• cümə, 29 Mart, 01:03
  • Baku Bakı 7°C

Ekologiya, yanacağa qənaət, yoxsa işçilərin sağlığı və təhlükəsizliyi?

09.10.14 14:22 1349
Ekologiya, yanacağa qənaət, yoxsa işçilərin sağlığı və təhlükəsizliyi?
Hazırda iş həftəsinin dörd günlük olması ilə bağlı müzakirələr gedir. Qeyd edək ki, bu təkliflə Beynəlxalq Əmək Təşkilatı çıxış edib. Təşkilatın təmsilçisi Con Messenger bildirib ki, dördgünlük iş həftəsinə keçməyə bir neçə əsas var: “Bu əsaslar sırasında həddindən artıq işləyən insanların səhhət problemlərinin çox, əmək məhsuldarlığının isə aşağı olması birinci yerdə gəlir. Dördgünlük iş həftəsinə keçid bu problemləri aradan qaldırar”.
Beynəlxalq ekspertlər hesab edirlər ki, təklif iş yerlərinin sayını və pensiya yaşını artırmağa da imkan verir. Bundan əlavə, işdə az vaxt keçirib, istirahətə daha çox zaman sərf edən insanlar özlərini daha xoşbəxt hiss edirlər ki, bu da yorğunluqdan doğan əsəbiliyə bağlı cinayətlərin sayının azalmasına gətirib çıxarar.
BƏT ekspertlərinin daha bir arqumenti ondan ibarətdir ki, dördgünlük iş həftəsinə keçmək həm də ətraf mühitə daha yaxşı təsir göstərər, enerjiyə qənaət imkanı verər. Maraqlıdır ki, bir sıra dünyaca tanınmış iş adamları artıq fəal şəkildə BƏT-in təklifinin reallaşdırılması istiqamətində çalışmalara başlayıblar. Bunlar dünyanın ən varlı adamlarından olan Karlos Slim, Riçard Brenson, “Google”un yaradıcılarından biri Larri Peycdir. Hətta Karlos və Riçard Hindistanda 3 günlük (gündəlik 11 saat olmaqla) iş həftəsinin tətbiq edilməsini təklif ediblər.
Şimal qonşumuz olan Rusiyada da BƏT-in təklifini dəstəkləyənlər çoxdur. Belə ki, Dövlət Dumasının bir neçə deputatı ölkədə 4 günlük iş həftəsinə keçid üçün qanunvericiliyə dəyişiklik təklifi hazırlayırlar. Onların təşəbbüsü ilə bu həftə Dumada mövzuya həsr olunmuş dəyirmi masa keçiriləcək.
Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, 4 günlük iş həftəsi hələ ki, bəşəriyyətin arzusu olaraq qalacaq, bu tezliklə belə bir sistemin tətbiqi mümkün görünmür: Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, 4 günlük iş işçinin daha məhsuldar çalışmasına səbəb ola bilər. Ümumiyyətlə, Azərbaycan bir ölkə olaraq əmək münasibətlərində Avropa standartlarını yox, Beynəlxalq Əmək Təşkilatının standartları olan universal standartları əsas götürür. Baxmayaraq, Avropa Sosial Xartiyasının bir hissəsini ratifikasiya etmişik. Ancaq iş rejimi, məzuniyyətlə bağlı hələ ki, Avropa standartlarından uzağıq. Məsələn, onlarda 4 həftəlik ödənişli məzuniyyətdir, bizdə 3 həftə və s. İstənilən ölkə iş rejimi ilə bağlı istədiyi qanunu qəbul edə bilər. Bizim Əmək Məcəlləsi də işəgötürənə hansı rejimi tətbiq etməklə bağlı heç bir məhdudiyyət qoymur, yetər ki, beynəlxalq standartlar, minimum şərtlər pozulmasın. Yəni 40 saatlıq iş həftəsi rejiminə əməl edilsin. Bu zaman 5 günlük, yaxud 6 günlük iş həftəsi tətbiq edilir, bunda işəgötürən sərbəstdir. Məsələn, dörd günlük iş həftəsi tətbiq etməyə sahibkara heç nə mane olmur. İstehsalın xarakterinə uyğun olaraq müəyyənləşir bu rejim. Lakin heç Avropanın özü buna getmir hələ. Odur ki, Beynəlxalq Əmək Təşkilatının bu təklifinin tezliklə reallaşacağını gözləmirəm. Hesab edirəm ki, bu təklifin real tətbiqi ağlabatan deyil. Heç bunu tənzimləyən beynəlxalq norma da yoxdur hazırda. Olsa da, güman etmirəm ki, yaxın 10 ildə bu mümkün olsun. Buna mane olan bir çox amillər var. Məsələn, formalaşmış ənənə, xarakterik iş yerlərinin mövcudluğu. Tutaq ki, elə sahələr var orda daimi iş getməlidir, enerjilə təminat sahəsidir, nəqliyyatdır, bəzi ərzaq növlərinin istehsalıdır, səhiyyə sistemi və s. Düzdür, növbəlilik sistemlə bu sahələrdə də buna nail olmaq olar. İndi maraqlıdır, həftəlik iş saatını artırmaqla keçməkmi təklif olunur dörd günlük rejimə? Yoxsa həftəlik limiti azaltmaqlamı? Məsələn, indi gündə 8 saat həftədə 5 gün işləməklə həftəlik 40 saat təmin edilir, 4 gün olsa gündəliyi 10 saata qaldırmaq lazım gələcək. Bu isə bir sıra ağır fiziki iş tələb edən sahələrdə alınmaz, əməyin mühafizəsinə xələl gələr, işçinin sağlamlığına təhlükə yaranar. Digər bir tərəfdən, elə müəssisələr var ki, onu həftənin 3 günü sadəcə saxlayıb 4 gününü işlətmək xeyir etməz. Doğrudur, dörd günlük iş həftəsi yanacaq sərfinin azalmasına, ekologiyanın qorunmasına, şəhərdə sıxlığın aradan qalxmasına səbəb ola bilər, amma bugünkü halda Azərbaycanın istehsal, xidmət infrastrukturu buna hazır deyil. Müəyyən sahələrdə pilot olaraq keçmək olar, amma bunu da hansısa tələblə yox, işəgötürənin öz mülahizəsilə etmək mümkündür”.
Bəzi biznes strukturlarının bu təklifi dəstəkləməsinə gəlincə, S.Məmmədov bildirir ki, kimsə öz iş rejimini buna uyğun qurarsa, heç kim bunu ona qadağan edə bilməz: “Bunun üçün beynəlxalq standartları dəyişməyə ehtiyac yoxdur. Azərbaycan Əmək Məcəlləsində də bunu qadağan edən hər hansı müddəa yoxdur. İstənilən şirkət bunu tətbiq edə bilər. Amma Avropa hələ 4 günlük iş həftəsinə keçməyə özünü hazır bilmir. Orda elə ölkələr var ki, hətta 6 günlük iş rejimi də var. Bizdə isə qarışıqdır: 5 günlük və 6 günlük. Konstitusiyamıza görə, həftə ərzində iş saatı 40-ı keçməməlidir.
Azərbaycanda bu təklifin belə tezliklə dəstəklənəcəyini gözləmirəm, çünki 4 milyon yarım əmək qabiliyyətli adamdan yalnız 1 milyon yarımının əmək müqaviləsi var. Qalanları qeyri-formal əmək bazarının iştirakçılarıdır, yəni fermerlərdir, özünü məşğul insanlardı və s. Burda da fasiləsiz iş rejimidir. Azərbaycanda bu gün 4 günlük iş həftəsinin tətbiqindən çox, qeyri-formal əmək bazarının səviyyəsinin aşağı salınması, iş yerlərində əməyin mühafizəsi və bu tipli məsələlərlə bağlı problemlərin aradan qaldırılmasına ehtiyac var”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər