• cümə axşamı, 25 aprel, 03:06
  • Baku Bakı 19°C

Ekoturizm, yoxsa Sabiha nənənin ətirli təndir çörəyi?

15.02.18 14:00 1811
Ekoturizm, yoxsa Sabiha nənənin ətirli təndir çörəyi?
Turizm dedikdə insanın xəyalında uzaq bir ölkə, otel, musiqi, təbiət qoynu, səfalı yerlər canlanır. Ancaq şahidinə çevrildiyim turizmə bizim dildə ekoturizm deyirmişlər. Əslində mən turizmin bu növü barədə elə yazımı yazmağa başlayarkən məlumat əldə etdim. İndi deyəcəksiniz ki, müəllif mövzuya necə bələddir ki, turizmin bu növündən xəbərsizdir. Bəli, Türkiyənin ucqar bir məmləkəti olan Kastamonuda olarkən, yol kənarında, meşənin bitəcəyində geniş və qədim bir ev gördük. Bizə bildirdilər ki, o ev turistləri qəbul edir və "Hürriyyət” qəzetinin siyahısına düşən, Türkiyənin 10 ən yaxşı səhər yeməyi verilən məkanlarından biridir. Əslində təqdimat bizi özünə cəlb etdi. Daxil olduğumuz bu məkan Sabiha İzbeliyə məxsus qədim bir ev idi. 400 ildir ki, burda məskən salan ailə yoldan keçən yerli və xarici vətəndaşlara xidmət göstərib. Ancaq bir neçə ildir ki, bu xidməti pullu edərək, həm də türk mətbəxinin və mədəniyyətini təbliğatını aparırlar. Sabiha İzbelinin mətbəxinə kastamonulular bələddir desək yəqin ki, yanılmarıq.
Onlar Sabiha xanıma "ana” deyə müraciət edirlər. Sabiha ananın qədim, heç bir istilik sistemindən istifadə edilməyən, plastik pəncərələrdən belə uzaq olan evinə daxil olanda gördüklərimiz bizi çox təəccübləndirdi. Belə ki, 87 yaşlı qadın geniş həyətində heyvandarlıqla məşğul olur. Bu həyətdə demək olar ki, bütün ev heyvanları, toyuq-cücə saxlanılır. Bizim gəldiyimizi görcək, ev sahibi tövlədəki yumurtaları götürüb evin ortasında qaladığı sobanın üzərində qayğanaq bişirdi. Yenicə sağdığı inəyin südünü qızdırıb bizə təqdim etdi. 10 dəqiqə ərzində hazırladığı pendiri, yağı, öz həyətinin barından hazırladığı mürəbbələri açaraq bizə samovar çayı dəmlədi. Təndirdən isti çörəkləri çıxarıb "Uzaq məmləkətdən gəlibsiniz yeyin və görün ki, biz hələ də öz köhnə kənd həyatımızı itirməmişik. İnsanlar nə qədər böyük şəhərlərdə yaşasalar da, onların da bir nənəyə və isti bir ocağa ehtiyacları var” dedi. Əslində Sabiha ananın bu xüsusiyyəti bizə sanki öz keçmişimizi, nənələrimizi, doğulub boya-başa çatdığımız torpaqlarımızı xatırlatdı. Yadımdır, rəhmətlik nənəm də hər dəfə kəndə gedəndə mənə məhz Sabiha ana kimi qulluq edər, həyətindəki toyuğu kəsər, təndirdə çörək yapar, tutduğu pendiri bəh-bəhlə yedizdirərdi.

Sabiha ananın evindən geri döndükdən sonra turizmin bu növünün bizdə olub-olmaması ilə maraqlandım. Belə bir turizm məkanlarının mövcudluğunu araşdırmağa başladım. Ekspertlərlə söhbət etdikdə onlar bildirdilər ki, ekoturizmüçünAzərbaycan dünyanınnadirməkanlarındanbiridir.Xaricimütəxəssislərbunuilknövbədə azərbaycanlıların qonaqpərvərliyi və bənzərsiz mətbəxi ilə bağlayırlar. Turistlər evlərini kirayələdikləriyerliinsanlarlatezliklə səmimi ünsiyyət yaradır, həttabirneçəgünərzində həmin ailənin üzvünəçevrilir, onların həyat və məişəti, adət-ənənələri ilə yaxından tanışolurlar. Nəticədə əhali gəlir,turistisə zəngin təəssürat əldəedir, dincəlir, səyahətindənzövqalır, təbiət də korlanmır. Ekspertlər belə turizm üçün bizim bölgələrimizdə əlverişli məkanların mövcudluğundan danışdılar.
Otel mühitindən bezmiş turistlər olur
"New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovla söhbətimizdə qarşılaşdığım mənzərəni danışdım. O deyir ki, burda təəccüblənməli heç nə yoxdur, siz dediyiniz həmin turizmdən bizdə də mövcud olsa da, bir o qədər də inkişaf etməyib: "Ekoloji turizmdən daha çox təbiətin qorunması məqsədi ilə istifadə edilir. Elə insanlar var ki, istirahət etmək üçün kənd həyatına üstünlük verir. Daha çox Avropa turistləri bu sahəyə çox meyllidir. Ekoturizm onlarda daha çox yayılıb. Ərəb və Asiya bazarı üçün bu o qədər də maraqlı deyil. Gedib oteldə qalmaq, orada istirahət edib qayıtmaq artıq ənənəvi bir turizm növüdür. Bu, artıq turistlərin marağını o qədər də cəlb etmir. O turistlər ki, bir az yenilik, fərqlilik, insanların içində daha çox qaynayıb qarışmağa üstünlük verirlər və bundan nələrsə əldə edirlər. İnsanlar daha çox bunlardan istifadə edirlər. Bu turizmə insanlar daha çox qrup halında getməyə üstünlük verirlər. Bizdə Qəbələ, Balakən, Zaqatala, Xınalıq və Cənub rayonlarında, yəni təbiəti olan bölgələrdə bu turizm inkişaf edib. Qəbələdə kifayət qədər otellər var və turistlər bundan lazımi səviyyədə istifadə edirlər. Ekoloji turizmlə bağlı saytlarımız da mövcuddur ki, siz ordan sifarişlər də verə bilərsiniz. Yəni sizin qeyd etdiyiniz ekoturizm xüsusi bir turizm sahəsi kimi inkişaf edir. Hətta insanlar bir-biri ilə evlərini belə dəyişirlər. Bir insan deyək ki, başqa bir ölkədə insanların arasında yaşamaq istəyir. Turist olaraq gedib şirkətlərə müraciət etmirlər, fərqli istiqamətdə gedirlər. Azərbaycanda bu tip turizm şirkətləri var. Turist gəlir, özünü bir həftə, on gün cəmiyyətin bir fərdi kimi hiss edir. Bunlar daha çox otel mühitindən bezmiş turistlər olur. Gündəlik qayğılardan daha çox ayrılmaq üçün istifadə edirlər. Ancaq bu sahə bizdə o qədər də inkişaf etməyib”.
Kirayə ev və ekoloji təmiz kənd məhsulları
Turizm eksperti Bahadur Bilalov da deyir ki, bu turizm növündən Azərbaycanda istifadə edilir. Bundan daha çox Şəkidə, Cənub bölgələrimizdə istifadə edilir: "Təbiəti gözəl olan bölgələrimizdə insanlar var ki, öz evlərini gələn turistlərin ixtiyarına verirlər. Bu sahənin daha çox reklamına və inkişafına ehtiyac var. Bizdə bununla məşğul olan xüsusi bir assosiasiya da var - Kənd Yaşıl Turizm Assosiasiyası. Bu gün olmasa da, ümid edirəm ki, yaxın gələcəkdə bu turizm geniş yayılacaq”.
Ekspertimizə özünün istirahət etməsi üçün hansı turizmə müraciət etdiyini xəbər aldım. O, deyir ki, bir neçə il bundan öncə İsmayıllıda hər şəraiti olan bir ev tutub. Sahibkar qonaqlardan yalnız evdə qalmaq üçün pul alıb, mənzildə özünəqulluq şəklində yaşayıb: "O evdə ərzaqlarımızı özümüz alırdıq. Ev sahibi bizə ekoloji cəhətdən təmiz kənd məhsulları təklif edirdi. Təbii ki, pulla”.
Turistləri evlərində qonaq et, pul qazan
Tanınmış teleaparıcı Mirsəməd Cəfərli uzun müddətdir ki, səyahətli tipli verilişlər hazırlayır, dünyanı gəzir. Onun bu mövzu ilə bağlı fikirləri maraqlı idi. Deyir ki, Azərbaycanda da bu tip turizm obyektləri olsaydı, təbii ki, yaxşı olardı: "Gürcüstanın Acarıstan bölgəsində belə bir turizmlə qarşılaşmışam. Sloveniyada atyetişdirmə zavodu var, onun nəzdində də otellər mövcud idi. Acarıstanda kəndlərdə ekoturizm geniş yayılıb. Batuminin mərkəzindən maşınlarla turistləri dağa aparırlar, oradakı kənd həyatı ilə tanış edirlər. Kəndlilərin necə çaxır hazırladıqlarını göstərirlər. Onlar sadəcə olaraq turistləri evlərində qonaq edərək, pul qazanırdılar”.
Azərbaycanda bu turizm növünün çox böyük potensialı mövcuddur
"Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyindən bildirildi ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan qurum ölkəmizdə bu turizm növünün inkişaf etdirilməsi üçün müxtəlif maarifləndirici tədbirlər həyata keçirir. Böyük şəhərlərdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu olur: "Buna "kənd turizmi”, "aqroturizm” də deyilir. Adından da bəlli olduğu kimi, yerləşmə obyekti kənd evidir. Kənd evi qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsinə çevrilir. Kənd yaşıl turizmi XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrində, xüsusi ilə də Avropa ölkələrində inkişaf edib: "Azərbaycanda da bu turizm növünün çox böyük potensialı mövcuddur. Əsrarəngiz təbiətə, zəngin tarixi abidələrə, adət-ənənələrə, mədəniyyətə və mətbəxə malik kəndlərimiz var. Hacıkənd və Lahıc qəsəbələri, Kiş, İlisu, Xınalıq ölkəmizdə kənd yaşıl turizminin daha da inkişaf etdirilməsi üçün böyük imkanlara malik yaşayış məntəqələridir. Demək olar ki, ölkəmizin bütün kəndlərində bu turizm növünü inkişaf etdirmək olar. Hazırda Quba, Qusar, Şəki, Qax, Zaqatala, Xaçmaz, Lənkəran, Astara, Masallı, Lerik, Göygöl və digər rayonlarımızın kəndlərində kənd yaşıl turizmi müəyyən dərəcədə fəaliyyət göstərir”.

Lerikdə öz evini turistlərə icarəyə verən İnqilab Məmmədov deyir ki, evlərini daha çox xarici turistlərə icarəyə verirlər. Məbləğə də ancaq kirayə pulu daxildir, buraya nə yemək nə də xidmət daxil deyil. Turistlərə kənd məhsulları da satılır ki, bu da kəndlilər üçün yaxşı gəlir mənbəyi sayılır. Onlar təsərrüfatlarında yetişdirdikləri məhsulu satmaq üçün yaxşı bazar əldə edirlər.

Sahibkarlarla da danışdıqdan sonra Azərbaycanda ekoturizmin potensialının böyük olmasına əminliyimin yaranmasına baxmayaraq, mənə elə gəldi ki, Sabiha nənənin o ətirli təndir çörəyi üçün çox darıxacağam. Bəlkə də məsələ nə o çörəkdə, nə o süddə, nə də o kənd məhsullarındadır. Sabiha nənənin gülər üzü, mehribançılığı və o kiçik daxmasında tanımadığı insanlara qarşı göstərdiyi xoş münasibət nəyə desən dəyərdi. Bizə ailə ortamı yaradan həmin koma üçün darıxacağam. Bir sual isə məni düşündürür: Türkiyədə 87 yaşlı qadın belə bir vasitədən istifadə edib, gəlir əldə bilirsə, hər bir potensiala sahib, gözəl təbiəti, zəngin süfrəsi olan biz bu turizm növündən niyə yararlanmayaq?
Xəyalə Rəis
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2018-ci il Novruz Bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi üçün yazılıb

banner

Oxşar Xəbərlər