• cümə axşamı, 18 aprel, 08:02
  • Baku Bakı 12°C

«Əl ətək tutmayınca, sən dərviş olmazsan…»

24.11.14 11:35 1830
«Əl ətək tutmayınca, sən dərviş olmazsan…»
Şah İsmayıl Xətaidən gələn beytdir; həyatın bütün dəbdəbəsini, eyni dərəcədə də dönük üzünü, hər cür vəfasızlığını, bu etibarsızlığını görüb-yaşamış böyük insanın son qənaəti belədir. Belədir ki, bəzən insan öz könül həmdəminin, qəlb dostunun ən müşkül, düzəlməsi heç cür mümkün olmayan problemini bütün qəlbi, ruhu, vicdanı ilə yoluna qoymağa öz gücü, qüvvəti daxilindən də artıq dərəcədə cəhd etdiyi bir məqamda qarşı tərəfin eyni gücdə, giley-güzarı, təpkisi gəlir. Və məhz həmin anda yenə də Şah İsmayıl Xətainin bu unudulmaz beyti tam yeni bir ovqatla, xüsusi bir dünyagörmüşlüklə o könül adamının yaddaşında yenidən cövlan edir: «Bir dükan yüz min dükandır, haq birdir… Şəhər birdir, kar birdir, asılırsan dar bir!»
Ancaq bütün bu təəssüflü, nigaran düşüncələr dünyasından işıq ucu tapmağın ilk səsi-sədası yenə də hikmətlər xəzinəsi olan ədəbiyyatımızdan, söz sənətimizdən gəlir. Deyək ki, böyük qəlb şairi Məhəmməd Füzuli bu nagəhan nigarançılığının qarşılığında eyni dünyagörmüşlüklə təsəlli verir, səbrə, şükrançılığa dəvət edirdi:
Ol pərivəş kimi
məlahət mülkünün sultanıdır,
Hökm onun hökmü,
fərman onun fərmanıdır.

Təsadüfi deyil ki, ədəbiyyatşünas alim Firudin Qurbanov «Şah İsmayıl Xətai Məhəmməd Füzulinin sənət güzgüsündə» adlı əhatəli məqaləsinəd dərin bir səmimiyyətlə qeyd edir ki, Xətainin ədəbi irsi anadilli poeziyamızın başqa böyük nümayəndələri kimi Füzulinin də yaradıcılıq örnəyidir: «Füzuli Şah İsmayıl Xətaidən həmişə öyrənmişdir, bu öyrənmə sürətçıxarma üsulu olmayıb, bədii ifadə vasitələrinin, sözün çoxmənalılığının, mənəvi gözəlliyinin, gözəl psixoloji assosiasiyalar yaratmağını öyrənilməsi ilə izah oluna bilər».
Ən yaxşı olan cəhət ondan ibarətdir ki, Xətai poetik yaradıcılığında birmənalı olaraq mükəmməl, qüsursuz və təkrarolunmazdır. O, bütün bənzətmə və qarşılaşdırmalarında, bütün mənalandırmalarında sözün əyarı, meyarı ola biləcək incəliklərlə işləməyi bacarıb, bu sahədə şahlıq nüfuzunun arxasında kölgələnməyib, yazmaq xtirinə yazmayıb. Zamanın və ruzigarın dəyişən havasına hesablanmadan gözəl bildiyini sonacan, ömrünün hər anında gözəl bilib, münasibət, baxış ayrıntısına yol verməyib:
Mən səninlə söyləşəndə
gər zimistan, gər bahar,
Hər nə çağ görsəm səni,
aləm gülüstandı mənə –

beyti bu mənada Şah İsmayıl Xətainin unikal, bütöv xarakterinin şəkillənməsi kimi diqqət çəkir, onun səviyyəli şair, ən əsası da insan obrazını ortaya qoyur.
Mübaliğəsiz demək olar ki, Şah İsmayıl Xətai yeganə şəxsiyyətdir ki, onun sahib olduğu, daşıdığı dövlət rəhbəri titulu heç vaxt şairlik haqqının önünə keçməyib, özünü qabarıq şəkildə biruzə verməyib və ümumiyyətlə, bu barədə hər hansı eyhama belə əl yeri qoymayıb. Bu, Xətainin söz sənətinə, şairlik vergisinə olan ən yenilməz etiqadının ifadəsidir. Məhz bu xasiyyət görkəmli ədəbiyyatşünas alim Sabir Əliyevin xüsusi olaraq diqqətə çatdırdığı kimi, Şah İsmayıl Xətainin poetik düşüncəmizin banilərindən biri olan Füzulinin nəinki müasirinə, eyni zamanda, təkcə ustadına deyil, həm də ədəbi qəhrəmanına çevirmişdir: «Xətainin sərkərdə və siyasi xadim kimi əzəməti, şair kimi milli qeyrəti və əməli xidməti, qismən də əqidə və etiqadı böyük sənətkarlardan «Bəngi- Badə» kimi töhfə görmüşdür. Bu mənada, Xətai ilə Füzulinin yüzlərlə faktda təzahür edən dərin düşüncə qohumluğu inkarolunmaz bir həqiqətdir. Füzulişünas Sabir Əliyev doğru olaraq önə çəkir ki, Xətainin ən böyük tarixi xidmətlərindən biri Füzuli sənətinə hazırlığı və zəmin roludur. Füzuli Xətainin bilavasitə sənət varisi və eyni zamanda da klassik şerimizin qovşağıdır… Füzuli sənətinin ideya-bədii mənbələri içərisində Xətai irsi xüsusi yer tutur.
Bu gün çağdaş Azərbaycan şerində, ümumən. söz sənətimizin bütün sahələrində sufi düşüncəsi, dərvişlik yaşamı və anlayışı barədə dürlü yazılar, şərhlər, iddialı düşüncələr ortaya qoyulmaqdadır. Şah İsmayıl Xətai isə bu düşüncənin şəklini zərif bir duyğu və son dərəcə anlaşıqlı dildə bircə bəndlik bayatı-gəraylısında əks etdirə bilişdir:
Özündən keçməyincə,
Birliyə yetməyincə,
Əl ətək tutmayınca
Sən dərviş olamazsan.

Böyük türk şairi Yunis Əmrəyə nəzirə kimi yazılan bu maraqlı sufiyanə şeir əslində Xətainin gerçək şair və hökmdar, eyni zamanda da İnsan obrazını ortaya qoyur. Təbii ki, bu təfəkkürlə yaşayan, bu təfəkkürlə ictimai-siyasi, sosial həyata anlaşıq göstərən bir hökmdar gec-tez öz şair məninə yeniləcəkdir. Heç harda yazılmasa da, birbaşa dilə gətirilməsə də, gerçək olan odur ki. Xətai öz fəaliyyəti dövründə hər şeydən öncə sözə, sufi əxlaqa yenilib. O, öz hakimiyyət taxt-tacının özülünü zor, zülm, xüsusi hədə-qorxu, xof vasitələri ilə möhkəmləndirməyib, əksinə, sözə etiqad, söz önündə pərəstiş onu həmişə siyasi hakimiyyətinin süqutuna, eyni zamanda, əbədi yaşamaq haqqına doğru ayaqlandırıb. Bu qədər səmim i, həssas və kövrək bir söz adamının səltənət qovğasında hər cür hiyləgərlik və zalımlıq önündə geri çəkiləcəyi xüsusi bir gerçəklikdi:
Xətaiyəm, xətdaram,
Haqq sirrinə səttəram;
Həkiməlrin dərmanı,
Təbiblərə əttaram…

Və bu ruh uzun əsrlər boyu Xətainin xalq arasındakı byük aşıq-şair obrazını ədəbiyyatımız üçün milli qürur mənbəyi kimi hifz edə bilmişdir. Tədqiqatçılar bu baxımdan Xətainin sadə, xalq ruhuna yaxın olan, xalqın təfəkkür tərzindən qidalanaraq qələmə alınan əsərlərinin hələ onun sağlığında Azərbaycan torpağını oymaq-oymaq gəzib-dolaşdığını xüsusi olaraq önə çəkir, qəlbləri, könülləri fəth etdiyini yazırdılar. Danılmaz həqiqətdir ki, hələ öz sağlığında görkəmli, ozan-aşıqlar Xətai şerindən ustadnamə kimi faydalanmış, adına musiqi bəstələmiş, dastanlar qoşmuşlar. Xalq yazıçısı Anar Xətai poeziyasına olan millət sevgisinin məhz bu coşqunluğunu və onun öz sağlığında Şərq ədəbiyyatına olan təsir dairəsini nəzərə alaraq yazır: «Xətai şerimiz tarixində iki nəhəngin - Nəsimi və Füzulinin arasında parlaq ədəbi etapdır, həm də bu keçiddə yalnız xronoloji ardıcılılğa, vaxt, zaman qatarına görə yer tutmur. Xətai poetikasına, təfəkkürünə, dünyaduyumuna görə də Nəsimiylə Füzuli arasında bir körpüdür. Onun yaradıcılığınan Nəsiminin insan və şair hünəri təsir edib, amma Füzuli kədərində də Xətai «qəm-qüssəsi»ndən bir xal, bir soraq var:
Niyə gəldik, nə gətirdik cahana?
Nə isətrsən axirəti cavidanə?
Nə idin aləmi vəhdətdə, söylə,
Bu kəsrət evində düşdün ki, böylə?

Xətai bütün həyatı boyu tükənməz bir aşiqliyin, əhdin-vəfanın yolçusu olaraq yazıb-yaratmış, onun «hanı, ey zalım, səninlə əhdimiz, peymanımız?» ağrısı, iztirabı özündən sonra gələn anadilli şerimizin başlıca sual qaynağına dönmüşdür.
Azərbaycan poeziyasının ən yaddaqalan, ən unikal və dil əzbəri olan poetik nümunələri Xətainin bu şeirlərinin şinelindən çıxdığı şəksizdir. Xətai yaradıcılığı bu mənada, sevgiyə, əhdə, sədaqətə çağırışın mənbəyi olaraq zamana yoldaşlıq etməyindədir.
Gülayə
banner

Oxşar Xəbərlər