• cümə, 19 Aprel, 06:44
  • Baku Bakı 13°C

Ekoloji tarazlığın qorunması prioritet məsələdir

30.07.19 10:30 21034
Ekoloji tarazlığın qorunması prioritet məsələdir
Son dönəmlər dünya ölkələrini narahat edən əsas problemdən biri də ekoloji tarazlığın pozulmasıdır. Ekologiyanı və ümumilikdə ətraf mühiti qorumaq üçün ciddi işlər görülür. Qlobal ekoloji problemlərin aradan qaldırılmasına və təbiətin qorunmasına insanların diqqətini cəlb etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1972-ci il 15 dekabr tarixli qərarına əsasən, iyun ayının 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü elan edilib. Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da hər il qeyd olunur. Dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır.
Ölkəmizdə iqtisadiyyatın inkişafı və əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiyaya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Belə ki, ekoloji problemlər daha çox millətlərarası və ölkələrarası məsələ olduğundan ekologiya sahəsində ölkəmizlə bir sıra beynəlxalq təşkilatlar arasında mühüm sazişlər imzalanıb və faydalı əməkdaşlıqlar qurulub. Planetin mövcud təbii sərvətlərindən, bitki və heyvan ehtiyatlarından, sudan, atmosferdən, torpaqdan səmərəli istifadə edilməsi, qorunması, bərpası məqsədilə əməkdaşlığın qurulması və dövlətlərarası birgə fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmiz BMT-nin "İqlim dəyişmələri üzrə çərçivə Konvensiyası”na, "Kökünün kəsilmək təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya”ya, "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya, "Bioloji müxtəliflik haqqında Konvensiya”ya, ümumilikdə isə 25-dən çox ekoloji konvensiyaya qoşulub.
Qeyd etmək lazımdır ki, biomüxəlifliyin qorunması bütün canlı varlıqlar üçün bioloji həyatın mühafizəsində mühüm rol oynayır. Ətraf mühit dəyişikliyinə çox həssas olan ekosistemlərin müəyyənləşdirilməsi müvafiq mühafizə siyasətinin və ekosistemlərin davamlılığının artırılması üçün təcrübələrin inkişafında əsas addım ola bilər. Azərbaycanda həyata keçirilən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq və onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.
Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı bəhrəsini verməkdədir. Xüsusilə, həyata keçirilən yaşıllaşdırma və yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısı ilə bağlıdır. Son illərdə meşələrin, yaşıllığın qorunması sahəsində həyata keçirilən müsbət tədbirlərdən biri də ölkənin, ələlxüsus onun ucqarlarının, meşəətrafı kənd və qəsəbələrin, digər yaşayış məntəqələrinin təbii qazla təmin edilməsidir. Ölkənin meşə-xammal materiallarına olan tələbatının başqa ölkələrdən idxal edilməsi hesabına ödənilməsi təbiətimizin qorunmasına da təsirli impulsdur. Bir sıra alternativ enerji mənbələrindən istifadə edilməsi praktikası uğurla inkişaf etdirilməkdədir. Bu sahədə aparılan sistemli işlər meşə qırıntılarının qarşısını xeyli dərəcədə alıb və almaqda davam edir. Meşələrin mühafizəsi və bərpası dövlətimizin daim diqqət mərkəzindədir. Xüsusilə, respublikanın yaşayış məntəqələrinin və yolların mühafizə zolaqlarının yaşıllaşdırılmasına diqqət artırılıb. Bu iş ardıcıl şəkildə davam etdirilməkdədir. Yeni yaşıllıqların salınması təcrübəsi zənginləşir. Əvvəlki illərdə buraxılmış səhvlər aradan qaldırılır. Yaşıllıq, xüsusilə, ağac əkini ilbəil yeni ərazilər fəth edir. Hətta şoran torpaqlarda, səhra və yarımsəhralarda təbii şəraitə uyğun yeni ağac növləri, kollar əkilir.
Bütün bunlarla yanaşı, insanlar arasındaekoloji mədəniyyətin, təfəkkürün, təhsilin formalaşması mövcud problemlərin qarşısının alınması istiqamətində atılan addım kimi dəyərləndirilir. Ekspertlərin yekdil qənaətinə görə, insan təfəkküründə ekoloji maarifçiliyin formalaşdırılması üçün bu prosesə uşaqlıqdan başlamaq lazımdır. Burada ailənin, daha sonra isə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.
Günel Azadə
Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər