• şənbə, 20 Aprel, 00:01
  • Baku Bakı 15°C

EL SƏNƏTİ – EL ŞÖHRƏTİ

07.03.16 10:23 4180
EL SƏNƏTİ – EL ŞÖHRƏTİ
Azərbaycan dekorativ-tətbiqi sənəti çox qədim tarixə və özünəməxsus bədii ənənələrə malikdir. Onun ən müxtəlif növlərinin bilavasitə xalqın məişəti ilə bağlı olması bu danılmaz qədimliyi bir daha təsdiqləyir. Azərbaycanlı sənətkarların yaratdıqları xalça, tikmə, zərgərlik, keramika, metalişləmə, ağacoyma, daşoyma, geyim və s. nümunələri xalqın zəngin mənəvi dünyasının və bədii zövqünün ifadəsi olmaqla, böyük qürur qaynağına dönüblər. Artıq fəxrlə demək olar ki, çox vaxt heç adlarını da bilmədiyimiz azərbaycanlı ustalar el sənətini el şöhrətinə çevirə biliblər. Bu ənənəni bizim günlərdə yaşadan sənətkarlardan biri də şəbəkə ustası Tofiq Rəsulovdur.
XVIII əsrdə inşa olunan və bu günə kimi də əlçatmaz memarlıq və sənətkarlıq möcüzəsi sayılan Şəki Xan sarayının şəbəkələrinə XX əsrdə yeni həyat verən Əşrəf Rəsulovun (1928-1997) ailəsində dünyaya göz açan Tofiqin elə duya bildiyi ilk gözəllik qaynağı atasının hazırladığı nümunələr olmuşdur, desək, yanılmarıq. Ata emalatxanasında aldığı sənət dərslərinin nəticəsiz qalmadığın onun 1985-ci ildən başlayaraq yaratdığı müstəqil yaradıcılıq işləri də təsdiqləyir. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Tofiq Rəsulovun sənətkarlığının respublikamızın hüdudlarını aşıb dünyaya yayılması isə həm sənətkarın özünə, həm də milli incəsənətimizə şöhrət gətirməsi də danılmazdır...
Onun hələ 1985-ci ildə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində və Gənclərin Moskvada keçirilən Ümumdünya festivalında uğurli iştirakı ilə diploma layiq görülməsi gənc şəbəkəçinin gələcək uğurlarının başlanğıcı olmuşdur. Tofiq Rəsulovun hazırladığı tağlı şəbəkə və müxtəlif süvenirlər onun fantaziyasının genişlyindən xəbər verirdi. Qırmızı, sarı, göy və yaşıl rəngli şüşələrin, eləcə də onların müxtəlif çalarlarından uğurla istifadə edən istedadlı şəbəkə ustasının ağac-naxış məcmusundan “boylanan” rənglərin cəlbedici və gözoxşayan ovqatını əldə edə bilməsi, onun özünəməxsus estetik duyumunun duyğulandırıcılığını sərgiləyirdi.
Şəkili sənətkarın taleyini bağladığı ağacoyma sənətinin tarixi və texnoloji xüsusiyyətləri ilə nəzəri tanışlıq belə göstərir ki, bu sahədə uğur qazanmaq üçün yaradıcıdan zərgər dəqiqliyi və incə zövq tələb olunur. Odur ki, gəlin bu yerdə bu sənətin tarixinə qısa nəzər salaq...
Öncə deyək ki, ağacın digər materiallara nisbətən kövrək olması ondan hazırlanan daha qədim əşyaların çoxunun bizim dövrə gəlib çatmasına imkan verməmişdir. Lakin XVI-XX əsrlərdə yaradılmış ağacoyma nümunələri bu sənət növünün həyatımızda yerini və ustaların nümayiş etdirdikləri yüksək sənətkarlığı duymağa imkan verir. Belə ki, üzəri müxtəlif naxış və rəsmlərlə bəzədilən əşyalar çox ecazkardırlar. Onun hazırlanmasında ustalar əsasən üç texnoloji üsuldan – oyma, şəbəkə və xatəmkarlıqdan istifadə ediblər. Lap qədimlərdən məişətimizdə şəbəkədən çox geniş istifadə edilib. Bu iş çox böyük ustalıq tələb edir. Şəbəkə müəyyən formalı çərçivə daxilində kiçik taxta parçalarının bir-birinə mismarsız və yapışqansız bənd olunması ilə yaradılır. “Alat” adlanan həmin hissələrin bir ucunda diş, digər ucunda oyuq düzəldirlər və yığma zamanı bir alatın dişi o biri alatın oyuğuna keçirilir. Əsasən həndəsi naxışlardan ibarət olan şəbəkə kompozisiyaları müxtəlif guşəli və içərisində rəngli şüşələr geydirilmiş xonçalardan - formalardan ibarətdir. Onların yaratdığı bədii-estetik təəssürat ölçüyəgəlməzdir. Müxtəlif dövrlərdə şəbəkədən Azərbaycan memarlığında geniş tətbiq edilmişdir. XX əsrdə çağdaş Şuşa və Şəki sənətkarlarının səyi nəticəsində şəbəkəçilik yeni inkişaf dövrünü yaşamaqla, Bakı, Gəncə, Moskva, Sankt-Peterburq və s. şəhərlərdəki müxtəlif funksiyalı binaların tərtibatında uğurla istifadə olunmuşdur. Elə Tofiq Rəsulovun ərsəyə gətirdiyi şəbəkə nümunələrinin doğma Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin şəhərlərində yerləşən müxtəlif funksiyalı tikililəri bəzəməsi də qədim ənənənin müasir dövrdə də uğurla davam etdirildiyini göstərir. Bu mənada əsərlərinin bir çox nüfuzlu ictimai məkanları, o cümlədən Vatikanın Roma, Tiflis, Minsk və Bakı şəhərlərindəki müxtəlif tikililərinin interyerini bəzəməsi də azərbaycanlı sənətkarın yüksək ustalığına olan beynəlxalq marağın göstəricisidir.
Bədii ənənələri hələ orta əsrlərdə formalaşan və az qala toxunulmaz-əlçatmaz meyara çevrilən el sənəti növlərinə müasir dövrdə hansısa əlavələrin mümkünsüzlüyü qarşılığında, müxtəlif sahələrdə yaradıcı təxəyyülü nəhayətsiz olan insanların arzulanan yenilikləri sərgiləmələri təqdirə layiq hadisədir. Təəssüf ki, Azərbaycanın sovetləşməsinə qədərki dövrdə bədii sənətkarlıq nümunələrində mövcud olan klassik tutum zaman-zaman qismən də olsa müsbət dəyişikliyə məruz qalsa da, sovet məkanında “sosialilist realizmi” bədii prinsipinin hökmranlıq etdiyi illərdə yeniliyə növbəti cəhdlər daha çox eklektik mahiyyət daşımışdır. Lakin klassik ənənəyə uğurlu və müasir ruh verən sənətkarlarımız da az olmayıblar. Bu mənada respublikamızda şəbəkə sənətinin bədii ənənələrini layiqincə davam etdirən Tofiq Rəsulovun yaradıcılığı diqqət çəkir. Onun forma-biçimi, rəng həlli və həndəsi-nəbati naxışları ilə tamaşaçını heyrətləndirən şəbəkələrinin ən müxtəlif miqyaslı beynəlxalq sərgilərin diplom və mükafatlarına layiq görülməsi də bunun nümayişi və davamlı yaradıcılıq axtarışlarının təqdiridir.
Bu gün Tofiq Rəsulovun yaradıcılığının səciyyəvi və hamı üçün maraqlı görünən məziyyəti də onun qədim şəbəkə ənənələrini təkmilləşdirməklə, ona orijinal forma-biçim və funksionallıq bəxş edə bilməsidir. Başqa sözlə desək, o, şəbəkəni ənənəvi qapı-pəncərə funksiyası çərçivəsindən çıxararaq, incə ağac hissələri ilə rəngli şüşə parçalarının vəhdətindən yaranan gözəllik nümunələrinə yeni bədii-texniki tutum bəxş etmişdir. Bu vaxta kimi ərsəyə gətirdiyi 200-dən çox şəbəkə nümunəsinin əksəriyyətində qeyd etdiyimiz məziyyətlərə şahidlik etmək mümkündür. Sənətkarın hazırladığı mücrü, rəhil, tavan örtüyü, çilçıraq və müxtəlif süvenirlər də bunun təsdiqidir.
Tofiq Rəsulovun son illərdə ərsəyə gətirdiyi “Kürə”, “Nar”, “Xaç”, “Qəndil”, “Fənər”, “Piramida” və başqa formalı şəbəkə-əşyaların hər birində həm də memar-rəssam fantaziyası ifadə olunduğundan, onlar tamaşaçılar tərəfindən yüksək sənətkarlıq-heyrət qaynağı kimi qəbul olunurlar. Onun 2014-cü ildə hazırladığı həndəsi naxışlı “Kürə” əsəri mütəxəssislər və ən tələbkar seyrçilər tərəfindən belə sənət möcüzəsi kimi dəyərləndirilmişdir. Belə ki, Tofiq Rəsulov diametri 50 santimetr olan kürəni heç bir əlavə texniki müdaxilə - dayaq olmadan, yalnız ağac parçalarından əmələ gətirilmiş beş və altı bucaqlı formalardan yığmaqla bütöv kürə-şəbəkə forması şəklinə salmışdır. İlk növbədə yüksək bədii sənətkarlıq nümunəsi olan “Kürə”nin müxtəlif rəngli şüşələrinin daxili işıqlandırilma sayəsində ətrafına bəxş etdiyi gözəllik qeyri-adi dərəcədə duyğulandırıcıdır.
Sənətkarın 2015-ci ildə Göyçayda keçirilən “Nar bayramı”nda nümayiş etdirdiyi nar-şəbəkə də şənlik iştirakçılarının böyük marağına səbəb olmuş və əsər rayon muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir.
Tofiq Rəsulovun 2002-2004-ci illərdə Şəki Xan sarayının, 2013-2014-cü illərdə isə Şəkixanovların evinin şəbəkələrini bərpa etməsi də ona göstərilən etimadla yanaşı, həm də bir vaxtlar atasının başladığı işin uğurla davam etdirilməsidir. Bu gün sənətkarın Şəkidəki emalatxanasında onunla birlikdə şəbəkə sənətinə sevgisini sərgiləyin iki oğlunun - İlqar və Vüqarın çalışması da onun həm də qədim ənənənin layiqli davamçılarını yetişdirdiyini göstərir...
Ziyadxan Əliyev
banner

Oxşar Xəbərlər