«Çəkinmədən deyirəm, dialoq lazımdır»

«Çəkinmədən deyirəm, dialoq lazımdır»

Müsahibə
15 Oktyabr 2012, 15:44 1843
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, sabiq millət vəkili, professor Şahlar Əsgərov “Kaspi”nin suallarını cavablandırır.

- Noyabr ayında Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi qeyd olunacaq. Yubileylə bağlı hansı tədbirlər həyata keçirilməsi planlaşdırılır?
- Yubileylə bağlı bir çox tədbirlərimiz olacaq. İlk əvvəl onu qeyd edim ki, YAP-ın yubiley tədbirləri ərəfəsində 300-dən artıq siyasi partiyanı öz ətrafında birləşdirən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) növbəti VII Baş Assambleyası Bakı şəhərində keçiriləcək. Bundan başqa partiyanın icra katibliyi yubiley tədbirləri üçün böyük bir siyahı hazırlayıb. Burada YAP-ın 20 illiyi üçün həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Ən əsası Azərbaycanın bütün rayonlarında konfranslar keçiriləcək. Partiyamızın yaradıcısı, ümummilli lider Heydər Əliyevin müxtəlif tədbirlərdə etdiyi çıxışlardan seçmələr kitab halında dərc ediləcək. Onun Azərbaycan dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan fikirləri bu kitabda öz əksini tapacaq. Bu kitabın təqdimatı da yubiley tədbirlər sırasındadır. Adətən YAP-ın yaranmasının ildönümündə ağacəkmə kampaniyası da olur. Şəhərin ekoloji tarazlığının qorunması, yaşıllaşmanın artırılması məqsədi ilə bu dəfə də belə bir kampaniyanın olacağı gözlənilir. Eləcə də bu kimi çoxsaylı tədbirlər nəzərdə tutulub. Həm rayonlarda, həm də paytaxt şəhərimizdə.
- Qarşıdan 2013-cü ilin prezident seçkiləri gəlir. Ölkənin hakim partiyası bu seçkilərə hansı əhval-ruhiyyə ilə gedir, seçki ilə bağlı nə kimi hazırlıqlar görülür?
- Əhval-ruhiyyə olduqca yüksəkdir. Bu yaxınlarda paytaxtımızda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Prezident İlham Əliyevin geniş məzmunlu çıxışı oldu. Dövlət başçısı Azərbaycanın iqtisadi yüksəlişləri ilə bərabər, insan kapitalı baxımından da dəyərli fikirlərini tədbir iştirakçılarına çatdırdı. Mən güman edirəm ki, Azərbaycanda inkişafın iki komponenti var. Bunun birincisi insan kapitalı, iqtisadi-inkişaf komponentidir. İkincisi humanitar komponentdir. Əgər iqtisadi inkişaf olmazsa humanitar da olmaz. Bu isə cəmiyyətin xoşbəxt yaşamasına gətirib çıxarmaz. Ancaq, humanitar və iqtisadi toplananlar arasında harmoniya olanda ölkə normal inkişaf edir. Bu gün Azərbaycanda bu inkişafı görməmək mümkün deyil. Təkcə paytaxtımızı gəzməklə son 20 ilin inkişafını açıq-aydın görmək olar.
- Bir neçə YAP funksioneri mətbuata açıqlamasında hakim partiyanın yeganə və alternativsiz namizədinin indiki Prezident İlham Əliyev olduğunu bəyan ediblər. Sizcə bununla bağlı iqtidar partiyasının rəsmi qərarı nə zaman açıqlanacaq?
- Mən güman edirəm ki, iqtidar partiyasının sözügedən məsələ ilə bağlı rəsmi qərarı tezliklə açıqlanacaqdır. Burada tələsməyə ehtiyac yoxdur. Ola bilsin ki, partiyanın 20 illik yubileyində, yaxud da bundan sonrakı qısa vaxtda açıqlanacaq. Hər necə olsa, hakim partiya öz yekdil qərarını verəcək. Belə qərar qəbul ediləndən sonra isə bu haqda daha ətraflı danışmaq olar.
- Prezident seçkiləri ərəfəsində bəzi iqtidar və müxalifət partiya təmsilçiləri tərəfindən qarşılıqlı müzakirələrlə, dialoqla bağlı çağırışlar edilir. Sizcə indiki şəraitdə belə bir dialoqun reallaşması mümkündürmü?
- Bir neçə il əvvəl bu dialoqa mən də barmaqarası baxırdım. Lakin son zamanlar mənim oxuduğum kitablar, əldə etdiyim əlavə biliklər, dünya görüşümdə baş verən dəyişikliklər məndə qəti əminlik yaradıb ki, dialoq vacibdir. Karl Popper adlı bir filosof var idi. O, açıq cəmiyyət haqqında konsepsiyanın həmmüəllifidir. Karl Popperin açıq cəmiyyət konsepsiyasına görə, dövlətin idarə olunmasında hər bir vətəndaş öz töhfəsini verməlidir. Əgər hər bir vətəndaş dövlətin idarə olunmasına öz töhfəsini verirsə, bu cəmiyyət açıq cəmiyyət adlanır. Bu konsepsiyaya görə həm iqtidar, həm də müxalifət cəmiyyətlərinin inkişafı naminə hər zaman dialoqda olmalıdırlar. Açıq cəmiyyət inkişaf etmiş kapitalizm cəmiyyətinin tərəqqisinin bir növ son mərhələsidir. Açıq cəmiyyətə aid olanlar, mənim anlamımda Avstraliya, Yeni Zenlandiya kimi dövlətlərdir. Belə cəmiyyətlərdə müxalifət ilə iqtidar hökmən dialoqdadır. Bu isə olduqca vacib amildir və insan potensialının inkişafı, düşüncə tərzinin dəyişməsi ilə əlaqədardır. Fikrimcə, bu, hökmən baş verməli, düşüncə dəyişməlidir. 30-40 il bundan qabaq Amerikada ağ və qara dərili insanların nəinki bir yerdə yaşaması, bir masa arxasında oturması, heç bir avtobusda getməsi belə, mümkün deyildi. Amma, ABŞ cəmiyyətində inkişaf və düşüncə sürətlə inkişaf etdiyindən, indi qara dərili bir insan bu ölkənin prezidenti də seçilə bilir. Hazırda ağ dərili Amerika vətəndaşları Barak Obama ilə şəkil çəkdirməyi, onunla ünsiyyətdə olmağı özlərinə şərəf sayırlar. Sual olunur ki, 30-40 il ərzində ABŞ-da nə dəyişdi? Doğurdanmı, əski şəhər sökülüb yerində yenisi ucaldıldı? Yoxsa, köhnə təfəkkürlü insanları okeana töküb, yenilərini meydana gətirdilər? Əsla, yox! Sadəcə bütün cəmiyyətlərdə olduğu kimi ABŞ-da da tədricən inkişaf getdi. Sonda da qərar belə oldu ki, cəmiyyətdə dialoq mütləq olmalıdır. Çünki, stabilliyin əsas göstəricilərindən biri də dialoqdur. Bundan başqa tanınmış filosof Karl Popper öz nəzəriyyəsində sübut edib ki, inqilablardan heç bir cəmiyyət xeyir əldə etmir. İnqilablardan hər zaman hansısa siyasi qruplar xeyir görürlər. Cəmiyyətlərin, əhalinin tam rifahı üçün hakimiyyət danışıqlar, razılaşmalar yolu ilə bütün məsələləri həll etməlidir. Belə olduqda, ölkənin inkişafı da sürətlənər. Bu, mənim son fəlsəfi düşüncələrim olduğuna görə, çəkinmədən deyirəm ki, dialoq, danışıqlar lazımdır. Kataklizmalar, inqilablar, küçədə insanların bir-birinə zor tətbiq etməsi kimi hallar keçmişdə qalmalıdır. Amerikada 40 il bundan qabaq, özlərini Kuk Leklans adlandıran insanlar qara dərililəri öldürmək təbliğatını aparırdılar. Amma indi bu kimi hallara qəti rast gəlinmir ABŞ-da. Bu baxımdan, bizdə də hadisələrə yanaşma tərzi, düşüncə tərzi dəyişməlidir. Azərbaycanda da həm iqtidarın, həm də müxalifətin təmsilçisi ümumxalq, ümumdövlət amalına xidmət etməlidir. Şəxsi mənafelər kənara atılmalı, xalq və dövlət marağı qabarıb önə çıxmalıdır. Bunun üçün isə dialoq lazımdır.
- Seçki ərəfəsində YAP-da fikir ayrılıqlarının meydana gəlməsi ilə bağlı mətbuata məlumatlar yer alır. Sizcə, bu məlumatlar nə dərəcədə doğrudur?
- Ümumiyyətlə, cəmiyyətdə fikir ayrılığı, fikirlərin toqquşması, müxtəlif ideyaların irəli sürülməsi çox əhəmiyyətlidir. Əks halda insanlar müqəvvaya çevrilərlər. Amma bu müxtəlif ideyalar, fikirlər dəqiq araşdırılanda, yaranan suallara da obyektiv cavab tapılacaq.
- Son vaxtlar gündəmdə olan məsələlərdən biri də YAP üzvü, sabiq millət vəkili Gülər Əhmədova ilə fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevin qalmaqala səbəb olan videosunun yayılmasıdır. YAP funksioneri kimi sizin bununla bağlı mövqeyiniz bilmək maraqlı olardı?
- Bu mövzuya YAP rəhbərliyini təmsil edən əksər insanlar öz mövqeyini bildiriblər. Onların söylədikləri fikirləri mən də bölüşürəm. Millət vəkilləri Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov bu məsələyə ətraflı münasibət bildiriblər. Heç bir cəmiyyət bu kimi hadisələrdən sığortalanmayıb. İddia etmək olmaz ki, yüzminlərlə üzvü olan partiyada hər kəs etalondur. Vahid ideya ətrafında cəmləşən YAP üzvləri arasında müxtəlif xarakterə malik olanları var. YAP tərkibində belə bir hadisənin baş verməsi cəmiyyət üçün kataklizma yaratmır. Əgər belə demək mümkünsə, bu, bir növ cəmiyyətin təmizlənməsinə xidmət edir. Yəni, belə hadisələr üzə çıxır, günahı olan cəzasını alır, yaxud da tənbeh olunur. Bu, digərləri üçün də bir nümunəyə çevrilir. Cəmiyyət isə inkişaf edərək, qabağa gedir. Çünki cəmiyyətin bu cür çalxalanmasında bir təmizlik də var. Ona görə də son hadisələrə normal yanaşıram.
- Bəziləri bu hadisənin YAP-ın nüfuzuna xələl gətirəcəyini söyləyirlər. Siz bu kimi fikirləri bölüşürsünüzmü?
- Bu hadisə o zaman YAP-ın nüfuzuna xələl gətirərdi ki, iqtidar partiyası qüsuru olan adamı müdafiə etmiş olardı. Əgər hakim partiya qüsuru olan adamı müdafiə etmirsə, qanunvericiliyə uyğun olaraq hüquq-mühafizə orqanları təqsirkar barədə cinayət işi açırsa, hansı xələldən söhbət gedə bilər? Əksinə, düşünürəm ki, son hadisəyə YAP-ın düzgün münasibət sərgiləməsi camaat arasında da rəğbətlə qarşılanmalıdır.
- Deputat mandatı ləğv olunandan sonra Gülər Əhmədova sosial şəbəkələrdə bəzi YAP funksionerləri haqqında xoşagəlməz ifadələr səsləndirir. Siz bu kimi halları necə qiymətləndirirsiniz? Onun bu cür mövqe sərgiləməyə haqqı çatırmı?
- İstərdim ki, sabiq deputat Gülər Əhmədovaya bir insan kimi də baxaq. Yəni, son hadisələrdən stress keçirmiş bir adam kimi onun əməllərinə qiymət verək. Stressə düşmüş bir adamın fəaliyyətində bu kimi halların baş verməsi mümkündür. Ancaq, qəti olaraq bildirirəm ki, bu hərəkətlər onun işinin xeyrinə deyil. Onun etdikləri işinə heç bir müsbət çalar gətirməyəcək. Məncə, o, bu kimi hallara yol verməsə, dözümlülük nümayiş etdirsə idi daha yaxşı olardı.
Rufik İSMAYILOV