Ekspert: Ermənistan hərbçilərinin buraxdığı 3 raket boşa çıxdı

Ekspert: Ermənistan hərbçilərinin buraxdığı 3 raket boşa çıxdı

Cəmiyyət
29 Aprel 2017, 18:26 702
"Cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirən Ermənistan silahlı qüvvələrinin "OSA” zenit raket kompleksindən istifadə etməsi xəbəri məni o qədər də təəccübləndirmədi". Bunu Trend-ə ehtiyatda olan polkovnik İlqar Əliyev deyib. O bildirib: "Birincisi, bu raketlər istifadə müddəti bitmiş, anbarlarda qalıb pas atmış sınıq-salxaq qurğulardır. Həmin komplekslər öz taktiki-texniki xarakteristikalarına görə, Azərbaycan ordusunda olan hərbi texnika ilə heç müqayisə də edilə bilməz. İkincisi, tərifləri göyə ucaldılan Ermənistan hərbçilərinin buraxdığı raket boş əraziyə düşüb. Öyrəndim ki, həmin gün düşmən 3 raket atıb. Hadisənin mahiyyətini öyrənəndə məşhur fransız filmini xatırladım. Həmin filmdə çəpgöz əsgər səhvən öz təyyarələrini vurduğu kimi, erməni də buraxdığı raketlə öz PUA-nı vurub yerə salıb. Maraqlısı da odur ki, "quşu gözündən vurmaqla” qürrələnən erməni mütəxəssislərinin buraxdığı raketlərdən heç biri hədəfə çatmayıb və hamısı boşa çıxıb. Raketlərlə hansısa hədəfi vurmaq istəyiblər, amma sapandla PUA-ların məhv ediblər".

Ekspert qeyd edib ki, öz PUA-nı məhv edən, eləcə də boşa çıxan üçüncü raket də öz səngərləri üzərində partladığından, mövqedə olan düşmən əsgərləri və Xocavənddəki erməni əhalisi böyük qorxu və təşviş içərisindədir.

Ehtiyatda olan polkovnik Kamal Hüseynov da Trend-ə açıqlamasında bildirib ki, ermənilər köhnəlmiş raketləri ilə öz PUA-sını vurublar. Düşmən tərəfinin "OSA” zenit raket kompleksindən istifadə etməsi, ondan buraxılan raketin heç bir hədəfə dəymədən boş əraziyə düşməsi ilə bağlı K.Hüseynov deyib ki, Ermənistanda olan bu tip texnika çoxdan köhnəlib və raketləri də artıq istismar müddətini başa vurub. O qeyd edib ki, erməni tərəfi hələ bir neçə il əvvəl bu modifikasiyadan olan raketlərin modernləşdirilməsinə cəhd göstərmişdi: "Lakin sonradan özlərinin də etiraf etdiklərinə görə, maliyyə problemləri ucbatından onlar bu planı həyata keçirə bilmədilər. Məndə olan məlumata görə, raketin birinin boş əraziyə düşməsi bir tərəfə, peşəkarlıq və bacarıq səviyyələri "həmişə yüksək olan” erməni hərbçiləri digər raketlə öz pilotsuz uçuş aparatlarını da məhv ediblər".