• cümə axşamı, 25 aprel, 19:08
  • Baku Bakı 21°C

Ekoloji problemləri necə həll etməli? - Polemika

27.04.15 05:32 7932
Ekoloji problemləri necə həll etməli? - Polemika
İnkişaf etmiş ölkələrdə insanlar üçün ekoloji problemlər çox önəmlidir. Onlar ekoloji problemlərin aradan qaldırılması üçün böyük işlər görürlər. Hətta bir çox Avropa ölkələrində ekoloji problemləri qabardan “Yaşıllar” partiyaları mövcuddur. Lakin ölkəmizdə insanlar bu problemə biganə yanaşır və onlar üçün, məsələn, yerə zibil atmaq adi hala çevrilib. Bəs ekoloji problemləri aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir? Bu məsələdə cəza, yoxsa maarifləndirmə üsulundan istifadə olunmalıdır?
“Cəza və cərimə üsulundan istifadə edilməlidir”
Kənan Baxışov, güləşçi
Kənan düşünür ki, insanlarda ekoloji mədəniyyətin formalaşması üçün ilk öncə bu haqda təlimlər və tədbirlər keçirilməlidir: “Çünki insanların əksəriyyəti bu haqda az məlumatlıdır. Lakin hesab edirəm ki, bu işdə daha çox cəza və cərimə üsulundan istifadə edilməlidir. Bizim insanlar çox vaxt istədikləri kimi hərəkət edir. Onlar zibili yerə ataraq, ağacları qıraraq, ekologiyaya böyük zərər vururlar. Lakin cəza tədbirlərindən öncə ölkədə zibil qabları çoxaldılmalıdır. Bakı da daxil olmaqla Azərbaycanın bir çox şəhərlərində zibil qablarının sayı çox azdır. Buna görə də insanlar zibili yerə atmaq məcburiyyətində qalırlar. Bakıda mərkəz hissələrdə zibil qutuları olduğuna görə zibili yerə atanlar azdır. Lakin atanlara qarşı da cərimələr tətbiq olunmalıdır. Belə olduğu halda, insanlar ekologiyanı düşünməsə də, ilk öncə öz ciblərini, yəni pullarını düşünmək məcburiyyətində qalacaqlar. Bildiyimə görə, inkişaf etmiş bir çox ölkələr cərimə üsulundan geniş istifadə edir. Həmçinin ekoloji problemin aradan qaldırılması üçün alternativ enerji resurslarından da istifadə olunmalıdır. Zavod və fabriklərin tullantıları dünya ekologiyasına böyük zərər vurur. Azərbaycan neft ölkəsi olmasına baxmayaraq, alternativ enerji resurslarını inkişaf etdirmək üçün kifayət qədər potensiala malikdir. Məncə, ölkəmizdə günəş və külək enerjisindən istifadə etmək olar. Gələcəkdə zavodlar, fabriklər bu enerji vasitəsi ilə fəaliyyət göstərə bilər. Həmçinin yaşayış binalarının işiqlandırılması üçün günəş enerjisindən istifadə oluna bilər. Bu cür tədbirlər ekoloji problemlərin aradan qaldırılmasına böyük kömək ola bilər. O cümlədən, nəqliyyat vasitələrinin tullantıları da ekologiyaya böyük ziyan vurur. Buna görə gələcəkdə nəqliyyat vasitələrinin alternativ enerji ilə işləməsi çox vacibdir. Artıq inkişaf etmiş bəzi ölkələr nəqliyyatda bu üsuldan istifadə edir”.
Müsahibimiz ekoloji problemin aradan qaldırılması üçün ictimai qınağın da vacib olduğunu vurğulayır: “Əgər bir insan yeri zibilləyirsə, digərləri də ona bunun yanlış olduğunu başa salmalıdır. Lazım gələrsə, həmin zibili həmin şəxsi yerdən götürüb zibil qabına tullamağa da məcbur etməlidir. Həmçinin zərərli tullantılar ixrac edən zavod və fabriklərə qarşı da insanlar tərəfindən təzyiq edilməlidir. Ekologiyaya daha çox zərər vuran şirkətlərin məhsulları boykot edilə bilər”.
“İctimai qınaq əsas təsir vasitələrindən biridir”
Şəbnəm Mehdizadə, tələbə
Şəbnəm düşünür ki, insanlarda ekoloji mədəniyyətin formalaşması üçün ilk olaraq dövlət strukturları təbliğat aparmalı və kütləvi informasiya vasitələrindən geniş istifadə olunmaldır: “Ətraf mühitin təmizlənməsi zamanı görülən işlər ictimaiyyətə dolğun və ibrətamiz şəkildə çatdırılmalıdır. Bu işdə böyük şirkətlər, dövlət orqanları, qeyri-hökumət təşkilatları və media davamlı şəkildə kampaniya aparmalı və özlüyündə sosial mesajlar ehtiva edən reklam və videoçarxlar, fotojurnalistika, fləşmob kimi müasir vasitələrdən istifadə etməlidir. Hazırda hamının istifadə etdiyi plastik əşyalar, müxtəlif tullantıların ətraf aləmə atılması ekologiyaya böyük zərər vurur. Kimyəvi tullantılardan ayrılan zərərli maddələr ozon qatının zədələnməsinə gətirib çıxarır. Bu da xərçəng xəstəliyi başda olmaqla, bir çox xəstəliyin artmasına, yayılmasına gətirib çıxarıb. Bu haqda məktəblərdə, bağçalarda uşaqlar maarifləndirilməlidir. Gənc nəsildə ekoloji mədəniyyət formalaşdırılmalıdır. O cümlədən bu problemdə media orqanlarının yardımı da əvəzsiz faktorlardan biri ola bilər. Mətbuatda bu mövzu ilə bağlı müxtəlif yaş çərçivələrinə aid layihələr, televiziyada verilişlər böyük effekt göstərə bilər”.
Həmsöhbətimiz hesab edir ki, ekoloji mədəniyyətin formalaşmasında cəza metodu ilə bərabər insanlar həmçinin maarifləndirilməlidir: “Çünki hər iki metodun müsbət cəhətləri mövcuddur. Maarifləndirərək insanları ekologiyanın mühafizəsinə cəlb etmək olar. Lakin elə insanlar var ki, onlara maarifləndirmə ilə təsir etmək mümkün deyil. Bu zaman ekoloji problemin aradan qaldırılması üçün cəza, daha doğrusu, cərimə tədbirlərindən istifadə etmək mümkündür. Misal üçün, bəzi insanlar yolu keçərkən keçidlərdən istifadə etmirlər. Cərimə tətbiq ediləndən sonra artıq piyadalar ilə bağlı yol qəzalarının sayı kəskin azalıb. Mən düşünürəm ki, bu problemin aradan qaldırılması üçün ictimai qınaq da güclü olmalıdır. İctimai qınaq bütün sivil cəmiyyətlərdə əsas təsir vasitələrindən biridir. Mən hesab edirəm ki, biz də öz növbəmizdə ətraf mühitin təmizliyinə laqeyd yanaşmamalı, ətrafımızda olan insanları da bu yöndə müsbət istiqamətdə inkişaf etdirməliyik”.
“Maarifləndirmə əsasdır”
Elvin Ağamalızadə, turizm üzrə mütəxəssis
Elvin düşünür ki, insanları ekoloji mədəniyyətin formalaşması üçün maarifləndirmək lazımdır: “Cəza və cərimə üsulu ilə insanları fikirlərindən döndərmək mümkün deyil. Çünki bir insan zibili yerə atmaq istəyirsə, onsuz da atacaq. Yəni həmin şəxsi fikrindən döndərmək mümkün deyil. Buna görə də insanları kiçik yaşlarından etibarən maarifləndirmək lazımdır. İnsanlar yerə atdıqları tullantıların birbaşa onlara təsir etdiyini anlamalıdır. İnsanlara uşaq, gənc yaşlarından bu təlimlər keçirildiyi təqdirdə, bu, keyfiyyətli olacaq. İnsan nəyisə qorxu ilə etməməlidir. İlk öncə hər bir insan bunun mənfi cəhətlərini başa düşməlidir. Bu işdə ictimai qınağın da böyük rolu var. Normalda insan cəmiyyətdən çox çəkinir. Yəni o, etdiyi hərəkətin cəmiyyət tərəfindən necə qəbul olunduğunu düşünür. Əgər bir çox insan ətraf mühiti çirkləndirmirsə, digərləri də bundan dərs götürəcək. Lakin əsas problemlərdən biri də böyük şirkətlərin ekologiyanı çirkləndirməsidir. Məncə, ilk öncə bu problemlə aidiyyatı orqanlar mübarizə aparmalı və lazım gəldiyi halda həmin şirkətləri cərimə etməlidir. Çünki onlar ictimai qınağı qəbul etməyəcək qədər güclüdürlər. Aidiyyatı qurumlar üçün ilk öncə vətəndaşın sağlamlığı daha vacib olmalıdır”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər