AZE | RUS | ENG |

Əlavə büdcə gəlirləri vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilir

Əlavə büdcə gəlirləri vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilir
Millət vəkilləri hesab edir ki, Azərbaycan iqtisadi sahədə uğurlar əldə etdikcə, vətəndaşların sosial rifah halı daha da yaxşılaşdırılacaq

Azərbaycanda böyük uzaqgörənliklə müəyyən edilən və uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ölkəni regionun lider dövlətinə çevirib. Hətta dünyada iqtisadi böhranın hökm sürdüyü illərdə belə, Azərbaycan iqtisadiyyatında artım tempi müşahidə olunub. Regional inkişaf proqramları nəticəsində iqtisadiyyatın neftdən asılılığı tədricən azalıb, qeyri-neft sektorunda ciddi nailiyyətlər əldə edilib. Davamlı iqtisadi inkişaf, sabitlik imkan verib ki, ölkəmiz beynəlxalq əhəmiyyətli layihələrin təşkilatçısı və icraçısı olsun. Əlbəttə ki, bütün bunlar Azərbaycanın daxili və xarici siyasətinə də öz təsirini göstərib. Ölkə daxilində mühüm sosial layihələrin icrasına başlanılıb, maaşlar, pensiyalar dəfələrlə artırılıb. Bu günlərdə Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev sakinlər qarşısında çıxış edərkən pensiya və maaşların artırılması, eləcə də problemli kreditlərlə bağlı imzalanmış son fərmanlardan söhbət açıb. Bildirib ki, maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq.
Prezident İlham Əliyev Azərbaycanın istənilən sahədə, o cümlədən iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərdiyini diqqətə çatdırıb: "Doğrudan da böyük işlərdir. Çünki Azərbaycanda bu məsələ elə səviyyədə həll olunur ki, bunun dünyada bənzəri yoxdur. Çünki bilirsiniz, bir çox ölkələrdə bu problem mövcuddur. Ölkələr və ölkə rəhbərlikləri çalışırdı bu problemi həll etsin, bəzi hallarda qərarlar qəbul edildi, icra olunmadı, bəzi hallarda hələ də müzakirələr gedir. Ancaq biz çox ciddi qərar qəbul etdik və bu, vətəndaşların maraqlarını maksimum nəzərə alan qərar oldu. Təqribən 800 minə yaxın insan bu Fərmandan faydalanacaq. O cümlədən minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar”.
 

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində Azərbaycanda iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Millət vəkili deyib ki, 2019-cu ildə Azərbaycanda iqtisadi inkişaf daha sürətlə gedir və bu ilin ilk üç ayının göstəricilərinə əsasən artıq 3 faiz artım qeydə alınıb: "Bu, çox yaxşı göstəricidir. Çünki 2015-ci ildə dünyada baş verən iqtisadi böhran bütün ölkələrə öz təsirini göstərdi. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi çevik iqtisadi islahatlar ölkəmiz bu vəziyyətdən minimum təsirlərlə çıxmağı bacardı və yenidən inkişaf mərhələsinə çıxa bildi. Bu gün ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sahəsində istehsal və ixracın həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib”.
Millət vəkili deyib ki, iqtisadi sahədə əldə edilən uğurlar ölkədə həyata keçirilən sosial siyasətə də müsbət təsir göstərir. Onun fikrincə, təkcə cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanan bir sıra mühüm fərman və sərəncamlar əsasən sosial sahəni əhatə edib: "Pensiyaçıların və digər qrupların sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqqının minimum hissəsinin, maaşların artımı, tələbələrin təqaüdlərinin artırılması, məcburi köçkünlərə verilən müavinətlərin 50 faiz artırılması, problemli kreditlərin həlli ilə bağlı verilən fərman, eləcə də şəhid ailələrinə müavinətlərin verilməsi və digər tədbirlər insanların sosial rifahının yaxşılaşmasına çox müsbət təsir göstərib. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam və Fərmanlar isə bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Bu dövlət sənədləri 600 minədək şəxsin, o cümlədən 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur. Əgər biz 2019-cu ilin dövlət büdcəsinin təmkinli, praqmatik ssenarilər üzrə hazırlandığını və əsas məzmununun iqtisadi inkişafın dayanıqlılığının təmin edilməsi, güclü sosial islahatların əhatəsinin genişləndirilməsi olduğunu nəzərə alsaq, bundan sonra da sosial sferanı əhatə edəcək qərarların qəbul olunacağını gözləyə bilərik. Bütün bu tədbirlərin əsas hədəfi insanların rifahını ən yüksək səviyyəyə çatdırmaqdır. Düşünürəm ki, Prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatlar və əldə edilmiş nəticələr Azərbaycanın 2019-cu ili də böyük uğurlara imza atmasına, vətəndaşlarımızın sosial rifah halının daha da yaxşılaşmasına səbəb olacaq”.
 

Digər millət vəkili Elman Məmmədov da hesab edir ki, 2019-cu il ölkəmiz üçün islahatlar ili, xüsusilə də sosial sahədə həyata keçirilən mühüm hadisələr ili kimi başlanıb. Onun sözlərinə görə, bu addımlar Azərbaycan xalqı, eləcə də beynəlxalq aləm tərəfindən müsbət qiymətləndirilir. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ilin ilk 4 ayından başlanan islahatlar nəticəsində əmək haqları, pensiyalar, təqaüdlər və digər sosial müavinətlər artırılıb, şəhid ailələri, müharibə əlilləri, veteranlarla, bağlı mühüm qərarlar verilib: "Qısa müddət ərzində respublikada sosial sahədə aparılan islahatlar, irəliləyişlərin hər biri Azərbaycan insanının, vətəndaşının rifah halının yüksəlməsinə xidmət edir. Azərbaycanda həyata keçirilən sosial islahatlar, uzun illər iqtisadi sahədə aparılan işlər nəticəsində ölkəmizin maddi durumunun yaxşılaşdırılması sayəsində həyata keçirilib. Biz bu islahatları həyata keçirmək üçün ilk növbədə bünövrə yaratmışıq və bunun sayəsində iqtisadi gücümüzü artırmışıq. Büdcəmiz artdıqca, iqtisadiyyatımız inkişaf etdikcə, bütün sahələrdə inkişaf özünü göstərir. Bununla da vətəndaşlarımızın sosial vəziyyəti daha da yaxşılaşdırılır. Şübhəsiz ki, bu addımlar bundan sonra da davam etdiriləcək. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amili, insanlarımızın maddi durumu, sosial məişət vəziyyətinin daha yaxşılaşdırılması dayanır”.
Alpər TURAN
 
 
 
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966