AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«Əkrəm prezident haqda elə sözlər işlədib ki…»

«Əkrəm prezident haqda elə sözlər işlədib ki…»

Təfsilat
07 Fevral 2013, 14:42 2269
“Əkrəm son zamanlar üzə çıxardığı üç romandan biri olan “Möhtəşəm tıxac”da prezident haqda elə sözlər işlədib ki, oxuyanda dəhşətə gəlirsən”. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca fevralın 7-də “Media forum” saytına belə deyib.

Fikrət Qoca qeyd edib ki, həm “Xalq yazıçısı”, həm də prezident təqaüdü prezidentin imzası ilə verilir, yazıçını-şairi bu ada dövlət başçısı layiq görür: “Fəxri adı, təqaüdü verəndə imtina edəydi, deyəydi ki, siz belə adamsınız, sizin verdiyiniz adı istəmirəm. Xoşun gəlməyən adamdan niyə ad, təqaüd alırdın? Elə onda imtina edəydin də. “Möhtəşəm tıxac”da prezident haqda yazdıqlarını heç cür həzm edə bilmirəm. Elə fikirlər yazmaq insana yaraşan hal deyil”.

Yazıçılar Birliyinin katibi deyib ki, “Xalq yazıçısı” və “Xalq şairi” titulu təsis olunduğu vaxtdan ilk dəfədir kimsə bu fəxri addan məhrum edilir: “Amma indiyədək heç belə yazı da olmayıb. Prezidentin Əkrəmlə bağlı sərəncamı onun yazılarına, hərəkətlərinə adekvatdır. İndi Əkrəm deyəcək ki, hakimiyyəti tənqid etdiyi üçün belə bir qərar verilib. Amma bu məsələ nədən başladı? Əkrəm “Daş yuxular” əsəri ilə erməniləri müdafiə edib. Məsələ yalnız erməniləri müdafiə etməkdə deyil. Əsaslandırmaq istəyir ki, biz axmaq bir millətik, qaniçənik, qulduruq. Bunu guya bizim millətin övladı olan adam deyib. Əgər bunu bir tribunadan desəydi, fikirləşərdin ki, insandır, əsəbiləşib, küyə gedib. Bunların heç biri deyil, oturub bunu götür-qoy edib, söz-söz yazıb. Deməli, bu, Əkrəmin əqidəsidir, düşüncə tərzidir. İnsana təsir edən budur.

Əkrəm yazdığı bu əsərlə “Xalq yazıçısı” adını daşımağa haqqını həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən itirmişdi”.