• çərşənbə axşamı, 16 aprel, 11:47
  • Baku Bakı 14°C

Əlaqələrin inkişafına töhfə verəcək forum

04.11.16 11:01 1374
Əlaqələrin inkişafına töhfə verəcək forum
Noyabrın 1-də Heydər Əliyev Mərkəzində VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda tranzit yükdaşımaları, təhsil, elm, səhiyyə, mədəniyyət, idman və s sahələrdəki mövcud uğurlu əməkdaşlıqdan danışılıb. Daha sonra isə Azərbaycan və Rusiya arasında əməkdaşlığa dair 12 sənədimzalanıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında "Azərbaycan İnvestisiya Şirkəti” ASC, "Vita-A” MMC və Rusiya Federasiyasının "R-Pharm” şirkətinə daxil olan "AR-Pharm” MMC şirkətləri arasında "Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb. Sonra "Hayat Pharm” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.

Forumun iki ölkə arasında münasibətlərə təsiri, həmçinin zavodun açılışının ölkə iqtisadiyyatı üçün əhəmiyyəti və s məqamlarla bağlı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə söhbətləşdik. Millət vəkilləri bildirdilər ki, əczaçılıq zavodunun açılışı bu sahənin inkişafını təmin edəcək, idxaldan asılılığı azaldacaq, qeyri-neft sektorunun inkişafına töhfə verəcək.

Millət vəkili Aydın Mirzəzadə "Kaspi”yə açıqlamasında dedi ki, Azərbaycan və Rusiya iqtisadiyyatı bir-birinə sıx bağlıdır: "Hər iki dövlətin, hər iki xalqın ümumi tarixi, ümumi mədəniyyəti və iqtisadiyyatı var. Müstəqillik qazanandan sonra bu iqtisadi əlaqələr bir müddət kəsilsə də, sonradan davam etdirildi. Hər iki ölkə rəhbərliyinin diqqəti və qayğısı nəticəsində son illərdə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi artıq iki milyard dollara yaxınlaşır. Bunu daha da artırmaq mümkündür. Bakıda keçirilən forum yeni əməkdaşlıq sahələrini axtarmağa, mövcud problemlərin aradan qaldırılmasına yönəlib. Forumda ilk dəfə olaraq, dövlətlər arasında iqtisadi əlaqələrdə regionlararası iqtisadi əlaqələrə keçmək barədə qərar qəbul olunub”.
Millət vəkili nəzərə çatdırdı ki, Rusiya farmakologiyası dünyada özünəməxsus yer tutur: "Onların iştirakı ilə Azərbaycanda belə bir müəssisənin açılması həm ikitərəfli əməkdaşlığa, həm də Azərbaycanın bu sahədə mövcud olan problemlərinin aradan qaldırılmasına xidmət edəcək. İqtisadi əməkdaşlıq, dostluq, yaxın qonşuluq münasibətləri bundan sonra da inkişaf etdiriləcək”.

Millət vəkili Ağacan Abıyev də əczaçılıq zavodunun açılışını mühüm addım hesab edir və bunun qeyri-neft sektorunun inkişafı üçün vacib məqam olduğunu düşünür: "Prezident dəfələrlə çıxışlarında deyib ki, neftə, qaza arxayın ola bilmərik. Azərbaycan iqtisadiyyatı hərtərəfli inkişaf etməlidir. Neftə göz dikməməliyik. Gördüyünüz kimi, neftin qiyməti oynayır. İqtisadiyyat çətin mövzudur. Arxayın olmaq üçün bütün sahələri inkişaf etdirməliyik ki, dayanıqlı iqtisadiyyatımız olsun. Bu mənada, Pirallahıda əczaçılıq zavodunun açılmasına çox sevinirəm. Buna hər şeydən öncə bir Azərbaycan vətəndaşı, vətənpərvər insan kimi yanaşıram. Qeyri-neft sektoru təkcə Azərbaycanda yox, bütün dünyada vacib mövzulardan biridir. Bildiyiniz kimi, müxtəlif xəstəliklər mövcuddur. Artıq 10 milyon olmuşuq. Bu qədər əhalinin sağlamlığını təmin etmək, dava-dərman çatdırmaq lazımdır. Ələlxüsus da, payız-qış aylarında”.

Millət vəkili diqqətə çatdırdı ki, belə bir sənayenin öz ölkəmizdə olması iqtisadiyyata çox müsbət təsir edəcək: "Daha xaricdən pul verib dərman almayacağıq. Valyutamız özümüzdə qalacaq. Ona görə də zavodun açılışını çox müsbət qiymətləndirirəm. Sevinirəm və zavodun açılmasının Azərbaycan iqtisadiyyatına uğur gətirəcəyinə inanıram”.
Şəfa Tapdıq

banner

Oxşar Xəbərlər