AZE | RUS | ENG |

Ekspertlər ali məktəblərdə hərbi dərslərin bərpasını istəyirlər

Ekspertlər ali məktəblərdə hərbi dərslərin bərpasını istəyirlər
Üzeyir Cəfərov: “Hərbi dərslərin universitetlərdə tətbiqi dövlət büdcəsinə də kifayət qədər qənaət edəcək”

Etibar Əliyev: “Gələn tədris ilindən hərbi dərslərin keçirilməsi dövlət və gənclər üçün əhəmiyyətli olacaq”

Növbəti tədris ilindən ali məktəblərdə hərbi dərslərin yenidən keçirilməsinə başlana bilər. Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov deyib. O, bildirib ki, müharibə şəraitində olan bir dövlətin gənclərinə hərbi dərslərin keçirilməsi təqdirəlayiq haldır: “Bizdə olan məlumata görə, bu istiqamətdə intensiv işlər aparılır. Biz müharibə şəraitindəyik və bütün gənclərimiz buna hazır olmalıdırlar. Bədnam qonşularımız da bilməlidir ki, bizim potensialımız böyükdür. Hər bir gəncdə vətənpərvərlik hissi baş qaldırıb və onu lazım gəlsə, hərbi müstəviyə keçirmək olacaq. Ona görə də ali məktəblərdə gənclərə hərbi dərslərin keçirilməsini bəyənirəm və ümid edirəm ki, yaxın vaxtlarda, yeni tədris ilində bu işlər həyata keçiriləcək”.
Qeyd olunan məsələnin necə tətbiq edilməsinə və hansı üstünlüklərə səbəb olacağına gəldikdə, ekspertlər bunun təqdirəlayiq olduğunu vurğuladılar. Hərbi ekspert Üzeyir Cəfərov bu addımı çox yüksək dəyərləndirdi. O, bizimlə söhbətində keçmiş hərbi kafedraların ləğv edilməsindən təəssüfləndiyini də dedi: “O vaxt hərbi kafedraların fəaliyyəti dayandırılanda mən çox pis oldum. Keçmiş hərbi kafedralar çox böyük rol oynayırdılar. Əslinə qalsa həmin kafedraların dayandırılmasını heç düz-əməlli də əsaslandırmadılar. Mən o vaxt da bildirmişdim ki, Azərbaycanın ali məktəblərində hərbi dərslər keçirilməlidir. Ona görə ki, biz müharibə şəraitində olan ölkənin gəncləriyik. Növbəti tədris ilində ali məktəblərdə hərbi dərslərin yenidən keçirilməsi təbii ki, təqdirəlayiq haldır. Hətta, xanımlar da hərbi kafedralarda müəyyən biliklərə yiyələnməlidirlər. Həmin hərbi dərslərin mütəxəssislərlə təmini, keçirilən hərbi dərslərin keyfiyyəti artıq başqa bir mövzudur”. Ü.Cəfərov hesab edir ki, hərbi dərslərin universitetlərdə tətbiqi dövlət büdcəsinə də kifayət qədər qənaət edəcək: “Ona görə ki, 4-5 il ali təhsil almış şəxs müəyyən müddətdən sonra hərbi xidmətə gedir. Orada ona silahla davranmaq və s. barədə dərs keçirilir. Amma artıq müəyyən hərbi hazırlıq görmüş, vətənpərvərlik ruhunda tərbiyə olunmuş tələbələr hərbi hissələrə hazır gedəcəklər. Yəni hərbidə onlara sıra hazırlığı, atəş hazırlığı keçməyə heç ehtiyac da qalmayacaq. Bir sözlə, bu məsələ üzərində işləmək və təkmilləşdirmək lazımdır”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda kifayət qədər pedaqoji təhsilli və ehtiyatda olan hərbiçilərimiz var ki, onlar öz bilik və bacarıqlarını gənclərimizə verə bilərlər: “Hesab edirəm ki, bu dərslərin keçirilməsi həm gənclərdə müəyyən maraq oyadar, həm də bu sahədə dövlət strukturlarına bir dayaq olar. Rusiya daxil olmaqla, keçmiş SSRİ-nin bir sıra ölkələrində hələ də hərbi kafedralar durur. Sadəcə, o ölkələrdə müəyyən işlər görülür ki, zaman-zaman həmin hərbi kafedralar güc strukturlarının və dövlətin apardığı siyasətlə ayaqlaşsınlar. Ona görə də düşünürəm ki, Abel Məhərrəmovla yanaşı, parlamentin təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev də bu istiqamətdə müəyyən addımlar atmalıdır. Təqdirəlayiq haldır ki, Azərbaycanın aparıcı universitetlərinin rektorları Milli Məclisdə təmsil olunurlar. Yəni onlar özləri birbaşa məsələ qaldıra və onu müzakirə edə bilərlər. Hesab edirəm ki, dövlətin hərbi xidmətdə hazırlıq mərhələsinə sərf olunan vəsait hərbi kafedraların saxlanmasına çəkilən xərcdən qat-qat yüksəkdir. Yəni hərbi kafedraları saxlamaq dövlətə sərf edir, nəinki hərbi xidmət mərhələsindəki hazırlıq prosesi”.

Üzeyir bəy hərbi qulluğa hazır getməyən gənclərin müəyyən mənada mənəvi və psixi təsirlərə məruz qaldıqlarını vurğuladı: “Ali təhsilə və ziyalılığa qədəm qoymuş bir tələbə, belə demək mümkünsə, hərbi xidmətə çağırılarkən sıra hazırlığı üçün “təpik döyür”. Bunlar da öz növbəsində orta təhsildən heç də fərqlənmir. Bu isə istər-istəməz əsgərə psixi təsir göstərir. Hərbidəki komandirlər də istəyirlər ki, gələn əsgərlər hazırlıqlı olsunlar. Ona görə də ali məktəblərdə hərbi dərslərin tətbiq olunması söz olaraq qalmamalıdır, mütləq mənada bərpa olunmalıdır. Təkcə müharibə amilinə görə yox, ümumiyyətlə, müstəqil dövlətin özünün ehtiyat potensialı olmalıdır. Həmin potensialın yaradılmasında isə bu, ən gözəl imkandır. İstərdik ki, bir çox universitetlərdə, həmçinin, özəl ali məktəblərdə də hərbi kafedralar yaradılsın. Bunun üçün o qədər də əziyyət tələb olunmur. Sadəcə istək və həvəs olmalıdır”.

Keçmiş hərbiçi təəssüflə qeyd etdi ki, bizdə dövlətin ayrı-ayrı qurumları – Təhsil Nazirliyi və digər güc strukturları “öz qazanında qaynayır”. Amma bu qurumlar bir yerə yığılmalı, işlərini koordinasiya etməli, dövlətin mənafeyi üçün lazımi addımlar atmalıdırlar. Yəni Təhsil Nazirliyi özü də maraq göstərməlidir ki, orta məktəblərdə hərbi hazırlığın tədris səviyyəsi yüksəldilsin: “Bu fənni məktəblərdə tədris etmək üçün kadrlar seçilməlidir, hansısa Həsən ağanın qohumu seçilməməlidir. Bu gün Azərbaycanın kifayət qədər ehtiyatda olan zabit potensialı var ki, onlardan istifadə olunmalıdır. Hərbi dərslərin ali məktəblərdə tədris olunması məsələsi elə-belə olaraq meydana gəlməyib. Bir sıra məsələlər var ki, bu prosesə qayıtmağa məcbur edir. Hərbi xidmətdə baş verən hadisələrin statistikasına baxdıqda görürsən ki, gənclərimizin psixoloji və mənəvi cəhətdən çatışmazlıqları var. Təsəvvür edin ki, bir gənc ali məktəbi bitirib hərbiyə gedir, amma nə psixi, nə mənəvi, nə də fiziki cəhətdən buna hazır deyil”.
“XXI Əsr TəhsilMərkəzi”nin sədri, təhsil üzrə ekspert Etibar Əliyev də sözügedən yeniliyi müsbət hal kimi qiymətləndirdi. Bildirdi ki, Sovet dövründə həftəlik dərs altı gündən ibarət idi. Günün biri hərbi hazırlığa həsr olunurdu: “Bu dərslərə çox ciddi yanaşılırdı, sonradan hansısa səbəblərdən bu dərslər yığışdırıldı. Amma bu, düzgün olmayan bir addım idi. Azərbaycan müharibə şəraitində olan ölkədir. Ona görə də 18 yaşından yuxarı olan hər kəsin hərbi texnikanın ilkin elementləri və əsasları barədə məlumatı olmalıdır. Biz bu gün tələbələrimizi nə kitabxanalarda, nə də hansısa kütləvi mədəni tədbirlərdə görürük. Ona görə də, düşünürəm ki, yenidən altı günlük dərs sisteminə keçməklə, onun bir gününü hərbiyə həsr etmək mümkündür.

E.Əliyevə görə, keçmişlə müqayisədə bu gün hərbiyə münasibət dəyişib. Çünki artıq yüksək texnologiyalar tətbiq olunub, hərbi maşın və ləvazimatlarda müəyyən dəyişikliklər yaranıb: “Hesab edirəm ki, Azərbaycanda ehtiyatda olan yüksək rütbəli zabitlər bu dərs prosesini həyata keçirə bilərlər. Bakalavr pilləsinin dördüncü kursuna kimi, ya iki həftədən bir, ya da həftədə bir dəfə dərslərin tədrisinə nail olmaq olar. Bunun əhəmiyyətinin ən mühüm hissəsi ondan ibarət ola bilər ki, gənclər orduya cəlb olunarkən artıq müəyyən hərbi bilikləri olacaq. Mən bir təhsil eksperti kimi, belə bir tədris sistemini dəstəkləyirəm. Gələn tədris ilindən hərbi dərslərin keçirilməsi dövlət və gənclər üçün əhəmiyyətli olacaq. Sovet ölkələrinin ali məktəblərində də hərbi dərslər keçirilir. O ölkələrin çoxunda – Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan və s. müharibə təhlükəsi yoxdur. Qərb təhsil sistemi isə bir az fərqlidir. Yəni orada tələbələr istədikləri peşəni, yaxud fənni öz seçimləri ilə könüllü şəkildə öyrənə bilərlər. Amma belə bir sistem bizdə bir qədər çətindir. Mənə elə gəlir ki, bu icbari şəkildə həyata keçirilməlidir. Ona görə ki, Azərbaycan hər an müharibə şəraitində olan ölkədir”.

Elgün Mənsimov

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8856
GEL 1 1 Gürcüstan larisi 0.5846
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0666
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1759
CHF 1 1 İsveçrə frankı 1.7355
KWD 1 1 Küveyt dinarı 5.5864
TRY 1 1 Türkiyə lirəsi 0.3045