• şənbə, 20 Aprel, 02:07
  • Baku Bakı 15°C

Ekspert: “Azərbaycan regionlarının inkişafında yeni mərhələ başlayıb”

30.01.18 18:30 768
Ekspert: “Azərbaycan regionlarının inkişafında yeni mərhələ başlayıb”
"Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları 14 ildir ki, icra olunur. 2004-cü ildə ilk proqram qəbul ediləndə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi və maliyyə imkanları məhdud idi. Həmin dövrdə regionların problemləri və regionların inkişafı ilə bağlı tələblər də fərqli idi”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidentiİlham Əliyevyanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədriVüqar Bayramovdeyib.

V. Bayramov bildirib ki, o dövrdə regionların əksəriyyəti kommunal xidmətlər də fasilələrlə alıb: "Amma ötən dövr ərzində dövlət proqramlarının icra olunması regionlarda infrastrukturun inkişafına imkan yaratdı. Ötən 14 illə bağlı diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, regionların inkişafı üzrə birinci mərhələnin yekunlaşdığını söyləmək olar. Bu, infrastrukturun formalaşması və inkişaf etməsini, o cümlədən nəqliyyat infrastrukturunun inkişaf etməsini əhatə edir. Ötən müddətdə xüsusən balanslı iqtisadiyyatın formalaşması üçün regionla Bakı arasında fərqin azalması müşahidə olundu. Bu fərqin aradan qaldırılması zaman tələb edir və mərhələli şəkildə Bakı ilə regionlar arasında fərqin aradan qaldırılmasına ehtiyac var. Əslində məqsəd də balanslı iqtisadi inkişafa nail olmaq idi”.
V. Bayramov hesab edir ki, növbəti mərhələdə son 14 ildə formalaşmış infrastrukturun daha çox dəyərə transfer edilməsi istiqamətində fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var: "İnfrastruktur formalaşdırılıb, bazara çıxış imkanları var, xarici investisiyaların cəlb edilməsi üçün imkanlar yaradılıb. Artıq regionların inkişafı özünü daha çox sərmayələrin, eləcə də özəl sektorun iştirakı hesabına yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin edilməsinə ünvanlanmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan prezidentinin rayonlara səfəri zamanı yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında qoyduğu əsas tapşırıqlardan biri xarici sərmayələrin cəlb edilməsi ilə bağlıdır. Mövcud infrastruktur xarici sərmayənin cəlb edilməsinə imkan yaradır. Bu istiqamətdə investisiya mühitinin daha da yaxşılaşdırılması və xarici investisiyaların cəlb edilməsinə ehtiyac var. Nəzərə alınmalıdır ki, artıq regionlarda özünüməşğulluq proqramları da tətbiq edilməyə başlanılıb, bu proqram dövlət büdcəsindən maliyyələşdirilir. Ünvanlı sosial yardım proqramının özünüməşğulluq proqramına transfer edilməsi də əsas səbəblərdən biridir. Bununla yanaşı, dövlət büdcəsinin dəstəyi ilə bərabər, qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi hesabına biznesin inkişaf etdirilməsi və yeni iş yerlərinin yaradılması vacibdir”.
Ekspert qeyd edib ki, bu baxımdan regionların inkişafı üçün yeni bir mərhələnin başladığını qeyd etmək olar: "Artıq məqsəd dövlət sərmayəsindən çox, yerli və xarici investisiyalar hesabına yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın inkişaf etdirilməsi, xüsusən regionlarla paytaxt arasında fərqin minimumlaşdırılmasından ibarətdir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul ediləcək dördüncü Dövlət Proqramında daha çox diqqət bölgələrdə dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə yönəldilməlidir. Dövlət tərəfindən 2014-cü ildən sonra kifayət qədər çoxsaylı təşviqedici fəaliyyətlər həyata keçirib. O cümlədən investisiya təşviqi sənədinin təsdiqlənməsini də qeyd etmək lazımdır. Bu kontekstdə regionlarda özəl sektorun daha da inkişaf etdirilməsi ilə bağlı imkanlar var. Artıq postneft dövrü regionlarda özəl sektor hesabına formalaşan iqtisadiyyata nail olmağı daha da aktuallaşdırır”.
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkiliHikmət BabaoğluAPA-ya açıqlamasında Azərbaycan iqtisadiyyatının hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyduğunu bildirib. H. Babaoğlu deyib ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezidentİlham Əliyev2004-2017-ci illərdə ölkəmizin sosial-iqtisadi inkişafının mühüm göstəricilərinə toxunaraq bu xüsusda regionların sosial-iqtisadi inkişafını xüsusi olaraq önə çəkib: "Hələ 2003-cü ildə prezident qeyd etmişdi ki, Azərbaycan təkcə Bakıdan və Abşeron yarımadasından ibarət deyil, Azərbaycanın bütün regionları inkişaf etməlidir. Doğrudan da, iqtisadiyyatın rəqabət qabiliyyətli olması və bütün milli resursların iqtisadi inkişafa cəlb edilməsi baxımından regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu gün milli iqtisadiyyatımızın hazırkı mərhələsində inkişaf göstəricilərinin təmin olunması prosesində heç şübhəsiz ki, regionların inkişafı ilə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarının da mühüm rolu olub. Regionların inkişafı və sosial-iqtisadi münasibətlərin regional xarakterə uyğun olaraq tənzimlənməsi bütövlükdə iqtisadiyyatımızı rəqabət qabiliyyətli etməklə bərabər, eyni zamanda, iqtisadi proporsionallığı da qoruyan mühüm faktor kimi çıxış edir. Ötən illər ərzində prezident ilk növbədə regionlarda həyata keçirilən sosial layihələri önə çəkməklə, Azərbaycanın sosial dövlət kimi öz öhdəliklərinə sadiq qaldığını bir daha diqqətə çatdırdı. Biz bilirik ki, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün var. Azərbaycan dövlətinin sosial siyasətinin ən mühüm prioriteti məhz onların iş və mənzillə təmin olunmasıdır ki, bu kontekstdə son 17 ildə görülən işlər mühüm tarixi hadisə kimi qiymətləndirilə bilər. Prezident qeyd etdi ki, bu günə qədər 265 min köçkünə ailəsinə yeni evlər verilib. 2018-ci ildə yenə 20 min köçkün ailəsi yeni evlərlə təmin ediləcək. Bu, Azərbaycanın sosial təminatı zəif olan təbəqəyə qarşı münasibətinin göstəricisi olmaqla bərabər, həm də qaçqın və məcburi köçkünlərin problemlərinin həllinin daima diqqətində olduğunu göstərir. Prezident qeyd etdi ki, ötən illər ərzində məşğulluğun təmin olunması ilə bağlı çox böyük işlər görülüb və ailə biznesinin inkişafı üçün xüsusi layihələr həyata keçirilib ki, bu da regionların iqtisadi inkişafa öz töhfəsini veribdir. Bu layihələr çərçivəsində "Ailə Biznesinə Asan Dəstək” – "ABAD” layihəsi kimi layihələr və bu layihələr çərçivəsində vətəndaşların şəxsi biznesini qurmaq üçün verilən kreditlər, həm məşğulluğun artırılmasına, həm də regionların inkişafına yeni töhfələr verib”.

Millət vəkili bütün regionların enerji ilə təchizatının həyata keçirilməsi, qazlaşdırma işlərinin aparılması, yolların çəkilməsi, kənd arası yolların inşa olunması və regionların iqtisadi xüsusiyyətlərinə görə müvafiq iqtisadi rayonlaşmanın aparılmasının da ötən illər ərzində görülən ən mühüm tədbirlər sırasında olduğunu nəzərə çatdırıb: "Biz bilirik ki, Azərbaycanda 18 iqtisadi rayon var və hər bir iqtisadi rayonun özünün iqtisadi xüsusiyyətləri var. Regional iqtisadiyyat qurulan yerli xüsusiyyətlər nəzərə alınmaqla ixtisaslaşma aparılmış bir növ və şaxələndirilmiş iqtisadiyyat siyasəti həyata keçirilib. Bu da iqtisadi rayonların əmək qüvvələri və istehsal münasibətlərinin mütənasibliyini təmin etməklə regionlardakı inkişafı daha sürətləndirib. Buna paralel olaraq istehsal olunan malların ixracının təmin olunması ilə bağlı xüsusi layihələr həyata keçirilir. Ayrı-ayrı iqtisadi rayonlar və istehsal olunan malların bazara çıxarılması ilə bağlı dövlət tərəfindən tədbirlər görülür. Əlbəttə ki, bütün bunlar görülən işlərin hamısı deyil. Belə ki, hazırkı mərhələdə 2017-ci ildə həyata keçirilən qlobal layihələr, o cümlədənBakı-Tbilisi-Qarsdəmir yolunun açılması yeni kommunikasiya və yeni nəqliyyat körpüsü yaratmaqla, həm də Azərbaycana yeni bazarlar qazandırmaqdadır. Ona görə də bu proses çərçivəsində həyata keçirilən tədbirlər də ölkəmizə həm əlavə yatırımlar cəlb edir, eyni zamanda, ölkə istehsalçılarının mallarını bazara çıxartması üçün onun daşınma xərclərini azaltmaqla rəqabət qabiliyyətliyini artırmış olur. Prezident qeyd etdi ki, ötən 14 il ərzində Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar həcmində sərmayə qoyulub. Bu rəqəm öz-özlüyündə Azərbaycanda necə mühüm və sabit sərmayə mühitinin olduğunu göstərir. Bu proses xarici və daxili investorları Azərbaycanın regionlarına cəlb edən əsas məsələlərdən biridir. Cənab prezident qeyd etdi ki, son 14 ildə Azərbaycanda 12 min 300 km yol, 443 körpü tikilib. Bu əlbəttə ki, Azərbaycanın inkişafını daha da sürətləndirməklə onu dayanıqlı və uzunmüddətli edəcəkdir. Bunların hamısının arxasında Azərbaycan prezidentinin regionların inkişafı ilə bağlı həyata keçirdiyi xüsusi proqram dayanır. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatı hazırda yeni regional iqtisadi mərkəzlərin yaradılması ilə növbəti keyfiyyət mərhələsinə qədəm qoyub. Görülən bütün bu işlər əslində Azərbaycanın hazırkı inkişaf mərhələsi üçün səciyyəvidir və bu işlərin davam etdirilməsi heç şübhəsiz ki, 2018-ci ildə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafını təmin etməklə bərabər, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaq”.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəriElxan ŞahinoğluisəAPA-ya açıqlamasında prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatına diqqət çəkib. E. Şahinoğlu deyib ki, dövlət başçısı hər zaman çıxışlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bəyan edir: "Dövlət başçısı vurğuladı ki, Azərbaycan heç bir zaman işğalla razılaşmayacaq, biz o torpaqlara qayıdacağıq. Bu, beynəlxalq aləmə, Ermənistana da bir mesajdır ki, Azərbaycanın iqtisadi potensialı artır, silahlanmaya daha çox vəsait ayırır. Bunlar hamısı onun üçündür ki, torpaqlarımızı azad edək, danışıqlar nəticə verməsə, bizim başqa vasitələrdən istifadə etmək imkanlarımız var. Dövlət başçısı bütün bunları həm Ermənistan ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çatdırır. Aprel savaşının nəticəsində Lələtəpəni azad etdik, Cocuq Mərcanlıda məskunlaşma siyasətini yekunlaşdırdıq. Bu, o deməkdir ki, gələcəkdə bu siyasəti Dağlıq Qarabağın işğaldan azad edilmiş digər yerlərində də davam etdirə bilərik. Dövlət başçısının əsas mesajı bundan ibarətdir”.

Azərbaycanın iştirakı ilə həyata keçirilən regional layihələrdən bəhs edən E. Şahinoğlu qeyd edib ki, dövlət başçısı çıxışlarında Ermənistanın regional layihələrdən kənarda qalmasına diqqət çəkir: "TAP,TANAP,Bakı-Tbilisi-Qarsdəmir yolu layihələrindən Ermənistan kənardadır və bu proses hələ də davam edəcək. Üstəgəl, Azərbaycanın bir çox ölkələrə yatırdığı investisiyalar var, Azərbaycanın dost ölkələrlə əlaqələri intensivləşir, sıxlaşır. Burada bir məqsəd Azərbaycan iqtisadiyyatının inkişafını sürətləndirmək, digər məqsəd isə bütün bu amillərdən Qarabağın azad olunmasında istifadə etməkdir. Birincisi, danışıqlarda nəticə yoxdur və inanmıram ki, yaxın müddətdəATƏT-in Minsk Qrupu bir plan ortaya qoya, yaxud böyük dövlətlər Ermənistanı mərhələli həll planına razılaşdıralar. Böyük ehtimalla, bir müddət bu, olmayacaq. İkincisi savaşdır ki, biz zaman-zaman öz gücümüzü işğalçıya göstərək. Amma bunun da müəyyən çətinlikləri var, böyük dövlətlərin təsirləri olur, bölgədə sabitlik istəyirlər. Amma bu, o demək deyil ki, Azərbaycan ordusunu gücləndirməməli, yeni hərbi texnika almamalıdır. Yeri gəldikcə dövlət başçısı çıxışlarında müxtəlif dövlətlərdən, o cümlədən Rusiyadan modern silahların alınmasının davam edəcəyini bəyan edir. Bu yaxınlarda o silahların bir hissəsi Azərbaycana gətirildi, həmin silahların şəkilləri yayıldı. Həmin şəkillər Ermənistanda böyük narahatlıq yaradıb. Başqa sözlə, Azərbaycan Ermənistanın strateji müttəfiqi olan dövlətdən belə istədiyi qədər silah və texnika alır, bu silah və texnikadan da işğalçıya qarşı hər zaman istifadə edə bilər. Bu hüququ kimsə bizim əlimizdən ala bilməz”




banner

Oxşar Xəbərlər