• cümə, 29 Mart, 12:10
  • Baku Bakı 14°C

Elçin Səfərov: Könüllülərin iştirakı ilə yeni layihələr həyata keçiriləcək

09.01.18 11:20 1072
Elçin Səfərov: Könüllülərin iştirakı ilə yeni layihələr həyata keçiriləcək
Yaxın gələcəkdə könüllülərin iştirakı ilə yeni və maraqlı layihələrimiz olacaq. Könüllü gənclərdən ibarət müxtəlif futbol, rəqs və digər qrupları və komandaları yaratmağı planlaşdırırıq. Hazırda bunların üzərində işləyirik. Bu aydan etibarən layihələrimiz üçün könüllərin seçiminə başlayacağıq.
AZƏRTACxəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin nəzdindəki Tədbir Əməliyyat Komitəsinin baş direktoru Elçin Səfərov gələcəkdə könüllülərin iştirakı ilə həyata keçiriləcək yeni layihələr və ölkəmizdə təşkil ediləcək irimiqyaslı tədbirlərə hazırlıqlar barədə danışarkən söyləyib.
Baş direktor deyib: "Eyni zamanda, könüllülər bizə qoşularaq, təlimlərdə, sosial aksiyalarda, məlumat turlarında, intellektual yarışlarda və sair müxtəlif layihələrdə iştirak edə bilərlər. Qarşımızda duran əsas məqsəd ölkəmizdə beynəlxalq yarışların keçirilmədiyi müddətdə belə könüllülərin hamısını bir yer toplaya bilməkdir. Hansısa bir tədbir keçirmək istəyiriksə, bunu birlikdə təşkil etməkdir. İstəyirik ki, həm sosial media, həm də könüllərin saytı vasitəsilə əlaqələrimiz daimi olsun. Biz könüllülərlə daim görüşürük. Bizdə onların hər biri haqqında məlumat var. Dekabrda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə könüllülərin iştirakı ilə Bakı İdman Sarayında tədbir keçirdik. Eləcə də gələcəkdə əlamətdar günlərdə, milli bayramlarda könüllülərlə birgə tədbirlər keçiriləcək və orada onların ideyaları əsas götürüləcək”.
Elçin Səfərov bildirib ki, Gənclər və İdman Nazirliyinin nəzdində yeni yaradılmış çox funksiyalı Tədbir Əməliyyat Komitəsi əvvəllər fəaliyyət göstərmiş "Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi və ya "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin bir formasıdır. Bu komitə yalnız konkret yarış üçün deyil, istənilən növ tədbirlərin təşkili üçün yaradılıb. Bu, konsert proqramı, bayram tədbiri və yaxud da digər tədbir ola bilər. Ölkəmizdə keçirilən istənilən tədbirlərin təşkilinə yardım etməklə yanaşı, vahid komanda şəklində fəaliyyət göstəririk. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarından qalmış avadanlığın aidiyyəti üzrə paylanması, qorunması və növbəti tədbirlər üçün yararlı vəziyyətdə saxlanmasını təmin edirik.
Könüllü gənclərin işlə təmin olunması məsələlərinə toxunan baş direktor deyib: "Son illərdə ölkəmiz üçün çox əhəmiyyətli tədbirlərin keçirilməsi və burada könüllü ordusunun yaxından iştirakı qürurvericidir. Ölkəmiz iki böyük idman tədbirinə - birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Mən hər iki mötəbər yarışın Əməliyyat komitələrinin korporativ direktoru, könüllülərin səfiri olmuşam. O vaxt seçim zamanı demək olar ki, işçilərin əksəriyyəti ilə fərdi müsahibələr aparmışam. "Bakı-2015”də və İslamiadada, ümumilikdə, dörd minə yaxın gənclə şəxsən tanışlıqdan sonra onlar Oyunlar zamanı işlə təmin olunublar. Məqsədimiz hər namizədin xarakterini öyrənmək, Oyunların əhəmiyyəti barədə fikirlərini dinləmək, komanda iş prinsipini onlara aşılamaq idi. Müxtəlif adət və ənənələri olan beynəlmiləl komanda yaratmaq və belə böyük miqyaslı və məsuliyyətli yarış keçirmək o zaman asan məsələ deyildi”.
Tədbir Əməliyyat Komitəsinin baş direktoru əlavə edib ki, "Bakı-2015”ə hazırlıq prosesində kadr problemi yaşadıq. Xarici ölkələrdən çoxsaylı mütəxəssisləri dəvət edərək onların təcrübəsini öyrəndik və artıq IV İslam Həmrəyliyi Oyunlarında əcnəbi mütəxəssislərin az hissəsinə ehtiyac hiss etdik. Oyunlara təxminən bir il qalmış könüllülərin qeydiyyatı başlanırdı, sonra seçim və təlimlər keçirilirdi. Könüllülər həmin beynəlxalq yarışlar zamanı təcrübə qazanmaq, yeni dostlar əldə etmək, xarici ölkələrin mədəniyyətlərini tanımaqla yanaşı, müxtəlif peşələrə yiyələniblər. Beləliklə, bu işlərin nəticəsi olaraq, ölkəmizdə peşəkar könüllülər ordusu formalaşıb. Oyunlar zamanı paytaxt sakinlərinin, qonaqların, idmançıların təşkilatçılıqdan razı qalmasının və uğurlarımızın əsas səbəbi doğru komandanın formalaşması və təlimatlara riayət etmək olub. Dövlətimizin böyük dəstəyi, könüllülər ordusunun formalaşması, görülən hazırlıq işləri, təşkilatı məsələlərin həlli, idman obyektlərində yaradılan şərait birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili üçün zəruri infrastrukturun formalaşması mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsinə töhfə verib. Könüllülərin xidməti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib.
Elçin Səfərov qeyd edib ki, ümumiyyətlə, beynəlxalq yarışlardan sonra könüllülərin işlə təmin olunmasında imkanlar böyük olur. Çünki praktiki olaraq, IV İslam Həmrəyliyi Oyunlarından sonra biz iyirmidən çox könüllünü işlə təmin etdik. Həmin könüllülər öz menecerləri tərəfindən seçilmişdi. İdman obyektlərində vakant yer və könüllülər arasında tələb olunan işi yerinə yetirə biləcək biri olduğunda biz həmin gənclərə üstünlük veririk. Belə ki, könüllülər beynəlxalq irimiqyaslı yarışlar zamanı fəaliyyət göstərdikləri idman obyektlərinə çox yaxşı bələddirlər. Onlar idman məkanlarının yerlərini, giriş-çıxışlarını tanıyır və orada hansı qaydaların olduğunu yaxşı bilirlər. Yəni, beynəlxalq yarışlar zamanı cəlb olunan könüllülərin sonradan işlə təmini üçün şansları çoxdur.
"Gələcəkdə könüllülərin arzusu ilə tədbirlər hazırlamaq fikrindəyik. İdmanın təbliğatı, könüllülərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı da maraqlı fikirlərimiz var. Eyni zamanda, hər bir könüllünün mənə şəxsən müraciət etmək hüququ var. Mən də hər birinə imkan daxilində kömək etmək niyyətindəyəm. Odur ki, hər könüllüyə həmişə daha fəal olmağı və vətənə hər zaman ləyaqətlə xidmət etməyi arzulayıram”, - deyə əməliyyat komitəsinin baş direktoru vurğulayıb.
banner

Oxşar Xəbərlər