• cümə axşamı, 28 mart, 13:17
  • Baku Bakı 16°C

Ekspert: Gəncədəki hadisələrin əsas məqsədi din amilindən istifadə etməklə Azərbaycanda qarışıqlıq yaratmaq idi

11.07.18 14:51 658
Ekspert: Gəncədəki hadisələrin əsas məqsədi din amilindən istifadə etməklə Azərbaycanda qarışıqlıq yaratmaq idi
Gəncədə baş verən son iğtişaşlar ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı üzdə dost, əslində isə bizə qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra dövlətlərin xarici xüsusi xidmət orqanlarının, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçıların Azərbaycanda terror aktları törətmək istiqamətində atdıqları addımların nəticəsidir.
Bunu Trend-ə Gəncədə baş verən son iğtişaş hadisəsini şərh edən edən təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.
Onun fikrincə, onlar Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib: "Şəhərin icra başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək, bəzi KİV-lərdə, eyni zamanda sosial şəbəkərdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycanda məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə bir qrup şəxsi, o cümlədən təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin bu, gözlənilənlərin əksinə olaraq iki yüksək rütbəli polis əməkdaşının qətlə yetirilməsi ilə nəticələndi".
Ekspert hesab edir ki, əsas məqsəd din faktorundan istifadə etmək, məzhəb ayrıseçkiliyi salmaqla Azərbaycanda qarışıqlıq yaratmaqdır:"Bunun da bir sıra səbəbləri var. Belə ki, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf eləmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Onların planları Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən çoxtərəfli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib. Sabitliyi pozmaq istəyənlər adını Gəncədə məmur özbaşınalığı qoymaqla müəyyən addımlar atmağa çalışırdılar. Əsas məsələ isə onların inhisarında olan və özünü dindar adlandıran şəxslərdən sui-istifadə etməklə bağlıdır. Nəticə də gördüyünüz kimi çox acınacaqlı oldu. Bəlli oldu ki, əsas icraçılar əsl cinayətkarlar olub. Lakin şükürlər olsun ki, Gəncədə asayiş tam bərpa edilib. Artıq vətəndaşlar da şayiələrə uymayıb bu proseslərin əsl mahiyyətini anlamağa başladılar".
A.Nağıyev deyib ki, Azərbaycana qarşı mənfur planlar quranlar istəklərinə çata bilməyəcəklər: "Təbii ki, gələcəkdə istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər. Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları buna qadirdirlər. Bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və yenə atılacaq. Azərbaycanda xalq-itiqdar birliyi sarsılmazdır və vətəndaşlarımız ayıq-sayıq olub dövlətimizin düşmənlərinə meydan verməyəcək".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
banner

Oxşar Xəbərlər