AZE | RUS | ENG |

Ekspert: Azərbaycan Prezidentinin verdiyi mesaj əslində ikili standartlarla işləyənlərə ittiham kimi səsləndi

Ekspert: Azərbaycan Prezidentinin verdiyi mesaj əslində ikili standartlarla işləyənlərə ittiham kimi səsləndi
Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı verdiyi mesaj əslində ikili standartlarla işləyənlərə ittiham kimi səsləndi.

Bu barədə Trend-də açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin Milli Məclisdə dünya ölkələrinin parlament rəhbərləri ilə görüşünün bir neçə aspektdən diqqət çəkən məqamları var: "Cənab Prezidentin deputatlarla tez-tez görüşüb onların qarşısında çıxış etməsi ölkənin müxtəlif hakimiyyət qurumları arasında münasibətlərin konstitusion tənzimləmə mexanizmlərinə uyğun olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Belə görüş və müzakirələr xarici dövlət rəsmilərinin iştirakı ilə keçəndə isə onun effekti daha da artır. Dövlət başçısı təsadüfən demədi ki, parlamentimizdə müxtəlif baxışlara malik partiyaların nümayəndələri olsa da, dövlətçilik məsələsində vahid vətənpərvərlik mövqeyindən çıxış edirlər. Əcnəbi rəsmilər Azərbaycanın dövlət idarəçiliyində Milli Məclisin xüsusi rola və missiyaya malik olduğunu əyani gördülər. Yüz il ərzində Azərbaycanın demokratiya yolu ilə haradan hara gəlib çıxdığını təhlil etmək indi onlar üçün daha asan olacaq".

O vurğulayıb ki, cənab Prezidentin geniş çıxışının xarici rəsmilər üçün bir neçə istiqamətdə analitik-informasiya mənbəyi olacağına şübhə yoxdur:

"İlk növbədə onu demək lazımdır ki, dünya ölkələrinin parlament nümayəndələri müstəqillik illərində Azərbaycanın siyasi tarixi və bugünkü vəziyyəti barədə yeni bilgilər əldə etdilər. Bu bilgilər onların Azərbaycanla sonrakı münasibətlərin oriyentasiyasını daha düzgün müəyyənləşdirməsinə çox təsir edəcək. Azərbaycanın regional ve beynəlxalq sülh işinə praktik töhfələri cənab Prezidentin məruzəsində geniş təqdim olundu. Deyilənlərin həmin iclasdakı bir çox xarici nümayəndələr üçün tam yeni materiallar olduğuna şübhə yoxdur. Az-çox obyektivliyi olan istənilən xarici dövlət rəsmisi bu çıxışdan sonra tam əmin olacaq ki, dünyada heç bir dövlətin neft strategiyası Azərbaycanınkı qədər geniş nəticələr doğurmayıb və beynəlxalq təhlükəsizlik işinə bu qədər töhfələr verməyib. Azərbaycanın neft strategiyası bütün Avrasiya boyunca saysız ticarət, nəqliyyat, lgqistika layihələri və çoxtərəfli əməkdaşlıq formatlarının yaranmasına səbəb oldugu halda, bu sözləri başqa heç bir ölkənin neft strategiyası barədə demək olmaz. Azərbaycan Ermənistandan başqa, bütün yaxın ölkələri bu layihələrə cəlb edə bilib".

Ekspert bildirib ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ probleminin həlli yolları barədə təqdim etdiyi, belə demək mümkünsə, sadə reseptin əhəmiyyətlərini xüsusi qeyd etməyə ehtiyac var:

"Bəzi beynəlxalq dairələrə mürəkkəb görünən həll yolunun çox sadə olduğunu cənab Prezident xaricilərə belə izah etdi: erməni qoşunları bizim torpaqlardan çıxmalıdır. Prezidentin böyük qətiyyətlə dediyi "Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq" fikrini xaricilər heç vaxt unutmayacaq və bunu belə qavrayacaqlar ki, Azərbaycan istənilən an ərazi bütövlüyünü hətta hərbi yolla bərpa etməyə tam hazırdır. Əcnəbi parlament rəsmilərinin Prezident Əliyevin Ermənistan hakimiyyətinin siyasi mahiyyəti barədə söylədiklərini dərin təhlil edəcəklərinə də şübhə yoxdur. Cənab Prezident indiki Ermənistan hakimiyyətinin tək Azərbaycan üçün yox, bütün regionda sülh və rifah üçün təhdid mənbəyi olduğunu faktlarla izah etdi. Bütün dünyaya aydın bir mesaj verdi ki, bir çox dövlətlər üçün problemlər mənbəyinə çevrilmiş Ermənistanın qarşısında biz tək dayanmışıq. Təkcə bu məqam Azərbaycanın hərbi-siyasi müttəfiqlərinin sayca artacağını deməyə əsaslar yaradır".

Baş redaktor əlavə edib ki, Azərbaycan Prezidentinin parlament rəhbərləri qarşısında ən önəmli mesajlarından biri Ermənistanda indiyə qədərki proseslərə dünyanın prinsipsiz münasibəti ilə bağlı oldu: "Bəzi beynəlxalq dairələrin yumşaq qarşıladığı bir hakimiyyətin məhz öz ölkəsində xunta və seçki saxtakarı elan olunması barədə Azərbaycan Prezidentinin mesajı əslində ikili standartlarla işləyənlərə ittiham kimi səsləndi. Bu gün Paşinyanın cinayətkar kimi təqib etdirdiyi şəxslərin rəhbər vəzifələrə seçilməsini bir vaxtlar "demokratik" adlandıran dünya rəsmilərinin hansı ağır məsuliyyət daşıdığını Prezident İlham Əliyevin bu çıxışı əyani şəkildə sübuta yetirdi".




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9349
GEL 1 1 Gürcüstan larisi 0.6381
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1519
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1879
CHF 1 1 İsveçrə frankı 1.7131
KWD 1 1 Küveyt dinarı 5.5916
TRY 1 1 Türkiyə lirəsi 0.3187