• şənbə, 20 Aprel, 06:49
  • Baku Bakı 14°C

Ekodan pərəstişkarlarını məyus edəcək vəsiyyət

04.04.16 11:07 1395
Ekodan pərəstişkarlarını məyus edəcək vəsiyyət
Cari ilin fevral ayının 19-da dünyasını dəyişən dünyaca məşhur filosof-yazar Umberto Ekonun vəsiyyəti, nəhayət ki, açılıb. “ansa”-dan yayılan məlumatda bildirilir ki, sağlığında da zaman-zaman aldığı səbəbi anlaşılmaz qərarları ilə naşirlərini və sevənlərini təəccübləndirməyi bacaran ədib vəsiyyətnaməsi ilə də bu işin öhdəsindən gələ bilib. Belə ki, yazıçı ən az on il özü, yaradıcılığı, əsərləri ilə bağlı hansısa konfrans, seminar, təqdimat, müzakirə və s. tipli tədbirlərin keçirilməməsini istəyib. Ekonun həyat yoldaşı xanım Renate Ramge tərəfindən oxunan məktubda yazılanları mətbuata yaxın dostu və həmkarı, sənədli film ssenaristi Patrizia Violi çatdırıb.
Düşündürücü olduğu qədər həm də təsirli açıqlamaları hər zaman gündəmi zəbt etməyi bacaran Ekonun son istəklərini qələmə aldığı bu qeyri-adi vəsiyyətnaməsini Violi belə şərh edib: “Əsl onun xarakterinə uyğun istəklərlə doludur bu son məktub. Mən bunu sadəcə professorun son zarafatları kimi qəbul edirəm. Bəlkə də sağlığında desə, kəskin etirazla qarşılanacağını bildiyi üçün məktubdan istifadə edib”.
Ekonun ömrünün son günlərinə kimi birgə çalışdığı, uzun illər həmkar olduğu Boloniya Universitetinin rektoru Fransesko Ubertini isə bu məktubda yer alan istəklərlə bir daha sarsıldıqlarını, Ekonu sevənlərin on il yox, neçə onilliklər sonra da onu unutmayacağına inandıqlarını dilə gətirib: “Bu istək, əslində, onun dahiliyindən xəbər verir. Bu qərarı təbəssüm və anlayışla qarşıladım, bu tamamilə professorun əsl xarakterik fiqurunu xatırlatdı mənə. Lakin mən onun bütün istəklərinə şərhsiz əməl ediləcəyini düşünürəm”. Ekonun yaxın dostlarından İvano Dionigi isə deyib ki, vəsiyyətnamədəki bu istəklə Eko bir daha tamamilə başqa kateqoriyadan, kamillik yolundakı insanlardan olduğunu sübut edib. Ekonun istəyinə İtaliyada birmənalı şəkildə əməl ediləcəyi açıqlansa da, dünyada bu prosesi necə tənzimləmək mümkün olacaq məsələsi hələ ki, sual altındadır.
banner

Oxşar Xəbərlər