• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Ekspert: “Ələt azad iqtisadi zonası xarici investisiya və qeyri-neft ixracının artmasına səbəb olacaq”

17.03.18 22:04 1009
Ekspert: “Ələt azad iqtisadi zonası xarici investisiya və qeyri-neft ixracının artmasına səbəb olacaq”
"Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək”.

Bunu "APA-Economics”ə müsahibəsində iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsində öz əksini tapıb. İqtisadçı ekspert hesab edir ki, Ələt azad iqtisadi zonasının xüsusi status əsasında fəaliyyəti Azərbaycan iqtisadiyyatı və xarici investorlar üçün faydalı olacaq: "Ələt artıq terminal statusundan çıxaraq "Azad İqtisadi Zona” statusu qazanır. Bildiyiniz kimi, Ələt Azad İqtisadi zonasının yaradılması ilə bağlı qanun layihəsi hazırlanıb vəMilli Məclisdə iki oxunuşdan keçib. Nəticə etibari ilə sözügedən qanun Ələtə xüsusi status verir. Yəni, Ələt azad iqtisadi zonası xüsusi statusla, hasilatın pay bölgüsü statusuna bərabər statusla fəaliyyət göstərəcək. Bu statusun verilməsi xarici investisiyanın cəlb edilməsi baxımından vacibdir. Yeni güzəşt mexanizminin tətbiq olunması Ələt azad iqtisadi zonasına xarici investisiya cəlbini artıracaq. Burada artıq beynəlxalq hüquq normaları tətbiq ediləcək. Azərbaycanın öhdəliklərinin, eləcə də Ələt azad iqtisadi zonasında rezidentlərin öhdəliklərinin ayrıca qanunla müəyyənləşdirilməsi vacibdir. Təbii ki, bütün bunlar xarici investisiyanın cəlb edilməsinə imkan yaradacaq”.

V.Bayramov əlavə edib ki, hazırda Avropa Birliyi, eləcə də Körfəz ölkələrindən investisiyanın cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Ölkəyə yatırılan investisiyanın təxminən yarısının xarici investisiyalar olduğunu deyən iqtisadçı hesab edir ki, Ələt azad iqtisadi zonasının formalaşması yaxın illərdə birbaşa xarici investisiyanın əlavə olaraq 3 mlrd. dollar artmasına imkan verəcək.

V.Bayramov hesab edir ki, Ələtin yeni statusu həm də istehsalın təşviq edilməsinə zəmin yaradacaq: "Ələt azad iqtisadi zonası həm də istehsalın təşviq edilməsi baxımından mühüm rola malik olacaq. Çünki, həmin məhsulların, eləcə də xidmətlərin ixracından ölkəyə valyuta axını güclənəcək”.

Onun sözlərinə görə, strateji yol xəritəsində adambaşına düşən qeyri-neft ixracatının 450 dollara, bütovlükdə qeyri-neft ixracının 4,5 mlrd. dollara yaxın artırılması əsas hədəflərdəndir: "Azad iqtisadi zonanın yaradılması Ələtdə bugünkü 1,5 milyard dollarlıq qeyri-neft ixracının starteji yol xəritəsinə uyğun olaraq 3 dəfə artırılmasına imkan verəcək”.

Ələt azad iqtisadi zonasının yaradılmasının ölkədə məşğulluğun təmin edilməsi baxımından da kifayət qədər müsbət təsirləri olacaq. Ekspertin fikrincə, Ələtin xüsusi status əsasında fəaliyyəti faktiki olaraq yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Təbii ki, yeni status ölkədə yükdaşımaların da həcmini artıracaq: "Yükdaşımalar Azərbaycan iqtisadiyyatı üçün çox vacibdir. Azərbaycan üçün beynəlxalq yükdaşımalar qeyri-neft sektorunda əsas gəlir mənbələrindən biri kimi pronozlaşdırılır. Xüsusilə gələcəkdə strateji yol xəritəsinə uyğun olaraq beynəlxalq yükdaşımaların qeyri-neft sektorunda payının artırılması əsas hədəflərdən biridir. Bütövlükdə beynəlxalq yükdaşımalar sahəsində prosedurların sadələşdirilməsi, şəffaflığın gücləndirilməsi Azərbaycan üzərindən daşınan yüklərin artmasına gətirib çıxarıb. Eyni zamanda, Azərbaycan Gürcüstan və Qazaxıstan yükdaşıma ilə bağlı vahid tarifin tətbiqi ilə bağlı razılıq əldə edib. Ötən il Azərbaycan vasitəsi ilə daşınan qeyri-neft məhsulların həcmi 65% artıb. Bu isə o deməkdir ki, Azərbaycan artıq nəqliyyat və beynəlxalq yükdaşımalar baxımından HUB-a çevrilmək potensialına və imkanına sahibdir. Eyni zamanda, bu ilin yanvar ayında Ro-Ro terminalı istifadəyə verildi. Bu, artıq Ro-Ro gəmilərinin yalnız Azərbaycan və Türkmənistan arasında deyil, Azərbaycan və Qazaxıstan arasında da istifadə edilməsinə imkan verəcək ki, bu da Xəzər dənizi vasitəsi ilə Azərbaycan üzərindən daşınan yüklərin daşınma vaxtının azalmasına imkan verəcək. Bu isə xarici investorlar və yükdaşıma şirkətləri üçün kifayət qədər cəlbedicidir. Bu baxımdan Ələt strateji baxımdan Azərbaycanın qeyri-neft sektorunun inkişafında və iqtisadi diversifikasiyada xüsusi paya malikdir. İnfrastruktur baxımından imkanların genişləndirilməsi strateji baxımından Ələtin nöbəti illərdə iqtisadiyyata daha yaxından töhfə verəcəyindən xəbər verir”.

V.Bayramov vurğulayıb ki, Ələtin infrastrukturunun genişləndirilməsi yaxın illərdə Azərbaycan vasitəsi ilə yükdaşımanın həcmini 2 dəfəyə yaxın artıra bilər.

Qeyd edək ki, dünyada nüfuzlu "Forbes” jurnalı Ələti Yeni İpək Yolu üzərində yerləşən 5 ən mühüm məkandan biri kimi dəyərləndirib. Jurnal Ələti Yeni İpək Yolunun ən çox uğur əldə edə biləcək logistika və istehsal zonası adlandırıb.
banner

Oxşar Xəbərlər