• cümə, 29 Mart, 16:52
  • Baku Bakı 14°C

“Əkinçi»dən başlanan yol - Fotolar

29.11.16 16:50 4853
“Əkinçi»dən başlanan yol - Fotolar
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan mətbuatının yaranması görkəmli ziyalı, maarifçi-pedaqoq, böyük mütəfəkkir alim, bütün müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Onun ictimai-siyasi və maarifçilik fəaliyyəti təmənna güdmədən xalqa xidmət göstərilməsinə parlaq bir nümunədir. Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində nəşr etdiyi "Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoymuşdur.
Həsən bəy Zərdabi və onun "Əkinci” qəzetinin ətrafında cəmləşmiş Azərbaycanın mütərəqqi ziyalılarının milli şüurun oyanmasında böyük xidmətləri olmuşdur. Onlar xalqın tərəqqisi yolunda böyük maneələrə səbəb olan orta əsr geriliyinə, adət-ənənə və qaydalarına qarşı çıxış etmiş, xalqın maarifləndirilməsi və savadsızlığın aradan qaldırılması yolunda fədakarcasına çalışmışlar. Geriliyə qarşı mübarizə aparan H.Zərdabi yazırdı: «Dövran dəyişmiş, irəli addamış, hazırda həyat bizim qarşımızda başqa tələblər qoyur. Zamanla ayaqlaşmağı bacarmaq lazımdır. Əgər zaman dəyişibsə, köhnə həyat tərzi də dəyişilməlidir.”
Köhnə həyat tərzinin dəyişdirilməsi yolunda xalqın maariflənməsinin xüsusi əhəmiyyət kəsb etdiyini yaxşı dərk etmiş H.Zərdabi və digər mütərəqqi, maarifpərvər ziyalılarımız bu yolda daim yorulmadan çalışmışdılar.
"Əkinçi” qəzeti 1875-ci il iyulun 22-dən – 1877-ci il sentyabrın 29-dək olan müddətdə ayda iki dəfə, 300-400 tirajla nəşr olunurdu. Mövcud olduğu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdü.

Qəzetin nəşri heç də asanlıqla başa gəlməmişdir. Lakin mövcud olan bütün bu çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabi "Əkinçi” qəzetinin nəşrinə nail ola bilmiş və qəzetin nəşrini ağır bir şəraitdə çətinliklə də olsa, yoluna qoya bilmişdir. H.Zərdabi "Əkinçi” qəzetinin yalnız naşiri və redaktoru deyil, həm də onun ədəbi əməkdaşı, müxbiri, korrektoru, mürəttibi, qəzetin abunə və yayımı üzrə müvəkkili olmuşdur. İlk vaxtlar qəzetin nəşri maddi ziyanla başa gəlirdi. Belə ki, geniş kütlə arasında qəzetə maraq oyatmaq üçün H.Zərdabi ”Əkinçi” qəzetini xalq arasında pulsuz yaymağa məcbur idi. Lakin bütün bu çətinliklərə baxmayaraq,Həsən bəy ümidini üzmədən : "Xalqı qəzet oxumağa öyrədəcəyəm, adət edəcəklər, ondan sonra qəzetsiz darıxacaqlar” deyərək qəzetin nəşri üzrə fəaliyyətini davam etdirmişdi.

”Əkinçi” qəzeti və onun oxucuları ətrafında yaranan vəziyyətlə əlaqədar Həsən bəy Məlikov(Zərdabi)nin həyat yoldaşı Həsifə xanım Məlikova vaxtı ilə yazırdı ki, «Çardan qorxaraq qəzeti oxumayanların sayı, allahdan qorxaraq oxumayanların sayından artıq idi. Lakin buna baxmayaraq, H.Zərdabi özünə xas olan təmkinlə qeyd edirdi: «Axır ki, başa düşəcəklər ki, mən onların dostuyam, məktəb və teatrın əhəmiyyətini dərk edəcəklər. Əgər bunlara bir qəzetdə verə bilsəydik-biz müsəlmanların bütün dünya görüşünü dəyişərdik».
”Əkinçi” qəzeti xalqı cəhalət və qəflət yuxusundan oyanmağa səsləyir, onu müasir, mütərəqqi rühda tərbiyə etməyə çalışırdı. ”Əkinçi” qəzetinin əsas məqsəd və vəzifəsini şərh edən H.Zərdabi yazırdı: ”Qəzetin muradı xalqın gözünü açmaqdır...”
”Əkinçi” qəzeti bu vəzifəni layiqincə yerinə yetirmişdir .Hənifə xanım Məlikovanın qeyd etdiyi kimi: ”Qəzet bütün Rusiyada olan müsəlmanları hərəkətə gətirdi.O,bir elektrik cərəyanı kimi bütün müsəlman aləmini dolaşdı. Yatmış müsəlman aləmini hərəkətə gətirmək üçün heç bir şey-nə məktəb,nə teatr bu cür təsir edə bilməzdi.”
1877-1878-ci illərdə rus-türk müharibəsinin başlanması ilə əlaqədar olaraq çar qasenzurası "Əkinçi” qəzetinə öz səhifəsində siyasi xarakterli məsələlərə toxunmağa qadağa qoydu. Bu qadağa mətbu orqanın vəziyyətini daha da çətinləşdirdi .Belə bir şəraitdə, 1877-ci ilin sentyabrın 29-da çar hökuməti "Əkinçi” qəzetinin nəşrinin dayandırılması barədə sərəncam verdi. Beləliklə, maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
"Əkinçi” qəzeti bağlandıqdan sonra milli mətbuatımızın banisi Həsən bəy Məlikov(Zərdabi) kənara çəkilməyə məcbur oldu, milli mətbuat aləmində boşluq yarandı. O,iki il işsiz qaldıqdan sonra 1880-ci ildə Zərdaba köçərək on altı il orada yaşadı və 1896-cı ildə Bakıya qayıdaraq maarifçilik fəaliyyətini burada davam etdirdi. Bakıya qayıtdıqdan sonra o, həmçinin şəhər dumasına seçildi və 1897-ci ildən 1907-ci ilədək dumanın bütün iclaslarında iştirak edərək həyatını Bakı şəhərinə xidmət etməyə həsr etdi.
XIX əsrin II yarısında Azərbaycanda milli şüurun oyanmasında və onun formalaşmasında, maarifçilik hərəkatının yaranmasında, mütərəqqi fikrin inkişafında H.Zərdabi və onun ”Əkinçi” qəzetinin böyük xidmətləri olmuşdur. ”Əkinçi” qəzeti uzun ömür sürməsə də, Azərbaycanda əsl dünyəvi mətbuatın əsasını qoymuşdur. Təkcə Azərbaycanda deyil, Rusiyanın bütün müsəlman aləmində H.Zərdabi və onun "Əkinçi” qəzetinin xidmətləri unudulmazdır.
Bakı Şəhər Dumasının 14 yanvar 1908-ci il tarixli iclasında deyilirdi:”Keçən il noyabrın 28-də 2-ci rus-tatar məktəbinin fəxri qəyyumu şəhər dumasının keçmiş üzvü, uzun müddət məktəb komissiyasının üzvü olmuş Həsən bəy Məlikov vəfat etmişdir. O, ilk dəfə olaraq müsəlmanların oyanışının başlanğıcını qoymuş, rus-tatar məktəblərini açmağa səsləmiş, müsəlman gənclərini maarif yoluna dəvət etmişdir. ”Həmin iclasda qərara alınmışdır ki,2-ci rus-tatar məktəbinə H.Məlikovun adı verilsin və məzunu olduğu Mosva Universitetində onun adına təqaüd təsis edilsin.

Xalqımızın ictimai şüurunun inkişafında, ölkəmizdə maarifçilik hərəkatının yayılmasında əhəmiyyətli və ruhlandırıcı işıq mənbəyi rolunu oynamış Həsən bəy Zərdabini və "Əkinçi” qəzetini böyük ehtiramla yad etmək hər bir azərbaycanlının mənəvi borcudur. Qeyd edirik ki, Həsəb bəy Zərdabi və "Əkinçi” qəzetinin xalqımız qarşısındakı müstəsna xidmətləri vətənin övladları tərəfindən heç vaxt unudulmayıb və günü bu gün də böyük hörmət və ehtiramla yad edilir.
"Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra on iki ilə yaxın müddətdə Rusiya İmperiyasında Azərbaycan dilində qəzet dərc olunmadı. Cəlil Məmmədquluzadə demiş həqiqətən də ”o vaxtlar türk qəzetinə izin hasil etmək bəhər-hal çox çətin bir məsələ imiş.” Ana dilində qəzet və jurnal yaratmaq üçün N.Nərimanov, S.Qənizadə, M.Şahtaxtinski, C.Məmmədquluzadə və başqa ziyalıların göstərdikləri ciddi səylər bu səbəbdən nəticəsiz qalırdı.
İlk türk(Azərbaycan) qəzeti "Əkinçi” bağlandıqdan sonra türk və rus dillərində çıxan "Tərcuman” qəzeti Rusiyanın türk-tatar xalqlarının həyatında mühüm rol oynadı. İsmayıl Qasprinskinin "Tərcuman” qəzetinin bütün Rusiyada türkcülük ideyasının formalaşmasında misilsiz rolu olmuşdur. M.F.Axundovun və H.Zərdabinin başçılıq etdiyi Azərbaycan maarifçilik hərəkatı İsmayıl bəy Qasprinski üçün əsl məktəb, nümunə rolu oynamışdır.
Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra çar hakimiyyətindən azərbaycanca qəzet buraxmaq icazəsini almaq mükəmməl rus və Avropa təhsili görmüş,bir neçə əcnəbi dili yaxşı bilən görkəmli maarifpərvər ziyalı Məmmədağa Şahtaxtinskiyə 1903-cü ildə nəsib olmuşdu. O, Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet olan ”Şərqi-rus” adlandırdığı qəzetin birinci nömrəsini 30 mart 1903-cü ildə Tiflisdə nəşr etdi.
Mütləqiyyətin apardığı mürtəce siyasətin nəticəsi idi ki,əgər həmin dövrdə Azərbaycanda azərbaycanca yalnız bir qəzet nəşr olunurdusa, yalnız Bakıda 1870-ci illərdən etibarən rus dilində bir neçə adda qəzet çap olunurdu. Lakin ”Bakinskiy listok”(1871-1872); ”Bakinskie izvestiya”(1876) və s. kimi qəzetlər rəsmi mətbuat olmasına baxmayaraq , özündən sonra ölkəmizin ədəbi mənzərəsində heç bir iz qoya bilməmişdir. Bu qəzetlərdən bəziləri bir müddət fəaliyyət göstərdikdən sonra bağlanmışdır.
XIX əsrin 80-90-cı illərində rus mətbuat orqanları olan "Kaspiy”, daha sonra burjuaziyanın vəsaiti hesabına çıxan "Baku”, ”Birjevıe vedomosti” və s. qəzetlər işıq üzü gördü. Bu mətbu orqanların burjuayönümlü olmasına baxmayaraq, həmin qəzetlərin səhifələrində Azərbaycanın sosial-iqtisadi və mədəni-ictimai və siyasi həyatını xarakterizə edən məqalə və materiallar da dərc edilirdi.
Zaqafqaziyanın ən kütləvi mətbuat orqanı olan "Kaspiy” qəzeti rus dilində nəşr olunurdu. Bakı burjuaziyasının təşəbbüsü ilə, onun mənafeyini müdafiə etmək üçün yaradılmış ”Kaspiy” uzun müddət bütün Zaqafqaziyada yeganə gündəlik qəzet sayılırdı. Qəzetin rus dilində çıxmasına baxmayaraq sonralar Qafqazın və bütün Rusiyamüsəlmanlarının əsas tribunasına çevrilmişdi.
Azərbaycan ictimai fikri, ədəbiyyatı və tənqidinin müxtəlif məsələlərinə, o cümlədən mətbuat, maarif, savadsızlığın aradan qaldırılması, qadın təhsili, incəsənət və s. münasibətdə "Kaspiy” qəzeti mütərəqqi Azərbaycan mətbuatının mübariz ənənələrini davam etdirmiş və mətbuat tarixində əhəmiyyətli yerlərdən birini tutmuşdur.
1897-ci ilin oktyabr ayında N.Sokolinskinin vəfat etməsi ilə əlaqədar olaraq "Kaspiy” qəzetinin naşirlik səlahiyyəti Bakı milyonçusu, Azərbaycan tarixində əhəmiyyətli rolu olmuş Hacı Zeynaləbdin Tağıyevin ixtiyarına keçmişdir. 1897-ci ilin oktyabr ayında Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev dörd qəzeti və mətbəəsini 57 min rubla satın almışdır. H.Z.Tağıyev dövrünün məşhur nəşrlərindən olan və rus dilində çıxan "Kaspiy” qəzetini satın alaraq qəzetin fəaliyyətini milli maraqların müdafiəsinə yönəldə bilmişdir.

O,"Kaspiy” qəzetinin sahibi olduqdan sonra Ə.Topçubaşovun qəzetin redaktoru təyin edilməsinə nail olmuş və Ə.Topçubaşov 24 iyun 1898-ci ildən 20 oktyabr 1907-ci ilədək "Kaspiy” qəzetinin redaktoru olmuşdur. Ə.Topçubaşovun qəzetin redaktoru seçilməsi təsadüfü olmamışdır. Ə.Topçubaçov əvvəlki dövrlərdə "Qafqaz” qəzeti ilə əməkdaşlıq etmiş, savadlı jurnalist və qərəzsiz hüquqşünas olmaqla, bütün Rusiya müsəlmanları arasında bir ictimai xadim kimi tanınmışdır.
Ə.Topçubaşov "Kaspiy” qəzetinin redaktoru olduqdan sonra bu qəzetdə xalqımızın güzaranı ilə yanaşı Rusiyanın bütün müsəlman əhalisinin vəziyyəti və haqlı tələbləri barədə yazılara daha tez-tez rast gəlinirdi. Həmin dövrdə qəzetdə əvvəlki proqramla yanaşı milli məsələyə də daha çox yer ayrılırdı.
Ə.Topçubaşov qəzetin redaktoru olduğu müddətdə Həsən bəy Zərdabi qəzetə müvəqqəti olaraq redaktorluq etmişdir. ”Kaspiy” qəzetinin nəşri tarixinin parlaq səhifələrindən biri də H.Zərdabinin redaktorluq dövrünə təsadüf edilir. O, Bakı fəhlələrinin ağır vəziyyəti, kəndlilərin torpaq problemləri, təhsil və mədəni-maarif ocaqlarının yaradılmasına dair dərc etdiyi məqalələri böyük əhəmiyyət kəsb etmişdir. Elm və maarifi tərəqqinin həlledici qüvvəsi hesab edən H.Zərdabi həmin məsələləri diqqət mərkəzində saxlamışdır. ”Kaspiy” qəzeti ətrafında demokratik ruhlu jurnalistlərin cəmlənməsində N.Zərdabinin rolu danılmazdır.
Ümumiyyətlə, XIX əsrin sonu XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan İstiqlalına doğru edən yol son dərəcə mürəkkəb və təlatümlü olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına doğru gedən istiqlal yolunda "Həyat”, ”İrşad”, ”Kaspi”, ”Açıq söz”, ”Ziya” və yaranmış digər qəzetlər, ”Molla Nəsrəddin”, ”Füyuzat” və s. qəzet və jurnalların böyük rolu olmuşdur. Həmin dövri mətbuatların milli şüurun formalaşmasında, geniş kütlələrin milli azadlıq hərəkatına qoşulmasında, əhalinin siyasi maarifləndirilməsində hədsiz rolu danılmazdır.
Tarixi mənbələr təsdiq edir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti asanlıqla, Rusiyadakı ictimai-siyasi nəticəsində sadəcə olaraq yaranmamışdır.
Fikrimizi ümumiləşdirərək deyə bilərik ki, "Əkinçi" ilə əsası qoyulmuş milli mətbuat sonrakı dövrdə Azərbaycan maarifçiləri tərəfindən inkişaf etdirilmişdir. Həmin dövrdə elm, təhsil, mədəniyyət və digər sahələrdə tanınmış insanlar qarşılarında duran mühüm vəzifələri yerinə yetirmək üçün mətbuatın imkanlarından istifadə etmişlər. Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmmədağa Şaxtaxtinski və digər qabaqcıl Azərbaycan ziyalılarının bilavasitə iştirakı ilə buraxılan "Kaspi", "Şərqi-rus", "Həyat", "Molla Nəsrəddin", "Füyuzat", "Kəşkül" kimi qəzet və jurnallarımızın adları əbədi olaraq Azərbaycan mətbuat tarixinə daxil olmuşdur.
Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı sosialist realizmi prinsipləri əsasında fəaliyyət göstərsə də, inkişafını davam etdirmişdir. İdeoloji buxovların mövcudluğuna baxmayaraq, öz səhifələrində müxalif fikrə də yer verən, o dövr üçün doğrudan da vətənpərvər ruhlu məqalələr dərc edən mətbuat orqanlarının milli özünüdərkin formalaşmasında böyük rolu olmuşdur. Bu illərdə yetişmiş yeni jurnalist nəslinin elmin, mədəniyyətin, milli-mənəvi dəyərlərin, ictimai şüurun inkişafında xidmətləri böyükdür. Azərbaycan jurnalistikasının çoxsaylı görkəmli nümayəndələri milli mətbuatımıza Azərbaycan jurnalistikasına yeni nəfəs gətirmişlər. Azərbaycan dilinin, mədəniyyətinin inkişafında mətbuatın rolu artmış, jurnalistika yeni-yeni ənənələrlə, dəyərlərlə zənginləşdirilmişdir.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqillik tarixinin əsasını qoydu. Məhz bu dövrdə dövlətimizin idarəçilik mexanizmləri formalaşdırıldı, ölkəmiz müstəqil dövlət olaraq beynəlxalq birliyə uğurla inteqrasiya etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada söz, fikir və məlumat azadlığı ilə bağlı konkret müddəalar əksini tapmışdır. Əsas Qanunun 47-ci maddəsində göstərilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın 50-ci maddəsi isə hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit edir. Bu maddə informasiya azadlığına təminat verməklə yanaşı, kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurasını qadağan edir.

Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 16 aprel 1992-ci il tarixli Fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 15 aprel 1993-cü il tarixli Sərəncamı qüvvəsini itirdi. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafını, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynadı. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edildi.
Kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1999-cu ilin dekabrında qəbul olunmuş və 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində dəyişikliklər edilmiş "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu söz və məlumat azadlığına, KİV-lərin və jurnalistlərin müstəqilliyinə təminat verir, mətbuat azadlığını məhdudlaşdıran tədbirlərin tətbiqini qadağan edir.
Heydər Əliyev həmişə jurnalistika peşəsinə dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmsada olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir. Ulu öndər kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, onlara müvafiq güzəştlərin təyin edilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, müvafiq fərman və sərəncamlar imzalamışdır.
Beləliklə, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Heydər Əliyev 2000-ci ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, ümumiyyətlə, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. 2002-ci ilin martında Heydər Əliyevin "Jurnalistlərin dostu" seçilməsi ümummilli liderin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığının, kütləvin informasiya vasitələrinin inkişafına diqqət və qayğısının məntiqi nəticəsi olmuşdur. Ümummilli liderin nurlu xatirəsi Azərbaycan mətbuatının tarixində, Azərbaycan jurnalistlərinin qəlbində əbədi yaşayacaq, Azərbaycan jurnalistləri bu böyük insanı həmişə qədirbilənliklə anacaqlar.
Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasında güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-lərin inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev KİV qanunvericiliyinin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalamış, qanunvericilik aktları təsdiq etmişdir. 2003-cü ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində "Televiziya və radio yayımı haqqında” Qanunun qəbul edilməsi və elektron KİV sahəsində qanunvericiliyə nəzarət funksiyasını həyata keçirən müstəqil dövlət orqanı kimi Milli Televiziya və Radio Şurası yaradılması, Azərbaycan Dövlət Televiziyası və Radiosunun "Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-yə çevrilməsi, 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında” Qanunun qəbul edilməsi, 2005-ci ildə isə AzTV 2-nin bazasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlaması Azərbaycanın demokratik inkişaf xəttinə uyğun sistemli liberal islahatların davamlılığını təsdiq edən addımlardır.

2005-ci il sentyabrın 30-da vətəndaşların, o cümlədən jurnalistlərin informasiya almaq azadlığının tam reallaşdırılması üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə "İnformasiya əldə etmək haqqında” Qanun təsdiq edildi. Jurnalist təşkilatları, ATƏT və Avropa Şurasının ekspertlərinin iştirakı ilə hazırlanmış həmin sənəd bu gün də Avropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur.
Azərbaycan Prezidentinin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Hazırda dövlətin informasiya siyasəti Konstitusiyada əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən, şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsi zərurətə çevrilmişdir.
Azərbaycan Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” cəmiyyətin və dövlətin qarşısında duran bu vəzifələrin uğurla reallaşdırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəddir. Konsepsiyada əks olunmuş məsələlərin həlli üçün 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu artıq sistemli tədbirlər həyata keçirməkdədir.
Bu gün Azərbaycan Respublikasında qabaqcıl, dünya standartlarına uyğun azad, plüralist mətbuat formalaşmışdır. Ölkədə 4200-dən çox mətbuat orqanı uçota götürülmüş, qəzet və jurnallardan 300-ə yaxını müntəzəm, qalanları isə müxtəlif fasilələrlə işıq üzü görür. Təsis edilən qəzet və jurnallar müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Bölgələrdə 100- 80-ə yaxın mətbuat orqanı nəşr olunur. Respublikada çoxlu sayda elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi və digər jurnallar işıq üzü görür, uşaq və qadın problemlərini işıqlandırır. Azərbaycanda rus, ləzgi, talış, gürcü, avar, kürd milli azlıqlarının dillərində qəzetlər çıxır. Eyni zamanda ingilis, fransız, alman, ərəb və başqa dillərdə mətbuat orqanları nəşr olunur.
Hazırda 40-dan artıq milli informasiya agentliyi Ədliyyə Nazirliyində uçota götürülmüş, ölkədə onlarla jurnalist təşkilatı fəaliyyət göstərir. Azərbaycanda 8 ümumrespublika, 1 peyk, 14 regional və 13 kabel televiziyası var.
Azərbaycanda müasir və inkişaf etmiş İNTERNET şəbəkəsi yaradılmışdır. Hal-hazırda ölkədə İNTERNET istifadəçilərinin sayı 41% təşkil edir. Əhaliyə 30-dan çox İNTERNET provayderi xidmət göstərir. Son 3 ildə İNTERNET trafikinin giriş-çıxış həcmi 40 dəfə artmış, İNTERNET xidmətlərindən istifadə haqları azalmış və region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır.
Ölkədə güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, insanların informasiya almaq ehtiyacını ödəyən, onları beynəlxalq aləmdə, respublika daxilində baş vermiş hadisələrlə düzgün məlumatlandıran, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin media siyasətinin əsas fəlsəfəsini təşkil edir.
Sona VƏLİYEVA
«Kaspi» qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru

banner

Oxşar Xəbərlər