• cümə, 19 Aprel, 03:11
  • Baku Bakı 18°C

Ekspertin ekspert olarsa...

27.11.18 12:15 1290
Ekspertin ekspert olarsa...
Jurnalist olaraq işimiz informasiyanı cəmiyyətə doğru, operativ, vicdanlı və qərəzsiz şəkildə ötürməkdir. Məlumatlara münasibəti isə ekspertlərin yozumunda təqdim edirik. Baş vermiş hər hansı bir hadisəni təhlil etməsi üçün peşəkarlığına az-çox bələd olduğumuzla ekspertlərlə həmsöhbət oluruq. Amma bəzən həmin ekspertlərin şəxsi keyfiyyətləri haqqında bizə mənfi fikirlər çatdırırlar. Maraqlıdır, ekspertin hansı fərdi keyfiyyətlərə sahib olması, şəxsi həyatında necə davranması, onun peşəkar fəaliyyətinə təsir edirmi? Ümumiyyətlə, bu kimi məqamlar mətbuat üçün nə dərəcədə önəmlidir? Mövzu ilə bağlı suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.
Ekspertin informasiya bankı
"Ümumiyyətlə, ölkəmizdə ekspert məsələsində müəyyən problemlər var” deyən Azərbaycan Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq Ələsgərli bunun səbəbini ekspertlər və eksperti olan təşkilatların institutlaşa bilməməsi ilə əlaqələndirdi: "Əslində dünya ölkələrinin bir çoxunda ekspert rəyini fərdlər yox, institutlar verirlər. Bunlar Qeyri Hökumət Təşkilatları və ya başqa qurumlar ola bilər. Həmçinin ekspert olmanın da bəzi tələbləri var. Ekspert bir sahə üzrə legitimləşmiş, müəyyən bir müddət fəaliyyət göstərmiş bir şəxs olmalıdır. Eksperti bir sahə üzrə yeni fəaliyyətə başlayanlardan fərqləndirən odur ki, həmin sahə üzrə təcrübəyə və elmi biliklərə sahib olur. Ən əsası isə əlində fəaliyyət göstərdiyi sahə üzrə informasiya bankı olur. Yəni sahə üzrə gedən prosesləri izləyir, araşdıraraq özü üçün informasiya bankı yaradır ki, yeri gələndə həmin informasiyalardan istifadə edərək, təhlillər aparıb, reala əsaslanan şərhlər versin. Çox təəssüf ki, bizdə belə institutlaşmış təşkilatlar azdır. İndi demək olmaz ki, heç yoxdur. Yavaş-yavaş formalaşmağa doğru gedir. Yaxşı olar ki, bu institutlaşma prosesi davam etsin və media nümayəndələri fərdlərə yox, təşkilatlara müraciət etsin. Əgər təhlili hər hansı bir qurum verərsə, bu zaman heç bir fərdin mövqeyi və ya şəxsiyyəti göz önünə gəlməyəcək. Burada əsas rol oynayan onun fikirləri olacaq və o fikirlərin də arxasında institut və ya təşkilat dayanarsa, bu zaman həmin deyilənlər legitimləşmiş sayılar və cəmiyyətdə ciddi qəbul olunar”.
Tapılmırlar, tapılanda da...
Sədr müavini vurğuladı ki, ekspert olaraq cəmiyyətə təqdim edilən şəxslər də gərək bir az özlərinə diqqət etsinlər: "İkinci problem odur ki, bir şəxs bir sahə üzrə populyarlaşandan sonra çoxlu müraciətlər olur. Onu dırnaqarası universal ekspertə çevirirlər. Bir də baxırsan ki, eyni adam həm media sahəsindən, həm təhlükəsizlikdən, həm də iqtisadiyyatdan və siyasətdən də danışır. Bütün bunlar yolverilməzdir, ciddi qəbul olunmur. Hər bir şəxs və ya təşkilat konkret bir sahə üzrə fəaliyyət göstərməlidir ki, həmin sahəni yaxşı izləyə bilsin. Sizin sualınızın konkret cavabına gəlincə isə deyə bilərəm ki, insanın fərdi keyfiyyətləri, şəxsi həyatı ekspert kimi fikir bildirməsi üçün əsas götürülə bilməz. Amma məsələnin digər tərəfi də var ki, ekspert olaraq cəmiyyətə təqdim edilən şəxslər də gərək bir az özlərinə diqqət etsinlər. Çalışsınlar ki, hər sahə haqqında danışmasınlar. Ekspertlər ya tapılmırlar, tapılanda da hər şeydən danışırlar. Bir insan bir sahə üzrə ekspert kimi formalaşar”.
Qərəzli münasibət də ola bilər
Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bildirdi ki, şəxsi keyfiyyətlər bu və ya digər formada, az da olsa, ekspertin imicinin formalaşmasına təsir göstərir: "Jurnalist üçün əsas önəmli olan, ekspertin konkret bir sahə üzrə elmli olmasıdır. Amma fakt ondan ibarətdir ki, cəmiyyətdə ekspert sayıla biləcək səviyyəyə qalxmaq üçün təkcə həmin sahə üzrə biliklər kifayət etmir. Həmin adamın ictimai əhəmiyyəti və fəaliyyəti də göz önünə gətirilir. Ekspertin cəmiyyətdə tanınması, onun haqqında müsbət obrazın formalaşdırılması çox önəmlidir. Haqqında tam müsbət rəylər olmayan ekspertlərin fikirlərinə çox da həvəslə müraciət edilmir. Yəni şəxsi keyfiyyətlər bu və ya digər formada, az da olsa, ekspertin imicinin formalaşmasına təsir göstərir. Amma bütövlükdə konkret olaraq jurnalistlər üçün bu, o qədər də önəmli deyil”.

Müsahibimiz qeyd etdi ki, jurnalistlər hansı ekspertin "qabında” nə olduğunu yaxşı bilirlər: "Digər tərəfdən, ekspert haqqında fikir formalaşdırmaq üçün bir şəxsin söylədikləri əsas götürülə bilməz. Həmin şəxsin ekspertə qarşı qərəzli münasibəti də ola bilər və onlar arasındakı məsələni aydınlaşdırmaq da jurnalistin işi deyil. Onu da deyim ki, jurnalistlər cəmiyyətdə fəal olan insanlardır. Onlar yaxşı bilirlər hansı ekspert nəyə qadirdir. Ayrı-ayrı şəxslər bu düşüncələri korlaya bilməzlər”.
Bəzi keyfiyyətləri də nəzərə almalıdır
"Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, ekspertlərin seçilməsində onların öz sahəsini nə dərəcədə dərindən bilməsi faktoru əsas götürülməlidir: "Bir ekspertin media üçün dəyəri, onun öz sahəsi üzrə nə dərəcədə mütəxəssis olması ilə ölçülür. Bu zaman ekspertin sahəsinə görə, şəxsi həyatdakı bəzi nüanslar ikinci dərəcəli hesab edilə bilər. Sahəsinə dərindən bələd olan, media ilə ünsiyyət qurmağı bacaran ekspert tapmaq həmişə jurnalistlər üçün çətin olub. Jurnalistlər də ekspert seçərkən, məhz bu meyarlara üstünlük verirlər. Amma burada həssaslıqla yanaşılmalı bir məqam da var. Şəxsi həyatında kifayət qədər problemləri olan biri, ailə mövzusunda ekspert kimi qəbul oluna bilməz. Diqqət etmək lazımdır ki, belə ziddiyyətli situasiyalar olmasın. Media, ekspert seçən zaman onun, sahəsi ilə yanaşı, bəzi keyfiyyətlərini də nəzərə almalıdır. Amma bir ekspert tutaq ki, iqtisadi məsələlərlə bağlı rəy verirsə, onun şəxsi həyatında hər hansı bir probleminin olması ikinci dərəcəli məsələdir. Yəni burada hər şey ekspertin hansı sahə üzrə təqdim edilməsindən də asılıdır”.
Jurnalist istəməz ki...
Media hüququ üzrə ekspert Ələsgər Məmmədli isə bildirdi ki, ekspert seçimi medianın özünəməxsus xüsusiyyətidir, kimi daha peşəkar mütəxəssis hesab edirsə, ona yönəlir: "Burada kənardan hər hansı bir müdaxilənin, yönləndirmənin prosesə təsiri mümkün deyil. Jurnalist bir məsələni işıqlandıran zaman o sahə üzrə ən uyğun gördüyü, cəmiyyətin qəbul etdiyi ekspertin fikirlərini alır. Belə olan halda jurnalist eksperti müəyyən edərkən onun bütün keyfiyyətlərini göz önünə gətirir. Yəni burada sadəcə, həmin adamın sahə üzrə biliklərini deyil, cəmiyyətdəki mövqeyini də nəzərdən keçirir. Əlbəttə, şəxsi keyfiyyətlərində müəyyən problemləri olan adamın reputasiyası elə də yüksək olmur. Nəticə etibarı ilə də, jurnalist növbəti dəfə həmin adamı ekspert kimi seçməyəcək. Amma bu o demək deyil ki, seçməməlidir. Sadəcə, həmin jurnalist istəməyəcək ki, onun yazısına kölgə salacaq bir nüans olsun. Jurnalistlər daha çox, cəmiyyətin qəbul və etimad etdiyi ekspertlərin fikirlərini xalqa çatdırır. Yəni bu daha çox, jurnalistin fərdi qiymətləndirəcəyi məsələdir ki, hansı eksperti seçəcək”.
Ə. Məmmədli qeyd etdi ki, ekspertlər də bəzi nüanslara diqqət etməlidirlər: "Digər tərəfdən, əgər söhbət ekspertdən gedirsə, o, öz sahəsini bilməklə yanaşı, cəmiyyətdə diqqət mərkəzində olduğunu nəzərə alaraq, ona uyğun davranış sərgiləməlidir. Əks halda, adı hər gün qalmaqalda hallanan birini, jurnalist də cəmiyyətə ekspert kimi təqdim edə bilməz. Bu kimi məsələlər bir-birinə yaxın və təsir edən nüanslardır. Yəni həm şəxsin fərdi keyfiyyətləri, həm də savadı bir-birini tamamlamalıdır. Əgər ekspertin şəxsi həyatı ilə bağlı deyilənlər artıq ictimailəşibsə, ciddi ictimai qınaq predmetinə çevrilibsə, onu ekspert kimi təqdim edərkən, jurnalist ciddi düşünməlidir. Bu, onun yazısına olan etimada təsir edə bilər”.
Günel Azadə

banner

Oxşar Xəbərlər