Ekoturizmi inkişaf etdirəcək ekosistemin bərpası
Ekspertlər hesab edirlər ki, Hacıqabul gölünün bərpası
ətraf ərazilərdə həm iqtisadi, həm sosial aktivliyi artıracaq
Bir
vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi ad çıxaran Hacıqabul gölünün
bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib. Bunu Trend-ə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin
tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. Onun sözlərinə
görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü
kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə
antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində
fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,
Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, "Azərsu”, "Meliorasiya və Su
Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət işçi qrup
yaradılıb. İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat
işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər
araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib.
Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin
yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı
hazırlanıb. M.Əbdülhəsənov əlavə edib ki, tədbirlər planında Hacıqabul gölü və
onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi, Şirvan və Hacıqabul
şəhərlərində formalaşan tullantı sularının idarə olunması, onların gölə axıdılmasının
qarşısının alınması, ərazidəki neft quyularının ekoloji cəhətdən təhlükəsiz
vəziyyətə gətirilməsi, gölətrafı drenaj sisteminin yaradılması, Kür çayından
gölə su vurulması, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı
ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, gölün
sanitar-mühafizə zonasında yaşıllıqların salınması və s. məsələlər öz əksini
tapıb. Şöbə müdiri onu da bildirib ki, gölün bərpası üçün Kür çayının və Şirvan
kanalının suyundan istifadə edilməsi məsələsi gündəmdədir: "Həmin əraziyə
"Meliorasiya və Su Təsərrüfatı” ASC su kanalı çəkir və bu kanalın son
nöqtəsinin Hacıqabul gölü olması nəzərdə tutulur. Gələcəkdə göldən kiçik su
tutarı kimi də istifadə edilməsi imkanları yarana bilər”.
Su
ehtiyatlarının ətraf mühitin bir hissəsi olduğunu vurğulayan şöbə müdiri
onların mühafizəsinin olduqca vacib olduğunu da nəzərə çatdırıb: "Su mənbələri
nə qədər az çirklənərsə, bu, təbiətimiz üçün bir o qədər xeyirli olar.
Azərbaycan azsulu ölkədir, suyun hər damlasının qədri bilinməli və qənaətlə
istifadə olunmalıdır”.
Qeyd edək
ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. XV əsrdə Şah
Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində
karvansara tikdirmişdi. Həmin dövrdə şərq ölkələrinə gedən tacirlər Böyük İpək
Yolunun keçdiyi bu ərazidən istifadə edirdilər. Gölün, köçəri və nadir quşların
miqrasiyası, bataqlıqda yaşayan su quşları, o cümlədən nəsli kəsilməkdə olan
quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malik olması, bu ərazinin
vaxtilə istirahət məkanı olmasına şərait yaratmışdı. Sovetlər dönəmində bu
gölün sahilində, həmçinin balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub. Hacıqabul
gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq)
sahələrinə aid edilir.
Maraqlıdır,
gölün yenidən bərpa edilməsi ekosistemə, ümumiyyətlə, turizm sahəsinə hansı
töhfəni verəcək?
Turizm üzrə ekspert Ceyhun Aşurov Hacıqabul
gölünün turizmdəki proseslərə rəng qatacağını deyir: "Hacıqabul gölünün bərpası
ilə bağlı qərar, təbii ki, çox əhəmiyyətlidir. Ümumiyyətlə, bu cür ekoloji
turizm məhsullarımız, yəni göllərin, çayların ətrafındakı ekosistem yerlərin
rəngarəngliyi, fərqliliyi, alternativlərin çox olması turistlər üçün yaxşı bir
haldır. Təkcə xarici turistlər üçün deyil, eyni zamanda ölkə daxilində olan
turistlər üçün də belə yerlər maraq kəsb edəcək. Təbii ki, bunların gələcəkdə
marşruta salınması həm məktəblilərin, həm tələbələrin, həm daxili turistlərin
həmin yerləri ziyarət edərək, oradakı fauna, flora ilə yaxından tanışlığına
imkan yaradacaq. Hacıqabul gölündə sovet dövründə də həm balıqçılıqla, həm də avar
çəkməklə bağlı müəyyən dərs saatları olub. Gölün bərpası orada həm iqtisadi, həm
sosial aktivliyi artıracaq. Bu kimi addımların atılması, təbii ki, çox müsbət
haldır. Mən inanıram ki, öz gözəlliyi ilə Hacıqabul gölü də turizmdəki
proseslərə rəng qatacaq. Bu və bu kimi digər yerlərin də bərpa olunması, eyni
zamanda ətraf mühitin qorunması turistlər üçün yaxşı bir töhfə olacaq”.
AzərbaycanTurizmAssosiasiyası
sədrinin müşaviri
Müzəffər Ağakərimov sözlərinə görə, bərpada sonra
məkanın təbliğat işi yaxşı aparılmalıdır ki, turist cəlb edilsin: "Son dönəmlər
dünyada turizm növləri arasında ekoturizmə maraq günü-gündən artır. Bu turizm
növünün fəaliyyətinin ölkəmizdə də genişləndirilməsi olduqca təqdirəlayiq
haldır. Hazırda "Göy Göl” ailəvi istirahət mərkəzi ekoturizm nümunəsi kimi
turistlərin diqqətini cəlb edir. Bu cür gölətrafı turizm obyektlərini artırmaq
bizim üçün iqtisadi baxımdan çox önəmlidir. Hacıqabul gölünün yenidən bərpa
edilməsi bu istiqamətdə atılan ən gözəl addımdır. Göl yenidən bərpa edilib,
təbliğat və təşviqat içi yaxşı aparılarsa, nəinki ölkəmizdə daxili turizmin
inkişafında böyük rol oynayacaq, eyni zamanda Avropa, xüsusilə də MDB
ölkələrinin bura gəliş-gedişi sıxlaşdıracaq. Qeyd edim ki, Avropa turistləri
yaşıl-kənd, ekoturizmə çox böyük maraq göstərir. Ona görə, yaxşı olar ki, bərpa
işləri başa çatdıqdan sonra turizm şirkətləri ora tur təşkil etməkdə, həmin
məkanın təbliğatını aparmaqda fəal olsunlar”.
M.Ağakərimov
həmin əraziyə başqa ölkələrdən quşların və ağacların da gətirilməsindən
danışdı: "Dənizkənarı bulvarın tarixinə nəzər yetirsək, görərik ki, biz torpağı
və bitkilərin böyük əksəriyyətini xaricdən gətirmişdik. Bakı milyonçusu Murtuza
Muxtarov Mərdəkandakı parkı yaradan ağacları, bitkiləri qonşu ölkələrdən
gətirtmişdi. Bu təcrübədən çıxış edərək Hacıqabul gölü bərpa edildikdən sonra
ora müxtəlif növ quş, ağac növləri gətirə bilərik. Bu da ilk növbədə
turistlərin marağına səbəb olacaq”.
Günel
Azadə