Ekoloji cəhətdən sağlam, maddi cəhətdən sərfəli nəqliyyat vasitəsi
Müasir yaşam
tərzi ömrümüzü qısaldır desək, yanılmarıq. Son dövrlərin xəstəliklərinin
statistikasına nəzər yetirsək, görərik ki, əksəriyyətinin yaranma səbəbi oturaq
həyat tərzidir. Dövrün tələbinə uyğun olaraq, insanların çoxu gününün əsas
hissəsini kompüter qarşısında oturmaqla keçirir. Bu isə öz növbəsində sağlamlığa
mənfi təsir edir. Belə ki, insanlar çoxmərtəbəli binalarda liftdən, evdən işə,
işdən evə gedəndə isə ya şəxsi avtomobillərindən, ya da ictimai nəqliyyatdan
istifadə edirlər. Hətta ən qısa məsafəni belə yeriməyə ərinirlər. Piyada gəzmək
istəmirlər. Bunlar da təbii ki, nəticə etibar ilə müəyyən problemlər yaradır.
Mütəxəssislər bu kimi halların qarşısını almaq üçün bəzi məsləhətlər verirlər.
Bu məsləhət içərisində velosiped sürmək də var. Velosiped sürmək ucuz məşq
olmaqla yanaşı, kalori yandırmaq və formaya
düşmək üçün çox yaxşı bir vasitədir.Məsələn, indi sizə velosipeddən
istifadə etmək üçün 5 səbəb yazacağıq. Arıqlamağınıza kömək edir, ürək
sağlamlığınızı qoruyur, əzələləriniz inkişaf etdirir, ətraf mühiti qoruyur,
pulunuz cibinizdə qalır. Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz,
benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və parketmə xərclərinin sıfıra
düşməsi deməkdir. Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə
edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız. Bütün bu üstünlüklərlə
yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış
olacaqsınız. Velosiped enerji məhsuldarlığı baxımından da ən yaxşı nəqliyyat
vasitələrindən olub, insanların sevgisini qazanıb. Ölkəmizdə də velosiped
sürməyi stimullaşdırmaq baxımından bir sıra addımlar atılır. Belə ki, Azərbaycan
yollarında velosiped zolaqları və duracaqları yaradılacaq.
Trend-in məlumatına
görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin
təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.
Sənəddə bildirilir ki, 2019-2023-cü illərdə avtomobil yollarında və küçə-yol
şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilər
müəyyən ediləcək, bununla bağlı müvafiq təkliflər hazırlanacaq və tədbirlər
görüləcək. Bundan başqa, kənd təsərrüfatı və texnoloji təyinatlı nəqliyyat
vasitələri üçün onların hərəkətinə icazə verilməyən avtomobil yollarında mümkün
olan yerlərdə paralel yollar (hərəkət zolaqları) yaradılacaq və ya digər
müvafiq tədbirlər görüləcək, eyni istiqamətdə bir hərəkət zolağı olan yolların
müvafiq sahələrində astagedən nəqliyyat vasitələrini ötüb keçmək üçün
qısaməsafəli əlavə hərəkət zolaqları təşkil olunacaq. Həmçinin monitorinqlər
aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda
avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının
geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun
mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.
Nəzərəd
tutulan yeniliklərin hansı effekti olacağını, xüsusilə də velosiped yolu ilə
bağlı hissəsinin velosiped həvəskarları üçün nə kimi üstünlüklər verəcəyini,
qeyd olunanları həyata keçirmək üçün hansı işlərin görülməsi gərəkdiyini və
bunun üçün nə qədər vaxt lazım olduğunu öyrənməyə çalışdıq.
Nəqliyyat məsələləri üzrə ekspert
Ərşad Hüseynov qeyd edir ki, əgər kompleks
tədbirlər görülərsə, əlbəttə, effektiv nəticələr əldə etmək olar: "Həmin
sərəncamda əsas hədəf ondan ibarətdir ki, müasir inkişaf etmiş ölkələrdə olduğu
kimi, bizdə də yol nəqliyyat infrastrukturu formalaşdırılsın. İnsanların yol
hərəkətində iştirakı və nəqliyyat vasitələrindən istifadə ilə bağlı mədəni
yanaşmalar inkişaf etdirilsin. Əgər bu təcrübə dünya ölkələrində mövcuddursa,
Azərbaycanda da ola bilər. Sadəcə olaraq mövzu ilə bağlı tədbirlər görmək
lazımdır. Müasir dünyada velosiped təkcə idman aləti deyil, real yerdəyişmə,
daşıma vasitəsi kimi qəbul edilir. Məsələn, inkişaf etmiş ölkələrin bir çoxunda
insanlar səhər işə velosipedlə gedir. Bu yanaşmanı bizim ölkədə də inkişaf
etdirmək üçün ən azı iki istiqamətdə ciddi iş görülməlidir. İlk olaraq
velosipedlərin hərəkəti üçün təhlükəsiz yol infrastrukturu yaradılmalıdır. Yəni
mövcud küçələrdə, prospektlərdə velosiped zolaqları çəkilməlidir, həmçinin
xüsusi dayanacaqlar olmalıdır. Bu elə də çətin iş deyil. Sadəcə, bəzi
dəqiqləşdirmə və ölçmə işləri aparılmalıdır. İkinci istiqamət isə velosipedin
nəqliyyat vasitəsi kimi populyarlaşması ilə bağlı addımların atılmasıdır. Bunun
üçün də təbliğat və təşviqat işləri görülməlidir. İnsanlara izah etmək lazımdır
ki, velosiped ekoloji cəhətdən sağlam, maddi cəhətdən isə sərfəlidir.
Maarifləndirmə işinin ən gözəl variantı nümunədir. Hazırda dünyanın bir
ölkəsində dövlət məmurları işə bahalı maşında deyil, velosipedlə gedir. Yaxşı
olar ki, bizdə də belə nümunə olsun”.
Velo-yürüş həvəskarı Ayaz Mirzəyevvelosipeddən istifadənin bir çox müsbət tərəfi
olduğunu bildirir: "Bu addımı çox müsbət qiymətləndirirəm və deyərdim ki, Avropanın
bir çox ölkəsində artıq uzun illərdir tətbiq edilir. Hətta deyərdim ki, bu qərarı
daha tez vermək olardı. Velosiped sürmək şəhərdəki gərginliyin azalması,
insanların fiziki sağlamlığı və ekologiyanın təmizliyi baxımından olduqca
əhəmiyyətlidir. Məsələn, Avropanın böyük şəhərlərində şəhərin abı-havasını
qorumaq üçün müəyyən yerlərdə avtomobillə hərəkət etmək məhdudiyyətləri
qoyulur. Həmin ərazilərdə yalnız velosipedlər vasitəsilə hərəkətə icazə
verilir. Çünki yollarda olan hədsiz maşınlar şəhəri kəşf etməyə mane olur. Bu ərazilərdə
velosipedlər üçün xüsusi zolaqlar, işıqforlar, dayanacaqlar olur. Velosiped
ekoloji nəqliyyat vasitəsi kimi çox sərfəlidir. Onu sürmək üçün nə yağa, nə
benzinə ehtiyac yoxdur. Bununla insanlar şəxsi büdcələrinə də qənaət etmiş
olurlar”.
Velo-təlimçi
Səhər Mehman nəzərdə tutulan yenilikləri
alqışlayır: "Bu, velosipedçilərin çoxdankı arzusu idi. Velosiped yolu olmadığı üçün
məcbur maşın yolunda sürürük bu isə çox təhlükəlidir. Bəzən bizi maşın vuracaq
deyə, çox qorxuruq. Avtomobil sürücüləri bəzən bizi görməzdən gəlir. Yollarda
bizi sıxışdırırlar və sürücülərdə səbəbini bilmədiyimiz aqresiya olur. Məncə,
verilən qərar velosiped sürməyə marağı artıracaq. Çünki bir qrup insan nə qədər
velosiped sürmək istəsə də, yol olmadığı üçün buna cəhd etmir. Əgər belə bir
yol yaranarsa, əlbəttə ki, həmin insanlar da sürməyə başlayacaq. Əslində,
hazırda da kifayət qədər insan var ki, velosipeddən istifadə edir. Düşünürəm
ki, bundan sonra onların işi daha asan olacaq. Məncə, velosipedə maraq artarsa,
ondan gündəlik nəqliyyat vasitəsi kimi istifadə edəcəklər”.
Günel Azadə