• şənbə, 20 Aprel, 20:32
  • Baku Bakı 24°C

“Əkinçi“nin şuşalı müxbiri

20.07.13 09:25 1788
“Əkinçi“nin şuşalı müxbiri
1875-ci il iyul ayının 22-də böyük maarifçi Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını qoydu. "Əkinçi" adlı qəzetin ilk nömrəsinin işıq üzü görməsi təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında maraqla qarşılandı. Dünyada ilk qəzetin 1605-ci ildə Fransanın Strasburq şəhərində çap olunduğu hesab edilsə də, gündəlik qəzet ənənəsi 1702-ci ildə Böyük Britaniyada yaranmışdır. Azərbaycan ziyalılarının arzu və istəklərini əks etdirən "Əkinçi"nin nəşri isə bütün Şərq dünyasında böyük ictimai hadisə oldu.
Nəşr edildiyi iki il müddətində Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər bəy Sultanov, Məhəmməd ağa Əlizadə kimi onlarca görkəmli qələm sahibi qəzetlə əməkdaşlıq etdi. Rusiyada və Cənubi Qafqazda yaşayan müsəlmanlar "Əkinçi"nin nəşrini ürəkdən alqışlayaraq onun davamlı surətdə işıq üzü görməsinə can atırdılar. Həm maddi, həm də mənəvi dəstək olmağa çalışırdılar. Əlbəttə, bu qəzet Azərbaycanda yeni ictimai təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynadı. Tədqiqatlar göstərir ki, Şuşa maarifçiləri və ziyalıları da "Əkinçi" ilə əlaqə saxlayaraq onun səhifələrində tez-tez çıxış edirdilər.
Şuşalı Nəcəf bəy Vəzirovun yaxın dostu Məhəmmədəli bəy Məşədi Əsədulla oğlu Vəliyev "Əkinçi"nin müxbirlərindən biri olub. O, 1821-ci ildə Şuşada doğulub. Mədrəsədə oxusa da, hərtərəfli təhsil almışdı. Rus və fars dillərini mükəmməl bilirdi. Mir Möhsün Nəvvabın təzkirəsindən məlum olur ki, rus ədəbiyyatından dilimizə əsərlər tərcümə edib. Hətta gözəl avazı olub. Şeir və qəzəl söyləməkdə bənzəri yox idi. Özü də gözəl şeirlər yazarmış. Özünə "Məxfi" təxəllüsü də götürüb. Həm Azərbaycan, həm də fars dillərində klassik üslubda yazdığı şeirlərini məhz bu təxəllüslə imzalayarmış. Uzun illər Xan qızı Natəvan və Mir Möhsün Nəvvabın rəhbərlik etdiyi ədəbi məclislərin üzvü olub. Müəllifin aşiqanə ruhlu şeirlərindən ibarət divanı və "Əhvalati Qarabağ" adlı tarixi əsəri bizlərə yadigar qalıb.
Məhəmmədəli bəy səyahəti sevən, qonşu şəhərlərdə tez-tez olan, oranın ədəbi mühiti ilə yaxından ünsiyyət bağlayan bir şəxsiyyət olub. Hələ gənc yaşlarında Şuşada, Tiflisdə, İrəvanda, Şamaxıda, Bakıda dövlət idarələrində çalışıb. İşinin öhdəsindən bacarıqla gəldiyinə görə ona titulyar müşaviri mülki çini də vermişdilər. Rus dilindən Azərbaycan, Azərbaycandan rus dilinə etdiyi mükəmməl tərcümələrə görə çar hökuməti onu qızıl medalla mükafatlandırıb.
Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti nəşrə başlayanda Məhəmmədəli bəy İrəvanda çalışırdı. "Əkinçi"nin sədası bu qədim türk şəhərinə çatanda onun naşirini ilk alqışlayanlardan biri də Məhəmmədəli bəy Vəliyev olub. O, Həsən bəy Zərdabiyə təbrikini şeirlə yazaraq göndərib. Məhəmmədəli bəy Vəliyevin adı milli mətbuatımızın tarixinə ilk jurnalistlərdən biri kimi yazılıb. Onun 1875-ci il noyabrın 18-də "Əkinçi"də çap edilən yazılarının birində İran dövlətinin rəiyyətlərinin başına gətirdiyi oyunlardan bəhs edilir. Başqa bir yazısında da İrəvanda insanları vahiməyə, qorxuya salan bir hadisənin təfərrüatları açıqlanıb.
Mir Möhsün Nəvvabın verdiyi məlumata görə, 70 yaşında (1890-cı ildə) dünyasını dəyişən Məhəmmədəli bəy Məxfi zəmanəsinin ariflərindən sayılırdı. Firidun bəy Köçərli isə onu "Qarabağ şairlərinin ən möhtərəmi" adlandırıb.
Qələmə aldığı şeirləri, qəzəlləri bu günün prizmasından nəzərdən keçirəndə maraqlı fikirləri yenə də aktual səslənir:
Çox dolanıb, Məxfi,
mən seyr elədim bu aləmi,
Yoxdu gördüm,
mərdümi-aləmdə asari-vəfa.
Zəmanəsinin ziddiyyətlərini, etibarsızlığını həm şeirlərində, həm də məqalələrində özünəməxsus tərzdə qələmə alan Məhəmmədəli bəyin bütün yaradıcılığında bir müdriklik var. Sanki o, oxucularına tövsiyə və məsləhət verərək nəyin yanlış olduğunu öz təcrübəsi, başına gələn əhvalatlar əsasında anlatmağa çalışıb. Məhəmmədəli bəy Məxfiyə görə dünyada iki sevimli məqam var: dostun xoş həyatı, digəri isə düşmənin ölümü. O insanı xoşbəxt sayıb ki, həyatında bunların hər ikisi var. Düşmən olmasa, dost qədri bilinməz. Dostun da varlığı düşmənin xar olması deməkdir. Bu fəlsəfənin də mənası aydındır. Şərlə Xeyir, gecə ilə gündüz... Onun şeirlərindən çəkilən hər ləçəkdə bir ata öyüdü duyulur: "Təmkinli olanın könlü qəm görməz"; "Qəlbimi düyünə salmaq üçün qaşını düyünləmə"; "Eşqin təsiri hər yerdə var. Bax, aşiqlərin nəğməsi quşlara təlim olub"; "Şükür qılmadıqca şəbü-hicran artar"; "Sevdiyinin nəsimi çatsa, ölü qəbirdən oynaya-oynaya çıxar"; "Müdrik o kəsdir ki, nadanın boş sözünə qulaq asmasın"; "Müdriklərin söhbəti cənnət, ayrılığın dəhşəti cəhənnəmdir"; "Tarmar olsun o evlər ki onun mehmanı yox"; "Ey qolu qüvvəli, zəiflərə özünü göstərmə"; "Şahinin sərçə ilə işi olmaz"; "Qəribədir, hamı ilə sülh edirsən, Məxfi ilə cəng".
Mir Möhsün Nəvvabın bildirdiyinə görə, Məhəmmədəli bəy Məxfi Molla Vəli Vidadinin nəvələrindəndir. Unudulmaz təzkirəçi yazırdı: "Baharlı Bayram xanın oğlu Axund Molla Vəli Vidadi cənab Vaqiflə həməsir idi və mərhum İbrahim Xəlil xanın hüzurunda olardılar".
Belə bir mühitdə doğulub böyüyən, fəaliyyət göstərən, həm mətbuatımızda, həm də ədəbiyyatımızda öz yeri olan Məhəmmədəli bəy Məşədi Əsədulla oğlu Vəliyevin ədəbi irsi mükəmməl öyrənilməlidir. Onun divanı, digər yazıları latın qrafikası ilə çap edilərək oxuculara çatdırılmalıdır. Xüsusilə də, "Əhvalati-Qarabağ"ın nəşri daha vacibdir. Adından da göründüyü kimi, müəllif bu əsərində Qarabağ elinin başına gələnlərdən, olub-keçənlərdən müfəssəl söhbət açıb.
Ermənilərin törətdiklərini heç təbiətdə vəhşilər də etmir. XIX əsrin sonlarında Məhəmmədəli bəy Məxfi yazırdı: "Dünyada elə bir heyvan yoxdur ki, insanın şücaətindən və gözlərinin nurundan qorxmasın". "Əkinçi"də dərc edilmiş məqaləsindən gətirdiyimiz bu sitatı oxuyanda həm təəccübləndik, həm də heyrətləndik. Nə qədər saf ürəkli və humanist olmusunuz, Məhəmmmədəli bəy! Ömrü boyu qapımızda firlanan, çörəyimizi yeyib suyumuzu içən, qarşımızda ikiqat olan yaltaq və oğru ermənilər nə kəsdikləri müqəddəs nemətdən, nə də şücaət və hünərimizdən çəkindilər. Bu yerdə Məmməd Arazın bir fikrini xatırlamalı olduq: "Kimsə ilandan betər olarsa, neyləməli?". Ermənilər də eləcə. Can qoyduğun, vurğunu olduğun vətənin - gözəl Şuşan yağı tapdağında sızıldamaqdadır. Gəncliyindən ömrünün sonuna kimi qoynunda çalışdığın, problemlərindən, dərd-sərindən yazdığın İrəvan şəhəri də faşist xislətli ermənilərin paytaxtıdır.
Xoşməzmunlu şeirləri ilə poeziyamıza öz naxışlarını həkk edən Məhəmmədəli bəy Məxfi qəzəllərinin birində deyirdi:
Əğyar ilə həmbəzm
olan bu laləüzarım,
Min yarə vurub köksümə
dağar içəridən.
Bu qəzəlin hansı şəraitdə, hansı ovqatda yazıldığı məlum olmasa da, vətəndən didərgin düşənlərin, yurdunu yağılar almışların könül aynasıdır.
banner

Oxşar Xəbərlər