuşam. O vaxt tələbələr sentyabr-oktyabr aylarında pambıq yığımına köməyə gedirdilər. Qayıdanda uşaqlar sözü bir yerə qoydular ki, pambıq yığanlara çox kömək elədik, zəhmət çəkdik, heç olmasa iki gün sözü bir yerə qoyub dərsə getməyək. Getmədik və onun cəzası olaraq qrup nümayəndəliyindən çıxarıldım. Amma heç təəssüflənmədim, çünki qrupla bir yerdəydim”.

"Öz sənətimlə də, çalışdığım kollektivlə də fəxr edirəm”

O deyir ki, adam çalışdığı sahənin vurğunu olmasa, işində heç nə edə bilməz: "Məşhur CNN kanalının rəhbəri Ted Terner milyarderdir. Özü də bildirir ki, kanala nə qədər əlavə vəsait xərcləyir. Deyir ki, bu peşənin vurğunudur, ona görə də maliyyə vəziyyətinə qismən zərərli olsa da, bu işdən əl çəkə bilmir. Biznesdən qazanıb bu işə xərcləyir. Milyarder olmasam da, mən də öz sənətimin vurğunuyam. Nə qədər mətbuat orqanları məni işə dəvət ediblər. Amma getməyi lazım bilməmişəm. Çünki məni bütün ölkəyə AzTV tanıdıb. Mən burada püxtələşmişəm, jurnalistikanın sirlərini öyrənmişəm və hələ də öyrənirəm. Azərbaycan Televiziyasının əməkdaşı kimi formalaşmışam. Hətta arada öz şirkətimizdə şöbəmi dəyişmək də təklif olunmuşdu. Amma tamaşaçı qarşısına çıxıb beynəlxalq vəziyyətdən, yaxud kənd təsərrüfatından, sənayedən danışmağı təsəvvürümə gətirməmişəm. Mən efirə çıxanda artıq idman şərhçisi kimi qəbul olunuram. İndi əsasən gənc redaktor və şərhçilərdən ibarət redaksiyanın baş redaktoruyam. Rəhbərliyimiz mənə belə bir etimad göstərib, lazımi şərait yaradıb. Azərbaycan prezidentinin sərəncamı ilə respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşəm. Öz sənətimlə də, çalışdığım kollektivlə də fəxr edirəm”.

"Bu sənətdən yorulmağa vaxt yoxdur”


"Bəs uzun müddət eyni yerdə çalışmaq sizin üçün yorucu deyil?” sualımıza belə cavab verdi: "Adam öz işini sevməsə, çalışarkən zövq almasa, yorula bilər. Amma bizim işimiz hər gün yenilik, axtarış deməkdir. Adam öz işini mükəmməlləşdirmək üçün işləmirsə, istər-istəməz bir gün yorulacaq. Hər gün yeni tanışlıqlarımız olur, yeni simalar görürük. Ölkəmizdə indi idman həyatında böyük inkişaf var. Hər dəfə Azərbaycana yeni-yeni komandalar gəlir, ölkəmizdə yeni yarışlar keçirilir, yaxud idmançılarımız xaricdə yarışlara qatılırlar. Mən özüm də bəzən idmançılarla səfərə çıxıram. İndiyə qədər dünyanın 50-yə yaxın ölkəsində olmuş, reportajlar, proqramlar hazırlamışam. Deməliyəm ki, bu sənətdən yorulmağa vaxt da yoxdur”.

"Bəxtim onda gətirdi ki...”

Hansısa bir işi görəsən, amma iş prosesində baş verən maraqlı hadisə yadında qalmaya? Bu, mümkün deyil. F.Adıgözəllinin də belə xatirələri var. Onlardan ikisini bizimlə bölüşdü: "1990-cı il oktyabrın sonları Tümendə "Neftçi” ilə "Geoloq” komandası oynayırdı. Mən də həmin oyunu Azərbaycan radiosu ilə şərh etməliydim. Noyabrın əvvəli, soyuq hava idi. Şərhçilər üçün ayrılan kabinələrdə şüşə arakəsmələr, pəncərələr 15-20 dərəcə şaxtada tamam tərləmiş, qar sırsıra bağlamışdı. Sağ tərəfdə meydanda baş verənləri görmək mümkün deyildi. Beləcə, yarım saata yaxın tribunalarda azarkeşlərin reaksiyasını təxmin edib şərh edərək vəziyyətdən çıxdım. Əgər tamaşaçılar birdən nəyə görəsə qışqırırdılarsa, fikrimdən keçirirdim ki, bu nə ola bilər, orada nələr baş verir. Amma həmin vaxt ərzində qol olmadı. Qol vuran olsa, konkret onun kim olduğunu, qolu necə vurduğunu deməliydim. Amma bəxtim onda gətirdi ki, bütün qollar artıq birinci hissədə vurulmuşdu, reportaj ərzində hesab dəyişmədi, hər şey yaxşı da alındı. Bir dəfə isə Xarkovda "Metallist”lə oyunda "Neftçi”nin heyəti elan olunarkən stadionun diktoru uzun-uzadı bir tərzdə bizim baş məşqçinin adını çəkdi: "Starşiy trener komandı – Aqa-Salim Seyid-Axmed oqlu Mir-Cavadov!” Bu zaman qonşu kabinədəki yerli şərhçi həmkarım təəccüblə mənə baxıb səsləndi: "Sizin komandanın nə çox məşqçisi varmış! Ona başa salmalı oldum ki, eşitdiyi adların hamısı bir məşqçiyə aiddir”.

"Özümü tələbəlik illərimdəki yaşımda hiss edirəm”


25-26 yaşı olanda "insan özünü neçə yaşda hiss edirsə, o yaşdadır” fikrini eşidəndə ona qəribə gəlib. Amma indi həmin fikirlə razılaşır: "Deyirdim ki, 40-50 yaşı keçən adam özünü necə 20 yaşda hiss edə bilər? Çünki o vaxt bunun fərqinə varmırdıq. İllər keçəndən sonra görürəm ki, deyilənlərdə həqiqət varmış. Mən hələ də özümü tələbəlik illərimdəki yaşımda hiss edirəm. Elə bil universiteti indi bitirib, işə yeni başlamışam. Hərdən mənə müəllim, əmi, dayı, ağsaqqal deyə müraciət edəndə qəribə gəlir ki, o yaşa çatmışam? Nə etmək olar, illər keçir, yaşın üstünə yaş gəlir, mən artıq babayam, 2 nəvəm var. Amma insan ruhən gənc olmağa çalışmalı, gənclik şövqü ilə yaşamalıdır. Düzdür, ömrün ixtiyar çağlarının da öz yeri, gözəlliyi var. Amma düşünürəm ki, hər halda, insan gənc olduqca öz vətəninə, xalqına daha çox xeyir verə bilər”.

"Ümidlə yaşamaq və daim məqsədə can atmaq gərəkdir”

Həmsöhbətimiz sonda gənclərimizə tövsiyələrini də verdi: "Gənclik inkişaf, sürət, güc, qüvvə deməkdir. Bizim gənclərimizə baxanda qürur hissi keçirirəm. İlk növbədə isə idman meydanlarında onların qələbələrindən fərəhlənirəm. Pekin paralimpiadasında "Quş yuvası” stadionunda bizim idmançının qələbəsi şərəfinə bayrağımız ucalanda, 90 mindən çox adam ayaq üstə Azərbaycanımızın himnini dinləyəndə göz yaşlarımı saxlaya bilmirdim.
Gənclərə daim öyrənməyi məsləhət görərdim. Bir gün də olsa boş dayanmasınlar. Öz işinizə uyğun hansısa yenilik varsa, onu tətbiq etməyə çalışın. Yalnız bu yolla öz işinizdə mükəmməl bir səviyyəyə gəlib çata bilərsiniz. Konkret hansısa məqamda ilk növbədə, reallıq, obyektivlik hissini itirməsinlər. Jurnalist peşəsinə gəlincə, operativ, peşəkar, öz sənətlərinin vurğunu olsunlar. Bütün bunlarsız nəyəsə nail olmaq çox çətindir. Hər şeyi maddiyatla bağlamaq lazım deyil. Əgər çalışsanız, işinizin bəhrəsini görəcəksiniz, maddi vəziyyətiniz də yaxşı olacaq. Bir də nə qədər çətinlik olsa da, heç vaxt ümidlərini itirməsinlər. Ümidsizlik həyatın sonudur. Ümidlə yaşamaq və daim məqsədə can atmaq gərəkdir. Ən mühümü isə xalqını sevmək, vətən eşqilə yaşamaq lazımdır”.
Aygün Asimqızı



banner

Oxşar Xəbərlər