• cümə axşamı, 25 aprel, 05:56
  • Baku Bakı 19°C

Elçin Əhmədov: Azərbaycan mühüm diplomatik uğurlara imza atdı

28.10.19 15:22 1178
Elçin Əhmədov: Azərbaycan mühüm diplomatik uğurlara imza atdı
Soyuq müharibə dövründə bir sıra dövlətlərin vaxtilə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı müasir dövrdə beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı (QH) müəyyən tarixi şəraitdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və əksinə təşkilat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. 1961-ci ildə yaradılan təşkilata üzvlük prinsipləri hələ qurumun təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilmiş Bandunq prinsipləri əsasında reallaşır.
Bu fikirləri"Kaspi" qəzetinə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.
Azərbaycan Respublikası 2011-ci il mayın 26-da İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Azərbaycanın Hərəkata üzv olduğu 8 ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin daha geniş dairələrində məlumatlandırılması artıb, təşkilatın sənədlərində münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.
Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. 2019-cu il oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə Görüşündə bildirdi ki, ölkəmiz Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq, xüsusilə bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan dövlət başçısı diqqətə çatdırdı ki, BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək: "Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın "77-lər qrupu”na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Üzv dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”.
Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdıran dövlət başçısı bildirdi ki, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır və o vaxt Azərbaycanın əhalisi 8 milyon idi və qaçqınların, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistanın azərbaycanlılara qarşı Xocalı soyqırımını törətdiyini xüsusi qeyd edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bu soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilmiş, mindən çox insan itkin düşmüş və Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınmışdır.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnaməni diqqətə çatdıran dövlət başçısı bildirdi ki, həmin sənədlərdə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuş, lakin təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bu ikili standartlar siyasətinə son qoyulmalı olduğunu dünyaya bəyan edən Prezident İlham Əliyev qeyd etdi ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.
Həmçinin Ermənistanın, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti apardığını və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olduğunu bildirən dövlət başçısı diqqətə çatdırdı ki, Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Prezident İlham Əliyev qeyd etdi ki, 2016-cı ilin aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla altı azərbaycanlı mülki şəxs həlak olmuş, 26-sı yaralanmış, yüzlərlə ev dağıdılmışdır. Dövlət başçısı bir daha bəyan etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə etdiyi çıxışında Ermənistanın əzəli Azərbaycan ərazilərini işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini bir daha məlumatlandırdı. Həmçinin ölkəmizin son 15 ildə siyasi, iqtisadi, sosial, humanitar, idman və digər sahələrdə qazandığı uğurlar barədə ətraflı məlumat verdi.
Bu baxımdan, Zirvə Görüşü Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi. Sonda qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.
Bununla yanaşı, Yekun Sənədə ilk dəfə olaraq olduqca mühüm yeni bənd daxil edilmişdir. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə, 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Xüsusilə, yekun sənəddə dövlət və hökumət başçıları Nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucadılması, Nasist keçmişi, Nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də antiHitler koalisiyasına qarşı döyüşmüş və Nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınaq obyektinə çevirdilər.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət başçıları Şurasının bu il oktyabrın 11-də Aşqabadda keçirilmiş sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin bariz göstəricisidir.
Həmçinin yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunmuşdur. "Biz, Dövlət və Hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.
Bu baxımdan, Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu zirvə görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa olunmasına nail olundu. Bu, İslam Əməkdaşlıq Təşkilatından sonra ikinci beynəlxalq təşkilat tərəfindən Ermənistanın işğalçı dövlət kimi qəbul etdiyi sənədlərdə rəsmən tanınmasıdır.
Həmçinin Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə olmuş, müasir beynəlxalq münasibətlərə dair ən vacib məsələlər müzakirə edilmiş, ölkəmiz dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olmuşdur.
Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT Baş Assambleyasından sonra dünyada ən böyük siyasi təsisat olan QH-nın XVIII Zirvə Görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur. Bu beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin qlobal miqyasda olan nüfuzunun göstəricisidir.
banner

Oxşar Xəbərlər