• şənbə, 20 Aprel, 09:00
  • Baku Bakı 14°C

Eldən gedən oğul

14.02.19 10:30 1118
Eldən gedən oğul
Böyük alman şairi və mütəfəkkiri İohann Höte yazırdı ki, böyük insanlar dağa bənzəyir, yaxınlaşdıqca, əzəmət və qüdrəti daha aşkar bilinir. Kiçik insanlar isə ilğım kimidir, yaxınlaşdıqca, nə qədər faydasız və aldadıcı olduğu üzə çıxır.
20 noyabr 1991-ci ildə Azərbaycan tarixinin ən faciəli
hadisələrindən biri baş verdi. Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mİ-8” vertolyotunu xalqımızın əbədi düşməni olan erməni dığaları vurdu. Bu faciənin qurbanları arasında Azərbaycan Respublikasının Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri İsmət Qayıbov da var idi. Mən bu yazımda ölkənin Baş prokurorundan deyil, vətənpərvər, millətsevər, "Femida” adlı tərəzisi heç vaxt əyilməyən, prokurorluğun saflığı naminə əlindən gələni əsirgəməyən, səmimi, sadə, torpağı, milləti yolunda ən təhlükəli riskə getməkdən belə çəkinməyən bir el oğlundan bəhs etmək istərdim.
...1990-cı ilin soyuq bir payız günü idi. "Ədalət” qəzetində müxbir işləyirdim. Bir gün Respublikanın Baş prokuroru İsmət Qayıbovdan müsahibə götürməli oldum. Təyin edilən vaxtdan bir saat tez qəbul otağına gəldim. Doğrusunu deyim ki, əvvəlcə müsahibəyə gəlməyimə peşman oldum. Fikirləşdim ki, yenə də ən azından üç-dörd saat gözləməli olacağam. Çünki, adi rayon prokurorlarının, polis rəislərinin qəbulunda nəinki saatlarla, hətta günlərlə gözləməli olurdum. Sonra da əksər "qanun keşikçi”ləri əda ilə "vaxtım yoxdur” deyib, müsahibədən imtina edərdi. Amma sən demə, bu dəfə yanılmışam, özü də çox...
İsmət müəllim məni təyin olunan vaxtda qəbul etdi. O qədər səmimi və sadə idi ki, bütün bunlar məni çaşdırdı. Bunu hiss edən baş prokuror söhbətə də səmimiyyətlə özü başladı. Hüquqdan başlayan müsahibim ədəbiyyatdan, tarixdən, klassik musiqidən, milli dəyərlərimizdən elə şövqlə danışırdı ki, heyran olmaya bilmirdim. Bəli, mənim müstəqil Azərbaycanın ilk baş prokuroru İsmət İsmayıl oğlu Qayıbovla ilk görüşüm belə oldu.
İkinci dəfə İsmət müəllimlə uşaq koloniyasında əfvetmə mərasimində rastlaşdım. Vəzifəsinə xas olan inzibatiliyi və rəsmiyyəti kənara qoyaraq, səmimiyyətlə mənimlə görüşdü və "Dünyanın qibləsini itirmişik” adlı məqaləni oxudum” deyərək, ata qayğısı ilə qolumdan tutdu. Doğrusunu deyim ki, özümü itirdim. Çünki heç fikirləşməzdim ki, baş prokuror o qədər işlərdən macal tapıb mənim yazımı oxuya. Ona görə də nə deyəcəyimi bilmədim. Bu dəfə də sükutu İsmət müəllimin xoş səsi pozdu: "Yaxşı yazıdır. Amma sərlövhəsi ilə heç razılaşmıram. Dünyanın qibləsini hələ itirməmişik, qızım, mübariz olmaq lazımdır, ümidini heç vaxt itirmə. Salatın xanımın qisası mütləq o gədələrdən alınacaq. Buna əmin ol!”
Hörmətli oxucum üçün bir açıqlama verim ki, "Dünyanın qibləsini itirmişik” sərlövhəli məqaləm 1991-ci ilin 9 yanvarında Yevlax-Laçın yolu istiqamətində erməni dığaları tərəfindən vəhşicəsinə qətlə yetirilən jurnalist Salatın Əsgərovaya həsr olunmuşdu. Çox şükür, İsmət müəllim bu qisası qiyamətə qoymadı. Bir necə aydan sonra birbaşa onun nəzarəti altında keçirilən əməliyyat nəticəsində Salatın xanımı qətlə yetirən erməni dığalarının 7-si həbs edildi. Ermənilər bu 7 dığanın geri qaytarılması üçün nə qədər çalışsalar da, buna nail ola bilmədilər.
Qarşımda 1998-1990-cı ilin əvvəlləri ölkəmizdə çap olunan qəzetlər var. Bir necəsini gözdən keçirdim. Əksər məmurlarımızın, xüsusən də Mərkəzi Komitənin "başbilənləri”nin susduğu bir zamanda İsmət Qayıbov Dağlıq Qarabağ məsələsi ilə bağlı verdiyi müsahibələrdə birbaşa Mərkəzin günahkar olduğunu deyir və tarixi faktlara müraciət edərək (20-ci yüzilliyin əvvəllərində baş verən hadisələrdən sitatlar gətirərək) fikirlərini sübut edirdi.
Təbii, bütün bunlar o zaman Mərkəzi Komitədə işləyən ermənipərəst məmurlarımızın ürəyincə deyildi. Ona görə də İsmət müəllim rəhbərlikdə arzuolunmaz şəxsə çevrilir...
Onun dəfin mərasimini indiki kimi xatırlayıram. 50-60 yaşlı, ağ saçlı, nimdaş geyimdə olan bir qadın İsmət müəllimin şəklini bağrına basıb için-için ağlayırdı. Yaxınlaşdım ona. Ovundurmaq istədim. Amma alınmadı. O, hıçqıra-hıçqıra dedi: "A bala, o, mənim balamı şərdən qurtardı. Balamın rəisinin oğlu sərxoş olub maşınla adam vurub öldürmüşdü. Onu yıxdılar mənim cavan balamın üstünə. On beş il iş verdilər balama. Getdim bu rəhmətliyin yanına. Bircə kəlmə dedi: "Anam, narahat olma. Mən işi yenidən qaldıracağam. Əgər sənin oğlunun bu işdə günahı yoxdursa, heç kəs onu cəzalandıra bilməz. Söz verirəm!” İki aydan sonra balamı azadlığa buraxdılar. Sübut oldu ki, onun heç bir günahı yoxdur. İndi mən elə bilirəm balamın birini itirdim. Axı o mənə oğulluq etdi”. Qadın sözlərinin arxasını gətirə bilmədi, hönkürtü onu boğdu. ..
Belə yerdə deyiblər: "Oğul var evdən gedər, oğul da var eldən gedər”. İsmət Qayıbov da eldən getdi, oğul kimi getdi. O, xeyirxah əməlləri, sadəliyi sübut etdi ki, böyük insanlar dağa bənzəyir: yaxınlaşdıqca əzəmət və qüdrəti daha aşkar bilinir!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər