AZE | RUS | ENG |

Əkrəm Əylisliyə akademik cavab müsahibə

Əkrəm Əylisliyə akademik cavab  müsahibə
Akademik İsmayıl Hacıyev: “Əkrəm Əylisli “Daş yuxular” əsəri ilə erməni yuxularını çin olmağa həvəsləndirir”

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap olunan “Daş yuxular” əsəri, bu əsərdə ermənilərin azərbaycanlıların zülmünə məruz qalan tərəf kimi təsvir edilməsi, Naxçıvan Muxtar Respublikasında erməni izi, burada ermənilərin törətdiyi qətliamlar, Ordubad rayonu Əylis kəndinin tarixi, bu yaşayış məntəqəsində erməni kilsələrinin olması ehtimalı və sairlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik, millət vəkili İsmayıl Hacıyev cavablandırır.

-İsmayıl müəllim, istərdim əvvəlcə “Daş yuxular” romanı barədə təəssüratlarınızı öyrənəm.
- Bir neçə gün əvvəl Bakıdan deputat həmkarlarımdan biri mənə zəng edərək belə bir əsərin yazılması barədə məlumat verdi. Düzü, əvvəl bir qədər şübhə ilə yanaşdım. Elektron ünvanıma Ə.Əylislinin “Daş yuxular” əsəri göndərildi. Bununla tanış olandan sonra özümə yer tapa bilmədim. Heç cür inanmağım gəlmədi. Axı, necə ola bilər ki, Xalq yazıçısı olasan, ən yüksək təltiflərə layiq görüləsən, özün bu millətin nümayəndəsi olasan, ancaq xalqımızın ünvanına layiq olmayan sözlər və fikirlər söyləyəsən? Bu yaşda, indiyə qədər belə bir vəziyyətlə qarşılaşmamışıq. İnsan səhv edə bilər. Amma, bu onun özünə aid ola bilər. Bir də var ki, sən bütün xalqı aşağılayasan. Axı xalqı aşağılayanın özü də həmin xalqın nümayəndəsidir. Bax, bu, başadüşülən deyil. Xalqımızın ünvanına söylədiyin nə varsa, bu həm də sənin özünə aiddir. Atalarımızın çox gözəl bir fikri var: İnsan su içdiyi quyuya tüpürməz. Əkrəm Əylisli nəinki quyuya tüpürür, həm də onu murdarlayır. Bu isə adi vətəndaşa da, ziyalıya da, xüsusilə də bədii əsər yazan yazıçıya yaraşan keyfiyyət deyil. “Daş yuxular” əsəri ilə guya müəllif xalqlar arasında münasibətləri normallaşdırmaq istəyindədir. Bu, inanılası deyil. Xalqlar arasında dostluq öz xalqının təhqir edilməsi hesabına olmamalıdır. Qaş düzəldilən yerdə, göz çıxarılmamalıdır. Əkrəm Əylislinin bədii cəhətdən bu zəif əsəri onun əcdadlarının kimliyinə də kölgə salır. Bu əsər siyasi oyunlar oyunçusu təsiri bağışlayır. Roman yazıçının səhv təxəyyülünün məhsuludur, obyektiv gerçəkliyi əks etdirmir. Əsərdə Əkrəm Əylislinin bitərəf mövqe tutması, qərəzli münasibəti, faktları təhrif etməsi, azərbaycanlıları qəddar, başkəsən, qaniçən, mədəniyyətsiz kimi təqdim etməsi, əvəzində isə ermənilərin müdafiə olunması, obrazların dili ilə, yaxud dolayısı ilə ermənilərin azərbaycanlılardan üstün keyfiyyətlərə malik göstərilməsi yolverilməzdir. Romanda erməni tiplərinə yazıçının müsbət münasibət bəsləməsi açıq-aşkar hiss olunur. Əkrəm Əylisli əsərinin əvvəlində qeyd edir ki, mən bu əsəri dünyadan dərdli köçmüş həmyerlilərimə, yəni ermənilərə ithaf edirəm. Əsərin yekununda isə göstərir ki, əgər hər bir öldürülən erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı ayın işığından da parlaq olardı. Əslində yazıçının bu fikirləri onun məqsəd və məramını çox aşkar göstərir. “Daş yuxular” əsərinin altında Əkrəm Əylislinin yox, hər hansı bir erməni yazıçının adı yazılsaydı nə dəyişərdi?! O, bu romanı ilə erməni daşnaklarına xidmət etdi, azərbaycanlıların isə nifrətini qazandı.

- Əsərdə Ordubad rayonunun Əylis kəndinin tarixindən də söhbət açılır. Bir tarixçi alim kimi Siz həmin kənd yaşayış məntəqəsi ilə bağlı söylənilənləri nə dərəcədə düzgün sayırsınız?
- Əkrəm Əylisli Naibov soyadını doğulduğu kəndin şərəfinə Əylisli ilə əvəz etmişdi. Əylis kəndinin adını ləkələyən yazıçı necə Əylisli soyadını daşıya bilər? Azərbaycan ədəbiyyatının adına ləkə olan “Daş yuxular” romanını da müəllif bu imza ilə çap etdirib. Əkrəm Əylisli Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olub. “Naxçıvan ensiklopediyası”nda orta əsr yaşayış məntəqəsi olan Əylis haqqında bu cür məlumat verilir ki, Əylis kəndi eyni adlı çayın hər iki sahilində, dağlar qoynunda yerləşirdi. XVI-XVII əsrlərdə sənətkarlıq və ticarət mərkəzi kimi Şərqin və Qərbin bir çox ölkəsində tanınmışdı. Əylis tacirləri Avropa ölkələri ilə ipək ticarəti edirdilər. XVII-XVIII əsrlərdə Əylis Səfəvi-Osmanlı müharibələri nəticəsində dağılıb, 1752- ci ildən sonra kiçik kəndə çevrilib. XIX əsrdə yenidən dirçəlib. Həmin əsrin 60-cı illərində burada 50 dəzgahdan ibarət ilk ipək sarıma fabriki fəaliyyət göstərib. Əylis vaxtilə bir neçə məhəllədən – Xanlar, Meydan, Aşağı və sair məhəllələrdən ibarət olub. “Əylis” sözü isə “əylənc, düşərgə, yaşayış yeri” mənasını verir ki, bu da əylənmək, kök salmaq, məskunlaşmaq mənalı feldən yaranıb. Əylis kəndini Azərbaycan türkləri yaradıb və burada məskunlaşıblar. Sonrakı dövrlərdə buraya ermənilər də gəlib və yaşayıblar. Ermənilər Əylis adını Akulis kimi işlətmələrinə baxmayaraq, buranı erməni kəndi adlandırmaq olmaz. Bütün bunlara baxmayaraq, Əkrəm Əylislinin adı çəkilən romanında bir sıra tarixi faktlar təhrif edilib. Əylislə bağlı əsərdə belə qeydlər var: “Əylis Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi də bir dağın arxasında”. “Mesrop Maştos erməni əlifbasını Əylisdə yaradıb, Roffi Əylisdə dərs deyib” və sair. Əkrəm Əylisli az qalır ki, erməni millətinin Əylisdə yarandığını söyləsin. Müəllifin özünün də qeyd etdiyi kimi, bunlar, eləcə də bütövlükdə bütün roman yazıçı təxəyyülünün məhsuludur. Lakin etiraf etməliyik ki, bunlar arzu edilən xülyaların, xəstə təxəyyülün məhsulu kimi yazıçının yaratdığı tiplərin, obrazların dili ilə uydurulur. Bunların reallıqla heç bir əlaqəsi yoxdur.

- Doğrudanmı bu kənddə ermənilər üstünlük təşkil edib, çoxsaylı kilsələr olub?
- İlk növbədə tarixə müraciət edək. Ermənilər tarixdə hay adı ilə məlumdur. İ.Dyakonovun sözləri ilə desək, haylar heç vaxt özlərinə “erməni” deməyiblər. Hayların əsl vətəni Balkan yarımadasıdır. Erməni adı Arminiya coğrafi ərazisində yaşaması ilə əlaqədar yunanlar tərəfindən onlara verilən addır. Ermənilər Rusiya hüdudlarından, Qafqazdan kənarda yaşayıblar. XV əsrin ortalarında Cənubi Qafqaza, eləcə də Azərbaycan ərazilərinə kəsbkarlıq üçün ikibir, üçbir gəliblər. Rəvanqulu xanın Şah İsmayıl Xətaiyə yazdığı məktub da bu dediklərimizi təsdiq edir. Həmin məktubda qeyd olunur ki, “son illər əhalinin bir qismi, yəni Bəynənnəhreyndən Van gölü sahillərinə, oradan da beş-beş, on-on Qafa, bizim torpaqlara gələn ermənilər kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Ağkilsə (Eçmiədzin) kəndində əyləşən ermənilərin katolikosu erməni dini mərkəzinin vəqf sərmayəsi hesabına öz soydaşlarının türk kəndləri kənarında iki-üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir. Beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürü yaradılır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hay qız-gəlinləri türk dəliqanlı cavanlarına sırınmağa can atır, oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışır, siyasətdə sakit təcavüz adlanan cinayətlər törədirlər. Qarışıq nikahların vüsəti məni qorxudur, şahım. Mənə səlahiyyət ver, cəmi on beş min gəlməni mövsümi işçilər kimi qisim-qisim qaytarım vətənin dışarına.
Sənin qulun Rəvan xan”.


Göründüyü kimi, XV əsrin ortalarında işləmək üçün İrəvana, Naxçıvana və başqa Azərbaycan ərazilərinə gələn ermənilər, XIX əsrin 30-cu illərindən buralara kütləvi köçürülüblər. Güney Azərbaycanın Təbriz, Marağa, Xoy, Maku, Salmas və sair bölgələrindən 10652 nəfər erməni Naxçıvan əyalətində, 1340 nəfər isə Ordubad dairəsində yerləşdirildi. Tarixi mənbələr Ordubad dairəsinin 11 kəndində - Əylisdə 37, Aza, Dar, Dizə, Dırnıs və başqa kəndlərdə 182 erməni ailəsinin yerləşdirilməsini göstərir. Beləliklə, bir sıra kəndlərdə azərbaycanlılarla ermənilər qarışıq, bəziləri isə xalis ermənilərin yaşadığı kəndə çevrildilər. Əylisə gəldikdə isə burada əhali qarışıq yaşayıb. “Çoxsaylı kilsələr olub”, - fikri şişirdilib. Yüz illərlə davam edən Səfəvi-Osmanlı müharibələri Naxçıvana xeyli zərər yetirib, qalalar, karvansaraylar, məscidlər və başqa tikililər dağıdılıb. Kilsənin də dağılması məqsədli yox, həmin müharibələr zamanı baş verib. Əkrəm Əylislinin əsərində Əylisdəki kilsələrlə Eçmiədzindəki kilsələr arasında müqayisələr də aparılır. Ən təhrif olunmuş məsələlərdən biri də bu ərazilərin, yəni Əylisin, bütövlükdə Naxçıvanın ermənilərə məxsus olduğu iddiasının dolayısı ilə ortaya qoyulmasıdır. Yüz illərdir ki, ermənilər Naxçıvan iddiası ilə yanıb alışırlar, onu “böyük Ermənistanın” tərkib hissəsi kimi, nəinki “daş yuxularda”, hətta “real yuxularda” da görürlər. Əkrəm Əylisli bu əsəri ilə erməni yuxularını çin olmağa həvəsləndirir. Bununla, Əkrəm Əylisli nə qazanacaq?! Bax bu, məlum deyil. Bir şey məlumdur ki, Əkrəm Əylislinin erməni təəssübkeşliyi, erməni sevgisi hər şeyi üstələyir.

- İddialardan biri də budur ki, guya türklər tərəfindən Əylisdə ermənilər kütləvi şəkildə öldürülüb. Əslində reallıq necədir? Əylisdə, ümumilikdə Naxçıvanda ermənilərin kütləvi məhv edilməsi ilə bağlı hər hansı fakt varmı?
- Əkrəm Əylisli əsərdə bununla da bağlı çox böyük bir saxtakarlığa yol verib, erməni cəlladlarının etdiklərini azərbaycanlıların adına yazmağa çalışıb. Romanda türk ordusunun zabiti Atif bəy tərəfindən Əylis ermənilərinin öldürülməsi təsvir olunur. Romanda belə bir hissə var: “Öldürülən ermənilərin evləri azərbaycanlılar tərəfindən qəsb edildiyindəndir ki, onların uşaqları bədbəxt hadisələrlə üzləşirlər. Məzlum erməni xalqının ruhu azərbaycanlıları rahat buraxmır, onlar ruhi xəstəliyə tutulurlar”. Yazıçı doğma həmkəndlilərini qaniçən, zalım, ermənilərə qarşı qəddar kimi təqdim edir, azərbaycanlıları gözdən salmaq üçün müxtəlif ayamalar da işlədir. Yenə də həmin əsərə müraciət edək. Orada deyilir ki, Resmiş Qulunun babası çaqqal Abdulla 1919-cu ildə daşyonan Minası və onun arvad-uşağını balta ilə doğrayır, qəssab Məmmədağa küçədə keşiş Mkırtıçın qızının qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin oğlu zəhmətkeş Arakeli əkin sahəsində öldürür, onun arvadı Esxi isə havalanıb özünü qayadan atır. Romanda “qəddar” türklərlə “məzlum” ermənilər qarşılaşdırılır, iki erməni qadını olan Aniko və Hayqanuş xeyirxah, bacarıqlı, səliqəli, humanist müsbət qəhrəmanlar kimi önə çəkilir. Budurmu Əkrəm Əylislinin azərbaycanlılara və ermənilərə bəslədiyi münasibət? Halbuki, 1918-1920-ci illərdə Naxçıvanda baş verən hadisələr haqqında kifayət qədər obyektiv tədqiqatlar aparılıb, sənəd və materiallar aşkar edilib. 1918-ci ilin may ayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin özünün düşdüyü çətin vəziyyət imkan verməyib ki, Naxçıvana istənilən köməklik göstərilsin. Həmin dövrdə Naxçıvan şəhərinin ətraf kəndlərində, Culfa, Şahbuz, Ordubad rayonlarının bir sıra kəndlərində ermənilər yaşayırdılar. Andronik Ozanyanın Naxçıvana hücumları ilə bağlı yerli ermənilər də azərbaycanlılara qarşı vəhşi hərəkətlərə yol verdilər. Ermənilər azərbaycanlı əhalini öldürür, kəndləri yandırır, dağıdır və buradan onları çıxarmağa, qovmağa çalışırdılar. Əkrəm Əylislidən soruşmaq lazımdır ki, nə əcəb Yaycı faciəsini romana gətirməyib, ondan bəhs etməyib? Naxçıvanın ən böyük kəndlərindən olan Yaycıda Andronik Ozanyan və onun cəlladları 3 mindən çox yaycılını qılıncdan keçirib, Gilançay və Əlincəçay vadilərində 40-dan çox müsəlman kəndini viran edib, dağıdıblar. Bu kəndlərin əhalisini isə müxtəlif vəhşi üsullarla qətlə yetiriblər. Əsl gerçəklikdə Naxçıvana gələn türk qoşunları naxçıvanlıları bu qətliamlardan qurtarıblar. Bununla belə, tarixi qaynaqlara görə, 1918-1920-ci illərdə erməni cəlladları Naxçıvanda 73.727 nəfəri qanına qəltan ediblər. Hətta bu sahədə erməniləri Rusiya, İngiltərə və ABŞ dövlətlərinin müdafiə etdiyi də məlumdur. Bundan başqa, yəqin ki, Əkrəm Əylisli öz həmyerlisi, böyük yazıçı Məmməd Səid Ordubadinin “Qanlı illər” əsəri ilə tanışdır. Tanışdırsa, burada həmin illərin obyektiv tarixi verilib. Məmməd Səid Ordubadi müxbir məktubları, sənədlər, dövrü mətbuat materialları, rəsmi protokol və stenoqramlar əsasında Qafqazda baş vermiş erməni-müsəlman davasının tarixinin obyektiv mənzərəsini yaradıb. Erməni qaniçənlərinin İrəvanda, Tiflisdə, Bakıda, Şuşada, Naxçıvanda, Gəncədə, Qazaxda, Cəbrayılda, Qaryagində, Cavanşirdə, Zəngəzurda və başqa yerlərdə törətdikləri vəhşilikləri ustalıqla qələmə alıb. Çox qəribədir ki, Əkrəm Əylisli bunları görməzlikdən gəlib, ermənilərin azərbaycanlıları kütləvi məhv etmələrini yazıçı təxəyyülünün köməyi ilə dəyişdirib azərbaycanlıların ayağına yazır.

- Sizcə, xalq yazıçısını belə bir roman yazmağa nə təhrik edib? Onun öz xalqına qarşı belə mövqe sərgiləməsinə səbəb nədir?
- “Daş yuxular” əsəri ilə Əkrəm Əylisli çox böyük səhvə yol verib, haqlı olaraq xalqımızın qınaq obyektinə çevrilib. Respublika ziyalılarının, sənət adamlarının, ictimaiyyət nümayəndələrinin çıxışlarını, müsahibələrini dinləyərkən, yazılarını oxuyarkən çoxlu səbəblər söyləndiyi məlum olur. Lakin hələlik heç kim dəqiq və aydın cavab verə bilmir ki, onu belə bir roman yazmağa nə vadar edib? Fikrimcə, bu, ilk növbədə Əkrəm Əylislinin fərdi keyfiyyətlərindən, xarakter əlamətlərindən irəli gəlir. Baxmayaraq ki, Azərbaycan dövləti ona qabiliyyətindən artıq qiymət verib, o, xarakter etibarı ilə cəmiyyətdən, dövlətdən xalqdan, ətrafındakılardan, doğma həmkəndlilərindən, keçmiş seçicilərindən, bir sözlə hamıdan narazıdır. Əkrəm Əylisli özündən müştəbehdir, özünü dahi yazıçı hesab edir. O, bəzən nə etdiyini bilməyən eqoist insandır. Heç kəsi bəyənməyən tipdir. Belə tiplərdən isə hər şey gözlənilə bilər. Çox güman ki, yaratdığı tiplərin çoxu öz prototipidir. Bütün bunlar xalq yazıçısına yaraşmasa da, Əkrəm Əylisliyə yaraşır.

Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973