• cümə axşamı, 28 mart, 19:33
  • Baku Bakı 13°C

Əkiz yumurtalar...

17.07.13 10:33 2690
Əkiz yumurtalar...
“Əvvəllər iki sarılı yumurtalar ayrı qiymətə, ayrı qablaşdırmalarda təklif edilirdi. Doğrusu, ilk vaxtlar biz də götürürdük bu məhsulları, sonradan gördük ki, çox satılmır dayandırdıq”. Bakıdakı marketlərdən birinin mühasibi ilə söhbət zamanı o da məlum oldu ki, həmin yumurtaların mənşəyi haqda heç bir məlumat verilmir, üzərində möhürü olmur.
Qeyd edək ki, bir müddət əvvəl iki sarılı yumurtalar paytaxtdakı satış mərkəzlərində geniş yayılmışdı. Hazırda o qədər də çox gözə çarpmayan bu yumurtaların keyfiyyəti, mənşəyi, ona olan tələbat maraq doğurur. Həmsöhbətimiz deyir ki, bir vaxtlar yerli broylerlərin nümayəndələri yerli məhsul adı altında iki sarılı yumurtalar təklif edirdi ər: “O biri yumurtalar 10 qəpiyə olanda bunlar 15 qəpik idi. İndi də təklif edirlər, amma biz götürmürük, çünki yaxşı satılmır. Alıcılar hərəsi bir söz deyirdilər, maraq göstərən az idi. İnsanlar arasında belə yumurtaların genləşdirilmiş olduğu haqda ajiotaj var”.
Bəs iki sarılı yumurtalar necə əldə edilir? Bakıdakı broylerdən birində paylayıcı işləyən Nail deyir ki, bunun xüsusi mexanizmi yoxdur: “Sadəcə, toyuqlar bəzən iki sarılı yumurta yumurtlayır, broyler də onları seçib xüsusi qiymətə satır”. Broyler nümayəndəsi bu cür yumurtaların GMO (genləşdirilmiş) olması fikrilə də razı deyil: “Kənd yerində yaşayan adamlar yaxşı bilirlər ki, bəzən kənd toyuqları da iki sarılı yumurta yumurtlayır, burada qeyri-adi heç nə yoxdur”.
İki sarılı yumurta ilə bağlı apardığımız araşdırmalar zamanı ümimiyyətlə istehlak etdiyimiz yumurta haqda maraqlı məlumatlar əldə etdik. Məlum oldu ki, broylerlərdə istehsal olunan yumurtalarda bəzi vitaminlər çatışmır. Elə buna görə əhali daha çox kənd yumurtası deyilən məhsullara üstünlük verir. Bununla Nail də razıdır: “Əlbəttə kənd yumurtası daha yaxşıdı. Broyler də alınır, kənd də. Amma fərqi var, kənd yumurtasının içi bir az sarı olur”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, sənaye quşçuluğunda istehsal olunan yumurtalar da keyfiyyətlidir: “Lakin etiraf etməliyik ki, kənd yumurtalarına nisbətdə bəzi vitaminlər çatışmır. Kəndli, ev təsərrüfatlarında istehsal olunan yumurtanın keyfiyyəti sənaye quşçuluğunda istehsal olunan yumurtadan xeyli üstündür. Çünki bunlar açıq şəraitdə gəzirlər, göyərtidən, otdan istifadə edirlər. Ona görə bunlarda istehsal olunan yumurtada karotinin miqdarı 2-3 dəfə sənaye quşçuluğunda olan yumurtadan çox olur”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə buna səbəb kimi quşçuluq təsərrüfatlarında keyfiyyətsiz yemdən istifadə olunmasını göstərir: “Broyler toyuqları əsasən GMO jımıxlarla qidalandırılır, bəzən balıq unu verilir. Yəni süni qidalar verilir. Süni minerallar qarışdırılmış qidalar verilir. Ona görə də təbii deyil”. İki sarılı yumurtaların əldə edilməsi üsuluna gəlincə, E.Hüseynov bildirir ki, bu, təbii yolla baş verir və kənd toyuqlarında da rast gəlinən haldır.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə bildirib ki, sənaye üsulu ilə istehsal olunan yumurtanın tərkibində olan vitaminlər qrupu həddən artıq çoxdu: “Özü də insan orqanizminə çox xeyirlidir. Quş nə yeyir onu da verir. Kənd yumurtasının sadəcə olaraq fərqi odur ki, kənd toyuqları gəzişirlər açıq havada amma burda bağlı şəraitdədir”.
İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirilir ki, yumurta qidalılıq dəyərinə görə yüksək keyfiyyətli və orqanizmdə 97-98% mənimsənilən ərzaq məhsuludur: “Yumurtanın tərkibində tam dəyərli zulallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr var. Orta yaşlı adam fizioloji normaya əsasən ildə 260 ədəd (3 gundə 2 ədəd) yumurta yeməlidir. Yumurta və ondan alınan məhsullar ictimai, iaşədə, çörək, unlu qənnadı, kolbasa məmulatları, mayonez və digər yeyinti məhsulları istehsalında istifadə olunur.
Saxlanma müddətinə görə yumurtalar iki növə bölünür: Pəhriz və süfrə yumurtası. Pəhriz yumurtası yumurtlanan gündən etibarən 7 sutka ərzində istehlakçılara çatdırılır. Belə yumurtaların üstündə yumurtlanan tarixi gostərən ştamp vurulur. Yumurtanın ağı qatı və şəffaf olmalı, sarısı isə tam mərkəzdə yerləşməlidir. Sarısının diski görünməməlidir, boşluğun hündürlüyü 4 mm-dən çox olmamalıdır.
Süfrə yumurtasına 43 qramdan az olmayan bütün yumurtalar və 44 qramdan artıq kütlədə olan, lakin 7 sutkadan artıq saxlanılan yumurtalar aiddir
Uzun müddət saxlanılması nəzərdə tutulmuş yumurtaların yuyulması məsləhət görülmür. Yumurta artıq saxlandıqca, onun içərisindəki hava kamerası da böyüyür. İstehlakçılar yumurtanı günə tutaraq onun təzə və ya köhnə olduğunu müəyyən edə bilərlər. Yumurtanın içərində hava boşluğunun hündürlüyü yumurtanın hündürlüyünün 1/3 hissəsindən artıq olarsa, bu həmin məhsulun təzə olmadığını göstərir. Yumurtanı aşağı keyfiyyətli hala gətirən digər nöqsanlar yumurtaların sınıq (çatlamış, əzik) olması, lakin axmaması və yumurtanın kənar, lakin tez rədd edilə bilən qoxuya malik olması kimi nöqsanlardan ibarətdir. Sarısı və ağı qismən qarışmış yumurta, kənar qoxusu olan yumurta, qabığının altında səthinin ən çoxu 1/8 hissəsini təşkil edən bir, yaxud bir neçə tünd ləkəli, həmçinin sarısı quruyub, lakin kiflənməmiş, qabığına yapışmış yumurta da aşağı keyfiyyətli yumurta sayılır”.
Dövlət Xidmətindən o da bildirilir ki, keyfiyyətli yumurtanın qabığı təmiz, ləkəsiz və zədələnməmiş olmalıdır. Yumurta əsasən qofrələnmiş kartondan hazırlanan qutulara qablaşdırılır. Həmin qutulara yuvaları olan xüsusi kartondan hazırlanmış tabaqcıqlar və ya istehlak taraları qoyulur. Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı, onlardan kənar qoxu gəlməməlidir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər